Ölməz sənətkar
Nədənsə mili muğam ifaçılarımızın sənət yoluna nəzər saldıqda, bir sənətkarın ruhu qarşısında dinləyici kimi özümü borclu sayıram. O, muğamlarımızı müqəddəs bilən, ilk gündən ömrünün sonunadək onların ölməzliyini qoruyub saxlayan, səsinin təbii məlahətində muğam gözəlliyi və səlisliyi duyulan böyük sənətkar idi.
Əvvəldən axıradək Allah vergisi olan səsini
xaric nəfəslərdən hifz edən, ifaçılıq
sanbalını həmişə saxlayan, ana südü kimi
saf, təmiz xalq muğamlarımızı mühafizə edib
həssaslıqla yaşadan, xalqın ürəyində
yaşayan bir sənətkar ölməzdir. Yaqub Məmmədovun
səsində mənsuriyyə harayı, heyratı
coşğunluğu. Arazbarı
çağırışı, segah yanğısı, rast
gözəlliyi var. Bu səs xalqın ürəyinə
daha yaxındır, xalqın öz səsidir.
Y. Məmmədov 50 il ifaçılıq
məharəti göstərdi, klassik muğam
ifaçılarımızın irsini və ənənələrini
davam etdirməklə onların sanki ruhunu yaşatdı.
Y.Məmmədov 1930-cu ildə
Azərbaycan professional musiqisinin banisi, ölməz bəstəkarımız
Ü.Hacıbəyovun dünyaya göz açdığı
Qarabağ torpağının aran hissəsi olan Ağcabədidə
doğulmuşdu. Qarabağın haylı-küylü toy şənliklərində
ustad xanəndələrin muğam və xalq
mahnılarını oxumaqları, balaca xanəndəni əvvəldən
valeh edərək, onda bu sənətə maraq
oyatmışdı. Hələ uşaq ikən eşitdikləri
muğam və xalq mahnıları beynində qalaraq, zaman-zaman
daha da formalaşmış və təbii ki, gənc xanəndənin
gələcəkdə muğam aləmindəki
inkişafına ciddi təkan olmuşdu.
Y.Məmmədov Azərbaycanın
klassik muğam ifaçıları Seyid Şuşinski və
Mütəllim Mütəllimovun musiqi məktəbindən
muğam dərsi öyrənmiş, ömrünün sonunadək
bu irsi əziz tutmuş, qoruyaraq davam etdirmişdi. Təsadüfi
deyil ki, böyük ustad yüksək ehtiramla qeyd edirdi ki,
şərq musiqisinin dühası Seyid Şuşinskiyə və
Mütəllim Mütəllimova minnətdardır... Seyid
Şuşinski Ağdamda muğam dərsi deyən zamanlar həmişə
yanına gedərdim, oxumağıma qulaq asıb məsləhətlər
verərdi. O deyərdi ki, sənətkar oxumaqla yanaşı,
cəmiyyətdə də özünü nümunəvi
aparmalıdır. Onun belə tövsiyələrini heç
zaman unutmamış, həmişə ona əməl etmişəm”.
Allah-Təala Yaqub Məmmədova elə
gözəl, məlahətli səs bəxş etmişdi ki,
o, bu səsin hesabına bütün
muğamlarımızı özünəməxsus
ustalıqla ifa edərək ifaçılıq
manerasını daha da genişləndirdi. Onun
ifaçılığında muğam və təsniflərimiz,
xalq mahnılarımız özünəməxsus bir ahənglə
səslənir. Xüsusən “Mənsuriyyə” ritmik
muğamında xalqın harayını, yenilməzliyini
duyursan. Muğamın hikmətini xanəndə ustalıqla
açıb, səsini kamanın səsinə qataraq, Mənsuriyyə
naləsilə, şaqraq ahənglə oxuyaraq, yanıqlı
“Ağ segahı” da muğama əlavə etməklə
muğamın dəyərini daha da zənginləşdirib. Muğamın
deyişmə şöbəsi və son tamalama hissəsi də
sənətkarın ifasında xüsusi zövqlə oxunub və
bununla da mənsuriyyə zərb muğamı onun ifasında təkrarsız
səslənib. “Mənsuriyyə” ritmik muğamı, sanki sənətkarın
səsinin notları üzərində köklənib. Beləliklə
də Yaqub Məmmədov özünəməxsus
ifaçılıq məharəti ilə bu muğamın
ifasına öz möhürünü vurub. İki
böyük sənətkarın, Y.Məmmədovun və
Respublikanın xalq artisti, kaman alətində xarüqələr
yaradan Habil Əliyevin birgə yaratdıqları Mənsuriyyə
ritmik muğamı radionun qızıl fondunda ən gözəl
ritmik muğam kimi saxlanılır. Bundan başqa,
“Arazbarı”, “Qarabağ şikəstəsi” və digər
ritmik muğamlarımız Yaqub Məmmədovun ifasında əvəzsiz
səslənir. Rast muğamını oxuduqca Y Məmmədov
səsinin diapazonu muğamın şöbələri üzərində
elə ölçü-biçi ilə paylanıb ki, hər
hansı şöbəni oxuduqca elə bilirsən xanəndənin
səsi elə buradaca qurtardı. Lakin yeni şöbəni
oxuduqca əlavə səs tonu yaranır, bu da dinləyicəni
heyrətə gətirir və marağını
artırır. “Rast”ın “Vilayeti dilkəş”, “Bayatı
kürd”, “Əraq”, “Şikəsteyi-fars” və başqa
şöbələrini xüsusi tərzdə ifa etməklə
onun məzmununu sanki varaqlayıb, əsrlərdən bəri
süzülüb gələn nadir incilərimizin nəyə
qadir olmasını açıb göstərib. Bundan əlavə
Mirzə Hüseyn segahı da sənətkarın ifasında zəngin
muğam kimi səslənib.
Xan Şuşinskinin muğam irsini
davam etdirməklə müxalif şöbəsindən
başlayaraq mayeyə enib segahın məzmununu gözəl səslə,
nəfəslə, xırdalıqlar etməklə digər
şöbələrini oxuyub sona çatdırmaq xanəndədən
istedad, cəsarət tələb edr. Bu məqamları Y. Məmmədov
ustalıqla yerinə yetirərək əsl sənətkarlıq
göstərib. Y.Məmmədov qəzəlləri
ustalıqla seçir, hansı qəzəlin hansı
muğamda oxunmasını bilirdi. Onun səsi və muğam aləmində
üslubu özünəməxsusdur. Yəni bu yol təkcə
Y. Məmmədov yoludur, təkrarsız və bənzərsizdir.
Muğam ifaçılıq sahəsi elə çətin
yoldur ki, burda hər ifaçının öz yolu, dəst-xəttinin
olması, istedad, ifaçılıq məharəti tələb
edir.
Y.Məmmədovun səsi sənətkarlıq
zirvəsindən səslənir. Zirvəyə çatmaq isə
əsl sənətkara qismət olur.
“Muğam-Azərbaycanın ənənəvi
musiqisinin ən iri janrının ümumi adıdır”. Muğam
kökü yüz illərdən gələn xalq
yaradıcılığıdır. İndimizlə
keçmişimiz arasında mənəvi körpüdür. Bizim
bu günümüzədək gəlib çatan,
saflanmış nadir incilərimizi qoruyub saxlamalıyıq. Muğamlarımız
neçə-neçə alim sənətkarlarımızın
əsəridir desəm yanılmaram. Elə buna görə də
muğamda səhv tapmaq mümkün deyil, çünki o
seçmə yolu ilə meydana gəlib. Muğamlarımızda
xalqımızın sevgisi, kədəri, həyat tərzi,
bütövlükdə bütün mənəvi dəyərlərimiz
öz əksini tapıb. İndi xarici ölkələrdə
də muğama maraq artıb və cəsarətlə demək
olar ki, onun səması çox genişdir. Haşiyə:
Müdrik ağsaqqal, muğam həvəskarı Məmməd
müəllim söyləyir ki, Yaqub Məmmədovla dost olub. “Onun
səsi Allah vergisidir, onu səhnəyə də allah gətirmişdi.
Mən Yaqubu şah xanəndə hesab edirəm, onun səsi cənnət
səsidir və cənnətdən xəbər verir. Təbii
ki, bu səsin çox böyük müalicəvi əhəmiyyəti
də var. Onun sənətkarlığı və
insanlığı üst-üstə düşürdü.
Yaqub Məmmədovu yalnız klassik xanəndələrlə
müqayisə etmək olar. Belə şirin, qüdrətli səs
əsl muğam səsidir. Yaqubun sənəti hələ
açılmamış şah əsəridir. Onun haqqında
əsərlər yazılmasına bu gün ehtiyac var. Y.Məmmədov
sənətdə olduğu kimi görünən sənətkardır.
Onun “Bayatı-şiraz” muğamını dinlədikcə əsl
müdrik bir muğam ifaçısının canlı
şahidinə çevrilirsən. Burda sevgi də var, duyğu
da, keçmişimizlə indimizin vəhdəti də. Aydın,
səlis diksiya ilə oxunan muğamın bəmi də, zili də
bir-birindən gözəl səslənmişdir. Muğamı
dinlədikcə xalqın milli sərvətinin olmasına
inanır, müdrikliyinə baş əyirsən. Xanəndə
oxuduqca bütün şöbələrin mənası, musiqi
fəlsəfəsi, muğamın daxili məzmunu
açılıb bəlli olur. Əhsən belə belə
musiqini yaradıb yaşadan xalqa və müasir zamanda oxuyub
bizlərə çatdıran Yaqub Məmmədov kimi ustad xanəndələrə.
Haşiyə:
Yaqub Məmmədov söyləyirdi
ki, gənc yaşlarında ucqar rayonların birinə toy şənliyinə
gedibmiş. Toyun şirin yerində yaşlı bir kişi beli
bükülmüş vəziyyətdə mənə
yaxınlaşıb qoltuq cibindən qumaş torbasını
çıxardıb içərisindən bir manat (təklik)
götürüb stolun üstünə qoydu və ehtiramla
oğlum bir “Nəvayi-Şur” oxu dedi. Pulu götürmək
istəməyib, könülsüz dedim: “Əmi pulunu
götür oxuyaram”. Yerdən bir neçə nəfər:
“Pulu götür, ağır seyiddir” dedi. Elə bil Allah-Təala
ağlımı almışdı, yerinə qaytardı. Tez təkliyi
götürüb öpüb pencəyimin üst cibinə
qoydum. Tarzənə tərəf əyilərək
soruşdum, Şuru oxumağı bilirəm bəs bu Nəva nə
deyən şeydi? Tarzən cavab vedi ki, mən çalım sən
də dalımca gəl. Elə bil ilahidən mənə əlavə
güc gəldi, muğamı tamam dəsgah oxuyub qavalı yerə
qoydum. Baxdım ki, həmin nurani qoca bir də mənə
yaxınlaşdı və dedi, bala aşağı əyil
görüm. Əyildim, alnımdan öpdü. Həmin
qumaş torbasını bir də açıb içərisindən
bir qızıl onluq çıxarıb qavalın içərisinə
atdı və dedi: “Bayaq verdiyim o təklik qismətin idi, bu
qızıl onluq isə zəhmət haqqındır”. “Belə
dinləyiciləri, muğama qiymət verənləri görəndə,
oxumaqdan həmişə zövq almışam, muğamın
hikmətinə inanmışam və heç zaman oxumaqdan
doymamışam”.
Bu gün mən qəhərlə
qeyd etməliyəm ki, Yaqub Məmmədov artıq bizim
sıramızda yoxdur. Lakin onun ölməz səsi, sənəti,
sənətkarlığı bizimlə yaşayır. Əminəm
ki, onun irs qoyub getdiyi ifaçılıq məktəbi gələcək
istedadlarımız üçün istinad yeri, vokal aləmində
ifaçılıq məktəbi olacaq.
Yaqub Məmmədov
xalqımızın ürəyində həmişə
yaşayacaq.
Allah ona rəhmət eləsin!
Moskva,
2011-ci il
Vasif MƏMMƏDOV
525-ci qəzet.- 2011.- 23 fevral.- S.7.