Azərbaycanın Milli Qəhrəmanının 40 illik
yubileyi qeyd olunub
Azərbaycanın Milli Qəhrəmanı
Mirəsgər Mirabdulla oğlu Seyidovun 40 illik yubileyinə həsr
olunmuş mərasim keçirilib.
Tədbiri giriş
sözü ilə açan Müdafiə Nazirliyinin
şöbə rəisi, polkovnik Abdulla Qurbani Milli Qəhramanın
keçdiyi şərəfli həyat yoluna nəzər
salıb. O bildirib ki, Mirəsgər Seyidov 6 fevral 1970-ci ildə
Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub: “1988-ci
ildə Sovet Ordusu sıralarına hərbi xidmətə
çağırılıb. 1990-cı ildə hərbi xidmətini
başa vuraraq öz doğma yurdu Naxçıvana
dönüb. Ancaq həmin dövrlərdə ermənilərin
“Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq
xülyası ilə törətdikləri vəhşiliklər
qədim Naxçıvan torpaqlarından da yan keçməyib.
Erməni yaraqlıları Naxçıvanın kəndlərinə
aramsız hücumlar edir, bu torpaqları Azərbaycandan
qoparıb öz caynaqlarına almağa
çalışırdı. Bu çətin günlərdə
M.Seyidov da könüllü olaraq hərbi xidmətə
yollanır. O, Babək rayonu Yuxarı Buzqov kənd
özünümüdafiə batalyonunun tərkibində
vuruşur. M.Seyidov bir neçə dəfə ən çətin
məqamlarda döyüşçü dostlarının
köməyinə çatıb. Onun son döyüşü
isə iyunun 14-də olub. O, bu dəfə
yoldaşlarını xilas edərkən ağır
yaralanıb və şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli
367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla
oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı”
adı verilib”. Tədbirin davamında çıxış edən
Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyətə
malik olduğunu qeyd edib. Millət vəkili Sədaqət Vəliyeva
isə Azərbaycan xalqının qeyrətli oğul və
qızlarının hər zaman şəhid olmağa hazır
olduğunu söyləyib. Tədbir hərbi mahnıların
mahir ifaçısı Şəmistan Əlizamanlının
ifası ilə davam etdirilib. Tədbirdən sonra Milli Qəhrəman
Mirəsgər Seyidovun anası oğlu barədə xatirələrini
bizimlə bölüşüb: “4 övladımın içərisində
ən şıltağı, eyni zamanda ən inadkarı və
tələbkarı o olub. Balaca vaxtından avtomat oyuncaqlara
maraq göstərib, hər zaman tankla düşməni əzəcəyini
deyib. Uşaq vaxtlarında ancaq silah oyuncaqlar alır və
onlarla oynayardı. Məktəb dövründə keçirilən
paradda Mirəsgər avtomatı tez-yığıb sökməkdə
birinci yeri tutub. Əsgərlikdə olan müddətdə hərbi
hissədən dəfərlələ təşəkkür məktubları
alıb. Əsgərlikdə yaxşı xidmət etdiyinə
görə, ona vaxtından əvvəl məzuniyyət veriblər.
O dövrdə Naxçıvanda da vəziyyət
qarışmışdı. Məzuniyyətdən
qayıtdıqdan sonra onu Stepaka göndərdilər. Biz sonra hərbi
komissarlığa ərizə ilə müraciət etdik və
onu Bağırov körpüsünün yanındakı hərbi
hissəsəyə göndərdilər. 1990-cı ilin may
ayında əsgəlik xidmətini başa vuraraq evə
döndü. Hamımız sevindik. Ancaq o bizə bildirdi ki, gəlmədən
öncə hərbi komissarlığa ərizə ilə
müraciət edib və könüllü olaraq
döyüşə gedəcək. O zaman dedim ki, getmə.
Bunun əvəzində mənə cavab verdi ki, mən
atamın başını uca etmək üçün
yaranmışam. Atamı Milli Qəhrəman olmasa da, şəhid
atası edəcəm. Ondan sonra xəbər gəldi ki,
döyüşdə yaralanan əsgərlərə kömək
etmək istədikdə snayper gülləsinə tuş gəlib.
Onun meyiti 3 gün ermənilərdə qalıb. Ancaq sonra
ümummilli lider Heydər Əliyevin işə
qarışması nəticəsində iyunun 17-si balamın
meyiti geri qaytarıldı. Heydər Əliyevin də ruhu
şad olsun ki, balamın ölüsünü ala bildi”.
525-ci qəzet.-
2011.- 12 fevral.- S.2.