Oralarda kimlər var: POVESTDƏKİ
İSA İSMAYILZADƏ
1969-cu ildə yazdığım,çox-çox sonralar bəzi hissələri çap olunan və daha sonralar kitab kimi işıq üzü görən “ADLERDƏ BİR KÖRPÜ VAR” povestim o illərin gənc şairlərinin də bəzi xüsusiyyətlərini özündə ihtiva etməkdədir.Təbii ki, indiki nəsil onlardan çoxunu tanımaz, amma o illərin gənc şairlərinin tam olaraq xarakterini deyil, mənə məlum sənədli anlar kimi yaşanan bir sıra vaqelər və olanaqlar həqiqətən o insanların həyatının detalı olaraq maraqlı olmaya bilməz. O unudulmaz günlərdən biri mənim povestimdə tam səmimiliyi və təbiliyi ilə qorunaraq qələmə alınmışdır.Həmin günlərin mənə yaxın, mənə doğma,mənə isti insanlarından və yaradıcılırından ən başlıcası İsa İsmayılzadə olmuşdur ki, mən bunu dəfələrlə yazmışam və söhbətlərdə o anlara toxunmuşam. “ADLERDƏ BİR KÖRPÜ VAR” povestimdən oxuyacağınız bu hissədə sevimli İsanın da o günlərdəki xarakterinin çizgiləri gizlənməkdədi. Belə bir İsa da vardı....Hələ o vaxtdan ədəbiyyatın təəssübünü çəkən və söz üçün canını verən bir İsa İsmayılzadə...
...Bugün
iş qurtaranda şəhərə çıxdım. Belə hallar tez-tez olur.
Xüsusilə son vaxtlar. Ona görə ki, tamam təkəm,
bağrım çatlayır təklikdən. Evə də
getmək istəmirəm. Çox zaman qardaşım da evdə
olmur. Yoldaşlarının yanında qalır. Tək-tənha
evdə neyləyim. “Vurğunu” olduğum qarının
üzünə baxmayacaqdım ki. Ona görə də şəhərə
yollandım. İstəyirdim ki, kim olursa-olsun bir tanışa,
dosta (əgər belə demək olarsa) rast gəlim. Bilirdim
ki, bir yer var, ora getsəm, çoxlu tanış üz görə
bilərəm. Ona görə də yollandım həmin yerə.
Elə fikirləşirdiyim də oldu. Bir vaxt məni Don Kixot
çağıranların hamısı burada idi. Elə bildim
ki, görən kimi deyəcəklər: cənab iyirminci əsrin
Don Kixotu gəl görək. İndi hansı... çevirmək
istəyirsən. Ancaq heç kəs belə demədi. Daha
vacib bir məsələdən danışırdılar.
Bunların hamısı şair idi, özü də yaxşılarından. Onlar Nazim Hikməti sevirdilər, Pablo Herudanı, Erenburqu sevirdilər.Həmişə söhbətləri ya ədəbiyyatdan olardı, ya idmandan. Çox zaman axırıncıdan danışardılar. Şeirdən danışanda heç kəs özü olmurdu. Onların içində başqası danışırdı. Çünki onlardan heç biri başqasını bəyənmirdi. Bunu mən apaydın bilirdim. Hətta iki ən yaxın dost- o günlərin səs-küyündə bayraq kimi yellənən yaxın dostlar da belə bir-birini bəyənmirdi. Onlardan birinin başqasının ardınca danışdığını heç zaman unudan deyiləm. Həmin söhbət yanımda olmuşdu. Onda mən hələ bir qədər təmiz idim, sadə idim, şəhər məni öz küllüklərinə, zibilliklərinə atıb götürməmişdi. Ona görə də inana bilmirdim ki, həmin adam öz dostunun ardınca belə danışa bilər.
Beş il birgə oxumuşdular.
Şeirləri birgə çıxardı.
Adlarını birgə yazardılar.
O zaman onlardan biri institutu
bitirib rayona getdi. O birisi isə şəhərdə qaldı.
Bir qədər çətinlikdən sonra nəhayət,
jurnallardan birinə işə girdi. Yaxşı oğlan idi,
sizdən yaxşı olmasın. Bəzilərinin dediyinə gərə
o intelligentvari bir adam idi. İnsafən mən onu heç kəsin
qarasına danışan görməmişdim. Bəlkə də
buna gərə hövsələdən çıxdım və
dedim ki, sən düz demirsən. Bu heç də belə deyil.
Axı, bunları onun üzünə niyə demirdin.
İki-üç ay bundan qabaq səninlə birgə idi. Bu
yazıları dönə-dönə sənə oxumuşdu. Əgər
zəif idisə niyə onun özünə demirdin, indi
arxasınca danışırsan.
Sonralar bizimlə bir oğlan
tanış oldu. Don Kixotun Sanço Pansosu kimi boydan balaca bir
oğlan. Lakin Sanço kimi etibarlı deyildi. Bununla
tanışlıqdan sonra hamı dəydi bir-birinə,
dünya qarışdı. Hamı başını itirdi,
bir-biri ilə az qala düşmən oldu. Qəribə idi ki,
çoxunun ondan zəhləsi gedirdi. Heç kəsin onu
görən gözü yox idi. Ancaq heç kəs ondan
ayrılmaq istəmirdi. Heç kim də onun üzünə
tüpürmək istəmirdi, təkcə bircə nəfərdən
başqa. Həmin adam onun ən yaxın dostu idi. Bir vaxt cibləri
də bir olmuşdu, ürəkləri də. Bircə həmin
oğlan onu yaxşı tanıdığından, nəhayət
üzünə tüpürüb və deyib ki, bir daha
göz-gözə gəlməsin, salamlaşmasın. Elə həmin
gündən bu balaca Sanço “külək dili” ilə o
oğlanın arxasınca danışır, qarasına
söylənir, kəlgəsini qılınclayır. İnsafən
o adam da bütün bunları eşidir, susur, heç nə
demir. “Sanço” elə hey danışır. İstər-istəməz
bir el misalı yada düşür: it hürər, karvan
keçər. O zalım oğlu da bu itliyə dözür. O
özünü çox ağıllı hesab edir, hətta
Nobel mükafatı almaq fikrindədi. Ancaq ölmüş
şeydi, çünki o kiçik millətin nümayəndəsidi.
Onun millətini heç ölkəsinin çox yerində
tanımırlar, nəinki xaricdə. O alman, rus, ingilis, amerikan
olsaydı, buna inanmaq olardı.
Nə isə bu adamlar
çoxu deyəsən həmin bu oğlanın fəlsəfəsinin
ölüsüydülər.Ona görə də bu kübar
oğlan öz yoldaşının arxasınca danışanda
əsəbiləşsəm də təəccüblənmədim.
Lakin sonralar bir vaxt pislədiyi şeirlər onun işlədiyi
jurnalda çap olundu,özü də ikisininki birgə.
Yan-yana. Mən başımı tutub qaçmaq istəyirdim bu
adamlardan, ancaq bacarmırdım, gücüm
çatmırdı. Gözüm görə-görə
hamı əclaflaşırdı, nakişi olurdu. Hamı
çap olunmaq üçün dəridən-qabıqdan
çıxırdı. Saqqal altından keçirdi. Mən də
onlar kimi. Hətta bir dəfə bu “kübar” oğlanın
işlədiyi jurnala şeir apardım. Biz həmişə
jurnallarda, qəzetlərdə işləyənlər
haqqında söhbət edər və onları
qınayardıq. Deyərdik : çox savadsızdırlar. Bəlkə
də biz haqlı idik. Doğrudan da bu adamlar iki eşşəyin
arpasını bölə bilməyə-bilməyə
böyük bir məmləkətin mətbuatına
başçılıq edirdilər (yəqin ki, indi
başqaları da bizim haqqımızda belə
düşünür). Biz həmişə ədəbi jurnallarda
işləyənləri daha çox qınayırdıq.
Onların “profilimizə uyğun deyil” bəhanəsi bizi
boğaza yığmışdı. Az qalırdı ki, profil
sözünü pambıq kimi onların boğazına
tıxayaq. Boğulsunlar, ölsünlər. Həmin bu
“kübar” oğlanın da profil səzündən zəhləsi
gedirdi. Jurnallarda işləyənləri görən
gözü yox idi. Ancaq onlarla çiyin-çiyinə işləyirdi.
Özü də əməlli-başlı işləyirdi. Necə
oldusa mən də onun işlədiyi jurnala şeir apardım.
Əlbəttə, görünür onu arxa bilib belə
etmişdim. Ancaq çox təəssüf. Şeiri oxudu. O
zamanlar mən pis yazmırdım. Guya mənim yazılarım
hamısı abstrakt idi, mücərrəd yox, abstrakt idi.
Bütün jurnal işçiləri belə deyirdilər.
Ancaq “kübar” oğlan belə demədi. Oxudu, fikri ya hansı
qızın, qadının yanındaydı bilmirəm. Oxudu və
nə desə yaxşıdır: dedi ki, jurnalımızın
profilinə uyğun deyil. Vay dədəm, vay, adamlar nə
yaman dəyişir. Qulaqlarıma inanmadım. O bir də təkrar
etdi: jurnalımızın profilinə uyğun deyil. Daha nə
deyəcəkdim. Yazını götürdüm və dedim
ki, rayondakı dostu ona salam göndərib. Dünən məktub
almışdım. Mən bunu yalandan dedim. Demək istəyirdim
ki, dünəni nə tez unutmusan. Axı, dünən sən
belə deyildin.
Bizə elə gəlirdi ki,
aramızda ən təmiz, ən yaxşı həmin bu
rayondakı oğlandı. Hamı belə
düşünürdü. Mən də. Ancaq bir dəfə
onunla kiçik bir mübahisəm oldu. Bir Allah bilir ki, bu
mübahisədə mən nə qədər haqlı idim.
Tanınmış yaxşı şairlərdən birinin
şeiri çap olunmuşdu. Mən kitab oxuyanda xoşum gələn
fikirlərin, hisslərin altından xətt çəkirəm.
Bu şeirdə də hansı hissə xoşuma gəlmişdi,
onun yanından qara bir xətt çəkmişdim. Sən demə
bu rayondakı oğlanın hansı şeirindəsə bu
hiss varmış. Ancaq onun şeirindən xəbərsizdim.
Bir evdə qalırdıq (mənim belə az-çox
istedadlı və ağıllı olmağımda bu
rayondakı oğlanın çox böyük zəhməti
vardı. Əgər bir gün dövlət
başçısı olsam, o dilənçi kökündə
otağıma girsə, stolumu ona təklif edərəm. Cəhənnəm
olsun hər cür qayda-qanun.) Səhər harasa gedirdik. Yolda
belə bir söhbətimiz oldu.
O, mən elə bilirdim ki, sən
çox təmiz oğlansan.
Ciddiləşdi, bir qədər
əsəbiləşdi.
– Ancaq görünür səhv
etmişəm.
O səhv etdiyinə o qədər
əmin idi ki,mənim cavabımdan asılı olmayaraq dediyinə
peşiman deyildi. Mən nə vaxtsa oxumuşdum:
ağıllı adamların səhvi də öyrədici
olur.
–Hə, səhv etmişəm.
Düzü, söhbətin hardan, nədən getdiyini bilmirdim, çünki mən bu adam haqqında heç zaman pis fikirdə olmamışdım və olmayacaqdım. Baxmayaraq ki, onun da zəifliyi vardı. Heç kimlə pis olmaq istəmirdi, heç kəsi incitmək istəmirdi. Mən susdum, çünki cavab verməyə, soruşmağa, düzünü deyim ki, utanırdım. O mənim susduğumu hiss edib yenə də başladı:
– Adam gərək kişi olsun, hə, hə, kişi. Əgər sənin ürəyində ləkə yoxdursa niyə mənim özümə demirsən ki, filan şeirdə olan hiss, fikir flankəsdə var. Ancaq altından qara xətt çəkirsən.
Mən yenə də söhbətin nədən getdiyini bilmirdim. O qədər kitab oxumuşdum ki, o qədər şeirlər xoşuma gəlmişdi ki, o qədər xətlər çəkmişdim ki, nə biləydim.
– Əgər bilirdinsə, niyə mənə demirdin ki, bu hiss filan şairdə var.
O şairin adını da
dedi, şeirini də. Hətta misranı da əzbərləmişdi.
O çox nadir hallarda şeir əzbərləyirdi,
özü də ən çox xoşladığı
şeiri.
Mən bəraət
qazanmağa çalışmadım. Çünki artıq
şeydi. Bu vəziyyətdə özünü müdafiə
edib iyrənc bir yerə çıxarardı. Əsəbləşmişdim.
Ancaq onun üzünə heç zaman ağ olmaq istəmirdim.
İstər haqlı, istər haqsız. Başqası
olsaydı canını alardım. Təkcə ona görə
ki, “gərək kişi olasan”- deyib təhqir etmişdi.
Susurdum. Bir azdan dilləndim, çünki hiss edirdim ki, cavab
gözləyir.
– Necə istəyirsən elə
fikirləş. Onsuz da mən səni inandıra bilməyəcəyəm
ki, belə deyil. Bu mənim ağlıma da gəlməyib.
O oğlanın inanıb
inanmadığını indi də bilmirəm. Ancaq elə istəyirdim
ki, inansın, çünki mən yalan demirdim. Bir Allah bilir
ki, yalan demirdim. İndi də bilmirəm inandı, ya
inanmadı. Hərdən istəyirəm soruşam. Lap elə
bugün də soruşmaq istədim, çünki məqam
idi. O vaxt soruşa bilməsəm də, indi soruşa bilərdim,
çünki bir qədər keflənmişdim. Keflənəndə
mən daha ayıq oluram, hər şeydən təmizlənmiş
oluram. Uşaq kimi yox, qar kimi yox, ağ vərəq kimi yox, lap
özüm kimi. Hamımız bir yerdə idik, yeyib
içirdik, hardansa ağlıma gəldiki ki, altı il bundan
qabaq olmuş bir şeyi soruşam. Lakin qorxdum deyərlər
ki, lap kefliyəm. İçə-içə başladıq
söhbətə. Ara qızışdı, məzhəb itdi.
Hiss edirdim ki, artıq çoxu sayaqlamağa başlayır,
özlərindən çıxırlar, hətta o “kübar”
oğlan da. Ancaq hər kəs özünü elə göstərirdi
ki, guya ayıqdır. Bütün restoranı
başımıza götürmüşdük. Heç kəs
heç nə demirdi. Görünür elə bilirdilər ki,
kefliyik: ona görə də baş-qulaq olmurdular. Bir də ki,
axı nə işlərinə qalmışdı, aramızda
radio işçisi də var idi, qəzet işçisi də,
şair də, yazıçı da. Deyəsən bir az
qorxurdular. Hətta o “kübar” oğlan hesabın
kağızını istəyəndə xörəkpaylayan
yazıq-yazıq dedi ki, qoy axşamımızı rahat
başa vuraq. Lap aydın hiss olunurdu ki, o “kübar” oğlan da
keflidi, çünki başqa vaxt o belə eləməzdi,
heç zaman.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 26 fevral.- S.23.