AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATINDAN: “ODLU YURD” DƏRGİSİ VƏ BÜLLETENİ

 

Azərbaycanda 1920-ci ildə Milli hökümətin yıxılaraq yerinə kommunist hakimiyyətinin gəlməsindən sonra ölkə dışında mücadiləsini siyasi mühacir kimi sürdürən Məhəmmədəmin Rəsulzadə və arxadaşları, eləcə də onlara müxalif olanlar Almaniya və Türkiyədə çox sayda qəzet və dərgi nəşr etmişlər. Türkiyədə müxtəlif universitetlərdə bu yayın orqanları haqqında akademik araşdırmalar aparılmış, Azərbaycanı qismən maraqlandıran “Türk amacı” və “Azərbaycan yurd bilgisi” dərgilərinin tıpkıbasımları (fotofaksimile nəşrləri) gerçəkləşdirilərək gənc nəslin onlardan yararlanmasına imkan yaradılmışdır. Sevindiricidir ki, Azərbaycanda mətbuat orqanlarının kitab şəklində basılması sahəsində artıq təcrübə yaranıb. “Əkinçi” qəzetinin, “Füyuzat” və “Molla Nəsrəddin” dərgilərinin nəşri bunu göstərir. Ancaq təəssüf ki, mühacirət mətbuatı haqqında eyni sözləri demək mümkün deyil. Doğrudur, Azərbaycanda mühacirət mətbusu, ədəbiyyatı ilə bağlı ciddi elmi toplantılar keçirilib, ayrıca kitablar nəşr edilib, ancaq bunlara baxmayaraq onların bir bütöv halında nəşrini indiyədək gerçəkləşdirmək mümkün olmamışdır. Bu mövzuda bəzi çalışmaların mövcudluğu bilinməkdədir.

Məhəmmədəmin Rəsulzadə Türkiyəyə gəldikdən sonra Azərbaycanın bağımsızlıq davasını tanıda bilmək qayəsiylə burada bəlli tarixlərdə “Yeni Qafqaziya”, “Azəri türk”, “Odlu yurd”, “Bildiriş”, Almaniyada isə “Qurtuluş”, “İstiqlal” qəzet və dərgilərini nəşr etmiştir. Öncə onunla birlikdə hərəkət edən Məhəmmədsadıq Aran “Yaşıl yapraq”, “Ərgənəkon yolu”, “Türk yolu”, “Yeni Turan” dərgilərini, müxalifətin başqa qismi isə “Mücahid” dərgisini nəşr etmişdir. II Cahan hərbinin başladığı 1939-cu ilədək yayın həyatlarını davam etdirən, başda Azərbaycan və başqa Sovet məhkumu türk xalqlarına məxsus “Yana milli yol”, “Yaş Türküstan”, “Əməl”, “Yeni Türküstan” dərgiləri ilə Quzey Qafqazlıların çıxardığı dərgilərdə istər öz yurdlarını, istərsə də başqa Sovet cümhuriyyətlərini maraqlandıran xəbərlər önəmli bir yer tutmuşdur. Bu yayın orqanlarında sadəcə xəbərlə kifayətlənilməmiş, təhlillər aparılmışdır. Sovetlərin dəmir pərdəsinin hələ çəkilmədiyi bu illərdə mühacirət mətbuatının Sovet nəşrlərini sistemli şəkildə izləyə biləcək imkanda olması anlaşılır. Onlara bu imkanı onları bir çatı altında toplayan Polşadakı “Prometey” təşkilatı yaratmış olmalıdır. Polşa səfirliyinin bütün siyasi mühacir nəşrlərini eyni şəkildə Sovetlərə keçirərək yaydığı da bilinməkdədir.

1 mart 1929 tarixində Məhəmmədəmin Rəsulzadə’nin baş redaktor, A[bbasqulu] Kazımzadə’nin imtiyaz sahibi, Kamal’ın məsul müdir olduğu “Odlu yurd” dərgisi nəşrə başlamışdır.

Dərgidə redaksiyanın ünvanı göstərilməmişdir.

“Odlu yurd”un ortaya çıxmasında bu mühərrirlər yaxından iştirak etmişlər: Məhəmmədəmin Rəsulzadə, Mustafa Vəkilli, Mirzəbala Məhəmmədzadə, M[əhəmməd] Ağaoğlu, Miryaqub [Mehdizadə], Azəri, Daşdəmir, Şəfi [bəy Rüstəmbəyli], Əhməd Cəfəroğlu, Yusifəli, Kamal, Dəmirçioğlu, Hüseyn Camal [Yanar/Mirzəcamalov], C. Sadıq, [Mirzeynal]abdin Mirqasım[zadə], Odlu Türk və b. Ancaq bunların içərisində Mirzəbala Məhəmmədzadə xüsusi seçilir, çünki onun d’rginin hər sayında müxtəlif imzalarla bir neçə yazısı çıxıb. Bu, onu göstərir ki, M.Rəsulzadə baş redaktor olsa da dərginin nəşrə hazırlanmasının əsas ağırlığı Mirzəbalanın üzərinə düşüb.

“Odlu yurd” dərgisi dönəmin imkanlarına görə yetərli bir məzmuna sahibdir. Baş yazıda imza olmasa da üslub özəlliyindən M.Rəsulzadəyə aid olduğu bilinir. Dərgidə 1928-in noyabr ayında qəbul edilən yeni türk əlifbasının bolşeviklər tərəfindən necə qarşılandığı təhlil edilmişdir. Azərbaycanda aydınların durumu, Müsavat Partiyasının çalışmaları, Rusiyaya Avropa ölkələrinin baxışı, Rusiyanın önəmli bir iç məsələsi halına gələn Trotskinin vəziyyəti, Azərbaycandan gələn xəbərlər, yeni yayınlar, Azərbaycanı yaxından maraqlandıran ölkələrdəki hadisələrin inkişafı dərgidə ələ alınan başlıca mövzulardır. 31 sayı ortaya qoyulmuş dərginin hər nömrəsi eyni məzmun zənginliyi ilə çıxmışdır. Dərginin bu keyfiyyəti ölkə içindən gələn xəbərlərlə bəslənməsindən qaynaqlanmaqdadır.

Bu yazımızda mühacirət mətbuatı ilə bağlı yayınlarda adı çəkilməyən, bəlkə də varlığı bilinsə də bu kateqoriyaya daxil edilməsinə ehtiyac duyulmayan silsilə bir nəşrdən söz açmaq istəyirik. Haqqında danışacağımız dövri nəşr Abbasqulu Kazımzadənin sahibi, Kamalın məsul müdir olduğu gündəlik yayın orqanı “ODLU YURD” BÜLLETENİ’dir. Başlığının altında “Sovet Rusiya ilə Yaxın Şərq əhvalından, buralardakı siyasi-ictimai və Milli İstiqlal hərəkətlərindən bəhs edən gündəlik orqan” altbaşlığı qoyulmuşdur. Bülleten həcmi bir və ya iki səhifədir. “Odlu yurd” dərgisi redaksiyasının ünvanı göstərilmədiyi halda bülletenin idarəxanası (redaksiyası) olaraq “Pangaltı, Şafak Sok. Nu: 60 İstanbul” ünvanı bəlirlənmişdir. “Odlu yurd” dərgisini nəşr edən kollektivin eyni ad altında gündəlik bülleten kimi səciyyələndirdikləri, yalnız adının bulunduğu bölümün mətbəədə, başqa yazıların çoxaltma makinəsində basılması, bir növ, xəbər agentliyi bülletenin nəşr edilməsi, bizcə, yürüdülən mücadilənin faydası üçün münasib görülmüşdür. Bülleten “Odlu yurd” dərgisinin nəşri artıq qaydaya düşdükdən sonra – 27 dekabr 1929-dan gündəlik çıxmağa başlamışdır.

Bülletenin ilk sayında “İdarədən” başlığı ilə “Məqsəd “Odlu yurd” məcmuəsinin məşğul olduğu sahə və hadisələr haqqında daha çabuq və müntəzəm informasyon vermək surətilə əlaqədarları tənvir etmək və hadisələrin cərəyanını günü-gününə bildirməkdir. Hər gün nəşr olunacaq bu səhifələr yalnız Azərbaycana təxsis edilməyib bütün Qafqaziya, Türküstan, Ukrayna kimi ələlümum Rusiyadan ayrılmaq istəyən qeyri-rus millətlərdəki İstiqlalçılıq hərəkətilə Sovet Rusiyaya aid siyasi, ictimai və iqtisadi həyat səfhələrini göstərən vəq’alar haqqında məlumat verəcəkdir. Yalnız bununla da qalmayıb bu bülletenlərdə Yaxın Şərqə aid bəzi mühim hadisələr dəxi qeyd olunacaqdır” cümlələriylə nəşrin qayəsi ifadə edilmişdir. Bütün qəzet redaksiyalarının bülletendəki materiallardan istədikləri kimi, hətta qaynaq göstərmədən yararlana biləcəyi ayrıca qeyd olunmuşdur.

Türkiyədə milli mücadilə dönəmində mətbuatı xəbər yönündən bəsləmək (təmin etmək) qayəsiylə dövlətin qurduğu “Anadolu Ajansı” 6 aprel 1920-dən fəaliyyətə başlamışdır. “Anadolu Ajansı” ilə yanaşı, 1918-ci ildə mütarəkə imzalanmasından sonra İstanbulu işğal edənlərin yönləndirməsiylə İstanbulda “Türkiyə Havas Reuter” adlı yabançı mənşəli başqa bir agentlik də qurulmuşdu. Görkəmli azərbaycanlı mühərrir Əhməd bəy Ağaoğlu 1921-də Türkiyə Mətbuat Ümum Müdirliyinə təyin edildiyi üçün 1925-də şirkət halına gətirilən “Anadolu Ajansı”nın hissələri paylanarkən 2.000 hissədən 75-i Əhməd bəy Ağaoğluna verilmişdir. Yeni qurulan Cümhuriyyət hakimiyyətinin Sovetlərlə isti münasibətlər qurmaq istəyini, dövlət nəzarətində bulunan “Anadolu Ajansı”nın durumunu da diqqətə alan Rəsulzadə və arxadaşlarının o dönəm mətbuatını ümumən Sovetlərlə, xüsusən Azərbaycanla bağlı xəbərlərlə Azərbaycan Milli Mərkəzinin baxışlarına uyğun bilgiləndirilməni daha uyğun saydıqları düşünülə bilir.

27.12.1929 tarixində çıxan “Odlu yurd” bülleteninin 2 səhifəlik 1-ci sayında “Qafqaziyada böyük yanğın”, “Bakı Darülfünununda milliyətçilik”, “Kommunistlər öldürülüyor”, “Türküstanda köylü üsyanları”, “Dağlıların durumu”, “Mühim bir protesto”, “Kommunistlərin halı” başlıqlı xəbər təhlilləri bulunmaqdadır. Bülletendə verilən “Kommunistlər öldürülüyor” xəbəri “Odlu yurd” dərgisinin dekabr 1929 tarixli 10-cu sayının 397-ci səhifəsində “Köylərdə müxalifət – Azərbaycandan alınan məktub” başlığı içində işlənmişdir.

Bülletenin görə bildiyimiz və incələdiyimiz 2, 3, 4, 5, 6, 7, 9, 10, 11, 12, 34 və 54-cü nömrələri məzmunca zəngindir və yuxarıda verdiyimiz örnəklər kimi, “Odlu yurd” dərgisindəki yazılarlara qovuşmaqdadır. Görə bildiyimiz ən sonuncu – 54 saylı bülleten 17 mart 1930-da çıxmışdır. Bülletenin nəşrinin hansı nömrədə sona yetdiyini, nəşrin dayanmasının son sayı iyul-avqust 1931-də çıxmış “Odlu yurd” dərgisinin nəşrinin kəsilməsiylə bağlı olub-olmadığını bilmirik. Bununla bağlı Türkiyə kitabxana və arxivlərində geniş bir darama, incələmə aparılması gərəkdir. Bilindiyi kimi, Sovetlərin sıx basqısı nəticəsində Türkiyə hökuməti 1931-də “əcnəbi politikasına alət olan, qonşu və dost hökumət əleyhində nəşriyyatda bulunulduğu” gərəkçəsiylə başda “Odlu yurd” olmaq üzrə yuxarıda adları çəkilmiş Sovet məhkumu türk uruqlarının siyasi öndərlərinin nəşr etdikləri dərgilərin nəşrini dayandırmış, dışarıdan gələnlərin ölkəyə girməsini yasaqlamışdır.

Bizim bu yazımız hərtərəfli incələmə olmasa da onun Azərbaycan mühacirət mətbuatı tarixini araşdıranlar üçün faydalı bir qaynaq ola biləcəyini düşünürük. Necə deyərlər, varını verən utanmaz.

 

 

Ömər ÖZCAN

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.14.