QOCA PALIDIN NAĞILI
“Nağıllar” silsiləsindən
O palıd ağacı o qədər
hündür idi ki, meşədəki bütün ağaclara,
bütün ətrafa yuxarıdan aşağı
baxırdı və o palıd ağacı bu dünyada o qədər
yaşamışdı ki, özünün də yadından
çıxmışdı ki, nə qədər yaşı
var: üç yüz il?.. dörd
yüz il?.. beş yüz il?..
lll
O palıd ağacı
qocalmışdı, o qədər qocalmışdı ki,
xatirələrində özünün sütül çubuq
olduğu, yüngülcə bir küləyin də onu titrətdiyi,
vahiməyə saldığı vaxtlar tamam dumana
bürünmüşdü, amma əvvəllər – yüz
il, yüz əlli il bundan əvvəl – belə deyildi, həmin
xatirələri tez-tez yadına salırdı və o
sütül çubuğun eləcə titrəməsi, eləcə
vahimələnməsi hətta qışın
şaxtasında da onun varlığına bir ilıqlıq gətirirdi,
onun yoğun gövdəsinin içindən xəfif, kövrək
bir sevinc keçib gedirdi, amma indi o xatirələr eləcə
duman içində idi və qoca palıd xatirələrsiz, tənha
yaşayırdı.
Yüz illər bundan əvvəldə
qalmış o sütül çubuq meşədəki
bütün ağaclara aşağıdan yuxarı
baxırdı və yalnız xəyallar aləmində meşəyə
yuxarıdan aşağı baxa bilirdi; onun bütün
arzularının, xəyallarının qəhrəmanı
uca, nəhəng bir ağac idi və o xəyallar qəhrəmanı
– küləkdən, seldən, susuzluqdan – dünyada heç nədən
qorxmayan həmin uca, nəhəng ağac o xəyallar aləmində
sütül çubuğun özü idi.
lll
Yüz illər keçdi və
o sütül çubuq xəyallar aləmindən
çıxıb həqiqətə çevrildi, meşənin
ən uca, ən nəhəng ağacı oldu, ancaq illər
keçdikcə onun varlığı daha artıq bir qüssə
ilə dolurdu, çünki hər dəfə yaz gəlirdi,
budaqları tumurcuqlayırdı, qozaları
çıxırdı, yarpaqları açırdı, sonra
yay ötürdü, payız – xəzan çağı gəlirdi,
yarpaqlar solub saralırdı, tökülürdü və o
palıdın bütün ətrafını xəzəl
bürüyürdü. Xəzəl – yarpaq məzarlığı
idi və uzun-uzun illər boyu hər payızın sonunda bu məzarlığı
görmək Qoca Palıd üçün çox
ağır idi, onun yarpaqları nəsil-nəsil bir-birini əvəz
edirdi, qoca palıd isə yaşayırdı.
Qoca Palıdın içində
bir həsəd var idi və yüz illər boyunca bu həsəd
daha da artırdı: Qoca Palıd yuxarıdan
aşağıda – torpağın üstündə ora-bura
qaçışan, istəyəndə dayanan, istəyəndə
tərpənən, istədiyi tərəfə getməyi
bacaran heyvanlara, uzaq dağların yamaclarında yaşayan və
həmişə hərəkət edən insanlara
baxırdı və o da yerindən tərpənmək istəyirdi,
bu istək bəzən o qədər artırdı ki,
dözülməz olurdu, ancaq Qoca Palıd ağac idi, ağac
isə bütün ömrü boyu bir yerdə dayanmağa məhkum
idi.
Qoca Palıd bütün meşəyə
yuxarıdan aşağı baxırdı, amma o fikirləşəndə
ki, hətta bircə yarpağı boyda olan quşlar belə,
uça-uça ona yuxarıdan aşağı baxa bilirlər,
bu, onun gecə-gündüz, uzun-uzun illər boyu, həmişə,
daima eyni yerdə durmaq məhkumluğunu daha artıq
dözülməz edirdi; Qoca Palıd quşlar kimi uçmaq
istəyirdi, amma bu, mümkün deyildi və heç zaman da
mümkün olmayacaqdı. Qoca Palıd daha
yüz illər boyu eyni yerdə dayanmaq, hər payızın
sonu xəzəl məzarlığına baxmaq istəmirdi,
ancaq onun həyatı bunda ibarət idi və bəlkə də
Qoca Palıd elə buna görə daha bu dünyada yaşamaq
istəmirdi. O hər dəfə sübh tezdən yuxudan
oyananda, elə həmin andaca öz məhkumluğu yadına
düşürdü və bütün varlığından
doğan yanğı ilə Yaradana deyirdi: – Mən daha
yaşamaq istəmirəm. Mən bu dünyada
gördüyümü görmüşəm, bəsdir! Mən yorulmuşam. Hər səhər
yenidən yerimdə dayanıb yaşamaq mənim
üçün əzabdır. Qurtar məni bu əzabdan!..
Əlbəttə, Yaradan
bütün dilləri, o cümlədən, əlbəttə,
ağacların dilini bilirdi, ancaq Qoca Palıda elə gəlirdi
ki, Yaradan onun dediklərini eşitmir və bu, Qoca
Palıdın varlığını daha da sıxırdı.
Qoca Palıdın ətrafındakı cavan ağaclar – iyirmi
yaşlı, əlli, yüz yaşlı ağaclar xəstələnib
ölürdü, ya odunçular onları
doğrayırdı, o ağacların yerində yeniləri
bitirdi, Qoca Palıd isə eləcə yerində dayanıb,
uçuşan quşlara, qaçışan heyvanlara, uzaqlarda
görünən insanlara baxırdı, payız payızı
əvəz edirdi, yarpaqlar açır, böyüyür,
qocalır, saralıb-solur, növbəti xəzəl məzarlığı
ətrafı bürüyürdü.
Günlər, aylar, illər
beləcə keçirdi və Qoca Palıd da tənha və
dözülməz həyatını beləcə davam edirdi,
hətta onun içini belə bir təlaş hissi
bürümüşdü ki, bəlkə hərəkətsizliyə
məhkum olduğu kimi, bu dünyada daimi həyata, daimi
yaşamağa da məhkumdur? – bu hiss Qoca
Palıdın bütün içinə elə bir məyusluq
gətirirdi ki, yazın gözəl çağlarında belə,
təzə açmış yarpaqları payız qüssəsi
ilə şuxluğunu itirib taqətsiz sallanardı. Qoca Palıd intihar da edə bilməzdi,
çünki quşlar göyün yeddinci qatında
qanadlarını yığıb, daş kimi özlərini
yerə çırpa bilərdi, heyvanlar özlərini
qayaların başından ata bilərdi, ancaq ağacların
belə imkanı yox idi, Yaradan onları tərpənməz
yaratmışdı. Qoca Palıd bilirdi ki, Yaradanın
işinə qarışmaq olmaz, ancaq elə hey
pıçıldayırdı:
– Nə üçün?.. Nə üçün?..
Nə üçün?..
Və vaxt çatdı, Yaradan Qoca
Palıdı eşitdi, ya eşitmədi, ancaq günlərin
bir günü Qoca Palıd insan səsi eşitdi, sonra iki
insanın ona yaxınlaşdığını gördü və
bu insanlar Qoca Palıdın nəhəng gövdəsinə
baxa-baxa bir-biri ilə nəsə danışmağa
başladılar, əllərini onun gövdəsinin
qartımış qabığına sürtdülər və
Qoca Palıd insan dili bilmədiyi üçün, onların nə
danışdığını başa
düşmürdü, amma hiss edirdi ki, deyəsən, onun
arzusu, istəyi gerçəkləşməyə
başlayır, bu dözülməz tənha həyat, nəhayət
ki, sona çatır: onun varlığı daha
sıxılmayacaqdı, çünki Qoca Palıd yüz illər
boyunca hər gün eyni yerdən gördüyü eyni meşəni,
eyni mənzərəni yenidən görmək işgəncəsindən
qurtaracaqdı. Ancaq... ancaq niyə belə oldu?
nə üçün Qoca Palıd bu
dünyadakı sonun gəldiyini hiss edən kimi birdən-birə
həyəcanlanmağa başladı? niyə
onun içinə bir nigarançılıq doldu? niyə ertəsi gün sübh tezdən yuxudan
oyanandan sonra daha hər sübh Yaradana söylədiyi istəyini
daha demədi?
Ətrafdakı ağaclardan,
kol-kosdan, gül-çiçəkdən heç biri Qoca
Palıda heç nə demədi, amma Qoca Palıdın
bütün içinə dammışdı ki, o insanlar yenidən
qayıdacaqlar və Qoca Palıd səksəkə içində
isanları gözləməyə başladı. Çox keçmədi ki, meşədə gurultu
eşidildi və o gurultu yavaş-yavaş
yaxınlaşırdı. Əvvəllər də
meşəyə odun daşımaq üçün yük
maşınları gəlmişdi, amma insanların gətirdiyi
o maşınlar belə hirslə, belə güclə
guruldamırdı və bu gurultudan qorxuya
düşmüş, hürkmüş meşə
ağacları, kol-kos, gül-çiçək
pıçıldamağa başladı:
– İnsanlar Qoca Palıd
üçün gəlib!.. Əlbəttə,
Qoca Palıd bu pıçıltını eşidirdi, amma
eşitməsəydi də başa düşürdü ki, bu
gurultu onu aparmağa gəlir və bu zaman qəribə bir
hadisə oldu: yüz illər bundan əvvəlki o
sütül çubuq bütün dəqiqliyi ilə onun
gözlərinin qabağına gəldi. İnsanların,
heyvanların, quşların cəmi iki gözü olur, ancaq
ağacların bütün gövdəsi, qolları,
budaqları, yarpaqları da görür və həmin dəm
o sütül çubuq Qoca Palıdın bütün
varlığının içində idi. O sütül
çubuğun, elə bil, yüz illər
uzaqlığında qalmış o xəfif, o kövrək
hürkü-qorxusu da birdən-birə o xəfiflikdən, o
kövrəklikdən ayrılıb bir qasırğa kimi Qoca
Palıdın içinə doldu. l
Qoca Palıd bir də heç vaxt bu
mənzərəni görməyəcəkdi, bir də
heç vaxt bu meşəyə beləcə yuxarıdan
aşağı baxmayacaqdı, onun budaqları bir də
heç vaxt tumurcuqlamayacaqdı, o bir də heç vaxt öz
yarpaqlarının xışıltısını eşitməyəcəkdi,
ağaclarla, kollarla, çiçəklərlə söhbət
etməyəcəkdi... Meşə heç vaxt Qoca Palıda
bu qədər əziz olmamışdı.,
onun gördüyü mənzərə bu qədər gözəl
olmamışdı.
Qoca Palıd
bütün varlığını sarsıdan bir dəhşət
içində get-gedə yaxınlaşan gurultunu gözləyirdi
və nəhayət ki, guruldaya-guruldaya gələn o nəhəng
maşın göründü, eləcə guruldaya-guruldaya da
gəlib Qoca Palıdın altında dayandı. O
guruldayan nəhəng maşından dörd insan
çıxdı, sonra böyük bir mişarı da
maşından yerə endirdilər və meşədə o
ağaclar, o kollar, güllər, çiçəklər ki,
o mişarı gördülər, onların içindən
qorxu-hürkü dolu bir heyrət şivəni qopdu: – Oy-y-y!..- və o şivən
bütün meşədə əks-səda verdi.
lll
Meşənin
uzaqlığında olan ağaclar də Qoca Palıdı
tanıyırdılar, çünki o, meşənin hər tərəfindən
görünürdü və ağaclar da gözlərini
açıb bu dünyaya gəldikləri gündən o uca
Qoca Palıdı görmüşdülər, indi uzaqdan gələn
o gurultudan, meşəyə yayılmış o şivəndən
başa düşmüşdülər ki, Qoca Palıdla vida
zamanı yetişib, dünya Qoca Palıda da qalmadı.
lll
İnsanlar o
mişarla nəsə edirdilər (əlbəttə,
ağaclar bilmirdi ki, bu benzinlə işləyən
mişardır və indi onun ipini dartıb,
tırıldada-tırıldada işə salırlar) və ətrafdakı
bütün ağaclar nəfəslərini qısıb, Qoca
Palıdın edamına tamaşa edirdi. Hətta təzəcə
cücərib bu dünyaya göz açmış
sütül otlar da dəhşətdən qabararaq, o
böyük mişarın canavar dişləri kimi iri və
iti dişlərinə baxırdı.
İnsanlar mişarın
ağzını Qoca Palıdın gövdəsinə dirədilər
və Qoca Palıd dəmirin iri və iti dişlərini
öz gövdəsində hiss edəndə,
qışqırmaq, “Dayanın!”, “Kəsməyin!” demək istədi,
ancaq bunu özünə sığışdırmadı. Onsuz
da insanlar ağacların dilini bilmirdi, ağaclar isə
insanların dilini bilmirdi, Qoca Palıdın
yalvarışını təkcə ağaclar eşidib,
başa düşəcəkdi və dediyim kimi, Qoca Palıd
bunu heç vəchlə özünə
sığışdıra bilməzdi. Təkcə özü
haqqında:
– Axmaq qoca!...-
deyə pıçıldadı və bu
pıçıltını eşidən ətrafdakı
ağaclar nə o zaman, nə də çox-çox sonralar
Qoca Palıdın nə üçün o sözləri
pıçıldamasını heç cürə başa
düşmədilər.
O nəhəng mişar həris bir
vıyıltı və sürətlə Qoca Palıdın
gövdəsinə girdi və bütün
varlığını sarsıdan ağrıya baxmayaraq, Qoca
Palıd olan-qalan gücünü toplayıb o doğma və əziz
meşəyə baxdı, o gözəl mənzərəyə
baxdı və Qoca Palıdın hələ yaşayan
varlığında dəli bir ümid yarandı ki, bəlkə
bu meşə görüntüsü, bu mənzərə həmişə
onunla birgə olacaq?
Mişarın
dişləri eləcə həris bir sürətlə
gövdənin o biri tərəfindən çıxdı və
Qoca Palıd yaxınlıqdakı ağacların gövdəsini,
qol-budağını sındıra-sındıra yerə sərildi.
İnsanlar gecəyə
kimi elə həmin mişarla Qoca Palıdı doğradı və
o nəhəng maşın yenidən guruldaya-guruldaya yekə
bir yükə çevrilmiş Qoca Palıdı
sürüyüb apardı. Qoca Palıddan ancaq nəhəng
bir kötük qaldı.
İllər keçdi, o
kötük yavaş-yavaş çürüməyə
başladı, üstündə ağac göbələkləri
bitdi və bu tərəflərə yolu düşən
insanlar o kötüyün yerini öyrəndilər, hər
yay gəlib ağac göbələklərini yığıb
apardılar, sonra o kötük tamam çürüyüb yox
oldu.
Elə bil, burda
heç vaxt heç bir ağac bitməmişdi.
28 iyun 2009.
Z u ğ u l b a.
ELÇİN
525-ci qəzet.- 2011.- 19 fevral.-
S.21.