Məleykə Abbaszadə: “Təkcə
məktəbi günahlandırmaq olmaz, valideynlərin də
günahı var,
GƏRƏK ONLAR UŞAQLARLA BİRİNCİ
SİNİFDƏN CİDDİ MARAQLANSINLAR”
Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü davam etdirirlər. Bu sıradan olan növbəti görüş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə keçirilib. Görüşdə Parlament Jurnalistləri Birliyinin 12-dək üzvü iştirak edib. Media nümayəndələri əsasən tələbə qəbulu ilə bağlı onları maraqlandıran müxtəlif sualları komitə sədrinə ünvanlayıblar.
– Məleykə xanım, “Təhsil haqqında” qəbul edilən qanun tələbə qəbulu məsələlərinə necə təsir göstərdi?
– “Təhsil
haqqında” qanun qəbul olunduqdan sonra cənab Prezident
xüsusi sərəncam verdi. Bu sərəncama əsasən,
yeni vəzifə bölgüsü aparıldı. Bundan sonra
biz üzərimizə düşən işləri həyata
keçirməyə başladıq. Bu qanun bizim
üçün hər hansı çətinlik törətmədi.
Müzakirələr zamanı mən
çıxışımda qeyd etmişdim ki, biz gərək
qanunda istisnalar yox, əsasən real mexanizmləri nəzərdə
tutaq. Bizə fənn olimpiadalarının qalibləri sənəd
təqdim etmirlər. Nəinki bu il, hətta 1992-ci ildən biz
qəbul imtahanlarını aparırıq. Bu zamana kimi, elə
insan olmayıb desin ki, “fənn olimpiadasında dünyada I yer
tutmuşam, mən istəyirəm
BDU-da oxuyam”. Məsələ ondadır ki, kimsə I yer
tutursa, o, BDU-ya ona görə gəlmir ki, dünyanın ən
yüksək səviyyəli universitetləri ona tələbə
olmağı təklif edir. Bizim universitetlər bu siyahıda
yoxdursa, məsələnin müzakirəsindən söhbət
gedə bilməz. Qanun qəbul oldu. Mən bununla tam
razıyam. Ancaq bizdə belə uşaqlar yoxdur. Söhbət
11-ci sinifdən gedir. Bu siniflərdə də belə
uşaqlar demək olar ki, yoxdur. Dünya
yarışlarının qalibləri, olimpiya
çempionları da çox nadir hallarda olur. Bilirsiniz, elə
idman növləri var ki, insanlar bundan xəbərsizdirlər.
Şərq döyüşləri ilə bağlı
dünya çempionları bizə müraciət edirlər.
Deyərdim ki, belə məsələlərlə
bağlı bizə çox sayda müraciət edirlər. Təxminəm
30-40 belə şəxsi biz qəbul etdik. Hansı ki, həmin
insanlar əvvəlki illərdə bu göstəricilərə
nail olmuşdular. Qanundakı ikinci məsələ bir pillədən
o biri pilləyə keçəndə əvvəlkinin nəticəsini
nəzərə almaqdan ibarətdir. Biz attestat qiymətlərinin
ali məktəbə qəbul imtahanlarında nəzərə
alınmasına çalışırıq. Neçə illərdir
ki, biz bununla əlaqədar araşdırma aparırıq.
Attestat qiyməti ilə ali məktəbə qəbul
imtahanında əldə edilən nəticə ən
azından üst-üstə düşməlidir. Bu əmsalın
heç olmasa 6/10-da olmasına mən razıyam. Biz
imtahanın nəticələri ilə attestat qiymətlərini
müqayisə etdik. Demək olar ki, 400-500 abituriyentin taleyinə
attestat balı təsir göstərdi. İki eyni bal toplayan
şəxs attestat qiymətinə görə fərqləndirilir.
Biz bunun üzərində də çox ciddi fikirləşirik.
Amma bu il attestat balı nəzərə alınmayacaq. Eyni
zamanda, onu da qeyd edim ki, bu ilin qəbul qaydaları 10 gündən
sonra bəlli olacaq. Hələ ki qəbul qaydaları qəbul
olunmayıb. Hər il bizdə dəyişikliklər olur,
imtahanın məzmunu ilə bağlı yeniliklər edirik.
Bizim hər gün elmi-metodiki seminarlarımız olur.
Bütün məsələlər açıq şəkildə
müzakirə olunur. Bizdə
5 regional bölmə yaradılıb. Bu seminarlara bütün
regionlar bağlanır. Onlar da bu seminarlarda iştirak edirlər.
– Attestat qiymətləri ilə
bağlı şəffaflıq təmin olunacaqmı?
– Mən bu məsələlərə
indi toxunmaq istəmirəm. Çünki hər bir məktəbdə
bu yoxlamanı aparmaq lazımdır, bu isə mümkün
deyil. İndiyə kimi apardığımız
araşdırmalar zamanı aydın oldu ki, məktəblərdə
müqayisəli qiymətləndirmə aparılır. Amma
ölkə miqyasında bu göstəricilər uyğun deyil.
Bizdə isə standart imtahan aparılır. Bıilirsiniz ki,
kifayət qədər abituriyent bu imtahanlardan keçə
bilmir. Məzunların nəticələrini götürək.
Onların 30%-i 0-100 arası nəticə göstərib. Bu,
axı necə ola bilər? Bu, ola bilməz. Deməli, hardasa
boşluq var. Onun da səbəblərini mən
araşdırmıram.
– Cəmiyyətdə belə bir
fikir var ki, Azərbaycanda orta məktəblər ali məktəb
imtahanlarına şagird hazırlamağa qadir deyil...
– Burada təkcə məktəbi
günahlandırmaq olmaz. Valideynlərin də günahı
var. Çünki valideyn uşaqla gərək birinci sinifdən
ciddi maraqlansın. Valideyn hər gün uşaqlarla
maraqlanmalıdır ki, bu gün uşaq nə öyrənib,
nə keçib. Bir də yada düşür ki, X, XI sinifdəki,
uşaq hansı universitetə gedəcək. Repititorla
yanaşı, uşaq özü də hazırlaşa bilər.
Odur ki, bu məsələdə təkcə məktəbi
günahlandırmaq olmaz. Bizim saytımızda da bütün fənnlərlə
bağlı resurslar yerləşdirilib. Abituriyentlər bizim
saytdan faydalana bilərlər.
– Repititor məsələsinə
toxundunuz. Sizcə, Azərbaycan təhsilində psixoloji problem
varmı? Problemlərin kökündə psixoloji məqamlar
dayana bilərmi ki, repititorsuz ali məktəbə daxil olmaq
mümkün deyil?
– Mən belə hesab etmirəm.
Çünki bizdə kifayət qədər abituriyent olub ki,
heç bir repititor yanına getmədən yüksək bal
toplayaraq ali məktəblərə qəbul olublar. Təbii
ki, mən yenə deyirəm ki, təhsilin olması
üçün burada belə problemli məqam yoxdur. Hətta
bir məsələni nəzərə çatdırım ki,
bir çox kənd müəllimləri bazarlarda
çalışırlar. Əgər müəllim
yaxşıdırsa, onun tələbəsi də savadlı
olacaq. Repititorluq bir növ intellektual əməklə məşğul
olan insanlar üçün çıxış yolu idi.
İndiki iqtisadi vəziyyəti 15 il əvvəlki ilə
müqayisə etmək olmaz. Bu, pis deyil. Heç olmasa, bizdə
elə insanlar var ki, orta məktəb proqramı səviyyəsində
bir mütəxəssis kimi formalaşıblar. Mən istərdim
belə insanlar çox olsun. Əgər müəllim müəllimdirsə
o, istəməz ki, məktəbdə öz dərsini
aşağı səviyyədə keçsin. Burada müəllimin
günahı yoxdur. Məktəbin idarə edilməsində
problemlər var. Məsələn, bizdə liseylər var ki,
onların nəticələri fərqlidir. İndi bir çox
layihələr həyata keçirilir. “Ən yaxşı
müəllim”, “Ən yaxşı məktəb” və s. Bu
layihələr də təhsilin inkişafına öz təsirini
göstərəcək.
– Tələbə qəbulunun nəticələrinə
təsir göstərən amillərdən biri də müəllimlərin
maddi durumunun aşağı olmasıdır. Ümumiyyətlə,
sizin müəllimlərin maaşlarının
artırılması və diplomlu şəxslərin işlə
təmin olunması ilə bağlı təşəbbüsləriniz
ola bilərmi?
– Mənim belə bir səlahiyyətim
yoxdur. Ancaq deyə bilərəm ki, müəllimlərin də
maaşları fərqli olmalıdır. Müəllimdən müəllimə
də fərq çoxdur. Tutaq ki, müəllimlərin
maaşı oldu 500 manat. Amma elə müəllimlər var ki,
onlar nəinki 500 manata, heç 200 manata da layiq deyil. Ona
görə də, burada çox ciddi işlər
aparılmalıdır. Mən istərdim ki, təhsil layihələri
təkcə şəhərləri deyil, bütün rayon və
kəndləri də əhatə etsin. Belə təşəbbüslər
olmalıdır. Müəllim biliyinin 50%-ni şagirdlərə
öyrədə bilərsə, bunun nəticəsi yüksək
olar. Məsələ ondadır ki, müəllim dərs
proqramını necə bilir? Mən müəllimlərin
attestasiyasının aparılmasını vacib hesab edirəm.
Bu, çox mürəkkəb prosesdir. Dövlət
açıq-aşkar bildirir ki, mənə bu ixtisaslı
insalar lazımdır. Misal üçün deyim, zootexnik,
baytarlıq ixtisası üzrə... Dövlətin bu kadrlara
ehtiyacı var. Bu mütəxəssislərə tələbat
kifayət qədərdir. Hətta onlar bir çox həkimlərdən
daha çox pul qazanırlar. Amma IV qrupa müraciət edənlərin
əksəriyyəti daha çox müalicə işini
yazırlar. Bir adam da olsun dediyim yerləri yazmır. Axı
bunu biz formalaşdırmırıq. Valideyn, uşaq ixtisas
seçəndə bu məsələlərə diqqət etməlidir.
– Demək olar ki, Azərbaycanın
gələcəyi sizin ələyinizdən keçir. Məzunların
intellektual səviyyəsi necədir və onların
timsalında Azərbaycanın gələcəyini necə
görürsünüz?
– Çalışıram gənclərin
intellektual səviyyəsi artsın. Oxumaq istəyən
bütün insanlar üçün biz hər bir şəraiti
yaradırıq. Amma oxumaq istəməyənlərə gərək
valideynlər təsir göstərsinlər. Azərbaycanın
gələcək inkişafı təbii ki, gənclərdən
aslıdır. Belə bir nəzəriyyə var ki, əgər
milllətin 5%-i rəqabətə davam gətirməyi
bacarırsa, həmin kütlə geridə qalan 95%-i də
arxasınca çəkə bilər.
– Maraqlı məqam var ki, orta məktəblərdə
yaxşı oxuyanlar yüksək bal toplaya bilmir, yüksək
bal toplayanlar isə ali təhsil müəssisələrində
çətinlik çəkirlər...
– Biz bunlarla bağlı
araşdırmalar aparırıq. Mən başa
düşmürəm, onlar Boloniya sistemində oxuyurlar.
Hansı problemləri yaranır... Hər bir universitetdə
xüsusi standartlar var. Biz də magistraturaya imtahan
hazırlayanda bu standarta əsaslanırıq. Bizdə ədəbiyyat
baxımından da çatışmazlıqlar var. Demək olar
ki, ədəbiyyatın çox hissəsi rus dilindədir.
Sovet vaxtından fərqli olaraq indi bizdə rus dili xarici dil
sayılır. Dərslik yoxdursa, yalnız mühazirə
zamanı yazılanlarla kifayətlənmək olmaz. Bax bu məsələlər
var. Bu problemlərin müxtəlif səbəbi var. Məzun
elektron sistemi ilə bağlı cənab Prezidentin fərmanı
var. Bunun da yaradılması bizə həvalə olunub. 2,5
milyon vətəndaş haqqında bu sistemdə məlumat
hazırlanıb. Bu ildən sistemə qoşulan bütün
universitetlər bizə məlumat verəcəklər. Həmçinin,
bu sistemə 14 dövlət təşkilatı və Maliyyə
Nazirliyi qoşulub. Bizdə bu statistik məlumat olandan sonra
asanlıqla araşdırma apara biləcəyik. Təbii ki,
kimsə fikirləşə bilər müəllimlər
pisdir. Texniki fənlər üzrə Azərbaycan dilində dərsliklər
yoxdur. Humanitar sahədə dərslik məsələsi həll
olunub. Amma ümumi olaraq dərslik baxımından problemlər
var. Məzunlar əgər əmək bazarında iş
tapmırlarsa, baxaq görək onlar əmək bazarında tələb
olunan iş yerlərinə hazırdırlarmı? Nə qədər
vakansiyalar var? Niyə bu vakansiyalar tutulmur?
– Orta məktəblərdə
və ali məktəblərdə test imtahanlarının TQDK
tərəfindən keçirilməsi
mümkündürmü?
– Siz ümumi problemə bir dərman
istəyirsiniz. Bilirsiniz, biz bu sahədə təcrübəsi
olan bir qurum kimi, hüquqi cəhətdən ixtiyarımız
yoxdur bunu edək. Ancaq sınaq imtahanları keçirə bilərik
ki, uşaqlar öz biliklərini yoxlasınlar.
– Qəbul imtahanlarında jurnalistika
ixtisası üzrə yazılı iş keçirilə bilərmi?
– Magistratura pilləsində biz
yazılı iş keçiririk. Amma bakalavr pilləsində
30 min adam var. Misal üçün, onların 5 min nəfər
gəlib imtahan versin. Mən gərək bunları təmin
edim. Axı Azərbaycanda nə qədər vicdanlı mütəxəssis
var ki, mən bu işləri heç olmasa, 10 günə
yoxlatdırım. İngiltərədən bu esseləri Yeni
Zelandiyaya göndərirlər ki, yoxlasınlar. Onların
bununla bağlı müqavilələri var. Amma mən bu
prosesi burada tətbiq edə bilmərəm. Biz Azərbaycan
dilində olan yazıları hansı ölkəyə aparaq
yoxlamağa? Bu, mümkün deyil.
– Son vaxtlar ölkədə korrupsiya
və rüşvətə qarşı bir sıra tədbirlər
həyata keçirilir. Siz necə, bu kampaniyalara qoşulmaq
fikrindəsiz?
– Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə aşkarlıq çox vacib məsələlərdən biridir. Biz işimizi elə qurmuşuq ki, hər bir məsələ aşkar olsun. Bizim apardığımız işlər, gördüyümüz xidmətlər bir ilin, bir ayın işi deyil. Biz ilk dəfə bu proseslərə 92-ci ildən qoşulmuşuq. Biz insanlar üçün elektron xidmər göstəririk. Bu onu göstərir ki, məmurla heç bir münasibəti olmayan şəxs dövlət tərəfində göstərilən bütün xidmətləri əldə edir. Biz çalışırıq insanlar heç bir məmurdan asılı olmasınlar. Biz minlərlə, yüz minlərlə insana elektron xidmət göstəririk. Bizim işçilərimiz yaxşı bilirlər ki, bu cür neqativ hallara yol versələr, mən şəxsən özüm onun cəzalandırılmasını tələb edəcəm. Bizim əməkdaşlarımız öz sahələrində professionaldırlar. Əgər insan öz peşəsinin qiymətini bilirsə, o, heç zaman qeyri-qanuni iş görməyəcək.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 12 fevral.- S.9.