Gənclər Təşkilatları
Milli Şurası 15 yaşını qeyd etdi
Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurası 15 illik yubileyi münasibətilə mərasim
keçirib. “Gülüstan” sarayında keçirilən tədbirdə
Milli Şuranın sədri, millət vəkili Fuad Muradov rəhbərlik
etdiyi təşkilatın fəaliyətindən
danışıb, qeyd edib ki, ötən 15 il ərzində həyata
keçirilən layihələr, proqramlar əsasən gənclərə
və cəmiyyətdə onları narahat edən məsələlərin
həllinə yönəlib: “Milli Şura 21 noyabr 1995-ci ildə
11 gənclər təşkilatı tərəfindən təsis
olunub. 1996-cı il yanvarın 31-də isə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi tərəfindən
dövlət qeydiyyatına alınıb. Milli Şura Azərbaycan
gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq
mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi
və gənclərin beynəlxalq inteqrasiyasını təşkil
edən qurumdur. Hazırda Milli Şura öz ətrafında 70
təşkilatı birləşdirir. Şuranın üzv təşkilatları
bütün bölgələrdə fəaliyyət göstərir.
Şura Avropa Gənclər forumunun tam hüquqlu, BMT-nin
iqtisadi-sosial şurasının məşvərətçi
hüquqlu üzvüdür. İslam Konfransı Gənclər
forumunun təsisçisi və ən aktiv üzvüdür.
Azərbaycan gənclərinin, o cümlədən Milli
Şuranın qarşısında duran ən ümdə məsələ
ölkəmizin ərazi bütövlüyü istiqamətində
atılan addımlardır. Milli Şura ölkə prezidenti
İlham Əliyevin siyasətinə sadiq olaraq, bu istiqamətdə
Azərbaycan reallıqlarını beynəlxalq aləmə
çatdırır”.
Milli Şuranın
tarixini və fəaliyyətini əks etdirən sənədli
filmin nümayişindən sonra Baş nazirin müavini Əli
Həsənov çıxış edib, O, Şuranın 15
illik yubileyinin qeyd edilməsinin Azərbaycan gəncliyinin
müasir inkişaf yolunda olmasının göstəricisi kimi
qiymətləndirib: “Xalqımızın ümummilli lideri Heydər
Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycan gəncliyinin strategiyasını
müəyyənləşdirdi. Ulu öndərin siyasi kursunun
layiqli davamçısı prezident İlham Əliyev isə bu
strategiyanın icra mexanizmini açıqladı. Bu gün Azərbaycan
gəncliyi cəmiyyətimizin müxtəlif sahələrində
təmsil olunurlar. Mən bu tədbirin keçirilməsindən
istifadə edib hökumət və dövlət məmurlarına
da səslənmək istəyirəm. Əgər sizlər
yaşlaşanda gələcək nəsillərdən
özünüzə qarşı hörmət görmək
istəyirsinizsə, gənclərə daha da qayğı ilə
yanaşmanız gərəkdir”.
Gənclər və
idman naziri Azad Rəhimov da Milli Şuranın uğurlarına
sevindiyini dilə gətirib. Bildirib ki, təşkilat müxtəlif
tədbirlər həyata keçirməklə, Azərbaycan gəncliyini
öz ətrafında cəmləşdirə bilib: “Milli
Şuranın həyata keçirdiyi tədbirlər rəngarəng
və müxtəlifdir. Ona görə də gənclər bu
təşkilat ətrafında sıx birləşiblər. Azərbaycan
ictimaiyyəti bu təşkilatın gələcəyinə
inanır. Ən əsası isə Azərbaycan gəncliyi bu
təşkilat vasitəsilə bütün dünyada öz
sözünü deyə bilir. Milli Şuranın fəaliyyətini
tənzimləyən gənclərin arasından ölkəmiz
üçün dəyərli olan siyasi liderlər yetişib.
Milli Şuranın sədrləri, üzvləri bu gün
dövlət qurumlarında, parlamentdə və digər yerlərdə
təmsil olunurlar. Bu məktəb hazırda da davam etdirilir və
ölkə gənclərinin maraqlarını ifadə edir”.
Rufik İSMAYILOV
525-ci qəzet.-
2011.- 19 fevral.- S.9.