Məhəbbət
və P.S.
Əzizim Rəşad!
Görkəmli yazıçımız Hüseynbala Mirələmovun “Məhəbbət və P.S.” hekayəsi, mənim fikrimcə, bizim klassik hekayə yaradıcılığımızın hadisələrindən biridir.
Vətənin təhlükə altında olduğu dövrdə öz taleyini Vətənin taleyindən ayırmayan Azərbaycan gəncliyinin hisslərindən, duyğularından bəhs edən bu hekayə məni valeh elədi. Əminliklə deyə bilərəm ki, “Məhəbbət və P.S.” ədəbiyyat tariximizə hekayə sənətimizin ən gözəl nümunələrindən biri kimi daxil olacaqdır.
Yazıçının uğuru yalnız onda deyil ki, Azərbaycan gəncliyinin erməni təcavüzünə münasibətini bütün obyektivliyi ilə təqdim edir, eyni zamanda ürəkdən gələn, səmimi bir üslub nümayiş etdirir. Və başlıcası, gəncliyin əhvali- ruhiyyəsinin xalqın gələcəyinin əhvali-ruhiyyəsi olduğunu dərindən duyan müəllif hekayənin mövzusunu nə qədər yaxın keçmişimizdən alırsa, o qədər də yaxın gələcəyimizə müraciət edir.
Günayın Xəyala bir hekayə miqyasına sığmayan məhəbbətinin dastanı, yəqin ki, yatmış ruhları da oyadacaqdır... Nizami Cəfərov
Tələbəlik illərinin mənə
bağışladığı
əziz dostuma –
Çingiz Muxtarova ithaf edirəm.
Gecənin bir aləmi Günayın yan otaqdan eşidilən qəfil qışqırığı ananı yatağından dik qaldırdı. O, təlaş və hövl içində qızı yatan otağa şığıdı. Dərhal divar lampasının işığını yandırdı. Öz qışqırtısından səksənib oyanan qız yatağında oturub içini döyə-döyə ağlayırdı. Elə bil onu əqrəb sancmışdı, bənizi kağız kimi ağarıb solmuşdu. Alnında, boyun-boğazında tər puçurlamışdı. Hətta anasının gəlişi, otağın işıqlanmağı da qızın halına təsir göstərə bilməmişdi, hələ də onun əlləri titrəyir, uçunan ayaqları yorğanı tərpədirdi. Ana qızını qucaqlayıb soruşdu:
– Qızım, nə olub, yuxu görürdün?
Günay körpə uşaq kimi başını anasının sinəsinə sıxdı:
– Yuxu yox, ana, dəhşət görürdüm... – deyə hıçqırdı, – hər yan qatı zülmət idi. Uzaqdan Xəyalın bağırtısı gəlirdi, elə bil dara düşmüşdü, deyəsən ağır yaralanmışdı. Zarıya-zarıya köməyə çağırırdı. Səsi qorxunc əks-səda verirdi, qaranlıqda hansı səmtə gedəcəyimi kəsdirə bilmirdim. Xəyal, Xəyal, hardasan? – çığıra-çığıra dəli kimi onu axtarırdım...
Ana komodun üstündəki qrafindən uzunsov stəkana su süzüb qızının dodaqlarına tərəf uzatdı.
– Al iç, qızım, fikirli yatıbsan, ona görə yuxu görübsən. Qorxma, iç suyu, indi özünə gələrsən... Lənətə gəlmiş bu müharibə də tezliklə bitər, nişanlın da sağ-salamat qayıdıb gələr! Toyunuz da olar... Səbr elə. Bizdən nə asılıdı ki, özünü bu qədər üzüb əldən salsan, xəstəlik taparsan, iraq olsun.
Lətafət xanım yuxusu qarışan qızına təskinlik üçün daha nələrsə dedi, aradabir Günayın alnında parıldayan tər damcılarını sildi, saçlarını tumarlayıb üzündən öpdü.
– Birtəhər elə ki, yatasan, gecən xeyirə qalsın, – deyib öz otağına adladı.
Günay tək qaldı. Uçuntusu yavaş-yavaş səngiyən əllərinə baxdı. Zərif barmağında taxılandan yuxusu qarışan bu gecəyə qədər bir dəfə də olsun çıxarmadığı nişan üzüyü parıldayırdı. Xəyalın nişan üzüyü...
Qəlbində: “Kaş mən də qoşulub Xəyalla gedəydim, ölsək də birlikdə ölərdik...” düşündü. O, özünü qınayırdı, elə bil nədənsə günahkar idi. Sakitləşəndən sonra, allah bilir, neçənci dəfə köks ötürdü.
O bir də dan yeri sökülənə yaxın yuxuya getdi... Bu dəfə də Xəyalın səsini eşitdi. Amma bu, qonşu uşaqlarıyla həyətdə dava-dava oynayan yeddi-səkkiz yaşlı Xəyalın səsi idi. Qışqıra-qışqıra tay-tuşlarına “irəli”, “hücum...” əmri verirdi. Sonra ağzıyla güllə səsləri çıxarırdı; “part-part”, qələbə marşı çalırdı; “urra-urra”. Günay isə gəlinciyini bir qırağa qoyub, asta-asta pəncərəyə yaxınlaşır, gözləri, üzü gülə-gülə uşaqların oyununa baxırdı. Elə ilk sevgi duyğuları da güllü-çiçəkli o yaz günü özündən xəbərsiz bağrının başına od salıb, aram-aram yanmağa başlamışdı.
Səhər üzü qızının
narahatlığının təsiri altında birtəhər
gözünün acısını alan Səltənət
xanım Günaya yenidən baş çəkməyə gələndə
onun gözəl simasında şirin bir təbəssümün
donub qaldığını gördü, Allaha
şükür elədi və səhər yeməyi
hazırlamaq üçün mətbəxə keçdi.
lll
Təzə məhəlləyə köçəndən sonra Günay bir müddət Xəyalı görmədi. Bir də tale onları qız ali məktəbə girəndə rastlaşdırdı. Xəyal iki il qabaq daxil olmuşdu, üçüncü kursda idi.
Onlar demək olar hər gün görüşür, ya da gecələr zəngləşib doyunca danışırdılar. Biri-birlərinə dəlicəsinə aşiq olsalar da, Günayın valideynləri Xəyalın elçilərinə uzun get-gəldən sonra razılıq vermişdilər. Nişanlılar toya hazırlaşanda isə Qarabağı müharibə alovu bürüdü...
Gəncənin Nizami parkında son görüş zamanı Xəyal onun əllərindən tutub, könüllü müdafiə alayına qoşulub düşmənlə savaşa gedəcəyini söyləyəndə, Günay:
– Məni də özünlə apar! – deyib ona sarıldı. Xəyal bu sözlərin ciddiliyinə zərrə qədər şübhə etməsə də:
– Heç bilirsən nə danışırsan, Günay, əvvələn, təhsilini yarımçıq qoymağına valideynlərin razı olmaz, heç mən də, ikincisi, bu müharibədir, əzizim, qız, qadın işi deyil, – dedi.
– Dar gündə candan əziz sevdiyin bir insanın və vətənin yanında olmaq üçün nə oğlan, nə qız? Apar məni də.
– Əgər bütün qızlar sənin kimi düşünsəydi...
– Nə olardı?
– O olardı ki, erməni köpək oğlunun qorxudan cınqırı çıxmazdı indi...
Təsadüfə bax, onların vida anında parkın o başından, açıq estrada yerləşən hissədən “Ayrılıq” mahnısının sədası gəlirdi. Elə bil kimsə sevgililərin bir-birindən ayrıldığı bu məqamı gözləyirmiş.
– Kədərlidi, amma gözəl mahnıdı, – dedi Günay.
– Hə, Yaqub Zurufçudu oxuyan, adamı ağladır zalım oğlu.
– Mən bu mahnını Ququşun ifasında daha çox xoşlayıram... Çünki Ququş insanlara ayrılıq adlı dərdə özünüz çarə tapın deyir...
Xəyal istədi desin ki, Günay, toyumuzda “Vağzalı” bitən kimi, deyəcəyəm “Ayrılığı” oxusunlar. Amma susdu. “Ayrılıq” isə susmaq bilmirdi: “Hər bir dərddən olur yaman ayrılıq”... Elədi, olur, olur...
Onlar
“Ayrılıq” mahnısının kədəri altında
ayrıldılar.
lll
Həya nişanlı qızın ən bahalı zinətidir. Ayrılıq həsrəti qızın ruhunu, varlığını didib parçalasa da çəkdiklərini gizlədir, büruzə verməməyə çalışırdı. Həm də nişanlısı əsgər gedən tək o deyildi ki... Erməni xəyanəti Azərbaycan deyilən bir məmləkətdə sevgini, dincliyi, mərdliyi və etibarı hər şeydən üstün tutan minlərlə ailənin isti ocağına su calamış, ananı baladan, əri arvaddan, nişanlını nişanlıdan aralı salmışdı...
Ona Xəyalın xəyalı qalmışdı. Bir də xəyallı baxışlarını ona zilləyən fotosu. Bu foto qızın yeganə təsəllisi idi, qoynunda, yastığının altında əzizləyib saxlayırdı. Şəkillə həmsöhbət olurdu. Müharibə bölgəsindən tez-tez qara xəbərlər gəlirdi. Qara xəbər dəhşətli müharibələrin sevgi məktubudur. İstənilən qapını döyə bilir. Ön cəbhənin halı-haləti bəllidi. Arxada isə xilasın bircə yolu var: dözüm! Günay hər gecə şəhla gözlərini barmağında parlayan nişan üzüyünə dikib... dözürdü.
lll
– Sözlü adama oxşayırsan, ana, – günün günorta çağı dərsdən evə dönən Günay anasını öpüb gözünü ondan çəkmədi.
– Nə bilim, ay bala, nə bilim, deyir, Xəyalın atası sübh tezdən arvadını da götürüb, gediblər Bakıya.
Deyəsən qızın axşamkı acı yuxusu nahaq deyilmiş...
– Ürəyimə damıb ki, Xəyalın başında iş var, – deyəsən daha namusa qısılıb abır saxlamaqdan adlamışdı, Günayın gözü qəzəblə yanırdı. – Allah evinə vay salsın erməninin də, ona havadarlıq eləyənin də. Ana, Allaha and olsun, daha dözə bilmirəm. Xəyalın başından bir tük düşsə, dözmərəm, ana, sən bunu anlayırsan, ana? Atam anlayır bunu?
Ana qızının gözlərini boğan yaşı gördü, boğazını kilidləyən qəhərin səsini eşitdi, qəlbinin dərinliklərində, Allah bilir, neçənci dəfə balasına qarşı sonsuz bir rəhm duydu:
– Səbr et,
qızım!
– Daha səbr kasam dolub, ana!
Bu sözdən
sonra o devikə-devikə yan-yörəsinə baxmağa
başladı.
Adətən yır-yığış eləməyə
hazırlaşan adam özünü bu tərzdə
aparır. Və dedi:
– Gedirəm, Bakıya gedirəm,
ana, Xəyalın başında nəsə var...
– Bu nə sözdü,
qızım, ağlın çaşıb? Yaxşı
deyil, nişanlı qızsan, otur yerində, sənin Bakıda
nə işin var? İraq olsun, əgər
pis xəbər olsaydı bütün Gəncə
danışardı.
Ana-balanın
üzüntülü söhbəti burda qırıldı. Qapının
zəngi çalınırdı. Özlərini
yığışdırdılar. Qapını
Lətafət xanım açdı. Gələn
evin kişisi idi. Günay hələ də xəyalən
Bakıya yır-yığışını davam etdirir, xəstəxanaları
dolaşıb başında nə isə bir iş olan istəkli
nişanlısını soraqlayırdı. Xəyalən...
Ata mənzildə
qərar tutan ovqatı təqribən də olsa sezmişdi. O:
– Öz cəzandı,
çək indi, – dodaqaltı mızıldanıb
üzünü Lətafət xanıma tutdu, – acından
ürəyim sıyrılır, hazır nəsə var yeməyə?
– soruşdu və pencəyini soyunub
şkafdan asmağa tələsdi.
Günay Xəyalla
nişanlanandan bəri atası onunla dilucu
danışırdı. Arzusu ürəyində
qalmışdı. O, qızını imkanlı bir
dostunun oğluna vermək niyyətində idi. Amma
Günayın inadkarlığı onun xəyallarını
alt-üst eləmişdi...
Çətin
ki, onun Bakıya getmək fikri baş tutsun. Yenə də xilas yolunun
adı dəyişməz qalırdı; səbr etmək və
dözmək...
lll
Hospitalda Xəyalın
müalicə olunduğu palataya girən valideynlər ciyərparalarını
salamat görəndə əllərini göyə
açıb şükür elədilər. Nədən ki, Gəncədə
iki gün əvvəl gəzən söhbətlər
ildırım kimi çaxmışdı: “Xəyal
ağır yaralanıb”. Kimi deyirdi, guya əsir
düşüb, kimi də deyirdi ki, meyitini Bakıya
aparıblar. Şəhidlər Xiyabanında torpağa
veriləcək...
Onlar Bakıya
düşən kimi nədənsə övladlarını ilk
növbədə Şəhidlər Xiyabanında
soraqlamışdılar. Di gəl ki, son bir həftədə burada
basdırılanların siyahısında Xəyal deyilən
kimsənin adı yox idi. Sonra o xəstəxana,
bu xəstəxana, nəhayət burada, hospitalda
tapmışdılar. Min şükür,
Xəyal nə itib, nə əsir düşüb, nə də
fərarilik eləyib, sağ-salamatdı.
Amma
ata-ananın şükranlığı uzun sürmədi. Az sonra
oğlunun hər iki gözünün kor olduğunu eşidən
ananın naləsindən palatanın divarları titrədi:
– Səni bu günə
qoyanın gözləri kor olsun, bala. Gözüm
çıxaydı bu halını görməyəydim, bala!!
Əri onu sakitləşdirməyə
çalışdı:
– Həşir qoparma görək,
bəlkə həkimlər bir çarə tapacaqlar, niyə
yaralı uşağın ürəyini üzürsən,
ağlamağını eşidir axı...
Xəyal halsız-halsız
dilləndi:
– Hə, ana, ağlayıb
özünü üzmə, atam düz deyir, mənim gözlərim
açılacaq!
Yaralı olmağına
baxmayaraq, gözqarışıq tənziflə
sarınmış başını səs gələn səmtə
çöndərən Xəyal bu sözləri elə inamla
dedi ki, ananın sızıltıları kəsildi, heyrətlə
oğluna baxdı, sanki bu gözlər “dilinə qurban,
oğul, susma, danış!” deyirdi.
– Yaralanan tək mən deyiləm,
ana. Yurdu, ata-ananı, bacılarımızı bizdən
ayrı kim qoruyacaq? Allah qoysa
Qarabağı xainlərdən alarıq, saf sulu
çeşmələrin suyu sağaldar
yaralarımızı. Mən o günü görürəm,
ana, apaydın görürəm...
– Gözünə qurban,
oğul, – ananın içində möhtəşəm bir
qürur oyanmışdı, bu səfər ata əlinin
arxasıynan gözünün yaşını silir və
içindən püskürən hönkürtünü
boğurdu ki, oğlu onun ağladığını sezməsin.
Aradan
sükutlu anlar ötdü. Xəyal dərindən
köks ötürdü.
Ana içində
danışdı: “Ahın dağlara!”.
Xəyal ilıq su istədi,
bir-iki qurtum alıb stəkanı anasına verdi.
Ana stəkanı tumbanın üstünə
qoydu.
Xəyal sirli bir ehtiyatla
bayaqdan bəri dilinin ucunda dolaşan bir adı çəkdi:
– Günaygillərdə nə
var, nə yox, ana? Onlar mənim vəziyyətimdən
xəbər tutublar? – və sərt
bir səslə ata-anasının qəlbini parçalayan qərarını
bildirdi: – Mən xalxın gül kimi uşağını bədbəxt
eləyə bilmərəm. Taleyim belə oldu.
Gərək nişanı qaytarasınız, – Xəyal bir az susandan sonra yenə də sanki
öz-özüylə danışırmış kimi:
– Həm də mənə
yalandan təsəlli lazım deyil, – dedi. Onsuz da
Günayın ata-anası nişanı mütləq qaytaracaq.
Onlar bu evliliyə əvvəldən razi deyildilər.
Indi də əllərinə bəhanə düşdü...
Xəyal inildədi. Elə bil
yaralarına duz səpdilər. Bəlkə ondan idi ki,
gilə-gilə əriyən ürəyinin yağı
axıb tökülməyə yol tapmırdı, axı
gözləri tutulmuşdu, üstəlik tənziflə
sarınmışdı, bəlkə həqiqətən də
ürəyin yolu gözdən keçir...
Əri nə qədər
him-cim eləsə də, arvad danışdı:
– Nə bilim, ay bala, vaxtilə
qonşu olmuşuq. Yaşları qırxı
ötəndən sonra Allah onlara bir qız övladı nəsib
edib. Gözlərinin ağı-qarası bircə
qızlarını...
Ananı qəhər
boğdu. “Kor adama verərlər?” sualını zorla dilinin
ucundan qaytardı.
Xəyal ruhunun
gözüylə anasının qəlbini görürdü. O bilirdi ki, anası
Günayı doğma qızı qədər sevir.
– Əgər Günay bilsə
ki, mən burdayam, quş qanadında olsa belə gələrdi...
Hər şeyi olduğu kimi danışardım ona... Gözlərimin işığını itirəndən
sonra yaralandım, deyərdim. Böyrümdə
partlayış oldu... Tüstü-duman çəkilməmiş
güllələr üstümə yağış kimi
yağmağa başladı. Birinci yaradan sonra qayaya
kürəyimi söykəyib, bağışla məni, qalxan
qayam, büllur bulaq, siz məni qorusanız da mən sizi qoruya
bilmədim, dedim... Bəlkə Allah mənə
rəva bilmədi ki, gözlərim görə-görə
torpağımda düşmən gəzib-dolaşsın?
Oralar mənim sonuncu döyüş yerim oldu... Ağlıma gəlməzdi
ki, belə olacaq, ana! Mən sənə, atama layiq olmaq istəyirəm...
– Bu nə sözdü,
oğul, sən bizə də, hamıya da layiq övladsan elə...
Allah köməyin olsun, oğul!
Gözünün
yaşı dayanmasa da toxtamışdı. Indi onun nəzərində
oğlu nəinki gözlərinin işığını
itirmişdi, əksinə yetkin bir ay parçası kimi
işıq saçırdı. Və ana bir daha əmin
olurdu ki, oğlunun gözləri açılacaq, həm də
elə bil bu hadisə sabah, ya da o biri
gün baş verəcəkdi...
Oğlunun sözlərinə
atası da inanırdı...
lll
Gəncədə,
Günaygilin evini cənginə alan
qurğuşun kimi ağır sükut, qaramatlıq isə ərimək
bilmirdi.
Atanın
qaş-qabağı yer süpürürdü. O, zəhmli baxışlarla
qızını süzüb, əl-üzünü yumaq
üçün vanna otağına keçdi.
– Mən əvvəldən
bu nişan məsələsinə razı
deyildim... Elçilərini iki dəfə
qaytardım, amma üçüncü dəfə elə bil
dilimi-ağzımı bağladılar... – Günay
atasının deyinməyindən şübhələndi.
“Demək Xəyalın
başında doğrudan da iş var. Bəlkə həlak
olub? Məndən niyə gizlədirlər ki?!
İlahi, özün rəhm elə! Xəyalıma
qıyma, onu məndən ayırma!”
Qız ehmalca mətbəxin
qapısı ağzına yaxınlaşdı.
Atası arvadını
çənəsinin altına salıb deyinməkdə idi:
– Mənim taylarım
çoxdan nəvə sahibidir, mənsə bu yaşda oturub
qızımın nazıyla oynayıram... Üzüyü
qaytarmalı olacaqsan... Bu işin axırı
yoxdu, mən razı olmaram ki, gözüm baxa-baxa
övladım bədbəxt olsun.
– Bəlkə bir əlac var,
bəlkə hökumət müalicəsin aparacaq? – arvad dedi.
– Rəhmətliyin
qızı, hökumət var indi? Biri silahlı
dəstə yaradıb, budur ey, çəkilib Gəncəyə,
o biri də Lənkərana. Bu hay-hayda Xəyal kimi
beş-on dəliqanlı da öz könüllərinin
xoşuyla guya gedib Qarabağı azad edəcək... Ay-hay... Ölmüşdü
Xankişi... Mən bircə öldüyüm
günü bilmirəm. Kor tutduğun
buraxmadığı kimi bizim qız da gedib yapışdı
üstü mazutlu şoferin oğlundan. Bax,
atalar deyən necə də dübbədüz
çıxır, qızı özbaşına qoyarsan, ya
halvaçıya gedər, ya da zurnaçıya. Deyirsən ki, indi bizim qız hamısından betərinə,
bir kora getsin? Bu iş olmayacaq,
üzük-müzüyü apar qaytar...
Birdən
qapının arxasından tappıltı səsi gəldi. Günay
huşunu itirib yerə yıxılmışdı. Lətafət “vaxseyy, qızın ürəyi getdi”
deyib şivən qopardı.
Ata dərhal zəng
edib təcili yardım çağırdı.
... Günay özünə
gələndə, dediyi ilk söz bu oldu:
– Nişanı qaytarsanız,
özümü öldürəcəyəm!..
lll
...Qız
üçüncü gün idi dilinə heç nə
vurmurdu. Ağlamaqdan gözləri
şişmiş, yanaqları çökmüşdü.
Evdən dərsə buraxmırdılar,
atası nə əməl eləmişdisə evin telefonu da
guya borca görə bağlanmışdı. Qız bir kimsə ilə telefon əlaqəsi saxlaya
bilmirdi. Üstəlik acığa
düşüb yemək-içməkdən də imtina
etmişdi. Anası nə qədər
öyüd-nəsihət versə də dediyindən
dönmürdü. Bütün qohum-əqrəba,
xalalar, bibilər yığışıb gəldilər, dilə
tutdular. Hətta nişanı qaytaran kimi
ona tezliklə elçi düşmək istəyən
imkanlı oğlanın şəklini göstərdilər.
Günayın öz fikrindən dönmədiyini görən
böyük bibisi acıqla dilləndi:
– Siz dayəyə baxın, hə,
hə dayə... Desənə, bu qız gedib o kora dayə olmaq
istəyir...
– Bəli, mən gedib, ona dayə
olacağam! Dayə, kəniz, qulluqçu... nə deyirsiz
deyin! Siz niyə anlamaq istəmirsiniz, ay bibi?
Mənə görə yer üzündə Xəyaldan istəkli
heç nə, heç kim yoxdu. Bunu bilin.
Bibisi
Günayı çox istəyirdi, elə Günay da onu istəyirdi. İndi də
bibini danışdıran ürəyinin yanmağı idi,
qardaşı qızının halına acımağı
idi. Başqa nə ola bilərdi ki.
Bibi qızı yolundan döndərmək üçün həyat
təcrübəsinin parlaq misallarına əl atmağı da
unutmur və deyirdi:
– Guya bizim uşaq vaxtı
sevdiyimiz oğlan olmayıb?! İndi o günləri
xatırlayanda adamı gülmək tutur... Səninki
sevdadır, kor sevda... Nahaq deməyiblər ha,
sevginin gözü kor olur. İndi, ay
qızım, səninki kor məhəbbətdi. Amma, biz
hamımız səni çox istəyirik, Günay,
gözünü aç, yaxşı-yaxşı bax, gör
ki, sən bilə-bilə özünü hansı uçuruma
atırsan...
“Kor sevda” kəlməsi
Günayın ruhunu silkələdi, yeddi qatından keçdi. Ağır
qurğuşuna dönüb qəlbindən asıldı.
İstədi bibisinə nəsə desin, özünü ələ
almağa çalışdı. Bibi sözünə davam
edib onun incik qəlbini ələ almağa
çalışırdı:
– Qız köçəri
quşdu, bala! Bir gün ata-anasından ayrılıb öz
yuvasına pərvaz edir... Ağıllı qız yuva qurmazdan
irəli ata-anasını düşünür... Amma bu
cür uşaq sevgisinin, məktəbli sevgisinin xoşbəxtliklə-zadla
əlaqəsi ola bilməz...
Günay dilləndi:
– Bibi, danışmağa nə
var ki, danışmaq asandı, əgər siz mənim yerimə
olsaydınız belə danışmazdınız.
Lətafət ərinin
onların yığışdığı otağa gəldiyini
görüb sözü dəyişdi:
– Ürəyinin heyi çəkildi,
ay qızım, nə istəyirsən bişirib tökmüşəm,
bir tikə ye, şərbət düzəltmişəm,
heç olmasa buncuğazı iç.
– Hələ dur bir
güzgüyə bax, gör gözlərin necə çuxura
düşüb!
– Ana, qoy atam da eşitsin, əgər
siz zorla öz fikrinizi mənə qəbul etdirmək istəsəniz
öləcəm, amma dilimə su da vurmayacağam...
Bibi yenə söhbətə
qarışdı:
– Vallah, kitab oxumaq, sarsaq
teleseriallar, kino-minolar indiki cavanların başını xarab
edib, – dedi. Bəlkə də səsini
qardaşına eşitdirmək istəyirdi.
– Heç nə
başımı xarab etməyib... – deyə Günay səsinin
tonunu qaldırdı və bu dəfə çox istədiyi
bibisini açıq-aşkar kinayə ilə süzüb
başını buladı, – oxuduğum kitablardan,
baxdığım kinolardan heç kimi təqlid etmirəm. Bir şeyi yəqin bilirəm. Əgər Xəyal
kimi oğlanlar silaha sarılıb düşmənin
qabağına çıxmasaydı, bəlkə indi Gəncə
də əldən getmişdi... Nə siz
olardınız, nə mən, nə də anam. Var
dövlətimiz də dadımıza yetməzdi... Yaralıdı, xəstədi, hər nədisə
Allaha min şükür ki, Xəyal salamatdı. O, hər
bir vəziyyətdə mənim qəbulumdu. Mən
qoymaram ki, nişanı qaytarasınız, düşmən
gülləsindən ölməyən Xəyalı bizim xəyanətimiz
öldürsün.
– Aaa... sussana! Atan gəlib, səsin
özünə xoş gəlməsin, bala! – bibi
təpindi.
– Sən qadınsan, ana, atam
məni başa düşməyə də bilər, sən...
– Mən, mən... Allah məni öldürəydi kaş, bu
günü görməyəydim. Atan da tərsliyindən
əl çəkmir, sən də... Mən bədbəxt
başıma haranın daşını salım axı?
Günay daha
ağlamırdı, amma elə bil danışmağa
gücü-taqəti qalmamışdı:
– Sən niyə bədbəxt
olursan, ana? Nə tez unutdunuz, atam məni hələ onuncu
sinifdə oxuyanda bir başqasına vermək istəyirdi... O
zaman onu fikrindən döndərəndə, ana, sən, bibilərim,
xalalarım – hamınız mənə kömək etdiniz...
– İndi isə
atan deyir ki, o səhvi düzəltmək lazımdır. Həmin
oğlan hələ də subaydı. Bakıda, Gəncədə
topdağıtmaz evləri-eşikləri... maşını,
pulu, arxası-dayağı var. Bu dəfə, qızım, biz
atanın tərəfindəyik, anan da, mən də,
xalaların da...
– Qurban olum, ay bibi,
özünüzü əbəs yerə yormayın!..
– Vallah-billah bu qızın
başına hava gəlib...
Qızının bu hala
düşməsi – ev adamları ilə
dik-dik danışması ən çox ananın ürəyini
ağrıdırdı. Çünki böyük
baldızı Günaya uşaq çağından gen-bol
müstəqillik verdiyinə görə tez-tez Lətafəti
qınayırdı...
– Qızını döyməyən
dizini döyər! Uşaq çağından nazıyla
çox oynadın, hər istədiyini yerinə yetirdin,
axırı da çıxartdın qardaşımın
başına...
lll
Qrupun ən yaxşı tələbəsinin
– Günayın dərslərə ara verməsi
səssiz-küysüz ötüşə bilməzdi. Bir neçə gündən sonra tələbə
qızlar dəstə bağlayıb onlara gəldilər.
Lətafət xanım
onları mehribanlıqla qarşılayıb qızlardan ən
dilli-dilavərini kömək adıyla mətbəxə
çağırdı:
– Bu qızın
başına ağıl qoyun, ay bala! Göz görə-görə
gül kimi uşağı odun içinə atmayacağıq
ki... Kor da olsa, əlbət, Xəyala da ərə gedən bir
qız tapılar...
Qız çiyinlərini
çəkib ehtiyatla dilləndi:
– Nə bilim, Lətafət
xala, əslində biz gəlmişik ki, ona ürək-dirək
verək. Bütün institut Günayın kişi
qızı olmağından danışır. Qızlı-oğlanlı
hamı Xəyalı da, Günayı da yaxşı
tanıyır, ikisi də istəklidir. Əslində
Günayın inadı Xəyalın qəhrəmanlığına
bərabərdir. İndi biz ona necə deyə bilərik
ki, tutduğun yoldan dön... Bu məsələni,
xala, orada bütün müəllimlər, hələ rektor da
bilir.
Qadın
üzünü turşutdu. Dərindən köks
ötürdü, sanki bu dəqiqə od
püskürəcəkdi:
– Bayy, bay... Bilməmişdik,
sən demə bizim qızımızın kor oğlana ərə
getməyi geroyluqmuş... Yaxasına medal-zad da taxacaqlar! Bax,
onda mən də gedib o rektordan soruşaram ki, ay kişi, sən öz aman-zaman bircə
qızını kor adama ərə verərsən?
– O, qızını
çoxdan ərə verib... – tələbə qız
dönüb dodaqaltı mızıldana-mızıldana
Günayın otağına getdi...
Lətafət xanım nəyisə
yadına salıbmış kimi səsləndi:
– Ay balam, bəs siz çay
içməyəcəksiniz?
– Yox, Lətafət xala, – deyə
dilli-dilavər tələbə qız dedi, – biz də bu
gündən Günayın aclıq aksiyasına qoşuluruq...
Lətafət xanım hələ
də mətbəxdə öz özü ilə danışmaqdaydı:
– Aclıq, aksiya,
filan-beşməkan... Allah sizə ağıldan
başqa hər şey verib – gözəllik, göz-qaş,
boy-buxun. Di gəl ki, danışanda
ağzınıza çullu dovşan
sığışmır. Bu nədi, əlbəttə,
ağılsızlıq əlaməti...
lll
Xəyal bir
aylıq yataq xəstəliyindən sonra Gəncəyə
döndü, onun yaraları tam sağalmamışdı. Qəlbini
göynədən Günay adlı yara isə daha dərin idi
və sanki sağalmaq ümidini qeyb etmişdi. O, hələ
Bakıda, xəstəxanada ikən valideynlərdən
nişanın qaytarılmasını rica etsə də dəhşətli
bir istəklə Günayın səsini eşitmək,
sevgilisinin əllərindən tutub qəlbini oxumaq, həm də
onun gözü ilə dünyanı görmək istəyirdi.
Ətrafda baş verənləri eşidib bilmək
istəyirdi.
– Günayın... – Ana vicdan əzabı
çəksə də, qonum-qonşudan eşitdiklərini ona
söyləmək məcburiyyətində qaldı, – deyir,
yazıq qızın başına hava gəlib, havalanıb
uşaq...
Elə bil Xəyalın
varlığından güclü elektrik cərəyanı
ötüb keçdi, qafasından dabanınacan polad sim kimi gərilib
dondu. Nəfəsi getmişdi, amma qayıtmırdı.
Bir an sonra sinəsi körüklənə-körüklərinə
tövşüməyə başladı.
– Bu ola bilməz! Ana,
de görüm, sən onu nə vaxt görübsən?
– Ay oğul, ata-anası
nişanı qaytarmaq fikrinə düşəndən sonra biz
ora üz çevirməmişik. Atanın da bir ayağı sənə
görə Bakıda olub...
– Ana, Günayı siz yox, mən
tanıyıram. Əgər bu günəcən ata-anası
nişanı qaytarmayıbsa, demək hələ də onlarla
vuruşur, ana... Mən onu tək qoya bilmərəm...
– Sən nədən
danışırsan, Xəyal?
– Atamla bu məsələyə
son qoymağın çarəsini
düşünmüşük. Hazırlaş! Gedirik gəlinini...
– Ay oğul, yataqdan təzə
qalxmısan, hava da düz-əməlli deyil. Çıxarsan,
– Heç zad olmaz, sən mənim
əsgər paltarımı yaxşı-yaxşı
ütülə...
lll
Günortadan
keçmiş Günaygilin darvazasında üç-dörd
taksi dayandı, birindən Xəyalla ata-anası, o birilərindən
çalğıçılar, atasının
sürücü yoldaşları düşdü. Əvvəlcə
küçəni maqnitofondan yayılan musiqi səsi
başına götürdü. Bu onların
ayrıldıqları gün birlikdə dinlədikləri, həm
də hər ikisinin sevdiyi “Ayrılıq”
mahnısıydı...
Həyətdən yüksələn
çal-çağır, adam səslərini
eşidən Günay ehmalca yatağından qalxdı. Divardan
tuta-tuta pəncərəyə yaxınlaşmaq istədi,
bacarmadı yıxıldı...
“İnşallah, toyumuzda əvvəlcə
“Vağzalı”, ardınca bu mahnını
çaldıracağam”, – bu əhdi bir zaman Xəyal eləmişdi...
İndi onlar əhdə çatırdılar.
Sonra yenə
“Vağzalı” çalındı. Qara zurna cuşa gəlmişdi... Qonşular səsə yığışdılar.
Göy üzü yarıbuludlu idi, buludların
arasından günəş görünürdü.
Gəncənin
təzə məhəlləsində qızıl payız
sanki günəşli yaz gününə çevrilirdi.
“Vağzalı”
Günayın əzgin ruhunu dirçəldirdi. Ürəyi
sürətlə döyünürdü.
– Günaaay!!!
Qarışıq
səslər arasından sıyrılıb yüksələn
bu haray Xəyala məxsus idi. Günayın
ayaqlarına, bədəninə ilıq hərarət
yayıldı. Uşaqlıq çağlarında
olduğu kimi əvvəl pəncərəyə
yaxınlaşıb:
– Gəlirəm! – dedi, sonra paltar
dolabına sarı getdi.
Anası heykəl
kimi yerində qurumuşdu. Həkimlər son dəfə
Günayı müayinə edəndə: “Bu qız
özünü ölümə məhkum edib, çətin
ki, yatağından qalxsın” – demişdilər. İndi isə
Günay gözünün qarşısında paltar
dolabından ən çox sevdiyi libası çıxarıb
geyindi və üzünü ona tutub:
– Mənə xeyir-dua ver, ana!.. – dedi.
Lətafətin
dili söz tutmadı.
Həyətə
toplaşan, nə baş verdiyini anlamağa
çalışan qonşular mat-məəttəl
qalmışdılar. Günlərlə dilinə bir qurtum su
vurmayan qız artıq həyətdə idi və sanki quş
kimi uçurdu.
Əsgər
qiyafəsində səkidə dayanan Xəyal onu gözləyirdi. Qonşu
qadınların yaşarmış gözlərini isə təbii
ki, görmürdü. Axı onun...
Günay
özünü Xəyalın üstünə atıb,
qollarını nişanlısının boynuna doladı. Həyət
qapısından çıxar-çıxmaz qızın atası
da özünü ora yetirdi. İndi o da bu
mübhəm, gözlənilməzliklə dolu həyat səhnəsinin
personajlarından biri idi və nəsə demək istəyirdi.
Bəlkə də ata dilindən qopan o sözlər bu qəmli
hekayənin son kəlməsi olacaqdı:
– Günay, qızım, sən...
sən... – fəqət, qızını sağ-salamat görəcəyinə
ümidini itirmiş kişi nə deyəcəyini
bilmirdi.
Günay Xəyalın qoluna
girib qamətini şux tutdu və:
– Bizə xeyir-dua ver, ata! –
dedi.
Ata ətrafdakı
adamlara baxdı. Hamı elə bil atanın ağzından
çıxacaq üç kəlmə sözə bənd
idi: “Allah xeyir versin!”
– Get, qızım... Xoşbəxt
olun!.. – deyə bildi. Və
bu sözləri deyəndən sonra sanki, çiyinlərindən
dünyanın ən ağır yükü
götürüldü...
lll
P.S. Həqiqi sevginin heç
bir halda qəhr olmadığından bəhs edən bu hekayənin
son nöqtəsini qoyub, divar saatına baxdım. 19:00 idi. Bir azdan sanatoriyadakı
müalicəvi su qalereyasının qapısı
bağlanacaqdı, tez-tələsik geyindim. Həyat
yoldaşım özünü pis hiss etdiyindən
yatağında uzanmışdı. Üzümü ona tutub:
– Mən getdim... Səninçün də su gətirəcəyəm,
– deyib qapıdan çıxdım.
Axşamdan yağmağa
başlayan qar ara vermirdi. Yolu
sürətlə keçib özümü qalereyaya
çatdırdım. Qapıdan içəri
girmək istəyəndə yadıma düşdü ki, tələsdiyimdən
su qablarını götürməyi unutmuşam. Çıxış yolu axtardım. Qalereya ilə üzbəüz, küçənin o
tayındakı dükana girib stəkan almağa qərar
verdim. Iki gün bundan qabaq elə bu
dükanda, adını dəyişib Nailə qoyan erməni
qızı Bakıdan gəlməyimi biləndə dərindən
kövrələrək göz yaşı
axıtmışdı. Mən də onun
halına yanıb, ürəyimdə “Allah baisin evini
yıxsın” demişdim.
Dükana girib
onunla salamlaşdım. Bir ədəd birdəfəlik karton stəkan
götürdüm və xahiş etdim ki, arvadıma su aparmaq
üçün mənə bir ədəd də boş
yarımlitrlik butulka versin.
Öncə
karton stəkanın pulunu verdim.
– Boş butulka var, ancaq iyirmi
rubladır, – dedi.
Küçələrə
atılıb əl-ayağa dolaşan boş plastmas
butulkanı iyirmi rubla satan Nailəyə
baxdım, əsəbdən içim uçundu.
Bir az
qabaq bitirdiyim hekayənin qəhrəmanları Xəyal və
Günay yadıma düşdü. Su kimi dupduru, saf, təmiz
azərbaycanlı gənclərdi bunlar, bizim gənclərdilər...
Onu isə nifrətlə
süzürəm, səhərdən axşamacan insanları həm
çəkidə, həm də qiymətdə aldadan,
vicdanını itirmiş erməni qızı Nailəni (bu ad
ona haram olsun!).
Başqa çarə yox idi. Bir azdan qalereya bağlanacaq, su götürə bilməyəcəkdim.
Əlacsız qalıb iyirmi rublu az qala onun
üzünə çırpdım:
– Sizin simanız budur, – dedim,
– iki gün bundan qabaq guya Bakının və azərbaycanlıların
həsrətini çəkib, tökdüyün göz
yaşları nə qədər saxta imiş...
Və orda, mənim doğma
vətənimdə minlərlə soydaşımın evinə-eşiyinə
dərd və bəla toxumu səpən alçaq bir
tayfanın nümayəndəsinin üzünə baxmadan
böyrü batmış butulkanı qapıb su qalereyasına
doğru addımladım...
10-19 yanvar, 2011-ci il
Hüseynbala MİRƏLƏMOV
Yessentuki
525-ci qəzet.- 2011.- 22
fevral.- S.7.