Təhsil Nazirliyinin Kollegiya iclasında korrupsiyaya qarşı mübarizə tədbirləri
müzakirə olunub
Dünən Təhsil
Nazirliyində “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası
mövzusunda kollegiya iclası keçirilib. İclasda nazir
müavinləri, nazirliyin müvafiq struktur bölmələri
və şöbələrinin, ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri, rayon və
şəhər təhsil şöbələrinin müdirləri,
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
bir sıra texniki peşə və ümumtəhsil məktəblərinin
direktorları iştirak ediblər.
Kollegiya iclasında
çıxış edən təhsil naziri Misir Mərdanov
bildirib ki, prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunan iclasında
korrupsiyaya qarşı mübarizə məsələsinə
də toxunulub və bu baxımdan dövlət
qurumlarının qarşısında ciddi vəzifələr
qoyulub. Azərbaycanın dövlət siyasətində
korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən
biri olduğunu vurğulayan təhsil naziri son illər ərzində
bu sahədə qəbul olunan hüquqi-normativ sənədlərin
əhəmiyyətindən bəhs edib, müvafiq qurumlarla birgə
əməkdaşlıq sayəsində həyata keçirilən
tədbirləri nəzərə çatdırıb. Prezidenti
tərəfindən təsdiq olunan “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya (2007-2011-ci illər)”ya uyğun olaraq
görülən işlərə diqqət çəkən
M.Mərdanov 2006-cı ildən Təhsil Nazirliyində QHT
nümayəndələrinin də təmsil olunduğu
Korrupsiyaya Qarşı Mübarizə üzrə
İşçi Qrupunun, korrupsiya halları ilə əlaqədar
vətəndaşların müraciətlərinin operativ qəbulu
və baxılmasının təmin edilməsi məqsədilə
“Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyini
bildirib: “2010-cu il ərzində Təhsil Nazirliyinin “Qaynar xətt”
xidmətinə 13 232 müraciət daxil olub. Nazirliyin mətbuat
xidmətindən verilən məlumata görə, müraciətlərin
11 861-i telefonla, 1 371-i elektron poçt vasitəsilə qəbul
edilib ki, onların da 75 faizi sorğu və məlumat
xarakterlidir. Ümumilikdə, müraciətlərin 60 faizdən
çoxu ümumtəhsil məktəbləri, 5 faizə qədəri
məktəbəqədər tərbiyə müəssisələri,
1 faizə qədəri məktəbdənkənar tərbiyə
müəssisələri, 5 faizi texniki-peşə təhsili
müəssisələri, 20 faizi ali məktəblər, 7
faizi orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.
“Qaynar xətt” xidmətində yanvar-fevral aylarında 143,
martda 356, apreldə 1003, mayda 958, iyunda 4200, iyul-avqust
aylarında 1871, sentyabrda 2083, oktyabr-noyabr aylarında 1854,
dekabrda isə 764 müraciət qeydə alınıb. Hər
ay daxil olan müraciətlərin 60-70 faizi Bakı şəhərindəki
ümumtəhsil məktəbləri ilə bağlı
sorğulardan ibarət olub ki, həmin müraciətlər də
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən
araşdırılıb. Şikayət xarakterli müraciətlərin
araşdırılması zamanı məlum olub ki, onların
108-i anonimdir. 99 şikayətdə yazılan faktların
doğru olmadığı, 8 şikayətdə qeyd edilənlərin
tam və ya qismən doğru olduğu müəyyənləşdirilib.
Aparılan araşdırmalar nəticəsində
Bakıdakı 26, 37, 61, 79, 110, 141, 192, 208, 228 və 321
nömrəli məktəblərin direktorları işdə
yol verdikləri nöqsanlara görə vəzifədən
azad olunub, 38, 94, 139, 151, 176, 270 nömrəli məktəblərin
direktorlarına müxtəlif dərəcəli töhmət
verilib, 146 məktəb direktoruna isə xəbərdarlıq
edilib. Paytaxtın 18, 76, 119 və 258 nömrəli məktəblərindən
daxil olan məlumatlara əsasən ayrı-ayrı fənn
müəllimləri, sinif rəhbərləri məktəb
müdiriyyəti tərəfindən inzibati tənbeh olunublar.
Məktəb ərazilərinin zəbt olunmasının
qarşısının alınması, istilik sistemlərinin
olmaması ilə əlaqədar şikayətlər yerində
araşdırılıb, bunlarla bağlı müvafiq təşkilatlara
müraciətlər edilib. Ümumtəhsil məktəbləri
ilə əlaqədar Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərindən və Abşeron,
Yardımlı, Daşkəsən, Zaqatala, Xaçmaz, Tovuz, Tərtər,
Lənkəran, Şabran, Lerik, rayonlarından daha çox
müraciət daxil olub. Abşeron rayonundan daxil olan müraciətlərin
böyük əksəriyyəti şikayət xarakterli olub. Belə
ki, müraciətlərin əksəriyyətində həmin
rayonun ümumtəhsil məktəblərində bir neçə
dəfə məcburi qaydada məktəbli formasının,
lüzumsuz kitabların satışının təşkil
edildiyi, fond pulu toplandığı bildirilib. Qeyd olunan məsələ
ilə əlaqədar müvafiq araşdırmalar
aparılıb, həmin araşdırmaların nəticələri
Təhsil Nazirliyində müzakirə edilib. Abşeron Rayon Təhsil
Şöbəsinin müdirinə yaranmış problemin
qısa müddətdə aradan qaldırılması
üçün müvafiq tapşırıqlar verilib, təlimata
zidd olaraq məktəbli formasının satışında
iştirak etdiyinə görə bir orta məktəb müəllimi
isə işdən azad olunub. Ümumtəhsil məktəblərinə
müəllimlərin müsabiqə yolu ilə işə qəbulu,
dərs bölgüsü, dərsliklərin şagirdlərə
çatdırılması, habelə ali təhsil müəssisələrinə
tələbələrin köçürülməsi və
bərpası, təhsil haqqının ödənilməsi,
bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil
sənədlərinin tanınması və digər
çoxsaylı sorğulara xidmət əməkdaşları
və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri
tərəfindən aydınlıq gətirilib. Ümumtəhsil
məktəblərində buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili
və keçirilməsi ilə əlaqədar sorğular
bütün sorğuların 45 faizini təşkil edib. Bir
sıra sorğular isə Beynəlxalq və respublika fənn
olimpiadalarının təşkili, keçirilməsi və nəticələri
ilə əlaqədar olub”. Nazir qeyd edib ki, ali və orta ixtisas
təhsili müəssisələrində 2009-2010-cu tədris
ilinin qış və yay imtahan sessiyalarında tələbələrin
biliyinin obyektiv qiymətləndirilməsini təmin etmək,
yarana biləcək neqativ halların aradan
qaldırılması məqsədilə “Qaynar xətt” xidmətinə
müraciətlər iş günləri fasiləsiz qəbul
edilib. Eləcə də “Qaynar xətt” xidmətinə və
nazirliyin korrupsiyaya qarşı mübarizə üzrə
işçi qrupuna yanvar və iyun aylarında daxil olan
müraciətlər Təhsil Nazirliyinin əməkdaşları
və bir sıra qeyri-hökumət təşkilatlarının
könüllüləri tərəfindən
araşdırılıb: “2009-2010-cu tədris ilinin qış
və yaz imtahan sessiyaları dövründə özəl ali
təhsil müəssisələri ilə əlaqədar daxil
olan müraciətlərin sayı dövlət ali və orta
ixtisas məktəblərindən daxil olan ünvanlı
şikayətlərdən daha çox olub. Fəaliyyəti
dayandırılan iki özəl ali təhsil müəssisəsi
tələbələrinin köçürülməsi ilə
əlaqədar 2010-2011-ci tədris ili ərəfəsində
daha çox müraciət qəbul edilib. Təhsil Nazirliyinin
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında
aparılan araşdırmalar nəticəsində
nöqsanı olanlar tənbeh edilib, onlara irad bildirilib və
töhmət verilib, eləcə də digər inzibati cəzalar
tətbiq olunub. Təhsil müəssisəsində şagirdlərə
təqaüdlərin, sosial ödəmələrin,
işçilərin əmək haqlarının vaxtında
verilməməsi barədə “Qaynar xətt” xidmətinə
daxil olan müraciətlərə əsasən Dəniz
Balıq Sənayesi Kolleci və 6 nömrəli Bakı peşə
liseyində noyabr ayında araşdırmalar aparılıb. Aparılan
araşdırmalara müvafiq olaraq Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin
“a” bəndinə əsasən Dəniz Balıq Sənayesi
Kollecinin və 6 nömrəli Bakı peşə liseyinin
direktorlarına xəbərdarlıq edilib, həmin təhsil
müəssisələrinin mühasiblərinə isə
töhmət verilib. Ötən il ərzində “Qaynar xətt”
xidmətinə daxil olan müraciətlər və
araşdırmaların nəticələri barədə məlumatlar
müntəzəm olaraq Təhsil Nazirliyinin internet saytında,
“Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri”
məcmuəsində və digər mətbu orqanlarda dərc
edilib”. M.Mərdanov 2010-cu ildə Təhsil Nazirliyinə vətəndaşlardan
və dövlət qurumlarından 51552 məktub, müraciət,
ərizə və şikayətin daxil olduğu, 7251 nəfərin
qəbul edildiyi haqda məlumat verib, ayrı-ayrı rayonlar
üzrə vətəndaşların ərizə və
müraciətlərinin sayı, mövzusu barədə
statistik göstəriciləri nəzərə
çatdırıb, yerlərdə vətəndaşların
müraciətlərinə baxılması vəziyyətinin
monitorinqinin aparılmasının zəruriliyini söyləyib.
Hər ilin sonunda Təhsil Nazirliyinin mərkəzi
aparatının və nazirliyin tabeliyindəki struktur bölmələrin
hesabatlarının dinlənildiyini, nəticələr barədə
KİV-də məlumatların verildiyini bildirən təhsil
naziri rayon, şəhər təhsil şöbələrinin,
ali və orta ixtisas təhsili müəssisələrinin də
bu prosesə cəlb edilməsinin nəzərdə
tutulduğunu deyib. 2008-ci ildən başlayaraq həm Təhsil
Nazirliyinin mərkəzi aparatında, həm də rayon və
şəhər təhsil şöbələrində dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi
sisteminin tətbiq edildiyini vurğulayan təhsil naziri
hazırlanan etik davranış standartlarının
bütün təhsil müəssisələrinə təqdim
olunduğuna diqqət çəkib, eləcə də müəllimlərin
işə qəbulunun tam şəffaflıq və müsabiqə
əsasında həyata keçirilməsinin razılıqla
qarşılandığını söyləyib. Nazir deyib
ki, 2010-2011-ci tədris ili üzrə ölkənin ümumtəhsil
məktəblərində müəyyənləşdirilmiş
vakant yerləri tutmaq üçün kompüter vasitəsilə
keçirilən imtahanlarda iştirak edən 1815 nəfərdən
288-i işə qəbul olunub, ümumtəhsil məktəblərində
direktor vəzifəsinə işə qəbul sahəsində
də yeni mexanizm tətbiq edilib. Təhsil müəssisələrində
imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi,
şəffaflığın artırılması və bu
prosesə ictimai nəzarətin gücləndirilməsi məsələsinə
toxunan təhsil naziri hər bir tədris ocağında “Qaynar
xətt” xidmətinin yaradılmasının zəruriliyini
söyləyib. M.Mərdanov bütün ali və orta ixtisas təhsili
məktəblərində imtahan sessiyaları ərzində qərargahların,
“Qaynar xətt” xidmətlərinin təşkil olunduğunu,
aşkarlığı və şəffaflığı təmin
etmək üçün imtahanların gedişi prosesinə
KİV-lərin və QHT koordinatorlarının, Korrupsiyaya
qarşı Mübarizə Fondu, “Şəffaflıq Azərbaycan”
Cəmiyyəti, Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi, Dövlət Quruculuğu
Araşdırmalar Mərkəzinin nümayəndələrinin
cəlb edildiyini diqqətə çatdırıb. M.Mərdanov
həmçinin bildirib ki, son illər imtahan sessiyalarında
neqativ halların qarşısını almaq, obyektivliyi və
şəffaflığı təmin etmək məqsədilə
imtahanlar yazılı forma ilə yanaşı, həm də
test tapşırıqları əsasında kompüter vasitəsilə
həyata keçirilir. Ötən il Moskva Dövlət
Açıq Universitetinin Bakı filialında və Azərbaycan
Beynəlxalq Universitetində aşkar olunan ciddi nöqsanlara
görə onların lisenziyalarının ləğv edilməsi
barədə söz açan M.Mərdanov bu ali məktəblərdə
qanuni yolla təhsil almış tələbələrin digər
özəl universitetlərə
köçürüldüyünü bildirib. Kollegiya
iclasında M.Mərdanov Təhsil Nazirliyi tərəfindən
təhsil orqanları və müəssisələrində
neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait
yaradan faktların aşkar edilməsi, nöqsanlara yol
vermiş məsul şəxslər barədə intizam tənbehinin
tətbiqi sahəsində müntəzəm iş
aparıldığını nəzərə
çatdırıb. Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil
şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor
müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri,
6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi,
10 uşaq bağçası müdiri, 9 baş mühasib,
ümumilikdə, 108 nəfər vəzifəsindən azad
olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli
töhmət, 115 nəfərə töhmət verilib.
Daha sonra qarşıda
duran vəzifələrdən, təhsilin keyfiyyətinin
yüksəldilməsi, müəllimin, məktəbin
nüfuzunun qorunması məsələlərindən bəhs
edən təhsil naziri iclas iştirakçılarına bir
sıra tapşırıq və tövsiyələrini verib.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2011.- 16 fevral.- S.2.