Dərdin qan rəngi də
olarmış...
Dünyanın dərd yükünü çiyinlərinə götürən şair təbiətli insanlar çox həssas olurlar. Onlar millətin, xalqın ürəyinə, mənliyinə toxunan ən incə, “gözəgörünməz” mətləbləri belə daha tez anlayır, vaxtında həyəcan təbillərini döyəcləyib yatmışları, ya da özlərini dərin yuxuya dalmış kimi göstərənləri oyatmağa çalışırlar. Lakin bəzən nə qədər çalışsalar da, lazımi yerlərə, hədəf obyektinə səsləri çatmaz, ünləri yetməz, bəzənsə əksinə, böyük azadlıq mücadiləsinin önündə gedər, qılıncdan iti, kəsərli sözləri ilə ən güclü silahların belə edə bilmədiklərini həyata keçirərlər.
Vətəni azad, xalqını bəxtəvər görmək istəyən bu millət, el, yurd təəssübkeşləri qəlbini oyan dərdləri səssizcə içində çəkib, hərdən də öz-özüylə dərdləşiblər. Əslinə baxsan, çağdaş dünyamızda da onların varisləri az deyil. Bir də ki, dərd elə dərddir. Nə fərqi var, onu faciələr, ya ağ ölümlər yaradıb, ya qara günlər, ya da ki, başqa-başqa səbəblər, nəticə birdir, bu dərdi çəkənlərin qəlbi oyulub, dəlik-deşik olub... Amma sən demə, qəlbi oyan bu dərdin qan rəngi də olurmuş və həyat-yaşam nişanəsi olan qanın rəngi elə bu dərdin özünü də “həmişəyaşar” edirmiş...
Uca
Tanrının şairlik missiyasını daşımaq səlahiyyəti
verdiyi Ədalət Əsgəroğlu da məhz “qan rəngli”
dərdlərimizdən duyğulanıb və ağlamaqla
yüngülləşməyən, ovutmaqla ovunmayan, saxlamaqla
azalmayan, “atılması, satılması, udulması”
mümkünsüz olan “Xocalı faciəsi”nin üstündən
neçə illər ötsə də, minlərlə
Xocalı sakininin, onlarla bərabər bütün Azərbaycan
türklərinin ürəyinə dağ çəkən, əbədi
sağalmayacaq (yalnız erməni cəlladlarının əlində
olan Xocalı və digər rayonların işğaldan azad
olunacağı gün qaysaqlanacaq) yara vuran, müsibətlər
ələnən o müdhiş gecənin
unudulmadığını ürək ağrısı ilə
misralara çevirib. Zaman-zaman başına bəlalar gətirilən
qədim bir xalqın qan yaddaşını təzələmək
məramı ilə “Dərdin qan rəngi” poemasını
yaradıb, unutqanlığımızın doğurduğu
acıların, içindəki etiraz səsinin, üsyanın
ifadəsi olan bu əsərlə sanki faciənin səbəbkarlarına
qarşı bir ittihamnamə qələmə alıb:
Bu da torpaq deyil ki,
Arşın-arşın
ölçəsən,
Satqınlara yem edəsən...
çıxıb gedə
günlərlə,
aylarla, illərlə...
Bu yurdun ziyalısı, vətən
daşı ola bilən şairi nəsillərin nəsillərə
əmanət qoyduğu Ana torpağı göz bəbəyi
kimi qorumağın həyat qədər vacibliyini, bir namus məsələsi
olduğunu vurğulayır. Göstərmək istəyir ki, əldən
getmiş yurd yerlərimizi, gözəlim Qarabağı geriyə
qaytarmaq üçün “uzun-uzun yollara düşüb,
dünyanın hər tərəfinə üz tutub
sızlamaq, yaxamızı, üz-gözümüzü
cırmaq” artıq bir fayda verməz, bu yolda candan-başdan
keçmək, qan tökmək, lazım gələrsə,
candan-başdan keçmək gərəkdir... Abbas Səhhət
də belə deyirdi: –Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən!
“Tarixin səhifələrinə
axıracan, axar-baxarlı yerlərəcən, tükləri
ipək göyərçinlərin dimdiklərinəcən,
arxalı köpəyin boğazınacan, ağzınacan”
axıb ləbələb dolan qızıl qan şairi belə
bir ritorik sual qarşısında qoyur: – Nə əcəb, dərd
deyirlər buna?” İllər sonra onu sorğu-suala tutan
övladına:
Yox, oğlum dərd deyil bu!
Bu, müqəddəs bir can!
Can, can, can,
Bir də, bir də Azərbaycan!-
cavabını verir və
birbaşa vurğulayır ki, onu dərdə salan,
damarlarındakı qanı donduran tək Xocalı dərdi
deyil, tarixi azadlığına bir daha qovuşan Azərbaycanın,
müstəqilliyinin sevincini doya-doya yaşamadan erməni
vandallarının torpaq iddialarının – rus
imperiyasının siyasət maşınının
girdabına düşən böyük vətəninin dərdidir.
Və bu ədalətsiz savaşda ədaləti bərqərar
etmək uğruna verdiyi qurbanların, günahsız
axıdılan şəhid qanlarının dərdidir. Bu,
Xocalıdan Bakıyacan, “qan boyalı villalardan cana doymuş
çadıracan”, “BMT-dən ATƏT-əcən hədd-sədd
bilmədən hüdudları aşıb
maşın-maşın, vaqon-vaqon axıdılan qoca, cavan,
uşaq qanı”nın dərdidir. “525-ci qəzet”in “525 kitab”
seriyasından “Dünya ədəbiyyatı” dərgisinin dəstəyilə
Azərbaycan, rus, türk və ingilis dilində nəşr
olunan poemada quduz it kimi qana susayanların Xocalıda törətdikləri
faciələrin dünya tarixində analoqu
olmadığına diqqəti yönəldən, o dəhşətləri
ifadə etməyə əlahəzrət sözün belə
acizlik çəkdiyini etiraf edən Ə.Əsgəroğlu
yenə də ilahi sözə tapınır, onun mütləq
qüdrətinə inanır, uca Tanrıdan bu müqəddəs
iş üçün güc, qüvvət diləyir:
Görünməmiş bir
işdi bu,
şair canı.
Göstər sözün
qüdrətini,
göstər, şair!
Bu millətə, bu
torpağa
olan qəsdlər
ilahi söz istər,
şair!
“İçi-çölü
yeyilən Vətən!”in dərdindən söz açan
şair onu “Körpəsi sinəsinə mismarlanan”, bətnindəki
dölü qılınclanan, uşaqları süngülərin
başına sancılan, “döşləri kəsilərək
əmzik kimi ağızlarına basılan, belinə qaynar samovar
bağlanan, fələyin qıc olmuş yazılarında
azıb qalan” anaların, gözləri qarşısında
oğullarının başı kəsilən, bədəni
tikə-tikə doğranaraq min cür cismani təhqirlərə
məruz qalan ataların dərdi ilə eyniləşdirir, sonu
bilinməyən, bitib-tükənməyən, əlacı itkin
düşən dərdilə...
Lakin milli sərvətlərimizə,
neftimizə, başqa sözlə, qara qanımıza sahib
çıxan “dostlar”ın bu torpağın, yurdun sakinlərinin
günahsız axıdılan qırmızı qanına-dərdlərinə
yiyə durmamasından hiddətlənən Ə.Əsgəroğlu
bir gün bu dərdlərin öz həllini tapacağına,
doğma yurd intizarının bitəcəyinə inanır.
Qana ölüm, qana vicdan, qəhrəmanlıq,
qan yaddaşı, həm də “milli sərvət, millət
qanı, canlı tarix, soydaş, qardaş, vətəndaş”-
deyən şair bir gecədə yerlə-yeksan edilən
Xocalı adlı yaşayış məskəninin
başına gətirilən faciənin qurbanları
arasında, “üzü dan yerinə axan” qanlar içində
sinəsindən qan fışqıran bir qızılgül
qönçəsi görür. Bu qızılgül, kiprikləri
qırov tutan, dörd yanını alov saran, “qan-qan!” deyib
qışqıran bir qızcığazın obrazıdır.
Bu, o gecə doğulan faciənin özüdür. Xəyallarda
böyüyən qızcığaz da həmin faciənin
yaşıdıdır, indi qaranlıq qalan suallara cavab tapmaq,
uğradıqları faciənin səbəblərini öyrənmək
ümidilə haralarasa üz tutub gedir. Şair ürək
ağrısı ilə
Yolun hayanadı, bala,
uzağamı?
Çox gedərsən
yorularsan,
Acı-acı tənələrdən
qovrularsan, xırman kimi
sovrularsan, getmə uzun...
– deyərək qəhrəmanına
yol göstərir, tövsiyə verir: “Çevrələnmiş,
nişanlanmış yer üzündə durma, qanad aç,
göylərə uç, mələklərə xəbər
apar, söylə ki, bir südəmər körpə idim, qana
düşdüm, yaşım artdı on beş oldu”, ancaq məni
qana salanlar hələ də öz cəzasını çəkməyiblər.
Qan sözünün metaforik çalarlarından, rəmzi mənalarından
istifadə etməklə uğradığımız fəlakətlərin
miqyasını oxucularına duyuran müəllifin “ağır
batman fərmanlarla bizim olan bizim olmayanların-bizim yerlərin
və dünyanın super dövlətlərinin biganəliyinin
dərdini, xiffətini çəkməyə sanki daha tabı
çatmır, əli yerdən-əfəndilərdən
üzüldüyünə görə, göylərə-mələklərə
üz tutur... Şairin gəldiyi qənaət də məhz
budur:
Dövlətlər var
azman-azman,
Keçməz bir
qaşıq qanından
bəs biz niyə keçək
axı?
Bu boyda qan...
bu yolda can
niyə olmur sənə
qurban,
Azərbaycan!
Sənə qurban, Azərbaycan!
Burada şairin öz Vətənini,
dövlətini qüdrətli, qüvvətli görmək
arzusu duyulur, səxavətli, ürəyi və süfrəsi
hər kəsin, hər ölkənin üzünə
açıq olan xoşniyyətli xalqının dərd-qəmsiz,
bəxtəvər olduğunu görmək istəyi də
yansıyır.
Həcmcə kiçik, mənaca
böyük olan bu poemanın baş qəhrəmanı Azərbaycandır.
Və bir də son iyirmi ildə yaşadığı faciələrin,
dərdlərin qan rəngi... “Dərdimizin qan rəngi” oxuyub
göz yaşı tökmək üçün
yazılmayıb. O, əzəli-əbədi düşmənlərimiz
– erməni vandalları ilə mübarizəyə
çağırışdır, yaddaşlarımızı
təzələməyə, kimliyimizi, hardan gəlib haraya
getdyimizi bir daha xatırladan bədii əsərdir. Biz
hamımız bir gün Xocalısına, Şuşasına,
Laçınına, Kəlbəcərinə, Zəngəzuruna...
qovuşacağı günü gözləyən bir
ananın – Azərbaycanın övladlarıyıq, şair Ədalət
Əsgəroğlu da həmçinin. O, demək istədiklərini,
eləcə də on beş (artıq on doqquz) il ürəyində
qövr eləyən, üstündən uzun illər keçsə
də, qaysaqlanmayan, bir düşüncə adamı kimi qəlbini
yandırıb-yaxan Xocalı dərdini, itirdiyimiz yurd yerlərinin
ağrısını məhz bu hisslərlə misralara
çevirib. Düşünürəm ki, bir qəlbin
çırpıntılarını əks etdirən, bizi xəyalən
o müdhiş faciələrin baş verdiyi məşum gecəyə
aparan misraları oxuyan hər kəsin “torpaqdan pay olmaz”
hökmüylə yumruqları düyünlənəcək,
damarlarında qanı coşacaq, ürəyi qisas atəşiylə
yanacaq... Əgər qisas alınmazsa, cinayətkar Ermənistan
dövləti bəşəri cinayətlərinin bədəlini
ödəməzsə, qana sevdalıların bədnam
sevdası öldürülməzsə, bütün göy
üzü də qan rənginə boyanacaq, qana boyanmış
yer üzü kimi göy üzü də bölünəcək,
ta dünya yenidən doğulanacan:
Dərdin qan rəngi...
qan,qan, qan!
Boya göy üzünü,
Göy üzü
bölünənəcən,
Bürü yer
üzünü
Bu sevda ölənəcən
!
Dünya yenidən
doğulanacan !
Esmira FUAD,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 24 fevral.- S.7.