Məktəbdənkənar təhsil: faktlar nə kimi perspektiv vəd edir?

 

Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir. Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Belə təhsil müəssisələrinə uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və sair daxildir. Bu müəssisələrdə məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlərindən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin şuraları müəyyənləşdirir. Onların əsas fəaliyyət istiqamətləri dərnək məşğələləri, mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsi, təlimati-metodiki işlər kimi qruplaşdırılır. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, yeniyetmə və gənclərlə istirahət, bayram və tətil günlərində də iş aparılır. Hazırda Təhsil Nazirliyi sistemində 374 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrə 332 120 şagird cəlb edilib. Onların təlim-tərbiyəsi ilə 11 751 pedaqoji işçi məşğul olur. Nazir Misir Mərdanovun sözlərinə görə, hazırda Təhsil Nazirliyi sistemində 81 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6 691 qrupda 89 628 uşaq məşğul olur və 2 827 pedaqoji işçi çalışır. Uşaq Yaradıcılıq Mərkəzlərində əsasən “Bacarıqlı əllər”, “Bədii qiraət”, “Rəsm”, “Xalçaçılıq”, “Dram”, “Bədii özfəaliyyət”, “Məktəb teatrı”, “Rəqs”, “Gənc idmançılar”, “Naxışlı tikmə”, “Texniki estetika”, “Fortepiano”, “Xor”, “Nağara”, “Tar”, “Heykəltəraşlıq”, “Kukla teatrı”, “Coğrafiya-diyarşünaslıq”, “Foto”, “Ağac üzərində oyma”, “Qarmon”, “İbtidai texniki modelçilik”, “Dəmir üzərində döymə”, “Tarix-diyarşünaslıq” və sair adlarda dərnəklər təşkil olunur. Uşaq yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur. Bu müəssisələrin bir çoxunda “Sağlam həyat tərzi”, “Etika qaydaları”, yuxarı sinif şagirdləri ilə “Reproduktiv sağlamlığın əsasları” mövzularında təlim kursları, məşğələ və seminarlar təşkil edilir, narkomaniya, alkoqolizm, AİDS, tütünlə mübarizə və sair mövzularda geniş maarifləndirmə işləri aparılır, çoxsaylı tədbirlər keçirilir: “Bu mərkəzlər tərəfindən dərnək rəhbərlərinə məşğələlərin məzmununun yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni tədris plan və proqramların hazırlanması istiqamətində metodiki köməkliklər göstərilir. Ümumtəhsil məktəblərində müxtəlif adda dərnəklər təşkil edilir, Uşaq birliyi rəhbələri ilə birgə tədbirlər planlaşdırılır və həyata keçirilir. Respublikada 63 Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 5 141 qrupunda 66 909 uşaq məşğul olur və 2 157 pedaqoji işçi çalışır. Texniki yaradıcılıq mərkəzlərində əsasən “İbtidai texniki modelçilik”, “Radioelektronika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “İnformatika”, “Texniki estetika”, “Əyləncəli fizika”, “Texniki ekologiya”, “Gənc konstruktorlar”, “Gəmi”, “Avto”, “Raket”, “Təyyarə” modelçiliyi, “Robot texnikası”, “Kimya – texnologiya” və s. adlarda dərnəklər fəaliyyət göstərir. Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan uşaq, yeniyetmə və gənclərin texniki yaradıcılıq potensialları inkişaf etdirilir, onlar erkən yaşlarından səmərələşdiricilik və ixtiraçılıq işlərinə cəlb olunurlar. Bu müəssisələrdə məşğul olan məktəblilər ümumtəhsil məktəblərində fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər.

Texniki yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-texniki yaradıcılıq müsabiqələri, sərgilər, texniki idman yarışları, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakları təmin olunur”. Nazirin sözlərinə görə, ölkədə mövcud olan 5 məktəbdənkənar tərbiyə işi mərkəzinin 477 qrupunda 6 472 uşaq məşğul olur və 195 pedaqoji işçi çalışır. Bu mərkəzlərdə əsasən “Bədii qiraət”, “Debat” klubu”, “Rəsm studiyası”, “Uşaq parlamenti”, “İnformatika”, “Elektrotexnika”, “Kimya texnologiya”, “Tarix-diyarşünaslıq”, “Fortepiano”, “Texniki estetika” və sair dərnəklər təşkil olunur. M.Mərdanov qeyd edib ki, ölkədə 10 gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 797 qrupunda 10 835 şagird məşğul olur və 310 pedaqoji işçi çalışır. Gənc turistlər və diyarşünaslıq mərkəzləri öz işini əsasən, bizim irs, incəsənət aləmində, Azərbaycan beynəlxalq aləmdə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə və sair istiqamətlər üzrə qurur: “Bu bölmələrdə aparılan işlərin əsas məqsədi tariximizi, soy-kökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi gənc nəslə öyrətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aşılamaqdır. Mərkəzlər nəinki uşaqlarla iş aparır, həmçinin metodiki tövsiyələr işləyib hazırlayır, şəhər, rayon təhsil şöbələrinə, təhsil müəssisələrinə əməli köməklik göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri respublikamızın tarixini, flora və faunasını, mədəniyyət abidələrini şagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məqsədilə ekskursiya, yürüş və gəzintilər təşkil edir, şagirdlərə milli dəyərlərimizin qorunması, torpağa sevgi, vətənə məhəbbət hissinin aşılanması istiqamətində mütəmadi iş aparır. Təhsil Nazirliyi sistemində 157 uşaq-gənclər idman və şahmat məktəbi mövcuddur. Məktəblər uşaq və gənclər arasında yarışlar keçirir, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edir. UGİM-lərdə 27 idman növü inkişaf etdirilir. Onlardan 20-si Olimpiya idman atletika, ağır atletika, akrobatika, boks, badminton, baydarka və kanoe, basketbol, bədii gimnastika, idman gimnastikası, üzgüçülük, velosiped idmanı, voleybol, futbol, həndibol, otüstü xokkey, qılıncoynatma, sərbəst güləş, yunan-roma güləşi, cüdo, sambo, taekvando, karate, kinkboksinq, stolüstü tennis, tennis, şahmat, dama növüdür. İdmanın bu növləri üzrə 4 477 nəfər məşqçi-müəllim işləyir. Onlardan 766 nəfəri qadın, 30 nəfəri “Əməkdar müəllim”, 37 nəfəri yüksək, 329 nəfəri I, 160 nəfəri II kateqoriyalı məşqçilərdir. Qeyd olunan 27 idman növü üzrə 7 856 qrupda 97 477 nəfər uşaq və gənc idmanla məşğul olur. Onlardan 16 990 nəfəri qızlardır. İdman məktəblərinin mövcud idman bölmələrində yüksək nəticələr əldə edilməsinə görə həmin məktəblərə 4 il müddətinə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi statusu verilir. Hazırda 10 ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Bu idman məktəblərində işləyən məşqçi-müəllimlərdən 12 nəfəri müxtəlif idman növləri üzrə respublika yığma komandalarının məşqçiləridir”. Nazir vurğulayıb ki, idman məktəblərində 2 693 nəfər məşqçi-müəllim işləyir. Onlardan 2 393 nəfəri ixtisaslı kadrlardır. Məktəblərdə 5 068 qrupda 63 484 nəfər idmanla məşğul olur. Onlardan 5 571 nəfəri qızlardır. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin əsas vəzifəsi sağlam, fiziki cəhətdən inkişaf etmiş gənc nəsil yetişdirməkdən və respublika yığma komandalarına layiqli ehtiyat qüvvələr hazırlamaqdan ibarətdir. Yalnız son bir ildə idman məktəblərində 1 653 nəfər I dərəcəli idmançı, 15 nəfər idman ustası hazırlanıb. Son 10 ildə idman məktəblərinin yetirmələri respublika, Avropa, dünya birinciliyi və çempionatlarında, Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr əldə ediblər. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri arasında uşaq-gənclər şahmat məktəbləri xüsusi yer tutur. Bu məktəblərin yaradılmasının əsası ötən əsrin 70-ci illərinin sonu, 80-cı illərinin əvvəlində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1998-ci ildə ümummilli lider Azərbaycanın dörd uşaq şahmatçısını-Teymur Rəcəbovu, Vüqar Həşimovu, Qədir Hüseynovu və Rauf Məmmədovu qəbul etməsi, onlara maddi yardım göstərilməsi və uşaq şahmatının inkişafı haqqında sərəncam imzalaması respublikamızda şahmatın inkişafına həlledici təsir göstərib. Şahmat məktəblərində 2 788 qrupda 33 993 nəfər şahmatla məşğul olur. Onlardan 11 419 nəfəri qızlardır. Bu məktəblərdə 1 684 nəfər məşqçi-müəllim işləyir. Onlardan 471 nəfəri qadın, 1 nəfər yüksək, 45 nəfər I, 48 nəfər II kateqoriyalı məşqçilərdir. Son bir ildə 1 327 nəfər I dərəcəli şahmatçı, 20 nəfər idman ustalığına namizəd, 1 nəfər idman ustası hazırlanıb. Bir qayda olaraq şahmatçılarımız beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər. Təsadüfi deyil ki, Sumqayıt şahmatçısı Şəhriyar Məmmədyarov Dünya şahmatçıları reytinqində IV yeri tutur.

Təhsil nazirinin sözlərinə əsasən, Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahəsində məqsədyönlü işlər aparılır. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunan “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli strategiya və fəaliyyət planı”, “Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər” gənc nəslin ekoloji təlim və tərbiyə işinin müasir tələblər səviyyəsində həyata keçirilməsini tələb edir. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin fəaliyyəti gənc nəsildə erkən yaşlarından ekoloji təfəkkürün, mədəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin formalaşması baxımından əhəmiyyətlidir. Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyələnməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcılıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlərinin formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifələrindəndir. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliyyət proqramı ekoloji dərnəklərin fəaliyyətini, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini, ekoloji kütləvi tədbirlərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər məsələləri əhatə edir: “Azərbaycan məktəblilərinin ekoloji hərəkatının inkişafındakı uğurlar ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin diqqət və qayğısı, uzaqgörənliyi sayəsində ekoloji mərkəzlərin şəbəkəsi genişləndirilib, maddi-texniki bazası zənginləşdirilərək dərnək, klub və digər birliklərin sayı xeyli artırılıb. Hazırda Təhsil Nazirliyi sistemində 54 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə fəaliyyət göstərən 42 adda 3 819 dərnəkdə 57 307 məktəbli ekologiyaya və ətraf mühitə aid biliklərə yiyələnirlər. Onlar ekoloji problemlərin yaranma səbəblərini öyrənir, onların həlli yollarını arayır, müstəqil mühakimə yürütmək baxımından və ətraf mühitin mühafizəsində əməli bacarıqlar əldə edirlər. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanuna uyğun olaraq ekoloji təhsilin fasiləsizliyini təmin etmək məqsədilə “Ətraf mühit və biz” mövzusunda məktəbəqədər təhsil müəssisələri üçün ekoloji təlim, tərbiyə proqramı, ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün ekoloji dərnək, klub və digər birləşmələrinin nümunəvi tədris proqramları tərtib edilib. Hazırda ölkədə fəaliyyət göstərən ekoloji mərkəzlərdə dərnək məşğələləri ekologiyanın əksər sahələrini əhatə edən proqramlar əsasında keçirilir. Məktəblilərlə praktiki məşğələlərin təşkili məqsədilə rayon, şəhər ETTM-nin nəzdində bitki və heyvanaların bioloji müxtəlifliyinə aid 20 canlı guşə yaradılıb. Məktəblilərin dərnək məşğələlərindən aldıqları ekoloji bilikləri möhkəmləndirmək, peşə yönümünü istiqamətləndirmək, elmi-tədqiqat işlərinə maraq və həvəslərini artırmaq məqsədilə respublika üzrə ekoloji mərkəzlərin əksəriyyəti tədris-təcrübə sahəsi ilə təmin edilib. Bu sahələrdə alim və mütəxəssislərin tövsiyəsi ilə mədəni və yabanı bitkilər üzərində təcrübəçilik, kiçik elmi-tədqiqat işləri aparılır. Bitkilərin biomüxtəlifliyinin qorunması məqsədilə hər il minlərlə ağac və kol bitkisi xüsusi tingliklərdə artırılaraq meşələrin bərpa edilməsində, məktəblərin ərazilərinin yaşıllaşdırma tədbirlərində istifadə edilir”. M.Mərdanov qeyd edib ki, gənc təbiətçilərin ekoloji hərəkatını genişləndirmək məqsədilə dərnək üzvlərindən ibarət “meşə mühafizəçiləri”, “təbiətin dostları”, “yaşıl”, “ekoloji patrul” dəstələri ətraf mühitin qorunmasında fəal iştirak edirlər. Məktəblilərin iştirakı ilə kütləvi ekoloji tədbirlər, yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir, əhali arasında maarifləndirmə işi aparılır. Uşaq yaradıcılıq, texniki yaradıcılıq və mərkəbdənkənar tərbiyə işi, gənc turistlər və diyarşünaslıq, ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq evində, uşaq-gənclər idman və şahmat məktəblərində uşaq, yeniyetmə, gənclərin dövlətçiliyə sədaqət, vətənpərvər, milli-mənəvi dəyərlərinizə dərin hörmət, ehtiram ruhunda tərbiyə olunmaları, onların mənəvi, fiziki, ekoloji, hüquqi, estetik tərbiyəsinin, bədii, texniki yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görülür.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.10.