SƏS
(Esse-kollaj)
Muğam işığında təksəsli, çoxsəsli
düşüncələr
(Əvvəli ötən şənbə
saylarımızda)
Hər şeyə
şübhə edirəm – Allahdan başqa, hər şeydən
razıyam – başda Allah olmaqla. Mən insani-kamil deyiləm, fəqət
bu böyük yolun yolçusuyam. Bu yolun sonuna gedəcəyəm,
getməyəcəyəm, bilmirəm. Bu, Allah qismətidir.
Versə də, verməsə də haqq onundur.
Heç “mən” demədim,
təvazö libası geydim. Maddi olana tapınmadım. Qismətimlə
kifayət etdim. Kamal-əhli ilə durub oturmağa
çalışdım. Hər kəsi bütə çevirmədim.
Hz. Əli uşaqkən Məhəmmədin əmri ilə
onun çiyninə çıxıb camidəki bütləri
qırır. O, illər sonra insanın içindəki
bütləri Allahın lütfü ilə
yaratdığı elmlə-fəlsəfə ilə
qırıb dağıtdı.
ALİM QASIMOV – İNSAN, SƏNƏT, DÜNYA HAQQINDA
DÜŞÜNCƏLƏR
“Səs insanın xasiyyətini,
xarakterini güzgü kimi göstərir”. Bu sözləri
çox-çox illər bundan qabaq bir dostum söyləyib.
Əlbəttə, bu söz
bütün insanlara – danışanlara aiddir. Amma mənim
haqqında söhbət açmaq istədiyim səs adi səs
deyil, müğənni səsidir, oxuyan insan səsidir.
Bu səs Alim Qasımovun səsidir.
Mən Alim haqqında, onun səsi və sənəti
haqqında danışanda səs haqqında, oxuyan insan səsi
haqqında bildiklərim, duyduqlarım fikrimdə vərəq-vərəq
çevrilib və balaca radiomuzda uzaq, tənha Cəbrayılda
eşitdiyim səslər bədənimdə, qanımda iynə-iynə
gəzir.
Qonşumuz Həqiqətin,
bacısı 10-12 yaşlı Yaqutun səsi, “Qazamat istidir,
yata bilmirəm” deyən, hamını ağladan Zalxa Rüstəmovanın
səsi, bizim yerlərin ürəyimdə ağrı-acı
qəmi qalan dağlarının, daşının, suyunun,
ağacının gücündə oxuyan Ağabala kişinin
“Zabul-Segah”ı, ona Arazın o tayından hər gün saat
12-yə 15 dəqiqə qalmış əks-səda verən
Mustafa Payanın səsi.
Sonra balaca radiomuzda nalə
kimi titrəyən Rübabənin səsi, Yaqubun, Rəşidin,
Bülbülün səsi...
Qədir Rüstəmovun
dünyanın bu başından o başına, işıqdan
qaranlığa, ölçüdən
ölçüsüzlüyə, var olandan yox olana uzanan
zülmət rəngli məchul səsi...
Hər hansı bir hekayə
olan Zəki Mürenin səsi, mələklərin ünsiyyətini
xatırladan Əməl Sayının səsi.
Və bu səslərin
içində Alimin səsi. Bu səslərin davamı olan
Alimin səsi.
Alimin səsi vəcdin,
bayğınlığın, özünü unudub
şüurundan o tərəfə olanlara qovuşmanın səsidir.
Alimin oxumalarında bir məqam
gəlir ki, fiziki-bioloji şəkildə hiss edirsən,
duyursan və varından yox olursan.
Hələ sənin
üçün var olan gücün, gerçək olan fikrin,
sözün sənin ixtiyarından çıxıb başqa
bir anlamadığın, dərk etmədiyin
varlığın gücünə, fikrinə, sözünə
çevrilir. Hiss edirsən ki, o səs gözünü
bağlayıb öz dünyasındakılardan söhbət
aça-aça səni də oralara aparıb. Sən
dünyanın, o zamanın, o məkanın adamısan.
Özündə deyil, oralısan, oranın vətəndaşısan.
O səs sənin xatirəndir.
Ancaq bu xatirə-hadisələr insanlarla deyil. Bu xatirə yaz
günü ilk dəfə qoxladığım bənövşənin
xatirəsidir. İtkin düşən oğlunu gözləyə-gözləyə
ağlını itirib dəli olan Hüsnü arvadın
xırıltılı qəhqəhəsinin səsidir. Bu səs
qarşı dağa dəyib yenidən geri qayıdan
Ağoğlan dağından Arazacan axıb gedir. Bu səs həm
də yeniyetmə oğlunu şəhərə pulsuz-pənəsiz
yola salan bir ananın “- Özündən muğayat ol, bala,
Allahdan başqa heç kimimiz yoxdur, Allah səni qada-baladan
qorusun” – səsidir.
Bütün bunları Alim
bilirdi, ya bilmirdi – demək çətindir. Amma Alim
çiynini sıxıb, gözlərini yumub qavalına
qısılanda onun içindən qopan səs bütün
bunları o qədər gözəl danışır ki,
inanmaya bilmirsən, Alim bütün bunları sənin kimi, sənin
yanında olub görür. Deyirlər, hər şey kimi
dünyada səs də itmir. Bəlkə o səslər bir vəhy
kimi Alimin səsində yaşamağa qismətli olub? Bəlkə
Alimin səsi keçmiş, olmuş əhvalatların,
insanların tarixi deyil, onların tarixidir, onların səsidir...
Alimin səsi vicdan səsi, vətən
səsi kimidir. Hərdən mənə elə gəlir ki,
bütün bunlar bəlkə heç olmayıb. Bəlkə
o səslər də olmayıb.
Və ya bəlkə
bütün bunlar yüz dəfə, min dəfə, yüz
minlərlə, milyonlarla dəfə olub. Ey tək Allahım,
nə yaxşı ki, Sən hər şeyə şahidsən.
Sən olmayan yerdə şeytanın, iblisin etdiyini Sənə
bu səslər xəbər verib. Bu səslər
dünyanı dağılmaqdan qoruyub. Minlər, milyonlarla
insanı, ananı, balanı qoruyub, yüzlərlə vətəni,
milləti qoruyub. Bu səslər olmasa, nələr
olarmış, İlahi. Şükür
böyüklüyünə, böyük Tanrım. Çox
şükür. Böyüklüyünə qurban olum.
Ermənilər Cəbrayılı
alanda gecənin zülmətinə günahsız insanların
qarğışı, nəhayətsiz,
ölçüsüz əzabı, məşəqqəti,
ağrısı, vida səsi, dua səsi, ölüm səsi
qarışıb. Hər şey unudulur, səs qalır.
İŞIQ
...Alim danışır.
Özündən, atasından, anasından, övladından, sənətindən.
Televizorda çox az
danışan Alimi danışdıran aparıcı qız
heç Alimin ruhundakı adam deyil. Sualın biri ala dağdan,
o biri qara dağdan... Sensasiya, reytinq davasından çox uzaqda
olan Alim öz səmimiyyətinə, öz ürəyinə
sadiqdir. Əslində, aparıcı qızla yox, özü ilə
danışır, Alim. İnsanın özündən
yaxşı müsahibi kim ola bilər?
“Oxuyanda özümdən
asılı olmayaraq gözümü yumuram, özümdən
başqa heç kəsi görmürəm. Öz aləmimin,
öz dünyamın qonağı oluram. Hərdən
qaranlıq içində işıq görürəm. O
işıq məni özünə çəkir, durmadan
özünə çağırır. Bir dəfə o
işığa doğru getdim. Çox yaxına getdim. Az
qaldım ki, o işığa çatıb ona qovuşum.
Sonra birdən üşəndim, öz-özümə dedim
ki, ay zalım, hara gedirsən. Və geri döndüm. İndi
dönməyimə peşmanam”.
O qaranlığın
içindəki ölümdürmü, həyatdırmı,
O, biri dünyanın başlanğıcı və ya bu
dünyanın sonudurmu, deyə bilmərəm.
Amma hər kəsin
gözünə görünməyən o
işığın bir gün Alimi özü ilə
aparacağını qəti bilirəm. Əslində, o
işıq Alimi doğub. Həmin işıq da Alimi
aparmalıdır. Oxuyanda, ucalanda, yerdən üzüləndə
o işıq görünür. Olumun və ölümün
özüdür o işıq.
lll
Alim qardaş, könül
istər sənin səsinin işığına
düşüb bir qərib məchul yola girsin.
Bu yolda ömür yolumuzun
yol yoldaşlarından bir neçəsi haqqında söz demək
fürsətini itirmək insafdan deyil.
Sənin “Cahargah”ın mənim
yadıma mərhum dostum Vidadi Məmmədovu salır. O Vidadi
ki, “Tərtər quruyub, mən necə yazım” deyib
için-için ağlayırdı. Mən Tərtərə
baxıb dünyanı duydum, yuxulu-yuxulu dörd bir yana
baxıb ürəyimə dünyanı, insanları
yığdım. Tərtərin üstündə bir qız
sevdim. İndi Tərtər quruyub. Tərtərlə birgə
addaşım, xatirələrim, varlığım quruyub. Bu
dünya dərdinən doğulub. Ağabala Abdullayev
oxuduğu gücdə yazmıramsa, niyə yazmalıyam?”
Bir gün dünyanın ən
dərdli və dərdsiz insanı olan Vidadi o zamanlar qəbul
imtahanlarının keçirildiyi avqustu nəzərdə
tutaraq universitet müəllimi olan dostunu tələsən
görüb “- Deyəsən avqustu gözləməyə səbrin
çatmadı, özün avqusta gedirsən” deyib ürəkdən,
kinsiz-xltslz güləndə onun gözlərindəki dibsiz, nəhayətsiz
dərdi o qədər aydın gördüm ki, o
aydınlıq həmişəlik yadımda qalıb. “ Məni
də başqalarının xəcalətini çəkmək
öldürəcək” – deyən Vidadi, Ağabalanın
“Zabul”una, Qədirin “Sona bülbülləri”nə, Alimin
muğamlarına qulaq asanda özündə olmurdu.
Handan-hana “ – Qardaş, Allah
adama elə istedadlı edəydi ki, bu səsin gücündə
yazaydı. İlahi, o səsin gedib qayıtdığı yerə
çata biləydim” – deyirdi...
Alimin səsi mənim
üçün türk şeirinin böyük səsi Ramiz
Rövşənin görüşüdür. Alimin səsindəki
insanın özünün o tayına hayqırışı
nədənsə mənə hamıdan çox Ramizi
xatırladır.
Ramiz də Alim kimi vaxtilə
quş kimi qanadlı olub uçan adamların
sonuncularındandır. Adamın uçmağı, əlbəttə
ki, təyyarənin uçmağından fərqli bir
şeydir. Adamın uçmağı yalnız məkanla-fəza
ilə bağlı deyil. Bu uçuş zamanla məkanın,
fəzanın birləşməsidir. Zamanda əriyən isə
yalnız təbiətin oğlu deyil, o həm də Allahın
seçdiyidir. Bu uçuşda Allahın insana lütf edib
verdiyi çox şey var. Və Ramizin hər uçuşu yerə
göndərilən vəhylərin səsidir. Bu səs nə
deyir bizə? Bu səsin pıçıltıdan
hayqırışa səslənən varlığında nələr
var və ya nələr yoxdur? Bütün bunları söyləmək,
xırdalamaq o qədər də asan deyil.
Muğamın mürəkkəb
əlvanlığı ilə şeirin çoxqatlı,
çoxlaylı zənginliyi bir ilahi başlanğıcda və
bir ilahi sonluqda birləşib üs-üstə
düşür.
Səslə sözün
ilahi birliyi Füzulidən gələn birlikdədir.
Alim Ramizin birliyi haqqa
canatmanın, içindən ucalmağın, Allaha doğru
uçuşun birliyidir. Bu uçuşda zaman məkandır,
məkan da zaman. Bu uçuş zərifliyin, incəliyin
güc üzərindəki qələbəsidir.
Və nəhayət, Alimin səsində
mənim gördüyüm insan əqidə mücahididir. Həyatını,
varlığını millətin yolunda qurban qoyan
böyük insan Əbülfəz ELÇİBƏYDİR.
Alimin “Rast”ında çox şeylə yanaşı, bir
dövlət əzəməti, bir milli qürur da
yaşayır. Bu səs Vətən oğlunun səsidir. Bu səs
azadlığa əsrlərcə susamış böyük
bir xalqın səsidir. Alimin səsindəki həzinlik, qəriblik,
dərd, kədər öz içinə qapanan millətin
özünə tapınması, yığılmasıdır.
“Rast”ın bu əzəmətini duymadan əqidə
adamını anlamayacaqsan. Doğma balalarını elinin
azadlığına qurban deyən böyük əzabkeş
bu gündən çox-çox qabaqlara baxır. Baxdıqca
çox şeyi görür. Gördükcə sevinir.
Milətin qanı hesabına
qazanılan böyük Azadlığın özü kimi səslənir.
Bu böyük siyasi
mücahidin sufi təbiəti, təmənnasız təmizliyi,
zora sevgi cavabı Alimin səsindəki dupduru təmizliklə,
şəlalə çağlayışı ilə səslənir.
Yenə də Alimin səsindəki
etirafın poetik-fəlsəfi gücü, siqləti o siyasi
mücahidin sınaq dolu ağır həyatının şəklidir,
ideala həsr olunmuş insan ömrünün mənzərəsidir.
Tarixi ilə, insanı ilə,
mübarizə yolu ilə, əzmi, qüdrəti ilə
Azadlığa layiq olan Azərbaycan xalqının müstəqil
dövlətçilik yolunun canlı mücəssəməsi
olan mücahidin ağır, şərəfli həyatı
Alimin oxuduğu bütöv bir muğam kimi dərin,
anlamlı və ibrətamizdir.
Sevgisi xalqının
Azadlığı olan insanın ürəyində yatan
Füzuli eşqi, Nəsimi fədailiyi, Qorqud müdrikliyi
Alimin muğamatını dinlədikcə gözəl
görünür, yalnız qulaqla eşidilmir, könüllə,
ürəklə duyulur.
Özgə cür
düşünmək, dissident sözlə, fəaliyyətlə
bağlıdır. Söz sənəti ilə bağlı
olan dissidentliyin “suçunu” sovet dövründə şairlər,
yazıçılar daşımışlar və bunun
olmazın cəzalarını da almışlar.
Musiqidə dissidentlik ələ
gəlmir, göz ilə görünmür və mücərrəd
olduğu üçün ittiham dəlilinə çevrilə
bilmir. Dövrün naləsi olan dərviş musiqisi də,
muğam da belədir. Ahı, naləni, fəryadı əl ilə
yaxalamaq müşkül məsələdir. Əgər bu
mümkün olsaydı, Arazın bu tayında rəhmətlik
Ağabala Abdullayevin “Zabul-Segah”ı, o tayında Mustafa
Payanın hicran yanğısı ilə dolu “Segah”ı həbs
ediib zindanlıq olardı. Bu qərib səsləşmə
bir-birindən ayrı düşmüş iki doğma
qardaşın, Azərbaycan türkünün nalə-nisgil
dialoqu tarixin dəhşəti kimi yaşayacaq. Rəhmətlik
Rübabə Muradovanın ürək dolu, sinə dolu
oxuduğu “Qaragilə”si, ayrılığın,
bölüşdürülməyin fəryadı kimi
yaşayacaq.
Rəşid Behbudovun və
Ququş xanımın fəraq himni kimi oxuduğu
“Ayrılıq” yaraya basılmış duz deyil, bəs nədir?
“Qəbrimin üstündə
Ədalət “Yanıq Kərəmi”, Kamandar “Baş
Sarıtel” çalsın” – deyən rəhmətlik Firudin
Şuşunski deyə bilmədiyi, yaza bilmədiyi həyəcanı,
qiyamı ifadə etməmişmi?..
Qara Qarayevin parlaq musiqisi
rejimin təsdiqindən daha çox inkarıdır”.
ALİMİN SƏSİ...
Alimin səsi yaddaş
ağrısıdır. Bütövlük həsrətidir.
Azadlıq yanğısıdır. Xoşbəxt olmaq
üçün yaradılmış millətin bədbəxtlikdən
səadətə canatmasıdır.
Alimin səsi dar ağacı
altında dayanan mücahidin düşüncə, duyğu
selidir.
Alimin səsi uğursuz sevgi
naləsidir.
Qara sevda təşnəliyidir.
Alimin səsi ayrılıq
yanğısıdır. Bölünən Vətən,
bölünən millət, bölünən insan fəryadıdır.
Alimin səsi sənin, mənim,
onun içində yetişən duyğu tumurcuğu, fikir
fidanıdır. Bu səs mən qədər, sən qədər,
onun qədər böyüyə biləcək
böyüklükdə, uzana biləcək uzunluqda, gözəlləşə
biləcək gözəllikdədir.
Bu səs əcdad səsidir,
kökdən gələn el, ulus səsidir. İçində
at, qopuz, qımız, saz, alaçıq olan dünyanın səsidir.
Bir də bu səs dünyada itən varlıqların taleyidir.
Uçmaq, Allaha yaxınlaşmaq cəhdidir. Allaha oxşamaq,
ona uyğunlaşmaq təlaşıdır. Uçmaq Allahla
ünsiyyətin nadir yollarından biridir.
Və Alimin zilində bu
ünsiyyətin bir monoloq – hayqırışı var. Cavab həsrətli,
söhbət ehtiramlı bu cəhd həmişə monoloq
olaraq qalacaq yəqin ki. Və yerə enən sonsuzluğun
göylərə körpüsü olacaq.
Yerdə – bəmdə
yaşamaq da göy təşnəliyinin yerdəki halətidir.
Qızmış dəmirin üstünə tökülən
su onu qızğın varlığından ayırır, ancaq
soyuq dəmirin yaddaşında qalır. Bəmdə söylənən
sözlər zildəki kəlmələrin kölgəsidir:
titrək, qərib, soyuq. Zildən bəmə düşən
epilepsiyalı xəstənin (və ya fövqəlbəşərin)
transdan adi, normal hala keçməsidir.
(Ardı gələn şənbə
sayımızda)
KAMİL VƏLİ
525-ci qəzet.-
2011.- 26 fevral.- S.22.