Mübariz Qurbanlı: “Korrupsiyaya
qarşı mübarizə ilə bağlı atılan
addımlar hansısa hadisənin nəticəsi deyil”
MÜSAHİBİMİZ YENİ AZƏRBAYCAN PARTİYASI
(YAP) İCRA KATİBİNİN MÜAVİNİ
MÜBARİZ QURBANLIDIR
– Ərəb
dünyasında baş verən hadisələrin Azərbaycana
heç bir dəxli yoxdur. Bu hadisələr Ərəb
dünyasındakı proseslərin məntiqi nəticəsidir.
Azərbaycan tamamilə bu proseslərə uyğun, yaxın
olmayan bir ölkədir və bu cür hadisələrdən
“ruhlanan” bəzi müxalifət qüvvələri 18 ildir bu “əhval-ruhiyyə”dədir.
Serbiyada, Balkanlarda gedən proseslərdən
başlamış, Ukraynada, Gürcüstanda,
Qırğızıstanda, indisə Ərəb
dünyasında baş verən hadisələrə qədər
onlar bu “əhval-ruhiyyə” içərisindədirlər. Amma
həyat göstərdi və göstərir ki, onlar
yanılırlar. Bu, onların gerçəkləşməyəcək
xülyasıdır, xəyalplovu az yesinlər...
– Sizcə, bu hadisələr
təbii proseslərin məntiqi nəticəsi olaraq baş
verir, yoxsa digər kənar qüvvələrin, ABŞ
başda olmaqla, Qərb güclərinin təsiri, gizli və
ya açıq dəstəyi ilə?
– Bilirsiniz, ərəb
ölkələrinin biri digərindən fərqlidir və Ərəb
dünyasında baş verən hadisələrin hər biri
ayrıca təhlil tələb edir. Ümumiyyətlə, bu məkənda
– hər bir ölkədə baş verən hadisə
özünəməxsus prosesin məntiqi nəticəsidir. Tutaq
ki, Misirdə baş verən hadisə ilə Bəhreyndə
baş verən olayın eyni səbəbi yoxdur. Bunların fərqləri
var. O ki qaldı xarici amillərə, əlbəttə, bu və
ya digər ölkələrdə baş verən hadisələrdə
geopolitik maraqları olan dairələrin iştirakı
mümkündür, istisna deyil. Amma bu barədə yalnız
konkret faktları olan ərəb mütəxəssisləri
danışa bilər.
– Liviyada baş verən hadisələrlə
əlaqədar bu ölkənin rəhbəri Müəmmər
Qəzzafi Türkiyəni casusluqda, etirazçılara
qarşı divan tutulmasına rəhbərlik edən oğlu
isə “biz Liviyanı türklərə və italyanlara verməyəcəyik”,
– deyə ittihamladı. Necə hesab edirsiniz, qardaş
Türkiyəyə yönəlmiş bu ittihamların hər
hansı bir əsası varmı?
– Türkiyə böyük ölkədir və onun ərəb ölkələrində, o cümlədən Liviyada müəyyən investisiyaları var. Burada xeyli sayda – minlərlə türk iş adamı çalışır. Təbii ki, türk iş adamlarının investisiyalarının təhlükəsizliyinin təmin olunması və qorunması istiqamətində Türkiyə dövləti və hökumətinin apardığı işlər təqdirəlayiqdir, bunlar olmalıdır. Türkiyə öz iş adamlarının orada investiyalarını qorumaq istiqamətində müəyyən addımlar atıb və atmaqdadır. Amma xüsusi olaraq, Türkiyə Liviyada gedən prosesə hansısa bir formada müdaxilə edib və ya burada bu proseslərə təkan verib, tezisini qəbul etmirəm. Ona görə ki, Türkiyə başqa dövlətlərin daxili işlərinə qarışmır. Liviyadakı hadisələr oradakı mövcud hakimiyyətin yürütdüyü siyasətin, onun yol verdiyi nöqsanlarının nəticəsidir.
– Türkiyəli mütəxəssislər, ekspertlər, politoloqlar belə bir mövqe də sərgiləyirlər ki, Ərəb dünyasında baş verən hadisələr Afrikadan, ərəb ölkələrindən tutmuş Fars körfəzi ölkələrinə qədər uzanan ərazidə ABŞ-ın yeni dövlətlər yaratmaq planının bir tərkib hissəsidir...
– ABŞ-ın “Ortaq Doğu” layihəsi deyilən bir proyektinin olduğu haqda fikirlər tez-tez səsləndirilir. Amma bununla belə, bütün dünyada baş verən hadisələri ABŞ-a bağlamaq da bir az məntiqli olmazdı. Təbii ki, ABŞ super ölkə, Avropa İttifaqı super güc, elə Rusiyanın özü müəyyən mənada təsir dairəsi olan bir ölkə kimi bu və ya digər hadisələrə təsir edə bilər. Müəyyən mənada bu hadisələrin iştirakçısı da ola bilər. Amma bütün bu proseslərin ABŞ tərəfindən idarə olunmasını söyləmək, ABŞ-ın yenidən fövqəldövlət, təkqütblü dünyanın lideri olduğunu təkrar söyləmək kimi bir iş olardı.
– Sizcə, bu hadisələrin Türkiyə başda olmaqla, bütövlükdə Türk dünyası ölkələrinə də hər hansı bir təsiri ola bilərmi?
– Azərbaycan da, Türkiyə də demokratik ölkələrdir və bizim ölkələrə bu cür hadisələrin təsiri yoxdur. Ona görə ki, bizim iqtisadi inkişaf modelimizdən başlamış mentalitetimizə qədər fərqli cəhətlərimiz var və bu gün bəzi dairələrin bu hadisələrdən “ruhlanaraq” yanlış tezislər ortaya qoyması da tamamilə faktlara və məntiqə söykənmir.
– Orta Asiya türk cümhuriyyətləri ilə bağlı nə deyərdiniz?
– Orta Asiya ölkələrinin də öz inkişaf yolu var və bu baxımdan inanmıram ki, bu hadisələrin bu məkanda da hansısa əks-sədası olsun.
– Yeri gəlmişkən, belə fikirlər də səslənməkdədir ki, son günlər Azərbaycanda başlanan antikorrupsiya tədbirləri məhz Ərəb dünyasında baş verən və yaşanan hadisələrlə bağlıdır...
– Bu fikirləri, bu
iddialları da ortaya atanlar tamamilə yanılırlar. Azərbaycanda
antikorrupsiya tədbirləri daimi xarakter daşıyır. Eyni
zamanda, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar
parlamentdə qəbul olunmuş qanunlardan tutmuş korrupsiyaya
qarşı mübarizə tədbirlərinə qədər
bütün proseslər mütəmadi və ardıcıl
xarakter kəsb edir. Nazirlər Kabinetinin sonuncu müşavirəsində
prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə
ilə bağlı fikirlərini bəyan edəndə
heç Ərəb dünyasında məlum hadisələr
baş verməmişdi. İkincisi də bizim ölkədə
korrupsiyaya qarşı mübarizə ilə bağlı
atılan addımlar kiməsə xoş gəlmək naminə
və ya hansısa hadisənin nəiticəsi deyil. Bu, bizim
apardığımız siyasətdir, prezidentin siyasətidir və
bu siyasət bütün sahələrdə gedir. Korrupsiyaya
qarşı mübarizə iqtisadi yolla aparılır və bu
daha çox effekt verir. İnzibati yolla mübarizə iqtisadi
yolla aparılan mübarizənin, sadəcə, davamı ola
bilər.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 25 fevral.- S.5.