Sələflərin adına və fəaliyyətinə
ehtiram nümunəsi
YENİ NƏŞR OLUNAN “AZƏRBAYCANIN TƏHSİL
NAZİRLƏRİ” KİTABI NƏCİB VƏ GƏRƏKLİ
BİR AMALA XİDMƏT EDİR
Təhsil Nazirliyi tərəfindən
hazırlanan “Azərbaycanın təhsil nazirləri” kitabı
bugünlərdə çapdan çıxıb. Nəşrin
layihə rəhbəri təhsil naziri, professor Misir Mərdanov,
redaktoru isə siyasi elmlər üzrə fəlsəfə
doktoru Bayram Hüseynzadədir. Azərbaycanda təhsil sahəsində
mərkəzləşmiş rəhbərliyi həyata
keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində,
Azərbaycan Demokratik Respublikası dövründə
yaradılıb. Kitabda, həmin dövrdən indiyədək
Azərbaycanın təhsil sisteminə rəhbərlik
etmiş şəxslər və onların fəaliyyəti
haqqında məlumatlar öz əksini tapıb.
Kitaba ön söz yazan
təhsil naziri Misir Mərdanov bildirib ki, bu kitabın
yazılmasında əsas məqsəd Azərbaycan təhsilinə
müxtəlif illərdə rəhbərlik edən, təhsilin
inkişafında xidmətləri olan şəxslərin xatirəsinin
əbədiləşdirilməsi və ötən əsrin əvvəllərindən
bəri təhsilin tərəqqisi baxımından
keçirilmiş şərəfli inkişaf yolu barədə
ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır: “Son
yüz ilə nəzər salarkən bir daha aydın olur ki,
qazandıqlarımız itirdiklərimizdən daha çoxdur. Mən
təhsil naziri kimi müxtəlif ölkələrdə, o
cümlədən qonşu İran və Türkiyədə dəfələrlə
xidməti səfərlərdə olmuşam. Bu səfərlər
zamanı bir fakt məni həmişə
qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi
hər iki ölkədəkindən qat-qat yüksəkdir. Sovet
dövründə ən ucqar kəndlərimizdə belə, məktəblər
fəaliyyət göstərib və Azərbaycanda savadsız
adam yoxdur. Bütün bunlar bizim bugünümüz
üçün etibarlı zəmin olub. Əgər belə
olmasaydı, biz öz müstəqilliyimizi bərpa edib Azərbaycanı
uğurla irəli apara, daha böyük nailiyyətlərə,
cəsarətli islahatlara imza ata, təhsilimizi, mədəniyyətimizi,
iqtisadiyyatımızı müasir tələblər səviyyəsində
inkişaf etdirə bilməzdik. Təhsil sahəsindəki
çoxillik fəaliyyətim zamanı onu da yəqin etdim ki,
milli təhsil quruculuğunda tarixilik, varislik, müasirlik
prinsipinə əsaslanmaqla, yəni ötən əsrlərdə
xalqımızın təhsil sahəsindəki malik olduğu zəngin
irsi, maarifçi ziyalıların və görkəmli şəxsiyyətlərin
mütərəqqi ideya, fikirlərini öyrənməklə,
onlardan müasir dövrün tələblərinə
uyğun bəhrələnməklə böyük nailiyyətlər
qazanmaq mümkündür. Çünki milli-mənəvi təcrübə
ümumbəşəri təcrübə ilə inteqrasiyada
müasirlik mahiyyəti daşıyır. Ona görə də
biz ilkin olaraq təhsil tariximizi, təlim və tərbiyə təcrübəsini
mükəmməl öyrənməli, milli qaynaqları üzə
çıxarmalıyıq. Bu da səbəbsiz deyil. Belə
ki, təhsil sahəsində apardığımız yeniləşmə
və təkmilləşmə, ilk növbədə, milli zəmin
üzərində qurulmalıdır”. M.Mərdanov qeyd edib ki,
təhsildə köklü məzmun islahatları apararkən
yalnız öz bilik və təcrübəmizə deyil, həm
də bəşəriyyətin yaratdığı təcrübəyə,
dünyagörüşünə, həyat fəlsəfəsinə
söykənməliyik: “Bəşəriyyətin bu sahədəki
təcrübəsi zəngin mənəviyyat xəzinəsidir.
Həmin xəzinənin mənəvi sərvətlərinin
qiymətli bir hissəsini xalqımızın ta qədimdən
bu günə qədər təhsil və tərbiyə ilə
bağlı yaratdığı nəzəriyyə,
konsepsiyalar, eləcə də onların əməli fəaliyyətləri
təşkil edir. Əlbəttə, danılmaz faktdır ki, sələflərimiz
şərəfli bir tarix yaradıblar. Biz onların millətin
təkamülündəki xidmətlərini
araşdırıb indiki və gələcək nəsillərə
çatdırmaq, bu şərəfli yolu davam etdirməyi
çalışmaqla öz mənəvi borcumuzu yerinə
yetirmiş oluruq. Beləliklə, oxuculara təqdim olunan bu
kitabda ümumi və yığcam şəkildə maarif, təhsilimizin
təxminən son bir əsrdəki inkişafında, təkmilləşdirilməsində,
ümumi təhsil, texniki peşə, ali və orta ixtisas məktəbləri
şəbəkələrinin yaranmasında dövlət
qurumu olaraq nazirlik, komissarlıq, komitələrin rolu
açıqlanır. Kitabda Azərbaycan təhsilinin
hazırkı səviyyəyə yüksəlməsində bu
sahəyə müxtəlif vaxtlarda rəhbərlik etmiş
şəxslərin rolunu nəzərə alaraq xalqın
maariflənməsi yolunda atılan addımlardan söhbət
açılır. Ümummilli inkişafımızın təməli
olan, milli dəyərlərimizin qorunmasında mühüm əhəmiyyət
kəsb edən təhsilimizdən, təhsil tariximizdən, təhsil
sahəsinə rəhbərlik edən şəxslərin həyat
yolundan, fəaliyyətindən bəhs edən bu kitabın
hazırlanıb ərsəyə gətirilməsi xüsusi
tarixi-pedaqoji, ictimai-mədəni əhəmiyyətə
malikdir”. Təhsil naziri vurğulayıb ki, keçmiş
İttifaq tərkibində olduğumuz 70 ildə təhsilimiz
çox ziddiyyətli inkişaf yolu keçib. Bu tarixi yaradan,
həyatını xalqın maariflənməsi kimi nəcib
işə həsr edən ziyalıların adı Azərbaycanın
tarixinə, onun təhsil salnaməsinə əbədi həkk
olunub: “Bu gün Azərbaycanın təhsilinə rəhbərlik
edən şəxs kimi, bir ziyalı kimi, nəhayət, bir vətəndaş
kimi çalışıram ki, gələcək nəsil bu
insanların vətənimiz qarşısındakı xidmətlərindən
xəbərsiz qalmasınlar”.
Kibabda yer alan Azərbaycanın
xalq maarifi və dini etiqad nazirləri başlıqlı hissədə
“Müstəqil Azərbaycan” ideyasının və təhsil
sisteminin milliləşdirilməsi konsepsiyasının müəllifi,
böyük maarifçi Nəsib bəy Yusifbəyli, 1919-cu
ildə ölkədə xalq maarifi və dini etiqad naziri vəzifəsində
çalışmış Rəşid xan Qaplanov, Azərbaycanda
təhsil müəssisələrinin milliləşdirilməsinə,
ölkənin şəhər və kəndlərində ana
dilində məktəb, seminariyaların
açılmasında böyük xidmətləri olan Həmid
bəy Şahtaxtinski, 1920-ci ildə Azərbaycanda xalq maarifi və
dini etiqad naziri vəzifəsində çalışan Nurməhəmməd
bəy Şahsuvarov haqqında dolğun məlumatlar verilib. Kitabda
həmçinin Azərbaycanın xalq maarifi komissarları
Dadaş Bunyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov,
Ağa Sultanov, Mahmud Ağayev, Məmməd Cuvarlinski,
Müseyib Şahbazov, Məmmədsadıq Əfəndiyev,
Mirzə Məmmədov, Mirzə İbrahimov, Məmməd Ələkbərovun
həyat və fəaliyyəti haqda məlumatlar yer alıb. Azərbaycanın
xalq maarifi nazirləri adlı hissədə müxtəlif illərdə
ölkədə xalq maarifi naziri vəzifəsini icra edən
Mehdi Mehdizadə, Rəhim Rəhimov, Elmira Qafarova, Kamran Rəhimov,
Tofiq Hacıyev, Azərbaycanın Dövlət Texniki Peşə
Təhsili Komitəsinin sədrləri Əkbər Ənnağıyev,
Musa Ağayev, Tofiq Allahverdiyev, Heydər İsayev, Azərbaycan
Ali və Orta İxtisas Təhsili Komitəsinin sədrləri
Şirəli Məmmədov, Abdulla Qarayev, Azərbaycanın
ali və orta ixtisas təhsili nazirləri Züleyxa
Hüseynova, Danil Quliyev, Qurban Əliyev, Ağalar Abbasbəyli,
Azərbaycanın xalq təhsili nazirləri Müslüm Məmmədov,
Rafiq Feyzullayev, Firudin Cəlilovun həyatı, ictimai fəaliyyəti
barədə geniş məlumat verilib. Kitabdakı Azərbaycanın
təhsil nazirləri başlıqlı hissədə isə
1993-cü ildən 1997-ci ilədək təhsil naziri vəzifəsini
icra edən Lidiya Rəsulova, 1998-ci ildən ümummilli lider
Heydər Əliyevin müvafiq sərəncamı ilə təhsil
naziri vəzifəsinə təyin olunan baş müəllim
Misir Mərdanovun həyat və fəaliyyəti barədə ətraflı
məlumatlar öz əksini tapıb.
Nəfis tərtibatda çap
olanan kitabda bugünədək Azərbaycan təhsilinə rəhbərlik
etmiş şəxslərin hərtərəfli fəaliyyətini
əks etdirən fotolar da yer alıb.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2011.- 19 fevral.- S.10.