Antikorrupsiya tədbirləri paketinin təqdimatı keçirilib

 

VÜQAR BAYRAMOV: “İQTİSADİYYATIN BÜTÜN SAHƏLƏRİNDƏ STRUKTUR İSLAHATLARININ APARILMASINA EHTİYAC VAR”

 

Dünən İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və dayanıqlı nəticələrin əldə edilməsi məqsədilə hazırladığı Anti-Korrupsiya Tədbriləri Paketinin təqdimatını keçirib. Millət vəkillərinin, dövlət komitələrinin, nazirliklərin nümayəndələrinin iştirak etdiyi tədbirdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov çıxış edərək, İSİM-in hazırladığı təkliflər paketinin əsas məqsədindən danışıb. Bildirib ki, hazırlanmış paket iqtisadiyyatın bütün sahələrində struktur islahatlarının aparılmasını nəzərdə tutur:

“Antikorrupsiya tədbirləri çərçivəsində struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir. İslahatlar nəticəsində “Azərsu” “ ASC-nin Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinə birləşdirilməsi və hər iki qurumun bazasında yeni agentliyin- Dövlət Su Agentliyi yaradılması, “Azərenerji”SC-nin Dövlət Neft Şirkətinə birləşdirilməsi, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin tərkibində idarə formasında fəaliyyət göstərməsi, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilməsi, Sosial Müdafiə Fondunun ləğv edilərək departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi, Sənaye və Energetika Nazirliyinin ləğv edilərək, funksiyalarının bir qisminin Neft Şirkətinə verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq Energetika Departamentinin formalaşdırılması təmin olunmalıdır”. İqtisadçı həmçinin sahibkarlıq subyektləri və əhali ilə daha çox işləyən nazirliklərdə Müşahidə Şuralarının yaradılmasını da vacib sayıb. Onun qənaətinə görə, bu şuraların tərkibinə yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil edilməlidir: “İdxal-ixrac əməliyyatları üzrə Əlavə Dəyər Vergisi üzrə ödənişlərin Dövlət Gömrük Komitəsi tərəfindən alınması ləğv edilməli və bu iş Vergilər Nazirliyinə həvalə edilməlidir. Eyni zamanda xarici ticarət əlaqələrində korrupsiya səviyyəsinin azaldılması məqsədilə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü prosesinin sürətləndirilməlidir. Antikorrupsiya tədbirlərinin tərkib hissəsi kimi İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki Antiinhisar Departamenti nazirlikdən ayrılaraq Rəqabətin Müdafiəsi Agentliyi yaradılmalıdır. Agentliyə bazara müdaxilə, inhisar hallarının qarşısının alınması üçün ciddi səlahiyyətlər verilməlidir. Hansıki MDB-nin əksər ölkələrində Rəqabətin Müdafiəsi Agentliyi fəaliyyət göstərir. Bundan əlavə dövlət şirkətlərinin audit yoxlamaları beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Çünki Şəffaflığın Gücləndirilməsi və Korrupsiyaya Qarşı Mübarizə Milli Strategiyasında beynəlxalq standartların tətbiq edilməsi bu sahədə vacib elementlərdən biri kimi hesab edilir.Vergi Məcəlləsi üzrə risk təhlili aparılmaldır. Müstəqil və tanınmış xarici şirkət tərəfindən həyata keçirilməsi tövsiyə edilən bu təhlil məcəllənin korrupsiya üçün hansı imkanlar yaratdığını müəyyənləşdirə bilər”. V.Bayramov bildirib ki, elektron hökümətin elementlərindən yalnız biznesdə deyil, dövlət qurumlarının fəaliyyətlərində də istifadə olunmalıdır:

 “Arayışlar və tələbnamələr elektronlaşdırılmalıdır. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə vətəndaşların kommunal xidmətlərə borcu, yaşayış yerləri ilə bağlı arayışlar elektronlaşdırılıb. Vətəndaşlar heç bir dövlət qurumuna müraciət etmədən arayışları çap edirlər. Həmçinin Vergilər Nazirliyi tərəfindən “Elektron audit” sisteminin tətbiqi həyata keçirilməlidir. Sistemin reallaşdırılması audit işində şəffaflığın artmasına və audit proseslərinin asanlaşdırılmasına səbəb ola bilər. Elektron ticarətin inkişafı üçün bu sahə ƏDV-dən azad edilməlidir. Bu elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı e-ticarətin daha da leqallaşdırılmasına səbəb ola bilər.Bir sıra Avropa ölkələrində olduğu kimi rüblük bəyannamələr illik hesabatla əvəz edilməlidir. Belə halda vergi müfəttişləri ilə sahibkarların birbaşa ünsiyyəti azalar”. Daha sonra Təkliflər Paketi ətrafında müzakirələr aparılıb. Çıxış edən millət vəkili Qüdrət Həsənquliyev korrupsiyaya qarşı mübarizənin effektiv aparılması üçün siyasi islahatların həyata keçirilməsini vacib hesab etdiyini söyləyib: “İdarəetmədə islahatlar aparılmalıdır. Eyni zamanda ölkədə böyük özəlləşdirmə keçirilməlidir.Azərbaycan Dövlət Neft Şirkəti özəlləşdirilməlidir”.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinnin sədri Qubad İbadoğlu isə struktur islahatları çərçivəsində Sosial Müdafiə Fondunun ləğv edilərək departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsindən daha çox qeyri-dövlət pensiya fondlarının yaradılmasını məqbul sayıb. Millət vəkili Fəzail Ağamalı korrupsiyaya qarşı mübarizənin effektli olmasında ictimai nəzarətin mühüm olduğunu vurğulayıb. Qeyd edib ki, struktur islahatları çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyinin ləğv edilməsi deyil, fəaliyyətinin genişləndirilməsi vacibdir: “Azərenerji” isə bu nazirliyə birləşdirilməlidir. Bütün sferalarda nağd hesablaşmalar aradan qaldırılmalıdır. Bu gün lisenziyalar üzrə rüsumların məbləğləri bəlli deyil. Belə məsələlər həll edilməlidir”.

 Millət vəkili Fazil Mustafa İSİM-in hazırladığı Təkliflər Paketini proqram şəklində işlənib deputat qrupu tərəfindən Nazirlər Kabinetinə təqdim olunmasını təklif edib.

Tədbirdə Təhsil, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Ədliyyə Nazirliklərinin, Dövlət Neft Fondunun, Gömrük Komitəsinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də qeyri-hökümət təşkilatlarının rəhbərləri də çıxış edərək öz fikirlərini bölüşüblər.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 24 fevral.- S.2.