“Ruhlar şəhəri” kitabının ruhuna

 

Vahid Qazinin “Ruhlar şəhəri” kitabını mən ondan – müəllifdən qabaq özüm üçün kitab halına salmışdım. Bütün yazıları bir-birinə tikərək özəl bir kitab eləmişdim. Çünki bu yazıların kitab halına salınması zərurətini duyurdum. Vahid bəy sanki uşaqlıqdan Ağdam haqqında, oradakı uşaqlıq illəri haqqında nəyisə yazacağını əvvəlcədən nəzərdə tutubmuş. Təbii ki, bizlər üçün yox. Ağdamı görməyənlər üçün. Əcnəbilər üçün. Tanıtım üçün. Bu unikal ŞƏHƏR haqqında yazmaq keçirmiş könlündən. Çox təəssüf ki, bütün bunlar indi, Ağdamsız günlərimizdə yazıldı. (Əslində bütün bunlar mənə də aiddir. Mən də o yerlər haqqında indi yazıram.) Elə bizlər üçün də yazıldı bu kitab. Və nə yaxşı ki, yazıldı. Tanımayanlar tanıdı. Görməyənlər gördü. Bizlərisə, o günlərə qaytardı. Dönə-dönə. (Kitab o qədər fotoqrafik şəkildə dəqiq yazılıb ki, sənə ancaq görmək qalır. Sadəcə, baxıb görmək).

Dünyanın böyük yazıçılarının əsərlərini oxuyaraq hələ də o böyük şəhərlərdəki kafeləri, barları, evləri asanca gedib tapmaq olur. Elə bu kitabla da. Bu kitabda bizim üçün həmişə var olan, bu sozü işlətmək mənimçün nə qədər çətin olsa da, indi yox, zaman-zaman yeniləşən, gözəlləşən o köhnə, əfsanəvi şəhər təsəvvürdə canlanır. Bu günkü gənclərə, oranı görməyənlərə inandırıcı olan, bizlərdən eşitdiklərindən bir az dəqiq, bir az da ardıcıl formada, var şəkildə təqdim olunur O ŞƏHƏR... O yerləri bizim vaxtların ağ-qara televizorundan görəcəksən.

Kitabda hər yazını oxuduqca o küçələri bir daha addımlayırsan. Tinləri dönürsən. Ağaclara çatanda başını əyirsən. Üzünü sürtməyə hazır olduğun o budağa, o qurumuş ağaca, kötüyə xəyalən dəfələrlə baxırsan. Xəyalın süst qollarında güc tapıb uçmuş evlərin daşlarını izi itmiş yollardan təmizləyirsən. Fotoqraf atelyesinin yanında bir şəkil də çəkdirirsən. Özündən xəbərsiz. Şəkildəkini tanımasan da bu sənsən, sənin özünsən. Uçuq divarlar, parçalanmış daşlar tozunu silib tanıyacaqlaq səni. Xəyallarda adamlar dəyişmirlər ki. Böyümürlər ki. Tanış iz tapmadığın yox küçələr səni məhşur uçüq Bazara aparıb çıxaracaq. Xəyallardan, xatirələrdən başqa satılası bir şeyi qalmayan Bazara. Əli boş yox olan evinə necə gedəcəyini düşünürsən. Kəndlərindən xəbəri yoxdur bu şəhərin. Səmti itmiş, qütbü pozulmuş şəhərdən hara gedəcəyini bilmirsən. Təzəsi köhnəsindən betər olan avtovağzaldan axırıncı avtobus çoxdan çıxıb. Aeroportun kassasına kənarda pas atmış balaca dəmir pəncərəsinin arxasında dərdinə ağlayan cırcıramanın səsi gəlir. Təyyarəsinin, vertolyotunun sonuncu uçuşu bəlkə onları son dəfə yola salanın yadında qalmış olar... Gələn qonaqlara göstərdiyin, bir-birinə bənzəməyən, xüsusi zövqlə tikilmiş evlərin bu xarabalıqda dolaşan köhnə şəkli üzünü qarsır, gözünü yandırır... (İlahi, ən çox sevdiyin, sənə hər yerdən, hər şeydən əziz olan yer haqqında nələri deməyə məcbur, məhkum olmuşuq.) Küçədə şütüyən xarici maşının əcaib fit səsi səni çıxa bilmədiyin, çıxmaq istəmədiyin, ilişib qaldığın ağır yüklü doğma-yad yerdən qoparır qeyri-ixtiyari.

Doğulduğun, uşaqlığın, gəncliyin keçdiyi o yerlərdə nə qalıb Vətən sevgisindən savayı. Küskün, cadar torpaqdan savayı. Hər şey yerlə yeksandı. Solğun xatirələr qarışıq. Bir az da baməzə olan ağdamlıların hətta ən gülməli xatirələrinin də içində, sonunda bir qəm var. Heç üzünün bir hissəsi də tam gülə bilmir. Gülüşün üzündə donur. Sonuncu şəkil kimi. lll Bizim cilik-cilik olmuş hər uşaqlıq xatirələrimizin üstündə bir giliz yatır. Olanlarımızı yox edən müxtəlif ölçülü giliz. Hələ də bizlərə sarı baxan giliz. Evimizi, məktəbimizi, əzizləri yox etmiş mərmilərin, güllələrin yarı soyuq, pas atmayan gilizi.

 Qaranlıqda gözüyumulu getdiyimiz yolları, cığırları indi kol-kos basıb. Uçuq evlərimizin toz basmış yollarına, çığırlarına indi yad izlər ləpir salır. Hətta gecələr qəbiristanlığına getməkdən belə qorxmadığımız o yerlərin indi səngərin o tərəfindəki hər titrəyişindən, çıqqıltısından belə qorxursan. Diksinirsən.

 Gedəcəyik o yerlərə. Mütləq gedəcəyik. Tikəcəyik Ağdamı – O ŞƏHƏRİ. Kitabda göstərilən sxem üzrə. Köhnəliyi saxlamaqla yenidən tikəcəyik, quracağıq bu şəhəri. Köhnəliklə yeniliyin sinteziylə. Vahid Qazinin mənəvi memarlığı ilə. Və tikib birdəfəlik oturacağıq. Ayrılığın acısını bir daha yaşamamaq üçün. Çox, uzun yaşadıq sənsiz, AĞDAM.

 Ağdamsızlığı məcburi yaşayan ağdamlılar Ağdamsız yaşaya bilmirlər. Onlar həyat sürürməyə məhkumdular. Vətənini, yurdunu hamı sevir. Amma ağdamlıları fərqləndirən cəhət odur ki, onlar hər an ağdamlı və hər an Ağdamsız olduqlarını yadlarına salırlar. Ağdamsız olmurlar.

 Kitabın təqdimatında “Qafqaz Xrosiması” filmində gəzdiyim, uşaqlığımın keçdiyi yerlərin xaraba şəkillərinə baxanda özümü uşaqlıq vaxtlarımdakından da balaca hiss etdim. Yiyəsiz, kimsəsiz yerin aciz, əfəl vətəndaşı, sakini kimi. Bir də onu hiss etdim ki, sol əlimin şəhadət barmağı dodaqlarımı sıxır. Dəhşətin o əcaib bağırtısını eşitdirməmək üçün. Yəqin sol əl ürəyə daha yaxın olduğundan qeyri-ixtiyari hərəkətlə ağzımı qapayıb. Burda olanların hamısı içində bağırırdı. Içinə axan yaş boğurdu o səsi. Hamı öz səsini eşitdiyindən başqasının səsinin fərqində deyildi. Hamının üzündə uçuq evlərin sonuncu kadrları qalmışdı. Bu gün rüzgarın bu otağa gətirdiyi o doğma havanı hamı utana-utana udurdu gizlincə... Çox təəssüf ki, nəinki düşmənin viran qoyduğu Ağdam, işğal olunmuş Qarabağ tanınmaz haldadı. Elə gözəlləşən, köhnəliyini yeyən Bakı da. Dünyada tək-tük şəhərlər, yerlər var ki, həmişə oranı xatırlayırsan, ora yenidən can atırsan. Onlardan bizlərin ən çox tanıdığı Bakı və Ağdamdı. Bakı haqqında çox danışılıb, yazılıb.

 

 

Rəfail TAĞIZADƏ

 

525-ci qəzet.- 2011.- 26 fevral.- S.24.