Heç nə əbədi deyil, bircə sənətdən başqa...

 

Xalq yazıçısı Anarın “Muğamın əbədiliyi” essesini oxuyarkən

 

...Beş-altı yaşım olardı. Həmişə görürdüm, ədəbiyyat müəllimi olan rəhmətlik atam radioda (o zaman kəndimizdə hələ televizor yox idi) səsləndirilən muğam dəstgahlarına qulaq asanda sanki bu dünyadan ayrılırdı. Başa düşüb-düşməməyimizdən asılı olmayaraq o, bizə Üzeyir bəydən, Cabbar Qaryağdıoğludan, Seyid Şuşinskidən, Xan Şuşinskidən, Zülfi Adıgözəlovdan, başqa muğam ustalarından danışardı. İllər keçdi, böyüdük. Yavaş-yavaş muğamı daha dərin hissiyyatlarla anlamağa başladıq (hərçənd muğamların fəlsəfəsini tam anlamaq çox çətindir). Beləliklə, muğamat mənim də həyatımın ayrılmaz hissəsinə çevrildi. Qəlbimdə hər muğamın öz yeri var.

Ayrı-ayrı muğamlar insana müxtəlif əhval-ruhiyyə bəxş edir. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə “Muğam” poemasında muğamların mənasını, insan ürəyinə təsirini xüsusi ustalıqla, sənətkarlıqla vəsf edib. Lakin “Segah” muğamı məni sözün əsl mənasında yaşadır. Bircə onu deyə bilərəm ki, musiqiçinin yaxşı və ya zəif ifa etməsinə, müğənninin avazının gözəl olub-olmamasına baxmayaraq, “Segah”ı dinləyəndə əvvəldən-axıra haldan-hala düşürəm, göz yaşlarımı saxlaya bilmirəm. Kövrəlməyim, bu dünyanı tamam unutmağım üçün “Segah” üstündə bir mizrab da, “Segah”a köklənən bir səs də mənə bəsdir! Dəfələrlə əlimə qələm götürmüşəm ki, “Segah” haqqında, bu muğamın həyatımda yeri haqqında bir yazı yazım, bacarmamışam. Hətta “Segah” haqqında roman da yazmaq fikrinə düşmüşəm, lakin bu muğama qulaq asarkən keçirdiyim hisslərin mində birini təsvir edə bilməyəcəyimdən qorxmuşam. Həmişə mənə elə gəlir ki, bu muğamı vəsf etməyə bədii sözün gücü çatmaz. Ya da mən bacarmaram. Gərək “Segah” haqqında ömrün boyu yazasan. “Segah” mənim üçün bir həyatdır. Bəlkə də min, milyon həyatdır. Ümumiyyətlə, muğamlar millətimizin həyatı, varlığıdır desəm, heç bir mübaliğəyə yol vermərəm...

“Segah”da xalqımızın bütün dərdi, ələmi, sevinci, kədəri, tarixi – keçmişi, indisi var. Ana laylası qədər şirindir, doğmadır, munisdir “Segah” bizə.

Ayrı-ayrı muğamları da, onların içərisində “Segah”ı da hər insan ürəyindən gələn kimi vəsf edə bilər. Xalq yazıçısı Anar isə ümumilikdə muğamların əbədiliyi haqqında düşüncələrini oxucularla bölüşməyi üstün tutub.

“525-ci qəzet”in 29 yanvar 2011-ci il tarixli sayında görkəmli qələm sahibinin “Muğamın əbədiliyi” adlı essesini oxuyanda bir daha anladım ki, belə dəyərli, fəlsəfi yazını elə Anar yaza bilər. Qəzetin üç səhifəsini tutan esseni birnəfəsə su kimi “içdim” və düşündüm ki,

Anar müəllimin düşüncələri vaxtilə çap etdirdiyi “Dədə-Qorqud” tədqiqatı qədər qiymətlidir. Anar müəllim min illər muğam haqqında deyilmiş, yazılmış fikirlərə öz dəyərli düşüncələrini əlavə edir, zamanın sınaqlarından çıxmış muğam fəlsəfəsini daha da zənginləşdirir. Güman edirəm ki, gələcəkdə muğam haqqında yazanlar, danışanlar mütləq Anar müəllimin də fikirlərinə, düşüncələrinə istinad edəcəklər, ehtiyac duyacaqlar.

Qeydlərindən görünür ki, Anar müəllim əvvəllər də muğam haqqında yazmış, bir sıra mülahizələr söyləmiş və ədibin yazdıqları, dedikləri “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti” kitabının ikinci cildinə daxil edilmişdir. Lakin bütün bunlar görkəmli yazıçını tam təmin etməmiş, o, “Muğamın əbədili”yindən bəhs etməyə mənəvi ehtiyac duymuşdur.

O, görkəmli musiqişünaslarla yanaşı, yeri gəldikcə ömür yoldaşı, tanınmış musiqişünas Zemfira Səfərovanın əsərlərinə də istinad edir və yazır ki, ümidvaram, bu, “qeyri-təvazökarlıq kimi yozulmayacaq”. Bir oxucu kimi bildirirəm ki, ancaq bədxahlar bunu qeyri-təvazökarlıq kimi yozarlar, Anar müəllimə dəyər verənlər, onu tanıyanlar heç zaman belə düşünməzlər. Əksinə, Zemfira xanımın əsərlərinə istinad etmək lazımdır və çox yerinə düşür.

Anar müəllim yazır: “...Azərbaycanlıların böyük əksəriyyətində olduğu kimi muğam sevgisi ana südü ilə canıma, qanıma hopmuşdur”. Anar müəllim doğru yazır, muğama da sevgi məhz, ana südündən gəlir. Muğama sevgi anaya, vətənə, torpağa sevgi deməkdir. Bu böyük sevgidir! Əsl insan sevgisidir! Təkmil şəxsiyyət sevgisidir! Ali düşüncədir!.

Essedə muğamın dünyanın başqa xalqlarının mənəvi həyatındakı yerindən bəhs edilir və qeyd olunur ki, “Azərbaycanlı üçün muğam sırf musiqidən daha artıq məna kəsb edir. Bu bütöv bir dünyagörüşü və dünyaduyumu, varlığı dərketmə üsulu və deyərdim ki, həyati davranış ahəngidir”.

Sonra müəllif muğamın yaranması tarixinin çox qədimlərə söykəndiyini açıqlayır və yazır ki, “muğam zamanın fövqündə duran, əzəli-əbədi bir musiqi kimi qavranılır... Muğam əbədidir. Onun nə vaxtsa mövcud olmadığına inanmaq çətindir və illah ki, kim tərəfindənsə, hətta hansısa dahi sənətkar tərəfindən yaradıldığına inanmaq olmur. Muğam sanki qeybdən gəlmə hadisə, insanlara fələkdən nəql olan xarüqədir... Muğam bizi ilahi başlanğıca qovuşdurur, əbədi ölüm-olum həqiqətlərindən agah edir, məhəbbət və tənhalıq, sevinc və kədər hisslərini yaşadır”.

Yazıçı muğamın astronomiya, astrologiya, təbabətlə əlaqəsinin olduğunu bir daha xatırladır, Üzeyir bəyin “memarlıq-donmuş musiqidir” təşbihini yada salaraq qeyd edir ki, “Həqiqətən də muğamat (muğamlar küll halında) – müxtəlif guşələrdən, gurğulardan (dəstgahlardan) ibarət olan bütöv bir şəhər, hətta meqapolis misalındadır. Çoxmərtəbəli “göydələn” muğam binaları – əsas dəstgahlar var. Bu nəhənglərə sığınan, nisbətən xırda tikililər də mövcuddur. Bu “şəhər”də “böyük” və “kiçik” muğamları calaşdıran “küçələr”, “körpülər”, nəhayət bu nadir sənətin qanunlarına bələd olmayan bəndənin çaşıb aza biləcəyi “labirintlər”, dolanbaclar da var”.

Müəllif ayrı-ayrı muğamların özünəməxsus təsir xüsusiyyətlərini açmağa çalışır, tutarlı misallar gətirir.

Essedə göstərilir ki, “muğam tarixi onun ünlü yaradıcıları və ifaçıları simasında çoxsaylı maraqlı süjetlər bəzən məzəli, bəzən müdrik, ibrətamiz, bəzən də kədərli, gərgin əhvalatlarla zəngindir”. Ötən əsrin əvvəllərində məşhur olan xanəndə Mirbabayevin “öz başına açdığı” oyun belələrindəndir. Varlıların kef məclislərindən birində hamını valeh etdiyi üçün ev sahibi ona torpaq sahəsi bağışlayır. Həmin torpaqda neft fontan vurur, Mirbabayev varlanır “sonra öz sənətini bəyənmir, yəni “qınından çıxıb, qınını bəyənmir”. Keçmişdə “artist” olduğunu heç kəs başına qaxınc eləməsin deyə, bütün vallarını alıb sındırır... Anar müəllim bu hadisəyə öz baxışını əlavə edir və göstərir ki, “...dünyada heç nə əbədi deyil, gec-tez var-dövlət də əldən gedir, ixtiyar da, vəzifə də... Bəli, heç nə əbədi deyil, bircə sənətdən başqa...”

Ədib sual qoyur: “Azərbaycanlı üçün muğam nədir?” Sonra suala özü cəsarətli cavab verir: “Ruslar deyir: “Puşkin bizim hər şeyimizdir”. Biz də deyə bilərik ki, muğam bizim var-yoxumuzdur...”

Anar müəllimin əsl vətəndaş yanğısı ilə ermənilərin hansı musiqimizi oğurlayıb hansı əsərlərində istifadə etdiklərindən də söz açır. Sonra da haqlı olaraq soruşur: “Günah özümüzdə deyilmi ki, musiqimizi də, torpağımızı da, halal haqqımızı da vaxtlı-vaxtında qoruya bilməmişik?”.

Essedə Sadıqcanın, Cabbar Qaryağdıoğlunun, Habil Əliyevin, Alim Qasımovun muğama hansı yeniliklər gətirdiklərindən də bəhs olunur.

Bu sözlərin dəyərinə fikir verin: “Muğamı anlamadan, ən azı duymadan azərbaycanlını dərk etmək çətindir.” Anar müəllim bu fikri ilə yanaşı, türk şairi Yəhya Kamal Bayatlının da dediklərini oxuculara çatdırır: “...Bizim (yəni türk) musiqimizi başa düşməyən heç vaxt bizi (türkləri) anlayammaz”.

Essedə muğamın dünyanın ayrı-ayrı millətlərindən olan insanlara təsiri haqqında yazılanlar da olduqca maraqlıdır. Yazıçı nəticəyə gəlir: “Əgər muğam ondan uzaq musiqi mədəniyyətinin təmsilçilərinə belə təsir göstərirsə, onun azərbaycanlıların özlərinə necə munis olduğunu təsəvvür etmək çətin olmaz... Muğam azərbaycanlı qəlbinin, varlığının ən dərin qatlarına sirayət edir və mənəvi ovqatını, psixoloji durumunu, emosional davranışını müəyyənləşdirir”.

Anar müəllim vaxtilə görkəmli saz bəstəçisi və ifaçısı Vaqif Mustafazadənin xatirəsinə həsr etdiyi “İz” adlı essedə yazdığı bir fikri nəzərimizə çatdırır: “Muğam-varlığın təmkinli fəlsəfani seyri, bütün ötəri, fani şeylərdən üzülüşmə, əbədiyyət kimi nəhayətsiz melodiyanın davamlı axarıdır”.

Yeri gəlmişkən, bu yazının müəllifi kimi nə qədər çalışsam da, Anar müəllimin qiymətli fikir və düşüncələrindən, dönə-dönə sitatlar gətirməli oluram və bu dəyərli deyimlərdən yan keçə bilmirəm. Kaş yazıçının muğam haqqındakı düşüncələri yaddaşlarda həmişəlik qalaydı...

Essedə muğamatın təsiri altında muğam operaları, simfonik muğamlar, hətta caz-muğamın yaranması haqqında məlumatlar var.

Bir sıra balet, xor, xoreqrafik əsərlər, mahnı və romansların da muğama əsaslandığı nəzərə çatdırılır. “Yəni muğam – Azərbaycan milli musiqisinin ana dilidir. Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” isə bu musiqi dilinin qrammatikasıdır” – yazır Anar müəllim.

Yazıçı son zamanlar muğamın dirçəlişindən, dünya boyu müzəffər yürüşündən sevinc duyduğunu, Heydər Əliyevin prezidentliyi zamanı muğamın YUNESKO tərəfindən ümumbəşəri mədəni irs siyahısına daxil edilməsini, İlham Əliyevin vaxtında Bakıda orijinal Muğam Mərkəzinin təməlinin qoyulmasını və binasının inşa edilməsini, Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsini, Fondun sədri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xalqımızın əvəzsiz musiqi sərvətinin qorunmasına, populyarlaşmasına xüsusi qayğı göstərməsini, onun şəxsi qayğısı ilə möhtəşəm “Azərbaycan muğamı” və “Muğam dünyası” layihələrinin gerçəkləşdirilməsini, Mehriban xanımın redaktorluğu ilə fundamental muğam ensiklopediyasının, muğamların çoxcildli not yazılarının, çeşidli araşdırmaların, o cümlədən orta əsrlərə aid Səfiəddin Ürməvinin “Kitabül-ədvar” “Şərəfiyyə” traktatlarının, Fətullah Şirvaninin “Musiqi məcəlləsi”nin, Mir Mövsüm Nəvvabın “Vüzühül ərqam” kimi unikal nəşrlərin işıq üzü görməsini təqdir edir.

Anar müəllim “Muğamın əbədiliyi” essesini aşağıdakı düşüncələrlə bitirir:

“Muğam bizim azadlığa və müstəqilliyə qovuşduğumuz məsud anların fərəhi, sevincidir.

Muğam dərdli günlərimizdə – Yanvar qırğını, Xocalı soyqırımı, Qarabağ faciəsinin qara günlərində təskinliyimizdir.

Muğam onu əsrlər, minilliklər boyu qoruyub saxlayan xalq kimi ölməzdir, əbədidir”.

Doğrudan da belədir. Azərbaycan muğamı həqiqətən möhtəşəmdir, eyni zamanda Anar müəllimin “Muğamın əbədiliyi” essesi də!

 

 

Xeyrəddin QOCA

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.25.