O gün hamı
xocalılıydı
– Elnur, ay Elnur!
Elnur çağırışı qulaqardına vurdu. Məktəbdən yenicə gəlmişdi. Acdı, qarnının hayındaydı. Stol arxasında oturub anasının yeməyi haçan qızdırıb gətirəcəyini gözləyirdi.
Çağıran
əl çəkməyəndə durub küçəyə
baxan pəncərəyə yaxınlaşdı. Sinif yoldaşı Məzahirdi.
– Nədi, ə?
– Aşağı
düş, sözüm var.
Bayırda
quşbaşı qar yağırdı. Soyuq idi.
– Elnur, yeməyin
hazırdı ha. – Anası mətbəxdən xəbərdarlıq
etdi.
– Gəlirəm.
Həvəssiz
aşağı düşdü. Məzahir pilləkənin
ayağında gözləyirdi. Həyəcanlıydı.
– Noolub? – Elnur soruşdu.
– Ermənilər bu gecə
Xocalını yernən yeksan eləyib, bizimkiləri
qırıblar. Canını qurtarıb
qaçan xocalılar Naxçivanik, Qaraqaya tərəfdən
Şelliyə axışır.
Şelli
qonşu kənd idi.
– Hardan bildin?
– Atam, əmimgil
yığışıb köməyə getdilər. Mən də onlara qoşulmaq istədim, atam
qoymadı.
Neçə
gündü Xocalıdan cürbəcür pis xəbərlər
gəlirdi. Ermənilər türklərin
yaşadığı qonşu Malıbəyli,
Quşçular kəndlərini işğal edəndən,
sakinlərini güllədən keçirəndən sonra qana
batmış dişlərini Xocalı şəhərinə
qıcamışdılar. Mühasirəni
günbəgün daraldırdılar. Qədimdən
türk məskəni olan Xocalı şəhəri erməni
kəndlərinin əhatəsində adanı
xatırladırdı. Düşmən nə
qədər amansız, qaniçən olsa da xocalılar mərd
dayanmışdılar. Təslim olmaq, torpağı ermənilərə
vermək fikrində deyildilər...
Elnur nə
fikirləşdi, nə fikirləşmədisə
çönüb həyətdəki “Niva”ya baxdı. Atası hara
getmişdisə gözə dəymirdi.
Ayaqlarının
ucunda geri qayıdıb anasından xəlvət gödəkçəsini
geyindi, təzədən aşağı düşdü. Məzahirə
arxasınca gəlməyi işarə etdi. Zənnində yanılmamışdı. “Niva”nın açarı üstündəydi. Sürücülük vəsiqəsi olmasa da
maşın sürməyi pis bacarmırdı. Gözünü açandan həyətdə
maşın görmüşdü.
Nə qədər ehtiyatlı tərpənsələr də mühərrikin tırıltısına anası duyuq düşüb ikinci mərtəbədə, eyvanda göründü. Maşının arxasınca harayladı:
– Elnur, hara gedirsən?..
Özünü eşitməməzliyə vurdu.
Onlar artıq
qanmaz uşaq deyildilər. Bu gün-sabah orta məktəbi
bitirəcəkdilər. Onuncu sinifdə
oxuyurdular. Bir tərəfdən də
onları iştirakçısı olduqları Qarabağ hadisələri
vaxtından əvvəl yetkinləşdirmişdi. Ermənilərin xəyanətindən, məkirli əməllərindən,
təkcə indi yox, tarix boyu türklərə qarşı
törətdikləri cinayətlərdən az-çox xəbərdarıdılar.
Məktəbi tez qurtarmaq, ermənilərə qarşı
vuruşan könüllü dəstələrə qoşulmaq,
Vətən torpağının keşiyində dayanmaq arzusu
ilə alışıb yanırdılar...
Qonşu kənddən
şəhərə doğru uzanan asfalt yolda maşınlar,
piyadalar əriş-arğacıdı. Daş
dövründəki kimi bel, yaba, dəhrə-balta ilə
silahlanmış kənd sakinləri (Qarabağ hadisələri
başlayanda ermənilərin başbilənləri erməniləri
müasir silahlarla təpədən dırnağacan
silahlandırdıqları halda bizimkilər yerli əhalinin
quş tüfənglərini belə qapı-qapı
düşüb zorla yığmış, onları
düşmən qarşısında əliyalın
qoymuşdular) kəndin yuxarı hissəsindəki dağlara
doğru axışırdılar. O tərəfdən
yaralılarla dolu qayıdan şəxsi minik, təcili
yardım maşınları yolu boşaltmaq üçün əsəbi
halda siqnallaya-siqnallaya şəhər xəstəxanalarına
tələsirdilər...
Kəndin kənarındakı
dağların ətəyi, qəbiristanlığın
böyür-başı camaatla doluydu. Elnur “Niva”nı
lap irəlidəki nəhəng bir qayanın arxasında
daldalanmış adamların yanına sürdü. Burda bir neçə minik, təcili yardım
maşını da vardı.
Çiyni avtomatlı
könüllü əsgərlərdən biri “Niva”nın qabağına yeridi.
– Dayan! – dedi. – Özünü
hara soxursan? Geri qayıt!
– Niyə qayıdım? –
Elnur cır xoruzlar kimi şeşələndi.
– Görmürsən
atırlar? Burda sizlik bir iş yoxdu.
– Olmasa, gəlməzdik. –
Elnur höthötlüyünü yerə qoymadı.
– Baş qoşma, – başqa
bir könüllü Elnurla öcəşənin qolundan
dartıb apardı.
Elnur mühərriki
söndürdü. Uzaqda, iki dağın arasındakı
yamacda pərakəndə halda ağzıbəri
qaçışan insan qaraltıları gözə dəyir,
aramsız atılan güllə səsləri eşidilirdi.
Qayalıqda gizlənmiş erməni
yaraqlılarının gülləsinə tuş gələn
xocalılar yıxılır, ağır yaralananlar bir daha
ayağa qalxmır, yüngül yaralananlar güc-bəla dikəlir,
havadan yapışırmış kimi əl-qol ata-ata, kimlərisə
köməyə çağıra-çağıra təzədən
qaçırdılar. Köməyə gedənlər
yaralıları güllə yağışı altından
birtəhər sürüyüb çıxartmağa
çalışırdılar. Kənd sakinləri
igidlikdə, fədakarlıqda könüllü dəstələrin
əsgərlərindən heç də geri
qalmırdılar...
Xocalı
qaçqınları Elnurgilin böyür-başında,
qayanın arxasında daldalananların arasında da az deyildi. Ac-susuz, yaralı, əyin-başı
tökülüb-itən bu adamlar qarın altında, soyuqda
güclə ayaq üstə dayansalar da heç yana
getmək istəmirdilər. Təzə gələn
qaçqınları sorğu-suala tutur, ayrı
düşdükləri doğmalarından, qohum-əqrəbalarından
nəsə bir xəbər öyrənməyə
çalışırdılar. Qışın
qar-boranı ağır yaralıları, xəstələri,
qocaları, körpələri keçdikləri meşliklərdə,
dağda-daşda dondurmuşdu...
Növbəti
qaçqın dəstəsi bir ailədən, qoca kişidən,
qarıdan, gəlindən və bir oğlan
uşağından ibarət idi. Əyin-başları
şiltim-şiltim, üz-gözləri qan içindəydi.
Meşədə, dağda-daşda kol-kosun,
daş-kəsəyin dağıtdığı yalın
ayaqları şişib kötüyə
dönmüşdü. Ağ saqqalı
sırsıra bağlamış qoca itirəcəyindən
qorxurmuş kimi balaca nəvəsinin əlindən bərk-bərk
yapışmışdı.
Bayaqdan
gözünü qarşıdakı yamacdan çəkməyən
cavan bir gəlin adamları aralayaraq onlara yaxınlaşdı. Həyəcanla soruşdu:
– Ay xocalılar, bəlkə
Əlifdən xəbəriniz ola?..
Nəvəsini
təcili yardım maşınına mindirən qoca gəlinə
sarı döndü. Zəif, xırıltılı səslə dedi:
– Əlif
sağdı.
– Gözünüzlə
gördünüz?.. – Gəlinin səsi
titrədi.
Gəlin
Xocalı cəngavəri Əlif Hacıyevin xanımı idi.
Fevralın 25-də
rusların Xankəndindəki 366-cı moto-atıcı
alayı ilə birləşərək Xocalını
bütün gecə iri çaplı silahlardan, qrad
qurğularından, toplardan atəşə tutan, viran qoyan ermənilər,
səhərisi zirehli texnikanın müşayəti ilə
şəhərə soxulmuş, dinc əhalini qırmağa
başlamışdılar.
Əlif
Xocalı aeroportunun komendantı idi. Düşmənə
qalmasın deyə son anda aeroportun dispetçer məntəqəsini
partlatmış, kiçik dəstəsi ilə sağ qalan
Xocalı sakinlərinin Ağdam istiqamətindəki təhlükəsiz
əraziyə çıxmasına yardım etmişdi.
Düşmənlə qeyri-bərabər döyüşdə
Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev qəhrəmancasına
şəhidliyə qovuşmuşdular...
– Getdik irəli!..
Elnur birdən
maşını işə saldı. Sürətlə qəbristanlığın
alt tərəfindən dolanıb dağın döşü
ilə ağzıyuxarı, qaçqınların gəldiyi
yamaca dırmaşdı. Ermənilər
onları güllə yağışı ilə
qarşıladılar.
– Saxla, neynirsən?.. – Məzahir həyəcanla Elnurun qoluna
toxundu.
Elnur maşını
geri döndərib saxlasa da mühərriki söndürmədi. Xocalılar “Niva”nı görüb ona tərəf
qaçdılar. Düşmən gülləsi
onlardan neçəsini yerə sərdi.
– Tez, tez gəlin!.. – Elnur maşının qapısını
açıb onları tələsdirdi.
Son anda
düşmən gülləsi daha bir nəfəri haqladı. Köməkləşib
onu maşına qaldırdılar. O biri yaralıları
da götürüb ağzıaşağı
şığıdılar.
Güllələr
maşının gövdəsini deşik-deşik eləsə
də yaralıları təcili yardıma təhvil verib təzədən
geri qayıtdılar. Əvvəlki qorxu-hürküdən əsər-əlamət
qalmamışdı. Yalnız yaralıları
düşmən gülləsindən qurtarmaq haqqında
düşünürdülər...
Üçüncü
dəfə yaralıların dalınca gedəndə onlara mane
olmağa çalışdılar.
– Uşaqlar, daha bəsdi, –
dedilər. – Baxın, maşın güllələrdən
deşik-deşikdi.
Elnur fikir vermədi. Sükan
arxasına keçməyi ilə gözdən itməyi bir
oldu. Dağın döşündə
düşmən gülləsi maşının qabaq
şüşəsini ciliklədi. Elə
qızışmışdılar ki, bu da onları
qorxutmadı. İki yaralını
götürüb geri dönəndə uzaqdan daha iki nəfərin
əl-qol ata-ata onlara tərəf qaçdığını
gördülər. Elnurun gözləməyə səbri
çatmadı. Maşını irəli sürüb
onları da götürdü.
Güllələrdən
yayınmaq üçün sükanı o tərəf-bu tərəfə
döndərdiyinə görə maşın dərə-təpəlikdə
atılıb-düşür, hərdən az qalırda
sürüşüb böyrüstə çevrilsin.
İri bir daşın
yanından ötəndə bağırtı eşitdilər.
Ağır yaralıydı. Tərpənə bilmirdi. Elnur
maşını saxlayıb arxaya verdi. Məzahir tez
düşüb hıqqına-hıqqına onu yuxarı
qaldırdı. Maşındakıların köməkliyi ilə
yaralını qabaq oturacağa uzatdılar. Məzahir
qapını bayırdan örtüb Elnura dedi:
– Sən bunları apar, mən
bu daşın dalında gözləyirəm.
Aşağıda hamı həyəcanla
onları izləyirdi.
Birdən Elnurun
qulağının dibində sanki bomba partladı, aləm
gözündə qaraldı.
Düşmən bayaqdan ona
meydan oxuyan “Niva”nı qranataminamyotla vurmuşdu. Sağdan dəyən
zərbə maşını dağıtmış, Elnuru
huşsuz halda kənara atmışdı.
Elnur bir də
xəstəxanada ayıldı. Həkim onu gətirənlərdən
soruşdu:
– Xocalıdandı?
– Əşi, fərqi
nədi, görmürsən nə gündədi? – Onlar əsəbləşdilər.
O gün təkcə
xocalılar deyil, bütün ağdamlılar, hamı
xocalılıydı...
Eyvaz ZEYNALOV
525-ci qəzet.- 2011.- 23 fevral.- S.6.