“XX əsr Dünya Təsviri İncəsənəti” kitabının
təqdimatı keçirildi
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında əməkdar incəsənət xadimi, tanınmış sənətşünas alim Leyla Axundzadənin “XX əsr Dünya Təsviri İncəsənəti” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva ömrünün böyük bir hissəsini elmi-pedaqoji fəaliyyətə, incəsənətə həsr edən Leyla Axundzadənin kitabının XX əsr dünya təsviri incəsənətində baş verən əsas hadisələr, ən müasir bədii cərəyanlar və üslublar haqqında məlumat verdiyini, dövrün ən görkəmli rəssamlarının yaradıcılığından bəhs etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən akademiyanın prorektoru Validə Abbasova qeyd edib ki, kitab ali məktəb tələbələri üçün dərslik kimi, həm də mütəxəssislər, sənətşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub: “XX əsrin ən görkəmli rəssamlarının əsərlərindən ibarət illüstrasiyalar oxucularda sözügedən rəssamların yaradıcılığı, üslub və cərəyanlar haqqında təsəvvür oyatmağa xidmət edir. Leyla Axundzadənin kitabı XX əsr dünya təsviri incəsənəti haqqında Azərbaycan dilində yazılan ilk kitabdır”.
Məlumat üçün bildirək ki, müəllifin ön sözü ilə başlayan kitab 4 fəsildən ibarətdir: I fəsildə XIX əsrin sonu, XX əsrin əvvəllərində təsviri incəsənətdə yeni təmayüllərin meydana gəlməsindən, II fəsildə XX əsrin birinci yarısında dünya təsviri incəsənətindəki bədii cərəyanlardan, III fəsildə XX əsrin ikinci yarısında dünya təsviri incəsənətindəki bədii cərəyanlardan bəhs edilir, IV fəsildə isə XX əsr Azərbaycan təsviri incəsənətinin əsas inkişaf təmayülləri haqqında məlumat verilir.
Qeyd edək ki, kitab ilk dəfə 2007-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə çap olunsa da təqdimat mərasimi keçirilməyib. Kitabın bədii tərtibatı və dizaynı Fəxriyyə Məmmədovaya məxsusdur.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 25 fevral.- S.7.