“Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı”

 

VƏKİL ASLAN İSMAYILOVUN EYNİADLI KİTABININ TƏQDİMATI KEÇİRİLDİ

 

Dünən “TOLERANS” İctimai Birliyinin təsisçisi, vəkil Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabının türk, rus, ingilis dillərinə tərcümə olunmuş nüsxələrinin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Aslan İsmayılov əvvəlcə Sumqayıt hadisələrindən, həmçinin bu olayla bağlı cinayət işi ilə necə tanış olmasından söhbət açıb. O, Rusiya Federasiyasının Zelençuk Rayon Xalq Məhkəməsinin sədri işləyən zaman Sumqayıtda “azərbaycanlıların ermənilərə qarşı misli görünməyən vəhşiliklər törətməsi” barədə xəbərlər eşitdiyini dilə gətirib: “1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirdikdən sonra mən 1983-1986-cı illərdə Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov Rayon Xalq məhkəməsinin hakimi vəzifələrində işləmişəm. 1986-1989-cu illərdə isə Stavropol diyarının Zelençuk Rayon Xalq Məhkəməsinin sədri olmuşam. 1988-ci ilin fevral ayında Sumqayıtda məlum hadisələr baş verəndən sonra azərbaycanlılar bütün dünyaya vəhşi bir millət kimi təqdim olunurdu. Bütün mətbu orqanlarda yayımlanan məlumatlar mənə utanc hissi verirdi. Tanıdığım hər kəs mənə təəccüb, peşimançılıq dolu gözlərlə baxırdı. Hər kəs Sumqayıtda azərbaycanlıların guya ermənilərin başını kəsib top oynaması, hamilə qadınların qarınlarını yarıb uşaqlarını çıxarması kimi “vəhşiliklərdən” danışırdı. Mənim nə Sumqayıtda, nə də Bakıda yaşayan heç bir qohumum və ya tanışım var idi ki, onlardan baş verənləri öyrənə bilim. Qapalı rejimlərdə hökmranlıq edən informasiya qıtlığından isə danışmağa dəyməzdi. O dövrdə mətbuata ancaq lazım olan qədər informasiya verilirdi. Lazım olan informasiya isə “azərbaycanlıların ermənilərə qarşı misli görünməyən vəhşiliklər törətməsi” idi”.

Müəllif Sumqayıt hadisələrindən sonra onun yaşadığım bölgəyə ermənilərin axınının başladığını və yeganə azərbaycanlı ailəsi olduğu üçün dəfələrlə ermənilərin təzyiqləri ilə rastlaşdığını bildirib. Bu səbəbdən o, Bakıya köçdükdən sonra respublika prokuroru İlyas İsmayılovun istəyi ilə Sumqayıt hadisələri üzrə bir cinayət işində dövlət ittihamçısı qismində çıxış elədiyini bildirib. Qeyd edib ki, həmin andan etibarən də Sumqayıt hadisələri barədə həqiqətlərin üzə çıxmasında maraqlı olub: “Bu səbəbdən xeyli vaxt idi ki, Azərbaycana köçməyi planlaşdırırdım. 1988-ci ilin sentyabr ayında növbəti məzuniyyət ərəfəsində Bakıda olarkən, o zamankı baş prokuror İlyas İsmayılovla görüşdüm və o mənə Respublika Prokurorluğunun Mərkəzi Aparatında işə qəbul olunmağım barədə razılıq verdi. Bakıya köçüb təklif edilən işdə çalışmağa başlayandan bir müddət sonra İlyas İsmayılov mənə Sumqayıt hadisələri üzrə bir cinayət işində dövlət ittihamçısı qismində çıxış etməyi təklif etdi. Bu cür cinayətin törədilməsinə azərbaycanlıları nəyin vadar etməsini öyrənmək mənim üçün həddindən artıq maraqlı olduğundan, təklifi dərhal qəbul etdim. Beləliklə də “Qriqoryan işi” adlı məşhur olan Eduard Qriqoryan və 6 azərbaycanlının cinayət işində dövlət ittihamçısı oldum və həmin andan etibarən işlə tanışlığa başladım. Cinayət işi ilə tanış olarkən təqsirləndirilənlər arasında erməni soyadı dərhal diqqətimi çəkdi. Kim idi bu erməni? Nəyə görə o, millətinə qarşı cinayətdə iştirak edirdi? Niyə ermənilər tərəfindən bu qədər haqsızlığa uğradıqlarını iddia edən kütlə məhz ermənini öz sıralarına almışdı? Bütün bu suallara cavab axtarışları məni doğru istiqamətə apardı. Birmənalı şəkildə mənə məlum oldu ki, bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin planına uyğun olaraq, ermənilər tərəfindən törədilib”.

A.İsmayılov baş vermiş təxribatlarda E.Qriqoryanın əsas fiqur, kütləni təşkilatlandıran, idarə edən və yönləndirənlərdən biri olduğunu deyib. Eduard Qriqoryan ekstremal situasiyalarda belə soyuqqanlıqla özünə alibi düzəltməyi bacaran, qəddar, hiyləgər, başqalarına təsir etmək bacarığına qadir cinayətkar olub: “E.Qriqoryan 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində kütləvi iğtişaşlarda fəal iştirak edərək xuliqanlıq edən şəxslər qrupunu dəfələrlə erməni millətindən olan vətəndaşların mənzillərini talan etməyə çağırıb. Bütün bu hadisələr nəticəsində 26-sı erməni, 6-sı azərbaycanlı olmaqla ümumilikdə 32 nəfər öldürülüb. Amma ermənilər bunun əksinə olaraq, dünyaya haray-həşir salıblar ki, guya Sumqayıtda minlərlə günahsız erməni azərbaycanlılar tərəfindən qətlə yetirilib. Zərərçəkənlərin ifadələri isə göstərib ki, azərbaycanlılar heç də təqdim edildikləri kimi “vəhşi” olmayıblar. Onlarda ermənilərə qarşı təsvir olunduğu sayaq nifrət də yox imiş. Əksinə azərbaycanlılar Sumqayıtda baş verən iğtişaşlar zamanı öz canları və təhlükəsizlikləri bahasına erməniləri xilas etməyə çalışıblar. Bunu iş materiallarında həm təqsirləndirilənlər, həm də zərərçəkən ermənilərin özləri də ifadələrində dəfələrlə açıq şəkildə təsdiqləyiblər”.

Müəllif “Qriqoryan işi”ndə dövlət ittihamçısı vəzifəsini yerinə yetirərkən, təqsirləndirilənlərin öz ifadələrində qara plaşlı naməlum adamlar barədə danışmasına da toxunub. Bildirib ki, sözügedən şəxslər DTK işçiləri olub və Qriqoryana xüsusi tapşırıqlar verməklə, Mərkəzin planını həyata keçiriblər: “Hazırda Bakı şəhərinin Nizami Rayon Prokurorluğunun prokuror kriminalisti Niyazi Vəlixanov o zaman istintaq qrupunun üzvü olub. Onunla söhbət edərkən dövlət ittihamçısı olduğum cinayət işini yaxşı bilən, istintaq qrupunda müstəntiq olan bir nəfər DTK polkovnikinin adını çəkdi. O, Moskva yaxınlığındakı vilayətlərin birinin DTK-sında müstəntiq işləyirdi. Bəzi məsələləri öyrənmək üçün N.Vəlixanovdan məni həmin polkovniklə əlaqələndirməsini xahiş etdim. Beləliklə, təşkil etdiyim “qonaqlığa” həmin polkovnik də gətirildi. Onunla söhbət zamanı iş təcrübəsindən və sairdən söhbətlər etdik. Polkovnikin artıq özünü tamamilə professional birisi kimi təqdim etdiyi məqamda, etiraz etdim və dedim: “Axı siz necə peşəkarsınız ki, mən DTK işçisi olmaya-olmaya, Sumqayıt hadisələrinin təşkil olunduğunu işdən görə bilirəm, siz isə peşəkar olduğunuzu iddia etdiyiniz halda, bunu görə bilməyibsiniz?” Sözlərim ona çox pis təsir etdi və dərhal kobud cavab verdi: “Sən özündən çox razısan. Mən bu işin mahiyyətini yaxşı bilirəm. İşin nəinki təşkil olunduğunu, hətta kimlər tərəfindən edildiyini də müəyyənləşdirmişik”. Daha sonra o, işdə adı keçən və məndə əsaslı şübhələr yaradan həmin qara plaşlıların şəxsiyyətini müəyyən etdiklərini, hətta onların foto-şəkillərini Qriqoryanın arvadına, təqsirləndirilən şəxslərin bəzilərinə təqdim etdiklərini və onların həmin şəxsləri tanıdıqlarını, məhz onların bu hadisələrin təşkilatçıları olduqlarını, sonra isə Özbəkistana getdiklərindən xəbərdar olduqlarını vurğuladı. Polkovnikin dediyinə görə, o, hadisələrin təşkilatçılarının yerini dəqiq müəyyənləşdirərək, qalkinin yanına gedib və həmin adamları Özbəkistandan gətirmək üçün ezamiyyət vərəqəsinə qol çəkməsini xahiş edib. Qalkin isə Sov. İKP MK-nın baş katibi M.S.Qorbaçovun “Sumqayıt hadisələri xuliqan elementlərin işidir” fikrini xatırladaraq, işi məhz bu cür sona çatdırmağın vacib olduğunu bildirib. DTK polkovniki etiraf etdi ki, Sumqayıt işini savadsızlıqlarından deyil, məhz bu səbəbdən belə tamamlayıblar. Qısa müddət sonra Oş, Fərqanə hadisələrinin baş verməsi də qara plaşlıların Özbəkistana məhz bu məqsədlə getdikləri ehtimalını yaratdı. SSRİ dağıldıqdan sonra çoxlarına bəlli oldu ki, SSRİ DTK-da Afrika, Asiya ölkələrində iğtişaşlar, dövlət çevrilişləri təşkil edən xüsusi qurum olub. İstisna olunmur ki, həmin qara plaşlılar da o qurumun əməkdaşlarıymış”.

A.İsmayılov bildirib ki, kitabın hazırlanması ermənilərin ciddi cəhdlə Sumqayıt hadisələrini azərbaycanlıların boynuna qoymağa çalışmasına qarşı mübarizə aparmaq zərurətdən yaranıb: “Sonralar dəfələrlə Sumqayıt hadisələri barədə gördüklərim və eşitdiklərim haqqında kitab yazmaq fikrinə düşsəm də, bu ideyanı özümə çox da yaxın buraxmamışam. Ona görə ki, əvvəla, hər iki xalqın köhnə yaralarını təzələmək istəməmişəm, ikincisi də, belə hesab etmişəm ki, bu, daha çox peşəkar tarixçilərin işidir. Ancaq ötən illərdə baş verənləri bir daha götür-qoy edəndən sonra əvvəlki mövqeyimə yenidən nəzər salmalı oldum. Saysız-hesabsız erməni siyasətçiləri, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çevirmişdilər. Bu vicdansız spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi və saytlar ortaya çıxıb. Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini, özü də ən vicdansız formada bütövlükdə Azərbaycan xalqının üzərinə yıxmaq idi. Vaxt gələcək, tarixi saxtakarların sələfləri bu saxta materialları arxivlərdən çıxaracaq və “başıbəlalı erməni xalqı”nın bu dəfə artıq Sumqayıtda məruz qaldığı “soyqırım” haqqında yeni bir uydurmanı beynəlxalq ictimaiyyətə təqdim edəcəklər. Bunların nəticə etibarilə nəyə gətirib çıxarması 1915-ci ildə Türkiyədə baş vermiş hadisələr nümunəsindən hamımıza yaxşı məlumdur. İstər o illərdə, istərsə də sonrakı dövrdə Türkiyə tərəfinin, faktiki olaraq, susduğu bir şəraitdə erməni millətçilərinin dərc etdirdiyi on minlərlə kitab və məqalənin doğurduğu əks-səda bu gün də eşidilir. Hesab edirəm ki, bitib-tükənmək bilməyən bu yalan, böhtan, uydurmalar axınına qarşı Sumqayıt hadisələrinin bütün aspektlərinə dair sənəd və sübutlarla, dəlillərlə əsaslandırılmış araşdırmalar təqdim edilməli, həmin araşdırmalarda Sumqayıt hadisələrini qızışdıranların hər birinin rolundan, hakimiyyət orqanlarının davranışından tutmuş, yüksək sovet instansiyalarının bu hadisələrə aşkar müdaxiləsinə qədər bütün məqamlar açıqlanmalıdır. Əgər Azərbaycan tərəfi hərəkətə gəlməsə, şübhəsiz ki, Sumqayıt hadisələri də əleyhimizə çevriləcək əsas ideoloji silahlardan olacaq. Məni əlimə qələm götürməyə sövq edən də məhz bizi gözləyən bu təhlükənin qarşısını vaxtında almaq istəyidir”.

Müəllif kitabdakı materialların o zamanın cinayət işi və məhkəmə materialları əsasında hazırlandığını söyləyib. Nəşrdə yer alan məqamlara toxunan A.İsmayılov kitabda adı hallanan hakim Mənsur İbayevin cinayətkarların məhkəməsi zamanı sərgilədiyi mövqedən də söhbət açıb: “Hadisələrdən sonra M.Qorbaçov demişdi ki, Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib. Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin üstünün ört-basdır edilməsilə nəticələndi. O zaman Sumqayıt hadisələri ilə bağlı həbs edilmiş Əhməd Əhmədovun məhkəmə prosesi qanuna zidd olaraq, Azərbaycanda deyil, Moskvada keçirildi. Mərkəzin xeyir-duası və bütün dünya mətbuatının iştirakı ilə erməni millətçiləri Silva Kaputikyan, Zori Balayan və onların muzdlu nökərlərinin dəstəyi sayəsində Moskvada məhkəmə yox, əsl “şou” düzənləndi. Ə.Əhmədovun təqsirləndirilən şəxs kimi adi insani haqları belə pozuldu. Həmin prosesdə onunla birlikdə icraçı qismində məsuliyyətə cəlb edilib həbs olunan 2 nəfər azərbaycanlının işi məhkəmədə sübuta yetirilmədiyindən, əlavə istintaqa qaytarıldı. Məhkəmə prosesində cinayəti sübuta yetirilməyən Əhməd Əhmədov güllələnmə hökmünə məhkum edildi. Az sonra bu ölüm hökmü tələm-tələsik icra edildi. Axı icraçıların kim olduqları müəyyənləşdirilməyibsə, Ə.Əhmədov nəyi təşkil edə, kimlərə göstəriş verə, kimlərə rəhbərlik edə bilərdi? Məhkəmə bunları nəzərə almadı və Ə.Əhmədov təqsiri sübuta yetirilmədiyi halda güllələndi. E.Qriqoryan isə təşkilatçı kimi cinayəti tamamilə sübuta yetirildiyi halda, 12 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ardınca isə o cəzasını “çəkmək” üçün Rusiyaya aparıldı. Bundan sonra cinayətkar E.Qriqoryanın taleyinin necə olması bəlli deyil. Mən əminəm ki, kitabdakı materiallarla tanış olan hər bir hüquqşünas məhkəmənin nə dərəcədə qeyri-obyektiv yekunlaşdığının şahidi olacaq. Məhz Azərbaycan rəhbərliyinin və şəxsən Mənsur İbayevin cəsarətsizliyi və qətiyyətsizliyi ucbatından Qriqoryanın, digər təşkilatçıların, eyni zamanda sonradan bunların vasitəsilə Mərkəzin başında dayanan Qarbaçovun Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər vaxtında ifşa olunmadı”.

Mərasimdə www.sumgayit1988.com saytının təqdimatı da keçirilib. Azərbaycan, ingilis və rus dillərində olan saytda “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabının elektron variantı, həmçinin Sumqayıt hadisələri ilə bağlı video roliklər yerləşdirilib.

Təqdimat mərasimində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.5.