İki Alimin
Səsi
PROFESSOR KAMİL VƏLİNİN “SƏS” ROMANINA SÖZ
Səsin tərkibində
element nə çoxmuş:
biri də dəmir! Ona görə, səs
var, adamın başını yarır.
Ölüm həyatın son sözü
olduğu kimi, musiqi də sənətin son sözüdür. H.Heynenin
kəlamı yazıma
gərək ola
bilər, kəsib saxlamışam. Bəlkə istifadə elədim.
Gülablıyla erməni kəndinin arasında göl vardı, camış qızanda orda səbbi alınırdı. Əsl xanəndə
muğama – camış
gölə girən kimi – girməlidi.
Onun ifasına – dünyanın
hansı qitəsində
olsan – əlini dizinə vurmalısan. Lap Antarktidada da! Əlini don
vursa da!
Bu isə öz qənaətimdi. Bəlkəsiz
istifadə eləyəcəm.
Ola bilər, sənin
ağlına daha orijinal fikirlər gəlsin, oxucu dost! Bir
şərtlə: əgər bu kitabı Alimin
yazdığı kimi oxusan. Alimin adı Kamil Vəlidi,
Alim Qasımov deyil.
Bu kitab iki Alimin Səsidi: öncə Kamil Vəlinin,
sonra Alim Qasımovun.
Dünyada ya eşq doğrudu, hər
şey yalan, ya da hər şey gerçəkdi, eşq əfsanə. – Alim
Qasımov Kamil Vəlinin bu sözlərini “Çahargah”
üstdə oxusa, gül vurar.
Balıqlar elə ağlayır ki,
göz yaşları suya qarışmasın. Sehr budu.
Yoxsa kitab yazmağa, mahnı oxumağa nə var
ki?! Balıq demişkən: Sofi (kaş Sufi olardı)
Loren Çində Pikassonun sərgisinə gedir. Balığa oxşayan rəsmə baxır.
Pikassodan soruşur:
– Bu nədi?
– Rəsm.
– Balığa
oxşayır. Balıqdı?
– Yox, balıq deyil,
balığın rəsmidi.
İki Alimin Səsi!
Alimin biri səsi yazıb, o biri oxuyub. Səsin əsli yaradandadı. Balıq
kimi.
Alim Kamil Vəli Alim
Qasımovun ifasını sözə çevirib –
rahatlıqla.
Alim Qasımov Alim Kamil Vəlinin
sözünü səsə çevirmək üçün
rahatlıq tapmayacaq.
Xanəndəyə kömək
xətrinə açar sözlər
göndərirəm:
caz – əsasən
nəfəs və zərb alətlərindən ibarət
orkestr üçün yazılmış rəqs musiqisi;
harmoniya – yunanca
“ahəng”, “əlaqə” deməkdi. Musiqidə akkordların
quruluşunu öyrənən elm;
unison – italyanca
“eyni səsli” mənasını verir. Musiqidə bir səslə
oxunan əsər;
janr – fransızca
“növ”, “cins”, “üsul”. “Fani”, “baqi”, “esse”, “kollaj”, “qeyri-səlis
məntiq”... sözlərini qoy kitabın müəllifi izah eləsin.
Ya da lazım deyil. Yuxarıdakı
abzası pozuram. Alimin ifasına alimlik
yaraşmaz. O, bədahət oxuyur. Kamil Vəlinin
bu kitabı da, məncə, alim kitabı deyil. Bədahət kitabdır. Elə
bil, Kamil müəllim əvvəl xalının üstdə
oturub bir kitablıq söz danışıb, sonra söhbəti
xalça qarışıq pəncərədən həyətə
çırpıb. Amma söhbət yerə
düşməyib, dağılmayıb, əksinə,
xalçanı özüylə bərabər uzaqlara
uçurub.
O yerə
ki orda izdiham Alim Qasımovun konsertinə
yox, onun səhnədə necə intihar eləməyini
görməyə gəlmişdi. İspan motodor
xatırınızdadı? “Arenadakı iki yüz min adam mənim öküzü öldürməyimə
baxmağa gəlməyib, əksinə, öküzün məni
məhv edəcəyinə görə bura
yığılıb”.
Bu kitabda,
şükürlər olsun ki, salamatlıqdı. Lap
yaxşı nağıllardakı kimi. Alim
Qasımov muğamdan, Alim Kamil Vəli Alim Qasımovun səsindən
ötrü özlərini öldürsələr də.
Nağıl demişkən: göydən
bir səs düşdü. İki Alimin Səsinə
oxşar bir səs.
Maraqlıdı, bu səsin tərkibində adam başı
yarası dəmir yoxdu. Bəs onda niyə hamı baş(ını) əyir?..
Qulu AĞSƏS
525-ci qəzet.- 2011.- 19 fevral.- S.16.