Tədqiqatçının sözü qurtaranda...

 

Sənətşünaslıq namizədi, dosent Abasqulu Nəcəfzadə professional aşıq sənətinin tədqiqatçısı Lətif Həsənovun 13 fevral 2011-ci il tarixdə “Reytinq” qəzetində dərc olunmuş “Aşıq sənətində regionçuluq baş alıb gedir” başlıqlı müsahibəsinə münasibət bildirib. Məktub formasında qələmə alınmış yazını oxucuların diqqətinə təqdim edirik.

Hörmətli Lətif müəllim! Öncə qeyd edim ki, müsahibənin başlığı olduqca uğursuz seçilib. Yəni, sirr deyil ki, aşıq sənəti müxtəlif regionlarda fərqli şəkildə inkişaf etdirilir. Belə fərqliliyə musiqi mədəniyyətinin digər janrlarında (mahnı, muğam, rəqs və s.) da təsadüf olunur. Deyə bilərsiniz ki, başlıq müsahibə alan jurnalist tərəfindən qoyulub. Hər halda, bu sözlər sizinlə olan müsahibədən götürülüb və deyilən fikirlər də məhz sizə məxsusdur.

“Bu gün aşıq sənətində mükəmməl musiqi materialı yoxdur” – söyləyirsiniz. Lətif müəllim, əgər siz özünüzü bu sahənin tədqiqatçısı hesab edirsinizsə, aşıqşünaslıq mövzusunda müdafiə etmiş alimlərimizin elmi əsərlərindən, dissertasiya işlərindən xəbərdar olmalıydınız. Çox təəssüf...

Müsahibədən aydın olur ki, “Saz məktəbi” termininin nə demək olduğunu, onun mənşəyinin, ümumiyyətlə çalğı alətlərinin adı ilə dərc olunmuş dərsliklərin (“Tar məktəbi”, “Kamança məktəbi”, “Balaban məktəbi”, “Nağara məktəbi”, “Qarmon məktəbi”, o cümlədən “Saz məktəbi”) haradan qaynaqlanması barədə bilginiz yoxdur. Qeyd edirsiniz ki, guya Mübariz müəllim saz-solo ifaçısı olduğundan, ona yaxın bu ifadəni – “Saz məktəbi” terminini gündəmə gətirib.

Ecazkar səsli, bir-birindən maraqlı, çoxlu sayda zəngin çalğı alətlərimiz var. Musiqi məktəblərində bu alətlərin yalnız bir neçəsi – tar, kamança, balaban, nağara, qanun, qarmon və saz tədris olunur. Bəllidir ki, musiqi məktəblərində tədris edilən müvafiq çalğı alətinin ifaçılıq qaydalarını öyrədirlər. Təqdim olunan kitablarda da əsasən bu məsələlər öz əksini tapır.

 XX əsrin 30-40-cı illərində dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə çalğı alətləri üçün ilk dərsliklər tərtib olunur: “Tar məktəbi” (1935-cı ildə Səid Rüstəmov tərəfindən), “Balaban məktəbi” (1937-ci ildə Saleh Abduləlimov tərəfindən) və “Kamança məktəbi” (1940-cı ildə Cəvahir Həsənova tərəfindən).

 Çalğı alətlərinin dərslikləri proqramlarda müəyyən edilmiş normalara tam uyğun olmalıdır. Çağdaş dövrümüzdə də müxtəlif dərsliklər hazırlanılır. “Tar məktəbi”, “Kamança məktəbi”, “Balaban məktəbi”, “Nağara məktəbi”, “Qarmon məktəbi”, “Saz məktəbi” dərslikləri müvafiq çalğı alətinin ibtidai, ilkin tədrisi üçün yazılmış kitablardır.

Lətif müəllim, informatik məlumatınız olsun deyə, son illərdə çap olunmuş dərslikləri təqdim edirik: “Qarmon məktəbi”ni 1999-cu ildə Natiq Rəsulov, “Nağara məktəbi”ni 2000-ci ildə Ağası Məmmədov, “Balaban məktəbi”ni isə 2002-ci ildə Nazim Əliyev yazıb. Qəbul etmədiyiniz və bəyənmədiyiniz “Saz məktəbi” dərsliyini xalq artisti, professor Siyavuş Kərimi, Akif Quliyev və Mübariz Əliyevlə birgə 2007-ci ildə hazırlayıblar.

Siz “Saz məktəbi” adlı dərsliyin, “saz sənəti”nin türk dünyasında olmadığını bildirirsiniz. Yanılırsınız, türkdilli xalqların aşıqlarının (baxşı, akın, ozan) istifadə etdikləri çalğı alətlərinin (dütar, tənbur, bağlama və s.) dərslikləri öz ölkələrində işıq üzü görüb. Təəssüf ki, bizdə bu iş çox gec görülüb. Türkiyədə “saz”lar dedikdə külli çalğı alətləri nəzərdə tutulur. Bu baxımdan onlar sazı bağlama adlandırılar və “Bağlama metodu” adlı bir çox dərsliklər nəşr etdiriblər. “Metod” (methodos) sözü yunancadan dilimizə üslub mənasında tərcümə edilir.

 Lətif müəllim, daha sonra yazırsınız ki, “mənim bu universitetdə (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aşıq musiqisinin konkret olaraq hansı proqram əsasında tədris olunduğundan xəbərim yoxdur. Eyni zamanda bu proqramın kimlər tərəfindən tərtib edilməsini də bilmirəm”. Bu deyilənlər tədqiqatçıya yaraşmayan sözlərdir. Məgər sizə universitetdə tədris edilən fənlərin proqramları göndərilməli və tərtibçilər haqqında hesabat verilməlidir? Gülməlidir, elə deyilmi? Sizi məlumatlandırıram ki, tərtib edilən fənn proqramlarını tədris ocaqlarının kitabxanalarında əldə etmək olar. Yaxud, zəhmət çəkib maraqlandığınız fənn müəllimləri ilə görüşə bilərdiniz və istədiyiniz suallara da cavab tapardınız. Daha sonra universitetin bir neçə müxtəlif aşıq mühitinin məzunları ilə görüşdüyünüzü və eyni aşıq havasını bu məzunların bir-birindən fərqli adlandırdıqlarını qeyd edirsiniz. Burada sizi qane etməyən nədir? Deyildiyi kimi, eyniadlı rəqsin, mahnının, muğam şöbəsi, yaxud guşəsinin müxtəlif bölgələrdə fərqli variantları mövcuddur. Tədris zamanı bu variantlar tələbəyə izah olunur və mövzuya ümumi aydınlıq gətirilir.

Sonda aşıqların rəqs etməsinə, tərləməsinə ironiyalı şəkildə münasibətinizi bildirirsiniz. “Mənim uşaqlıqdan aşıqlarda görmək istədiyim ən başlıca keyfiyyət onun yalnız musiqi ifaçılığı olub” – yazırsınız.

 Lətif müəllim, sizə xatırladaq ki, aşıq yaradıcılığı sinkretik sənət növlərindən biri olub, özündə mədəniyyətimizin müxtəlif qollarını birləşdirir. Siz “musiqi ifaçılığı” dedikdə, yəqin burada aşığın müğənniliyini və instrumental solo ifaçılığını nəzərdə tutursunuz. Bəs, aşığın şairlik (bədahətən söz qoşmağı), bəstəkarlıq (aşıq havalarının bəstələnməsi), aktyorluq (dastan və nağıllar söyləyərkən aşığın rola girməsi), rəqqaslıq kimi keyfiyyətlərini unutmaq olarmı? Nə isə...

 Lətif müəllim, sonda sizə diqqətli olmağı və gələcək tədqiqatlarınızda uğurlar qazanmağı arzulayıram.

 

 

525-ci qəzet.- 2011.- 22 fevral.- S.6.