“ NƏ BİZ OLMUŞUQ, NƏ O”
1970- ci ilin avqustu idi. On
beş yaşın içində idim onda. Axşamüstü
rayon mərkəzindən qayıdan atam adəti üzrə mənə
təzə bir kitab gətirmişdi. Meşin üzlü,
yaşıl cildli bu kitabın adı- “Qaytar ana borcunu”- adama “
məni oxu” deyirdi. Kitabın müəllifinin adı isə mənə
tanış deyildi. Həmin gün o kitabı axıra qədər
oxudum. Məni ən çox tutan kitaba adı verilən “
Qaytar ana borcunu” şeiri oldu. O avqust gecəsi səhərə
kimi yatmadım. Çünki o kitab yuxumu ərşə
çəkmişdi. O gecə mən ilk dəfə Ayı,
ulduzu, Günəşi, ağacı... dünyanı
tanımağa başladım. Yaşamağın nə boyda səadət
olduğunu anladım. O gecə, bəlkə də, əlli dəfə
müəllifin- Əli Kərimin kitabdakı şəklinə
baxdım. Onu o günə qədər
tanımadığıma görə özümü
qınadım. Onun vaxtsız ölümünə yanıb-
yaxıldım. “ Qaytar ana borcunu” şeirini elə o gecə əzbərlədim...
Mən ədəbiyyata
çox həvəsli idim. Bu həvəsimi kəndimizdəki
klub bir az da artırmışdı. Belə ki, mən özfəaliyyət
dərnəyinin üzvü idim və xırda- para rollarda
oynamaqla bərabər, həm də şeirlər söyləyərdim.
Onda kənd klubu, doğrudan da, mədəniyyət
ocağıydı. Kənd cavanlarının ən çox
sevdiyi bu ünvanda rahat şəkildə nərd, domino,
şahmat oynamaq olurdu. Klubdakı qırmızı
örtük salınmış stolun üstündə həmişə
səliqə ilə düzülmüş təzə qəzet
və jurnallar görərdin. Hələ demirəm ki, arada
klubun taxta döşəməsini neftlə silərdilər.
Bu yazını oxuyanlar məni qınamasın: neftlə
silinmiş taxta döşəmənin, bir də təzə qəzeti
açanda adamı vuran qurğuşun qoxusunun ləzzətini
heç nə verməz. Hər halda bu, mənim
üçün belədir. Kəndin özfəaliyyət dərnəyi
ayrı bir dünya idi. Dərnəyin
hazırladığı proqramlar, Mingəçevir,
Göyçay və digər şəhərlərdən gələn
mədəniyyət evi ansambllarının konsertlərindən
geri qalmırdı.
O avqust günü Əli Kərimin
bu kitabı mənim üçün lap göydəndüşmə
oldu. Hardasa, Təzə il ərəfəsində özfəaliyyət
dərnəyinin konserti olacaqdı. Konsert deyəndə ki,
burda daha çox pyeslərdən parçalar göstərilərdi.
Mahnı, rəqs az olardı.Bilirdim ki, o gecəki
çıxışların içində ən
yaxşısı mənim söyləyəcəyim “ Qaytar ana
borcunu” şeiri olacaq. Bilirdim ki, bu kitabdan, bu şeirdən
heç kimin xəbəri yoxdu. Çünki kəndimizin
kitabxanalarını- istər kolxoz olsun, istər məktəb-
“ həftə səkkiz, mən doqquz” ələk vələk
edirdim. Yüz faiz əmin idim ki, onların heç birində
bu kitab yoxdu. Və məhz bu gözəl şeirdən kəndimizin
xəbərsiz olması mənə ləzzət verirdi, hətta
buna sevinirdim. Kitabı da evdə gizlətmişdim ki, kimsə
bizə gələndə görər, götürüb
aparar. Atam ədəbiyyat müəllimi idi, bizdə kitab
çox olardı. Bəzən mənim,
qardaşlarımın, yaxud da bacılarımın sinif
yoldaşları oxumağa bizdən kitab aparardılar. Nə
isə, qəribə bir sevinc vardı o günlər
içimdə. Səbirsizlilklə konsert gününü
gözləyirdim. Elə gün olmazdı ki, o şeiri ürəyimdə
beş- altı dəfə əzbər deməyim.
Yeni il isə gəlib
çıxmırdı. Elə bil, bu kitabı, daha çox
da bu şeiri evdəkilərdən, dostlarımdan gizlətdiyim
üçün Yeni il məndən hayıf
çıxırdı- gecikirdi. Mənə elə gəlirdi
ki, bu “sirr”i, heç olmasa, sinif yoldaşlarıma
açıb desəm, Yeni il daha bu qədər də ləngiməz,
vaxtında gələr. Yox, mən fikrimdə qəti idim- o
qış lap Yeni il gəlməsəydi belə yenə də
kitab məsələsində heç kimə bir kəlmə
deyəsi deyildim. Görünür, insan balaca
yaşlarından da şöhrət azarına tutulurmuş.
Öz –özümü
sınağa çəkdiyim o günlər, deyəsən,
sona çatmışdı. Çünki klub aşıb-
daşırdı. Yer olmadığı üçün
balacalar lap qabaqda- yerdə oturmuşdular. Nə qədər
vaxt keçdi, bilmirəm. Səhnə arxasındakı otaqda
kimsə mənə dedi ki, indi növbə sənindir. Elə
bu əsnada aparıcının səsi gəldi:
–Əli Kərim. “Qaytar ana
borcunu.” Söyləyir Qorxmaz Şıxalıyev.
Məni həyəcan
bürümüşdü.Düzü, bu həyəcan
klubdakı qələbəlikdən daha çox, Ə. Kərimə
olan sonsuz məhəbbətimlə bağlı idi. Qorxurdum ki,
şeiri söyləyəndə çaşam. Onda da elə
biləcəkdim ki, Ə. Kərimə olan məhəbbətim
həqiqi deyilmiş. Və bu fikir qarayaxa adam kimi məndən
əl çəkmirdi.
Şeiri birnəfəsə
dedim. Zalda, sanki fırtına qopdu. Klubun taxta tavanı silkələndi.
Hər- halda mənə belə gəldi. Bu səsdən elə
bil, ürəyimə bir işıq zolağı
düşdü. İstiləndim.Ömrümdə ilk dəfə
idi ki, belə hal keçirirdim. Və bir anlıq
özümü itirən kimi oldum. Alqış səsləri
kəsilmək bilmirdi. Düzü , Əli Kərimin başqa
bir şerini də əzbərləmişdim. Ancaq o şeir
özüm üçün idi, klubluq deyildi. Çünki
sevgi şeiri idi:
Gecə də, gündüz
də fikrimdə sənsən,
Mən kimin fikrində
yaşayım, söylə?
De, hansı bir ürək qəbul
eləyər,
Məni sən ünvanlı
dərdlə, gileylə...
Ürəyimdən keçsə
də, sovet tərbiyəsi görən bir şagird, bir kənd
uşağı kimi bu üç bəndlik şeiri deməyə
utandım. Yəqin ki, elə Ə. Kərim də- siz Allah
bağışlayın- mənim yerimdə olsaydı, bu
cür edərdi: on beş yaşında o qədər
adamın qarşısında məhəbbət şeiri
oxumazdı.
Onu da deyim ki, “ Qaytar ana
borcunu” şeiri sonralar, bütün ömrüm boyu mənimlə
oldu. Əlbəttə, bu sıraya o kitabdakı bir çox əvəzsiz
şeirlər də qoşulmuşdu. Düzü, onda belə
şeirləri ilk dəfə oxuyurdum (daha çox sevgi
şeirlərini). O vaxta qədər oxuduğum şairlərin
kitabları içində heç vaxt adamın ürəyini
titrədən belə şeirlərə rast gəlməmişdim.
O gecə ilk dəfə anladım ki, dünyada poeziya deyilən
ilahi bir nemət var. Və bu neməti dünyanın heç
bir mal- dövləti, qızılı, pulu əvəz edə
bilməz. O gündən Ə.Kərim dilimin əzbərinə
çevrildi. Sonralar – toyda, ad günündə, yaxud hər
hansı dost məclisində mənə söz veriləndə
bu şeirlər köməyimə çatdı, mənə
“sağ ol” qazandırdı.
Onu da deyim ki, göz bəbəyi
kimi qorusam da, o yaşıl cildli kitabı o illər dörd-
beş dəfə məndən oğurladılar. Ancaq hər
dəfə onu tapdım. Kənddə məndən başqa o
kitabdan heç kimdə olmadığı üçün,
onu tapa bilirdim, hardansa sorağı çıxırdı. “
Davadan çıxan” o yaşıl cildli kitab indi məndədir,
amma üz qabığının ilkin rəngindən əsər-
əlamət qalmayıb onda. Sonralar Ə.Kərimin iki
cildliyini, ayrıca “Pillələr” romanını da
almışam. Ancaq o kitabın yeri mənim üçün
ayrıdır...
İndiyə kimi bəlkə
də, əlli dəfə Ə. Kərimin məzarının
üstünə getmişəm. İsmayıllının cənubunda
yerləşdiyi üçün kəndimizə daha çox
Göyçay tərəfdən gedirik. Və hər kəndə
gedəndə, imkan tapıb Ə. Kərimin uyuduğu parka-
onun məzarına baş çəkirəm. Sonralar parkda,
sağ olsunlar, Ə.Kərimin heykəlini ucaldıblar. Sonuncu
dəfə 2009- cu ilin sentyabrında Göyçayda oldum.(
Ötən yay ürəyimdə cərrahiyyə əməliyyatı
aparıldığı üçün bir xeyli rayona gedə
bilmədim) Budur, yenə də Əli Kərimin adını
daşıyan Mədəniyyət və İstirahət
parkındayam- çox sevdiyim, gözəl Əli Kərimin uyuduğu
məkanda. Qara mərmər başdaşındakı şəklinin
üstündəki tozu silirəm. Şair Kələntər Kələntərlinin,
Hikmət Mahmudun, Camal Yusifzadənin, Oktay Şamilin Əli Kərimlə
bağlı danışdıqları xatirələr
yadıma düşür. Fikirləşirəm: görən,
yeniyetmə vaxtlarında bu yerləri gəzən Ə .Kərim
heç ağlına gətirərdimi ki, nə vaxtsa bura onun əbədi
ünvanı olacaq? Baş daşının üstündə
1954- cü ildə – iyirmi üç yaşında
yazdığı şeirindən bir bənd həkk olunub:
Baxsan bu dünyanın ha tərəfinə,
Bir yerdə qəbrim var, on
yerdə sağam.
Göy uçsa, yer qopsa,
ölmərəm yenə,
Hələ neçə dəfə
doğulacağam.
Ancaq başdaşında
yazılan bənddə “ha” “ hər” sözü ilə əvəzlənib.
Bununla da misranın şirinliyi itib, “ hər” sözü fikrə
bir quruluq, rəsmilik gətirib. Guya, Ə. Kərim
şipşirin “ ha” nı “ hər” sözü yadına
düşmədiyi üçün yazıbmış...
Parka bitişik evin
qapısı ağzında nurani bir qoca oturub.
Yaxınlaşıb salamlaşıram. “ Yəqin, Əli Kərimi
görmüsünüz”. Qoca, sanki bu sözümə bənd
idi:
– Əligil
Göyçayın Hüngütlü kəndindəndir.
Qonşu olmuşuq. Atası Paşa kişi sakit, kasıb bir
adam idi. Birotaqlı evləri vardı. Nə vaxt baxsaydın Əlini
pəncərə qabağında oturub kitab oxuyan görərdin.
Paşa kişinin bir atı və arabası vardı. Ona- buna
yük daşıyardı, kasıbkarlığını edərdi.
İki uşağı vardı- Əli, bir də Əminə.
Əminə indi şəhərin aşağısında, su
idarəsinin yanındakı bağçada işləyir.
İndi işə çıxmır, evdə xəstə
yatır.
Sonra Paşa kişi də,
biz də Göyçaya- şəhərə
köçdük. Ucar yolunun üstündə hamam vardı,
onun yanına. Orda da qonşu olduq.
Elə bu vaxt həyətin
balaca qapısı açılır və bir ağbirçək
söhbətimizə qoşulur. O, həmsöhbətim Balamirzə
Bağırovun ömür- gün yoldaşı Ruziyyə nənədir:
– 1950-ci ildə toyumuz oldu.
Balamirzə “svarşik” idi. Mingəçevirə
köçdük. Orda qızğın iş gedirdi. Beş
il orda yaşadıq. O beş ildə Əli iki- üç dəfə
bizə gəlib, gecə də bizdə qalıb. Əlinin
ölüm xəbəri gələndə anasının
küçə ilə ağlaya-ağlaya gəldiyi gün
indi də yadımdan çıxmır. Hayıf, elə
gözəl oğlan cavan getdi.
Dodaqları səyriyən
Ruziyyə nənəni qəhər boğur, göz
yaşını saxlaya bilmir. Səsi titrəyə- titrəyə
“ hayıf Əlidən” deyir. Belədə daş olasan ki,
dözəsən.
Gözlərim
yaşarır. Üzümü yana çevirirəm. Ə.Kərimin
ömrünün son günlərində özünə
yazdığı, ürək dağlayan şeiri yadıma
düşür:
O, dünyada yox imiş.
Gördüyüm kəs
yuxuymuş.
Nə siqaret çəkərmiş,
Hey sümürə-
sümürə.
Nə də baş
qaldırarmış
Xırda bir səs- səmirə.
Oturmazmış burada,
Bu divarın yanında.
Görünməzmiş dərdimiz
Onun həyəcanında.
Özü
olmadığından
Olmayıb bir arzusu.
Nə biz olmuşuq, nə o,
Ağ bir yalan imiş bu.
Ağlama könlüm,
kiri...
Gözümdə yaş
qalmayıb,
Bu adda, bu nişanda,
O gözəl gənc cahanda
Olmayıb, olmayıb, olmayıb.
Qorxmaz ŞIXALIOĞLU
525-ci qəzet.- 2011.- 26 fevral.-
S.25.