“Təhsilin əsasları” üzrə kurslara cəlb olunan mütəxəssislərə sertifikatlar təqdim edilib

 

 Dünən 132-134 nömrəli təhsil kompleksində “Təhsilin əsasları” fənninin dördüncü semestrinin materialı üzrə kurslara cəlb edilən mütəxəssislərin sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, son illər müəllim hazırlığı sahəsində aparılan islahatlar çərçivəsində bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlanması üçün yeni kurikulum tərtib edilmiş və onun ölkənin üç ali pedaqoji təhsil müəssisəsində eksperiment şəklində tətbiqinə başlanılıb. Yeni kurikulumda praktik müəllim hazırlığını təmin edən fənlərin sayı artırılıb və müəllim hazırlığına yeni yanaşmaları əks etdirən “Təhsilin əsasları” adlı fənnin tədrisi həyata keçirilib. Bu fənnin tətbiq edilməsi haqqında qərar Azərbaycanda müəllim hazırlığı məsələlərinin təhlilinə və müəllim hazırlığına dair müasir dünya təcrübəsinə əsaslanaraq qəbul edilib. Artıq eksperiment şəklində tədrisinə başlanılan “Təhsilin əsasları” fənnində nəzərdə tutulan məqsədlərə nail olunması, vəzifələrin yerinə yetirilməsi və təlim nəticələrinin əldə edilməsi üçün təlimin təşkili məsələləri də xüsusi əhəmiyyətə malikdir. Nazirin sözlərinə görə, müəllimlər diqqətlərini şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən əvvəl öyrənənlərin özlərinə də öyrənmə prosesində olan şəxs kimi yanaşmalıdırlar. Bir çox müəllimlər belə hesab edirlər ki, onlar yaxşı müəllimlərdir, çünki onlar müxtəlif metodlardan istifadə edirlər. Əlbəttə, müəllimlər müxtəlif metodlardan istifadə edə bilərlər. Lakin əgər istifadə edilən metodlar öyrənmə prosesinə yenilik gətirmirsə, bu metoddan istifadə etmək lazım deyil. Müəllimlər tədricən öyrənmə prosesinə yenilik gətirməyən ənənəvi metodlardan əl çəkməli və mümkün qədər yeni metodlar axtarmalıdırlar. Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Suleymanova bildirib ki, 2007-ci ildə “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” Nazirlər Kabineti tərəfindən təsdiq edildi və müəllim hazırlığı sahəsində dövlət siyasəti müəyyənləşdirilib. Təhsil Nazirliyinin müvafiq əmri ilə üç ali təhsil müəssisəsinin bakalavr pilləsində “Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər treninqlərə cəlb edilib və həmin ilin sentyabrından ilkin müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan pilot layihə ali təhsil müəssisəsində tətbiq olunmağa başlanılıb . Artıq iki ildir ki, hər semestr başlamazdan əvvəl Pedaqoji Universitet, Müəllimlər İnstitutu və onun filialları, Gəncə Dövlət Universitetinin pedaqoqika kafedrasının müəllimləri müvafiq kurslara cəlb edilir. Bu mərhələdə əvvəlki üç semestrdə auditoriya şəraitində öyrənilmiş məsələlərin məktəb şəraitində praktikadan keçirilməsi nəzərdə tutulmuşdur. “Təhsilin əsasları” fənninin “Məktəbin idarə edilməsi və təlimin təşkilinin metodologiyası və praktikası” bölməsi bu baxımından xüsusi əhəmiyyət daşıyır: “Təcrübə zamanı əvvəlcə, məktəbdə mövcud vəziyyətin araşdırılması nəzərdə tutulmuşdur. Bu mərhələdə məktəbin yerləşdiyi yer, şagirdlərin sayı, şagirdlərin sosial vəziyyəti, onların valideynlərinin təhsil səviyyəsi araşdırmalı idi. Eyni zamanda, məktəb rəhbərliyinin aparılan islahatlarla bağlı məlumatlılıq səviyyəsi və ona münasibəti, məktəb rəhbərliyinin məktəbin idarə edilməsində əldə rəhbər tutduğu prinsiplər, eləcə də məktəbdə kollektiv üzvlərinin qarşılıqlı münasibətləri və əməkdaşlığının səviyyəsinin tədqiq edilməsi nəzərdə tutulmuşdur. Məktəbin maddi-texniki bazası, təhsilin səviyyəsinin də tədqiqi məktəbdə mövcud vəziyyətin araşdırılması baxımından əhəmiyyətli məsələlər hesab edilib”. Növbəti mərhələdə Təhsil Nazirliyinin müvafiq sənədlərindən və Təhsil Sahəsində İslahat Layihəsinin fəaliyyət planlarndan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə tərtib edilən məktəb şurasının, məktəb direktorunun, direktor müavinlərinin, metodbirləşmə sədrinin və sinif müəllimlərinin fəaliyyət planları, onların icrası yolları, icra müddətinin araşdırılması həyata keçirilib. Əlaqəlilik və varisliyin gözlənilməsilə fəaliyyət planlarında kurikulum islahatı, müəllimlərin ixtisasartırmaya cəlbi, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni tədris materialları və texniki avadanlıqlardan istifadə, kitabxanadan istifadənin səmərəliliyinin yüksəldilməsi kimi mühüm məsələlərin tətbiqinin məktəb sənədlərində nəzərə alınması vəziyyəti məktəbdə bu istiqamətdə aparılan işlərin səviyyəsi haqqında kifayət qədər məlumat əldə etməyə imkan verib”. A.Süleymanova vurğulayıb ki, təcrübə müddətində həm də sinifdə mövcud vəziyyət araşdırılıb. Şagirdlərin fiziki və fizioloji sağlamlığı, idrak səviyyəsi, mənəvi-psixoloji vəziyyəti, sosial vəziyyəti, hazırlıq səviyyəsi, maraq və ehtiyacları, milli, dini mənsubiyyətlərinin araşdırılması, onlara fərdi yanaşmaq, hər bir şagirdi öyrənmə prosesinə fəal şəkildə cəlb etmək və bununla təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq baxımından çox əhəmiyyətlidir: “Təcrübə müddətində “Şagirdin məlumat kartı” hazılanıb. Sonda sinifdə mövcud vəziyyət haqqında kifayət qədər məlumatlı təcrübəçilər müxtəlif qruplara ayrılmaqla müəllimin plan-proqramı üzrə ardıcıllığı gözləməklə qarşılıqlı dərslər nümayiş etdirilib. Bir gün ərzində də “Təhsilin iqtisadiyyatı” mövzusunda aparılan mühazirə matetialları ilə tanış olublar”. Müəllimlər İnstitutunun kafedra müdiri Ramiz Məmmədzadə vurğulayıb ki, “Təhsilin əsasları” fənni sosioloji, psixoloji, tarixi və fəlsəfi əsaslara deyil, daha çox təhsilə, sinifdə baş verən proseslərə istinadlanmalıdır. Tədbirin sonunda Misir Mərdanov tərəfindən kursları uğurla başa vuran mütəxəssislərə sertifikatlar verilib.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 12 fevral.- S.2.