Gəlirəm, ana!
...Həkim həyəcanla
əlini havada yellətdi: – Mən birinci dəfədir ki, bu
cür xəstəyə rast gəlirəm. – Sonra da təlaşla
ora-bura vurnuxub tibb bacılarına göstəriş verdi.
Özü isə asta addımlarla otaqdan çıxdı.
Ülkər Əliyeva onuncu
dəfədir ki, bura – Bərdə rayon xəstəxanasına
düşür. Dəfələrlə Bakıya, Gəncəyə,
Mingəçevirə aparıblar. Həmişə də
ağır vəziyyətdə, ciddi əsəb
sarsıntıları ilə. Müalicə öz təsirini
göstərir, qızın əhvalı
yaxşılaşır, dirçəlir. Bundan sonra həkimlər
onu evə buraxır. Ev deyəndə ki, Ülkərin evi
yoxdur, bacısıgildə qalır. Ancaq bu, çox da uzun
çəkmir. Yenə də həkimlər, xəstəxana,
dava-dərman.
Bəs, Ülkərin qəlbini
nanə yarpağı kimi əsdirən, onu daxilən
didib-parçalayan, nəhayət, tez-tez xəstəxanaya gətirən
səbəb nədir? Üç ildən çox davam edən
bu müalicənin sonu niyə görünmür? Bu qəmli
hekayətlə siz də
Köçhaköç qəfil
başladı. Kəndə hay düşdü. Kişilərin
bəzən zəhmli, bəzən kövrək səsindən,
qadınların, uşaqların naləsindən, at kişnərtisindən,
it ulaşmasından qulaq tutulurdu. Sanki yer-göy öz məhvərindən
çıxmışdı. Elə bu vaxt kəndə xəbər
çatdı ki, Başlıbeli rayon mərkəzi ilə birləşdirən
maşın yolu təhlükəlidir, erməni silahlı
qüvvələri artıq “Tunel”i tutub. Bu xəbər
başlıbellilər üçün ölümdən də
betər idi. Ona görə ki, bu halda yeganə ümid dağ
yoluna qalırdı. İndi dağ yolu ilə ancaq piyada, bir də
atla getmək mümkün idi. Bayaqdan ağır-yüngül
edib götürdükləri çamadanları,
bağlamaları, xurcunları yerə qoymalı oldular – o yolla
əliboş getməyin özü bir qəhrəmanlıq
idi. Ensiz dağ yolu ilə sıralanan insan axınının
ucu-bucağı görünmürdü. Qoyun-quzu yollara,
qapılara səpələnmişdi. İnsanlara qoşulub gedən
atlar idi, bir də itlər. Ən axırda bir qarı
addımlayırdı. Ayağının biri şikəst idi.
Çəliyini ehtiyatla yerə
basır, ağır-ağır tərpənirdi. Yanında
bir uşaq da var idi. O, nə qocadan aralanır, nə də
onunla ayaqlaşa bilirdi. Ona görə də get-gedə dəstədən
uzaqlaşırdılar. Gecikmək, ləngimək isə faləkət
idi, ölümə barabər idi. “Ağa bulağı”na
çathaçatda Tutu qarı elə bil havalandı: “Biz hara
gedirik. Dəli-zad olmamışıq ki... Yurd-yuvamızı
kimə tapşırırıq. Axı, bu yerlərdə bizim
babalarımızın ruhu dolaşır. Topsuz-tüfəngsiz
də torpaq verərlər”. Dözə bilmədi. Əvvəlcə
öz-özünə pıçıldayırdı. Sonra isə
nəfəsi qarala-qarala, az qala
qışqıra-qışqıra danışırdı.
Ancaq onun səsini doğma balasından başqa heç kəs
eşitmirdi. Dümağ qara bürünmüş meşələr,
köklü qayalar lal sükut içindəydi. Elə bil
tunelə düşmüşdülər. Yolun hər iki tərəfi
qar yarğanı idi. Bircə bulağa burulan cığır
açıq idi. Hava bir az mülayimləşmişdi, yəqin
köçün təsirindən idi qar ərimişdi, yolun kənarları
ilə bulanlıq su axırdı. Qarı, arxasınca da
qızı bulağa tərəf döndü. Anasının
belə arxayın tərpənməsi Ülkəri narahat etsə
də dinmədi. Elə bil qız da əlini dünyadan
üzmüşdü. İri sal qayanın dibindən
çıxan buz kimi soyuq su ağacdan düzəldilmiş
novdan şırıltı ilə axıb gedirdi. Qarı
çəliyi qayaya söykədi. Suyun, havanın
soyuqluğuna baxmayaraq əl-üzünü yudu. Ovcuna doldurub
içdi. Sonra isə qayaya söykənərək buradan ovuc
içi kimi görünən kəndə baxdı, demək
olar ki, kənddə adam qalmasa da kənddə hay-küy kəsilməmişdi
– bacalardan tüstü çıxırdı, kəndarası
yollar mal-qarayla, toyuq-cücə ilə dolu idi, it
ulaşırdı.
Bu təlaş, bu səksəkə,
bu həyəcan içində qarının xəyalı
çox uzaqları dolandı, Başlıbelə at belində
gəlin köçdüyü günü xatırladı.
Belə müsibətli bir gündə o bəxtəvər
çağlar hardan yadına düşdü –
anışdıra bilmədi. Ancaq həmin hadisə, həmin
an gün kimi gəlib durdu qarının gözlərinin qabağında.
O zaman da hava belə qarlı-şaxtalıydı – amma
payızın axır ayı idi. Çal-çağır səsi
Dəlidağı başına götürmüşdü. O
vaxtların toyları indikinə bənzəmirdi. Üç
gün, üç gecə qara zurnanın yanıqlı səsi
kəsilmirdi. Gəlin atlandıqda maraqlı bir hadisə oldu.
Başdan ayağadək tovuz quşu kimi bəzədilmiş gəlin
atı xamlıq elədi – qara zurnanın səsindənmi
cuşa gəldi, ya nəydisə dal ayaqlarının
üstündə şahə qalxdı. Vəziyyəti belə
görən ağsaqqallar dərhal cavanlara him elədilər
ki, usta at gətirsinlər. Ucaboy, alyanaq, çatmaqaş
dağlar gözəli Başlıbel kəndinə gəlin
köçdü. Ev-eşik, uşaq sahibi oldu. Seyidəli
kişi ilə 50 il bir yastığa baş qoydu. Sonralar Seyidəli
kişi dünyasını dəyişdi. Böyük
qızı Narın ailə qurdu, köçüb “İstisu”
qəsəbəsində yaşadılar. Kiçik
qızı Ülkər isə anasının yanında
qalırdı. İndi budur, həmin kəndi – qoynunda
ömrünün ən şirin, əlçatmaz
çağlarını yaşadığı, qənirsiz
gözəlliklərindən doymadığı, hər
qarışına, cığırına, bulağına,
dağına-daşına bələd olduğu, əzizlərinin,
doğmalarının uyuduğu bu kəndi tərk edirdi...
Qarı sel kimi axan göz yaşlarını əlinin
arxası ilə silib dikəldi. Ürəyi atlandı.
Qollarını qaldırıb həmkəndlilərini səsləmək,
çağırmaq, geri qaytarmaq istədi. Ancaq... arıq,
gömgöy, damarları çıxmış qolları
havadaca asılı qaldı: köç getmişdi... – Bəlkə,
tərpənək, ay ana... Hava da qaralır...
Qızının səsi qarını sanki yuxudan
ayıltdı. Elə bil doğma balasını birinci dəfəydi
görürdü. Baxışları qızın təlaş,
həyəcan dolu çöhrəsini, gözlərini, bədənini
dolaşdı. “Mən heç, ömrümü
pis-yaxşı yaşamışam, bəs bu yazıq
qızın günahı nədir?” – deyə
öz-özünə düşündü. – Yox,
qızım, mən daha addım ata bilmirəm. Taqətdən
düşmüşəm...
Ülkərin həyəcanı daha
da artdı.
– Bəs indi fikrin nədir?
– Fikrim nə olacaq... sən get... mən
də yavaş-yavaş gəlirəm..
– Sən nə danışırsan,
ana, qalsaq ikimiz də bir yerdə qalacağıq. Ana hiss etdi
ki, bu, qızın fikri qətidir. Ona görə də necə
olur-olsun Ülkərin qəlbini ələ almaq, onu
yumşaltmaq, inandırmaq lazım idi. Başqa cür ola bilməzdi.
Qətiyyən ola bilməzdi...
– Axı, sən heç vaxt mənim
sözümdən çıxmamısan.
– Bu dəfə
çıxmalıyam... camaat, el-oba nə deyər?..
– Deyirlər kənddə qalanlar var.
Yəqin ki, indi gələcəklər, mən də onlara
qoşularam...
– Kənddə heç kim
qalmayıb.
– Qalıb. Salman kişini öz
gözümlə görmüşəm. Sənəm də, Ətirənbər
də...
– Onların özlərinin tərpənməyə
heyi yoxdur, səni necə apara bilərlər. Bir də ki, mən
burda dura-dura niyə başqalarının ümidinə
qalırsan?.. Tərpənək, onlara bel bağlama,
oğul-uşaqları qırılmayıb, ha...
Dünyasında qoymazlar qalsınlar... Tutu qarı gördü
ki, sözdən, bəhanədən, deyəsən bir şey
çıxmayacaq. Vaxt isə gözləmirdi, hər an təhlükə
idi. Barı Ülkər xilas olaydı...
O, qala bilməz, o,
düşmən əlinə keçməməlidir... Qəfildən
qarının ağlına dəli bir fikir gəldi. O, var
gücünü toplayaraq qayanın başına qalxmağa
başladı. Ayağı sürüşdü, əlini
atdığı budaq, qaya qəlpəsi qopdu, əlləri,
dirsəkləri sıyrıldı. Qoca isə elə bil nə
bunları görür, nə də hiss edirdi. Bir azdan iri
qayanın sinəsində idi. Ülkər əvvəlcə
heç nə başa düşmədi. Sonra isə
ağlına gələn ilk fikir ilan kimi onu çaldı.
Diksinərək yuxarı, qayanın başına
çıxmaq istədi. Lakin bu, cəmi bir an çəkdi.
Qarının qıy vuran səsi onu yerindən tərpənməyə
qoymadı:
– Bu dəqiqə çıxıb
getməsən, özümü bu qayadan atacağam. Eşidirsənmi...
Bu dəqiqə...
– Axı, niyə belə elədin...
Bundan sonra mən el içinə çıxıb necə
yaşaya bilərəm. Amanın günüdür, gəl
daşı ətəyindən tök...
– Əgər bu dəqiqə yerindən
tərpənməsən, meyitimi dərənin dibində
tapacaqsan. Bu, rüsvayçılıqdan da betərdir. Di tərpən!..
Ülkər necə hərəkət
edəcəyini müəyyənləşdirə bilmirdi.
Qalsınmı? Birdən anası, doğrudan da
özünü qayadan atar. Getsinmi? Necə getsin, eşidib-bilənə
nə cavab versin. Düşünməyə, götür-qoy
etməyə isə vaxt yox idi. Hər şey bir anın, bircə
anın hökmündən asılı idi. Vidalaşan təkcə
baxışlar idi. Ülkər anasının boynuna
sarılmaq, onu duz kimi yalamaq, əl-ayağına düşmək
istəyirdi. Ancaq... yaxınlaşa bilmirdi. Nə qədər
dil töksə də, yalvarsa da anası onu, heç olmasa son
dəfə görüşmək üçün yanına
da buraxmadı. Bu tale qarğışıydımı, yoxsa,
allahın öz bəndəsinə zülm, sitəmiydimi?
Ülkər öz səsindən qorxdu:
– Ana, ay ana... salamat qal!.. Səni bu
dağlara tapşırıram...
Dağlar adamlardan
etibarlıdır...
– Yaxşı yol, qızım. Məndən
nigaran qalma. Geri qayıdanda bu dağlarda görüşərik...
Ülkər əl elədi,
qollarını qabağa uzatdı, səsi batana qədər
qışqırdı, ağladı, yalvardı...
Qarı isə bayaqkı
yerində, qayanın üzündə dayanmışdı,
çəliyi də böyründə. Bir əlini qabağa
uzatmışdı, elə bil balasına “yaxşı yol”
deyirdi... Qarşıdakı aşırımdan –
Ağcağız dağını aşandan sonra yol dərəyə
enirdi. Ülkər o üzə aşanda addımlarını
bir az da yavaşıtdı. Üzüaşağı idi,
ancaq qız addım ata bilmirdi. Tez-tez çönüb
dağın döşünə, iri qayanın başına
baxırdı. Hər addım atdıqca qaya bir az da
kiçilirdi, görünməz olurdu. Külək vurduqca
anasının yellənən yaylığının ucu
görünürdü. Bir addım, iki addım... indi nə
qaya görünürdü, nə də yaylıq. Elə bil
ki, Ülkər yalnız indi başa düşürdü ki,
anasından birdəfəlik, həmişəlik,
ömürlük ayrılır... Onu tək qoyub getdi.
Özü də harda? Axırıncı aşırımda,
qayanın sinəsində, axşamın adamın ürəyini
sıxan alatoranında, çiskinli-sazaqlı gündə.
Dayandı, bir an belə tərəddüd etmədən geri
döndü, az qala qaça-qaça anasına tərəf
yaxınlaşdı. Tutu xalanın yönü yenə də
balasının getdiyi səmtə idi, yenə külək əsirdi,
yenə yaylığı yellənirdi: Ülkər
dağın döşünə, qayanın başına birdən-birə
qalxa bilmədi. Ayağı sürüşdü,
yıxıldı, əllərini açıb koldan-kosdan,
daşdan-qayadan yapışmaq istədi. Ancaq əlləri,
barmaqları daşlarda, qayalarda qaldı. Sızıldadı,
qanadı, əzildi...
– Anan ölsün, ay bala, niyə
qayıtdın? – Qayıtdım ki, birlikdə gedək. Bax, o
axırıncı aşırımdan sonra hər yer
üzüyönüşədir, rahatdır. – Yox, yox
qızım, burda yerimi rahatlamışam. Görürsən,
böyür-başıma daş da yığmışam.
Çıxma, gəlmə, görmürsənmi, taqətim
yoxdur. Məni nə təhər aparacaqsan?
– Bilmirəm, qalsaq, ikimiz də
qalacağıq. Gedə bilmirəm, axı, ay ana, gedə
bilmirəm...
– Bəs, Narının balası, bəs,
İlhamə...
– İlhamədən arxayın ol,
onu etibarlı adamlara tapşırmışam... – Bu
qarışıqlıqda nə etibar, ay bala. Etibar olsaydı
bu kökə düşərdikmi? Axşam düşür,
qaranlıq qarışır, görürsən necə
külək əsir. Karvan da nə qədər
uzaqlaşıb. İnad eləmə, mənə
yazığın gəlsin, get, get... – Bəs bu soyuqda, bu qarda
sən burda tək necə qalacaqsan... – Getməsən, südümü
sənə haram elərəm.
– Qoy çıxım yanına, bir
də halallaşaq... Həmişə məni bir tərəfə
yola salanda gözlərimdən öpərdin. Bu dəfə də
öp...
– Gəl, tez tərpən, əlli
ol, göz-gözü görmür axı? – Gəlirəm, gəlirəm...
Ülkər məəttəl qalmışdı. Anası bu
dik yoxuşu, bu daşlı-qayalı uçurumu necə
qalxmışdı. O yenə büdrədi, yenə
yıxıldı, ancaq qayıtmadı, aşağı
düşmədi. Son gücünü, iradəsini topladı,
köklü qayalardan tuta-tuta birtəhər yuxarı
qalxdı. Anası irəli əyilib əlini uzatdı.
Barmaqlar uc-uca toxundu, ancaq heç biri digərinin əlini tuta
bilmədi. Bir də, bir də...
– Anan ölsün, əlin nə
yaman soyuqdu. – Sənin əlin istidir, ana. Üz-gözün od
tutub yanır, qoy sinənə sığınım, bəlkə
isinəm... – Yox, sinəmin istiliyi sənə yuxu gətirər,
bala. Gəl, gəl, gözüm səni yaxşı seçmir,
bir az da dikəl. Oxxayy... dinə-imana gəldim, di tərpən,
yoxsa... Arvad titrək əlləri ilə balasını
özündən araladı. Dikəldi. Qayanın
başına tərəf süründü. Ülkər,
görünür, hiss edirdi, başa düşürdü ki,
bu, anasının qəti qərarıdı, son cəhdidir. Əgər
qayıtmasa şəksiz özünü qayadan atacaq...
Ülkər
üzüaşağı baxdı. Heyrətə gəldi,
özü heç, qoca, şikəst anası bu dik,
daşlı-qayalı yoxuşu necə
çıxmışdı? Axı, əl atıb tutmağa
heç nə yoxdur. Ülkərin çarəsi kəsildi, nəfəsi
təntidi, əli hər şeydən üzüldü. – Gedirəm,
gedirəm, göz yaşları içərisində son dəfə
anasına baxmaq istədi. Ancaq su kimi axan göz yaşları
aman vermədi. Bir də qaralmaqda olan hava... Aşağı
düşmək çətin idi. Ayağını hara
qoyduğunu bilmirdi, əlini hara gəldi atırdı... Əli-ayağı
daşa-qayaya dəyə-dəyə, əzilə-əzilə,
kəsilə-kəsilə aşağı
düşürdü. Ayağı sürüşdü,
yıxıldı, yumalandı, bir də durdu, bir də
yıxıldı. Üstü-başı didik-didik olmuşdu.
Ancaq nə ağrı hiss edirdi, nə də axan qanı
görürdü. Üzü aşırıma tərəf
addımlamaq istədi. Ancaq gözlərini qayanın başından
ona tərəf əyilən, qollarını qabağa
uzadıb nəsə pıçıldayan anasından çəkə
bilmirdi. Ona görə də yolu arxasıüstə gedirdi.
Bu, çox çətin idi: tez-tez yıxılırdı.
Ancaq anası tamam görünməz olana qədər belə
getdi. Aşırımı aşanda isə... yenə tərəddüd,
yenə nisgil, yenə fəryad qızın yolunu kəsdi, tərpənməyə
qoymadı, ürəyini arxaya, qayanın başında qoyub gəldiyi
anasına tərəf çəkirdi. Yadından
çıxmışdı, unutmuşdu,
düşünmürdü, daha doğrusu, düşünə
bilmirdi ki, karvan onlardan nə qədər uzaqlaşıb. O,
indi yola düşsəydi belə, gedib çata bilərdimi?
Yolda azmazdımı? Ülkər bu barədə
düşünə bilmirdi, düşünmək istəmirdi.
Macalı yox idi, vaxt çatmırdı. Qəlbində,
düşüncəsində ancaq anası vardı, onun qaya
başında heykələ dönmüş surəti
vardı. Bir də qayıtdı. Ancaq daha addım atmağa
heyi, hərəkəti qalmamışdı. Üzüstə
torpağa yıxıldı. Əlləri, dizləri
palçığa batdı. Yolun qırağı ilə axan
buz kimi su əllərini dondurdu. Ancaq yenə qalxmadı, qalxmaq
istəmədi, qalxmağa taqəti qalmamışdı. Eləcə
uşaq kimi iməkləyirdi... Tutu xala ha
çalışdı, ha əlləşdi ki, fikrini, xəyalını
bir yerə toplaya bilsin. Dəqiqləşdirmək istəyirdi
ki, axı nə olub, niyə bu camaat pərən-pərən
düşüb, bu köç hara gedir? O niyə bu
qayanın sinəsinə sığınıb qalıb. Burda nə
qədər qalacaq? Bədəni od tutub yanırdı. Əlini
uzadıb böyür-başına düzdüyü soyuq
daşlara sürtdü. Canına bir rahatlıq, sərinlik
yayıldı. Əlini üz-gözünə çəkdi.
Azacıq sakitləşdi elə bil. Hənirti gəldi. Elə
bil ki, kimisə qovub təngənəfəs eləmişdilər.
Tutu xala səs gələn tərəfə baxdı, heç
kimi görmədi. Bununla belə hiss elədi ki, bu, Ülkərin
hənirtisidir, onun nəfəsidir. – Qayıtdın... Axı,
sənə dedim ki...
– Tutu xalaya elə gəldi ki, səsi
dağlara-daşlara əks-səda verdi. Ancaq Ülkər
anasının səsini güclə eşitdi: –
Qayıtdım... Gəldim ki, yanında qalam... Yuxarıdan
qopub gələn daş Ülkərin böyründən
keçdi! Qız hiss etdi ki, anası qayanın lap
qurtaracağına tərəf sürünür, bu an yəqin
ki, elə bu an özü də üzüaşağı
yuvarlanacaq. Qız buna o qədər əmin idi ki, dərhal dikəlib
qışqırdı:
– Dayan, dayan, gedirəm, gedirəm,
gedirəm... Ülkər doğrudan da aşırıma tərəf
əvvəlcə addımladı, anasını arxayın
salandan, aşırımı aşandan sonra isə
üzüaşağı endi. O, həm iməkləyir, həm
addımlayır, həm də yumalanırdı... Ülkərin
ürəyində uzaq bir ümid, bir təsəlli, bir
işartı da vardı. Bu ümid, bu işartı
yaz-payız aylarında onların kəndinin söykəndiyi
dağın döşünü bürüyən seyrək
duman kimiydi: dağların sinəsini gah düymələyir,
gah da açırdı. Ülkər özünü
inandırmaq istəyirdi: ola bilməz axı, bu boyda kənddə
heç kim qalmasın. Hələ aşağı kəndləri
demirəm. Bəs bu qədər əsgər, ordu, polis hara
getdi? Ya bəlkə, onlardan qabaqda kimsə var,
görüşərlər, başına gələnləri
danışar. Ola bilməz axı, köməyə gələn,
sinəsini qabağa verən, qoca, xəstə qadının
dalınca qayıdan tapılmasın. Ola bilməz, belə
şey ola bilməz. Dünyanın axırı-zadı deyil
ki... Bir də İstisu qəsəbəsində yaşayan
bacısı Narının hələ bir ay əvvəl,
Başlıbelə onların yanına göndərdiyi
qızı İlhamə... İndi yəqin ki, bağrı qan
oldu, ağlayıb özünü öldürdü...
Yazıq uşaq nə bilsin ki, nənəsinin,
xalasının başına nələr gəlir? Bizcə
özümü tez çatdıra bilsəydim?.. Allah bu
zülmü necə götürür? Bir ailədə
üç nəfərik, hərəmiz də bir tərəfdə...
Ülkər fikirləşirdi, götür-qoy edirdi və bu
ümid, bu təsəlli ona güc verirdi, ürəyinə təpər,
ayaqlarına taqət gətirirdi. Dağlardan soyuq axşam
sazağı əssə də, ətrafa vahiməli bir
qaranlıq çöksə də Ülkər bunları
görmürdü, hiss etmirdi. İndi onun yeganə məqsədi
mümkün qədər addımlarını yeyinlətmək,
karvana çatmaq, başına gələn müsibəti
danışmaq, qarşısına çıxan ilk polisdən,
əsgərdən, hər hansı insandan kömək diləmək,
əncam çəkmək idi. Yoxsa bu dərdə, bu müsibətə,
bu ayrılığa dözmək olmazdı. Karvan isə
çoxdan gözdən itmişdi...
Qaçqınlığın, evsizliyin, yurdsuzluğun acı
taleyi... Zamanın sərt dalğaları Ülkəri Bərdəyə
gətirdi. Uzun, əzablı yollar onun dərdinin üstünə
dərd yüklədi. Murovun qarlı
aşırımlarında gecələyəndə sətəlcəm
oldu, nəfəs yolları az qala sıradan çıxdı,
piyada yol yerimək ayağında qabar saldı. Bacısı
Narın Bərdə rayonunun Kələntərli kəndində
məskunlaşıb. Həyat yoldaşı Qənimət
sakit, sadə və mehriban adam idi. Üç il bundan əvvəl
dünyasını dəyişdi. Ülkər hərdən
qohumlarıgilə baş çəksə də daha çox
bacısıgildə qalır. Deyir ki, anamın iyini
Narından alıram. Qəm yükü, ayrılıq dərdi
Narını da xəstə salıb. Ancaq qürurunu
sındırmır, dərdə boyun əymir. O, ağır,
müsibətli günləri belə xatırlayır: – Biz
“İstisu”da yaşayırdıq. Camaatı o qədər
arxayın eləmişdilər ki, belə qəfil
köçhaköç düşəcəyini, ermənilərin
cəmi bir-iki günə o boyda rayonu ala biləcəyini
güman eləməzdik. “İstisu” ilə Başlıbel
arasında xeyli yol var. Özü də at yolu. Dedilər ki,
tunel tutulub. Anama əlim çatmadı. 15 yaşlı
qızım İlhamə də onlarda qalırdı.
Gözüm dörd olmuşdu. Yol boyu nə qədər
soraqlaşdımsa, “gördüm” deyən olmadı. İki
gündən sonra bacımla qızımı Xanlarda tapdım.
Anam isə... Ülkəri sorğu-sual etməyə adamın
ürəyi gəlmir. Yersiz bir söz, ehtiyatsız bir sual qəlbini
incidə bilər. Heç özü də çox
danışan deyil. Dalğın baxışları, kədərli
çöhrəsi ötən illərin müsibətini hələ
də yaşatmaqdadır. Yol yoldaşım deyəsən
ehtiyatsızlıq elədi: – Həkimlər nə deyib
axı? Bu qədər də müalicə olar? Ülkər bu
sualı gözləmirdi. Ona görə başını
qaldırıb düz gözlərimin içinə baxdı.
– Müalicənin nə xeyri, – dedi. – Mənim əlacım Kəlbəcərdədir,
Başlıbeldədir, Ağa bulağındadır. 70
yaşlı anamın son anda görünməmiş bir
qüvvə ilə çıxdığı qayadadır.
Gözlərim görə-görə elə bil arvad heykələ
dönüb dağlara çəkildi... Bir də
qapımızdakı təndirimiz... çörək
yapmışdım. Köçhaköç elə qəfil
başladı ki, birini də çəkə bilmədim... Daha
heç nə demədi. Qorxdum, mənə elə gəldi ki,
bircə kəlmə də danışsa qəlbi
çilik-çilik olacaq... Ancaq dillənən yenə
özü oldu: – Burdan Kəlbəcər dağları
görünür. Axşam-səhər yönüm o tərəfədir.
Gələndən bəri nə saza qulaq asıram, nə də
su içirəm. Hər ikisi dağlara yaraşır.
– Nə fikirləşdisə,
sözünə ara verdi. Elə ah çəkdi ki, dedim sinəsindən
od qopdu.
– Narının qızı
olmasaydı, anam nə desəydi də, nə eləsəydi də
onu tək qoyub gəlməzdi. Uşağı qonşumuz Mərdəban
xalaya qoşmuşdum. Qorxdum ki, dözməzə, bizim gəlmədiyimizi
görüb geri qayıdar, düşmən əlinə
keçər.
Qəfil
danışdığı kimi, qəfil də susdu. Ancaq mənə
elə gəldi ki, Ülkər yenə danışır. Dillə
yox, gözləri ilə, bütün ruhu ilə: “Üzü
bəri baxan dağlar, mənim sizdə anam qaldı”...
Ziyəddin SULTANOV
525-ci qəzet.- 2011.- 17 fevral.- S.6.