Oralarda kimlər var: İSA İSMAYILZADƏ-2

 

“GÖZLƏYİN DÜNYAYA QAYITMAĞIM VAR”

 

Aman Allahım! Unudulmaz Şair və Azərbaycan poeziya təfəkküründə demək olar ki,çevriliş edənlərdən biri İsa İsmayılzadənin Novruz bayramına 5 gün qalmış, martın 15-də 70 yaşı olur.70 yaşı olur, amma onsuz. Yaş saydı,amma ömür tamam başqa bir şeydi.Nə qədər ki, İsanı tanıyan nəsil yaşayır və nə qədər ki, Ona əziz adamlar sıramızdadı heç şübhəsiz, İsa həmişə xatırlanacaq və xatırlanmalıdı.Ancaq daha sonralar nə olacaq bunu bir olan Allah bilir. Zaman amansız, insanlar zamandan amansız.Mənim bu bədbin düşüncəm yalnız mənə görədir.Amma bir həqiqət var ki,biz az görmədik unudulan və yaddan çıxan şeyləri və həqiqətləri.Bütün bunlara baxmayaraq nə yazıq ki,biz onsuz keçiririk bu 70 yaşı.Özünə verə biləcəyimiz sualları onu yaxından tanıyanlara, o sıradan sevimli yazarımız və tərcüməçi Nəriman Əbdülrəhmanlıya veririk. Nədən Nəriman bəy? Bunu yazının içində bir daha oxuyacaqsınız.Və üstəlik də İsaya çox yaxın olan yazar və şairlərin fikirlərini yazımıza qatırıq.

–İsanın bir Şair və bir İnsan kimi sevgi dünyasından hansı nə kimi mərhəm və müəmmalı şeylər eşitmisən, yadında qalıb və varmı belə şeylər.

–Bu çox xatalı sualdı,Tofiq abi! Mən çox məhrəm şeylərə, yəni “sarı sim”ə toxunub özümü gülünc eləyə bilmərəm. Poetik mənada İsa İsmayılzadənin şair və insan kimi bütün sevgisi, nifrəti poeziyasında, publisistik yazılarındadı, konkret mənada necə desək, səhv eləyə bilərəm, çünki siz demiş,heç kəsi axıracan tanımaq olmur. İsa İsmayılzadənin ailə sevgisindən danışmaq olar, ömür-gün yoldaşına, Araza, Nərgizə, Mustafaya neçə şeirlər həsr eləyib. Anasının adına ayrıca kitab bağlayıb, atasına, bacısına şeirləri var, onun təbiətə, dost məclisinə, aşıq havalarına sevgisindən danışmaq olar, İsa İsmayılzadənin Gürcüstan torpağına sevgisindən danışmaq olar, son mənzilini də orda tapdı. İsanın dost seçimində bəzi səhvlərindən danışmaq olar. Şəxsən məndən ötrü görkəmli siyasi xadim və şair Hidayət Orucovun Gürcüstana rəsmi səfərə gedəndə belə vaxt tapıb İsa İsmayılzadənin qəbrini ziyarət etməsi, yubileyinin keçirilməsilə bağlı köməyini əsirgəməməsi çox dəyərlidi. Boğazdanyuxarı istənilən qədər danışmaq olar, amma əlahəzrət   gerçəklik başqa şeylər deyir.

–Əlbəttə başqasının xoş və çətin günü haqqında mühakimə yürütmək çox zor bir işdi,amma hər halda yenə də düşünürəm : İsanın yaradıcılığının araşdırıcısı kimi virtual olaraq sizcə o günləri yaradıcılığı fonunda baxanda düşünmək mümkünmü?

–Tofiq abi, təəssüf ki, mən İsa İsmayılzadənin yaradıcılığının konkret mənada araşdırıcısı deyiləm, yəni ədəbiyyatşünas –tənqidçi deyiləm, onun haqqında yazdığım publisistik qeydlərdi. Özünüz demisiniz axı, İsa tənqidçisini gözlədi, o tənqidçi gəlib çıxmadı. O zalım tənqidçi heç ölümündən sonra da zühur eləmədi. Ədəbi şarlatanlığın meydan suladığı dövrdə bunu ummaq da çətindi. İsa İsmayılzadənin yaradıcılığı fonunda ömrünün xoş və çətin günlərini ayırd eləmək məsələsinə gəlincə, son kitabı “Gözləyin, dünyaya qayıtmağım var...” elə ömrünün lakus kağızıdı. Şeirlərini, publisistik yazılarını, müsahibələrini oxu, ovqatının necə olduğunu duyacaqsan. Ümumiyyətcə, İsa İsmayılzadə əsəbləri üzdə olan adam idi, sevgisini də, nifrətini də gizlədə bilmirdi buna görə də illah da ədəbiyyatda güzəştə getməkdə zülüm çəkirdi, qələm adamları arasında “düşmənləri”nin olması da bununla əlaqədar idi. Deyəsən, 1986-cı il idi, mənim də iki hekayəmi oxuyub geri qaytardı, “Çap olunmağa tələsmə, – dedi, – bir müddətdən sonra yazdıqlarını başqa gözlə oxu” ... Nə qədər haqlı olduğunu gördüm.

–İsa haqqında onun özü olmadan danışmaq çox ağırdı və hətta qorxuludu.Əsəblərim cavab vermir onun yoxluğuna.Bu da bir bədbəxtlikdi məncə.Siz necə düşünürsünüz?

–Amma İsa İsmayılzadə haqqında yox, ümumiyyətlə, sənə doğma olan bütün adamların yoxluğunda onlar barəsində danışmaq çətindi. Məncə, bədbəxtlik yox, yaddaşın hələ diri qalmasındandı, o adamla mənəvi bağlarının qırılmamasındandı. Çətindi axı: illərlə ünsiyyətdə olasan, oturub-durasan, dartışasan, qəfildən dərk eləyəsən ki, həmin adam daha qismən yoxdu, səninlə rastlaşmayacaq, dərdini bölüşməyəcək, təzə yazdıqlarını oxumayacaq. Həyatımda elə adamlar var, məsələn, İsa İsmayılzadəylə yanaşı, Arif Mustafazadədi, Valeh Hacılardı, Natiq Səfərovdu, Hüseyn Əfəndidi, Mehdi Bəyaziddi, Məmməd Nazimoğludu... O adamların hər birinin yoxluğundan danışmaq məndən ötrü ağırdı. Amma neynəyəsən, həyatda olsaydı, suallarınıza İsa özü cavab verərdi.

–Yazar Birliyində şair İsa İsmayılzadənin yaradıcılığının araşdırılması və ya qorunması, bilmirəm, bir komissiya var.Onun işi nə yerdədi.Allah xətrinə birliyə toxunan bir sözlər deyəcəksənsə heç nə demə.

–Tofiq müəllim, həyəcanlanmayın, birliyə toxunan bir söz demək fikrində deyiləm. Amma ötən qurultaydan əvvəl azı on il olar, İsa İsmayılzadənin irsi üzrə komissiya yaradılmışdı. Sədri gözəl şairimiz Eyvaz Borçalı, katibi də mənəm. Bir-iki dəfə yazışdıq, hər şeyin axırı maliyyəyə dirənəndə bir iş görmək mümkün olmadı. AYB-nin o qədər imkanı yoxdu ki, bütün nəzərdə tutulanları maliyyələşdirsin. Üstəlik, AYB-nin İsa İsmayılzadə adına poeziya mükafatı da var, səhv eləmirəmsə, bir-iki dəfə verilib. İndi mükafatları bərpa eləmək barədə söhbət gedir, yaxşı olardı ki, İsa İsmayılzadə adına mükafat doğum günündə – martın 5-də Aktyorlar Evinin səhnəsində layiqli bir kimsəyə təqdim olunaydı. Bu artıq AYB rəhbərliyinin səlahiyyətindəydi. Mən də, oğlu Araz da qədirbilən ziyalıların köməyilə bacardığımızı eləyirik.

–İsa İsmayılzadənin eşitdiyin və ya oxuduğun ilk şeiri.Mən məsələn: Sabir kitabxanasında ondan eşitdiyim ilk şeir “GÜLLƏLƏNMİŞ DUYĞULAR” idi ki,bütün həyatımı alt-üst etdi.Təbii ki,müsbət anlamda.Oyanış kimi vaqeyə idi bu.Bu stildə eşitdiyin bir şey varmı?

–İsa İsmayılzadənin birinci hansı şeirini oxumuşam bunu indi yadıma sala bilmərəm, amma, siz demiş, bütün həyatımı alt-üst eləyən şeiri “Güllələr demədi” idi. Mənə elə gəlir ki, müharibəylə, ölüb-öldürməyə, gedişi ondan dəqiq, poetik, kövrək təsvir eləmək çətindi. Hörmətli yazıçımız Anar İsa İsmayılzadə haqqında yazdığı məqaləsində onun “sözün rəsmini çəkdiyini” qeyd eləyir, buna nəsə əlavə eləmək çətindi. Özünüz müharibə başlanan ildə doğulmusunuzsa, demirəm yadınızda o illərdən epizod-filan qalıb, amma yəqin şeirin doğurduğu mənzərəni məndən daha yaxşı təsəvvür eləyirsiniz. Həm də yaxşısı budur ki, İsa İsmayılzadənin şeirləri məndə o heyrətlə bitmədi, tez-tez duyğularımı tərpətdi. Məsələn, mərhum Vidadi Məmmədova yazdığı şeir var; “Yağışlı günlər”di adı, dostlarını yağış qonaqlığına dəvət eləyir. İsa İsmayılzadənin hansı münasibətlə yazılmış şeirləri də var, amma poetik silqətdən məhrum şeirlərini tapmaq çətindi. Elə cəmi 26 yaşında yazdığı povestini oxuyanda da heyrətlənmişəm ki, niyə çap etdirməyib, görünür, amansız redaktor damar yolunu kəsib.

–İsmayılzadə soyadı səndə hansı assosiasiya yaradır.Məndə bu soyadın qərib bir anımı var.Amma sənin cavabından sonra yazaram onu oxucular üçün və sənin üçün.

–İndi o imzanı ada və soyada ayırmaq məndən ötrü çox çətindi. İsa İsmayılzadə imzasının məndə doğurduğu ilk assosiasiyası da ciddiyyətlə bağlıdı, bu da onun hər şeyi həddən artıq ciddiyə almasıyla bağlıdı. İsa İsmayılzadəylə zarafat eləmək, həm də çox təhlükəliydi, zarafatla dediyini ürəyinə sala bilərdi. Bir də hər şeyə şübhəylə, ehtiyatla yanaşmağı vardı, bunu da özünüz çox yaxşı bilirsiniz. Bir şeyin düzgünlüyünə əmin olmadan rahatlıq tapmazdı. Bir də İsa İsmayılzadə imzası məndən ötrü gözəl, peşəkar redaktor assosiasiyası doğurur. Onun redaktorluq qabiliyyəti uzun illər “Azərbaycan” jurnalında özünü göstərdi. O illərdə jurnalda çap olunanlar bunu yaxşı xatırlayırlar. Bütövlükdəsə İsa İsmayılzadə imzası məndə “sözün rəsmini çəkən rəssam” assosiasiyası doğurur.

 

ONLAR NƏ DEDİLƏR

 

ŞAİR TOFİQ HÜSEYN: SONRA ÖZÜ GETDİ ÖLÜMƏ SARI

 

 Şeirlər onun xoşuna gəlmişdi. “Davam elə qağa, dedi, sən yaxşı şairsən”.

Tanınmış, istedadlı bir şairin ədəbiyyat aləmində mənə verdiyi ilk ürək-dirək idi İsanın bu sözləri. Səməd Vurğun bağına çatıb ayrılanda əlimi balaca, lakin qüvvətli əli ilə bərk- bərk sıxdı. Bu dəfə sidqi ürəkdən əmin oldum ki, şeirlərimdə nə görübsə, həmin şeirlər həqiqətən onun xoşuna gəlib.

Tələbəlik illərində biz İsa ilə tez-tez görüşdük. Xoş münasibət davamlı oldu.

Mən rayona işləməyə getdim. Ara kəsildi.

İsa bir müddət radioda işlədi, sonra “Ulduz” jurnalına şeir şöbəsinin müdiri keçdi. Bir balaca əlinə imkan düşən kimi istedadına inandığı cavanlara jurnalda yer verməyə çalışdı. O cümlədən mənə sifariş göndərib şeirlərimi istədi. Jurnalda gənc şairlərlə təşkil etdiyi görüşə məni də dəvət elədi. “Ulduz”-un 1975-ci ildə çıxan aprel sayında görüş iştirakçılarının şəkilini və görüş barədə informasiya dərc etdirdi. Sonra” Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”jurnalında redaktor müavini işlədi. Bu qəzet və jurnalda dərc olunan şeirlərimin hamısı İsa İsmayılzadənin köməkliyi sayəsində işıq üzü gördü.Bunlar öz yerində.

 İsa ilə aramızda son dərəcə səmimi münasibət yarandı. Müxtəlif vaxtlarda dəfələrlə Əli Bayramlıda (Şirvan) mənim qonağım oldu. Özü də tək yox. Qabillə, Məmməd İsmayılla, Maarif Soltanla. Məmməd İsmayılla Əli Bayramlıya gələndə mənim təzəcə tikdirdiyim, ancaq hələ köçmədiyim evə baxanda necə sevindiyi aman Allah indi də gözlərimin qabağındadır. Böyük qardaş kiçik qardaşın bir yaxşı işinə necə sevinirsə elə sevindi. Oğlu Araz Tibb institutuna qəbul olunanda da onu o sayaq sevinən gördüm.

İsa son dərəcə gözəl şair,o dərəcədə də gözəl naşir idi. Mən Bakıya gedəndə saatlarla onun iş otağında otururdum. Əsl ədəbiyyatın, təmiz ədəbiyyatın xidmətində cəfakeşliklə dayandığının şahidi olurdum. Zəif, istedadsız, qrafaman şairlə sözləşdiyini, bu adamın yazılarını qoltuğuna verib qaytardığını gözlərimlə görmüşəm.Altmışıncı, yetmişinci illərdə bir dəstə yazar o biri dəstəni inkar edir, bu dəstə isə inkarçı dəstəni qəbul etmirdi. Yüksək zövqü və savadı sayəsində ədəbiyyatın qiymətini bilən İsa İsmayılzadə inkarçılıqdan uzaq idi, cılız ədəbi çəkişmələrin fövqündə durmağı bacarırdı, yaxşını qəbul edir, pisə meydan vermirdi.Bunlar da öz yerində.

Axırıncı dəfə Bakıda görüşüb şərtləşdik ki, Əli Bayramlıya gəlsin, ordan birgə Kürdəmirə gedib bir ekstrasens qadın haqqında televiziya verilişi hazırlayaq. Vədələşdiyimiz vaxtda İsadan səs çıxmadı. Evlərinə zəng elədim, xanımı dedi ki, İsa xəstədir, telefona gələ bilmir. Aradan bir-iki gün keçdi, yenə zəng elədim telefon cavab vermədi. Səhəri gün qəzetlərdən oxudum ki, İsa dünyasını dəyişib.Əlimdə qəzet, dizimi qucaqlayıb hönkürdüm. Yadıma yenə də o misralar düşdü.

Getdilər,getdilər ölümə sarı...

Bu dəfə mənə elə gəldi ki, İsa ölümə sarı gedən o kənd cavanlarının ardınca yollanıb ki, görsün onlar niyə geri qayıtmırlar.Belə vaxtlarda adamın ağlına çox şeylər gəlir. Bəlkə uşaq vaxtı İsanı at çimizdirməyə, qulançar yığmağa aparmayan kənd cavanları səhvlərini sonradan başa düşüb geri dönüblər, İsanı da tərklərinə alıb özləri ilə aparıblar.

İsa artıq uşaq olmasa da...

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.23.