Söz: Ünsiyyət vasitəsindən
ovqat daşıyıcısına
Söz, təbii ki, öncə ünsiyyət vasitəsidir. Dilində-danışığında çatışmazlıq olmayan hər kəs dilin bu funksiyasından heç bir problem olmadan bəhrələnə bilir. Başqa sözlə, ünsiyyət hamının bacara bildiyi, bütün insanlara xas olan bir məziyyətdir. Bu baxımdan “insan” sözünün “ünsan” hərf birləşməsi ilə nəinki qohumluğunu iddia etmək, hətta belə bir iddiaya haqq qazandırmaq da mümkündür.
Ancaq sözün funksiyası bununla məhdudlaşmır. Bu funksiya daha geniş,daha ətraflıdır. Yəni söz həm də ovqat daşıyıcısıdır. Danışan dediyi, yazan yazdığı sözlərlə öz ovqatını, keçirdiyi hissləri, duyğuları eşidənə, yaxud oxuyana çatdırır.
Sözü adi ünsiyyət vasitəsindən ovqat daşıyıcısına çevirmək isə hər kəsin qabilliyəti, hamının bacarığı daxilində deyil. Bu artıq sənət söhbəti,sənətkar məsələsidir. Ona görə də belə qabiliyyəti kütləviləşdirmək, hamıdan ummaq sadəlövhlük olardı.
Belədirsə söz ünsiyyət vasitəsindən ovqat daşıyıcısına necə çevrilir? Söz sənətinin zərgərləri buna necə nail olurlar?
Belə labüd suallar ətrafında düşünərkən yenə də istər-istəməz sözün üstünə qayıtmalı olursan.
Söz, əslində bir neçə qatdan,bir neçə mərtəbədən ibarətdir.Belə demək mümkündürsə, müstəqim mənada,yəni ünsiyyət vasitəsi olaraq tələffüs olunan söz ancaq üst qatı,birinci mərtəbəni işıqlandırır. Bunun ovqat daşımaqla heç bir əlaqəsi yoxdur. Sözün ovqat daşıma funksiyası daha çox onun tələffüz olunmayan hissəsində,kökündə,kötüyündə,kölgəsində, alt-qatlarında,alt mərtəbələrində özünü biruzə verir.
Doğrudur, adi sözlərlə də bəzən qiraət ustaları müqabil tərəfdə müəyyən ovqat yarada bilirlər. Ancaq bu olsa-olsa suvaqdır,əlüstü qopub töküləcək. .Biz suvaqdan danışmırıq.
Sözün ovqat yaratma funksiyası əksər hallarda fikrin söz birləşməsi,poeziyada misra birləşməsi halında ortaya çıxır. Belə söz və ya misra birləşmələri özündə kifayət qədər tələffüs olunmayan, açıq deyilməyən fikirləri də ehtiva edir.
Beləliklə, söz əslində iki hissədən ibarətdir: birinci halda tələffüz olunur, müəyyən konkret fikri ifadə edir. İkinci halda müəyyən fikirləri fələffüz etmədən də özü ilə az-çox açıqlaya bilir. Ovqat bax burda, sözün daha çox birbaşa deyilməyən, tələffüz olunmayan hissəsi ilə daşınır.
Açıqlanmayan, tələffüz olunmayan fikirlər adətən çoxlu suallar doğurur. Eyni zamanda həmin fikirlər hərəyə bir cür çatır. Onu hər kəs öz bildiyi səviyyədə qəbul edir, anladığı kimi başa düşür və elə də qiymətləndirir. Uzağa getmək lazım deyil. Ustad Fizulidən istənilən sayda nümunələr göstərmək mümkündür ki, onu az qala hər oxuyan bir cür izah edir. Bu mənada söz yazanın deyil,oxuyanındır.O səbəbdəndir ki, çox zaman müəllif unudulur,ancaq söz yaşayır.
El arasında bir deyim var: “Sözdən söz çıxarmaq”. O sözdən, yaxud söz birləşməsndən “söz çıxır” ki, onlar özü ilə açıqlamayan fikirləri də daşıyır. Ovqat da adətən həmin pərdə arxası fikirlərlə yaranmış olur.
İndi gəlin, yuxarıdakı sualları bir də yada salaq və cavabları şərtləndirməyə çalışaq. Zənnimcə, ağız ədəbiyyatında örnəklər daha tutumludur.
Birinci nümunə:
Lələyəm, öyənim yox,
Zər-ziba geyənim yox.
Yüz il qürbətdə qalsam
Gəlmədi deyənim yox.
(Lələ
Aşıq)
İkinci
nümunə:
Köçərəm,
ölkə, səndən
Qorxum yox yol kəsəndən
Dağlar quzeyli könlüm
Çəkilməz kölgə
səndən.
(Sarı
Aşıq)
Üçüncü
nümunə:
... Dəstələ,
zülflərin yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sənə
(Qurbani)
Hər üç nümunənin
oxucuda yeni ab-hava yaratdığı danılmazdır. Lakin
bunların hərəsi bir yolla yaranır. Birinci nümunədə
ovqat üç qoldan qidalanır: “yüz il qürbətdə
qalan” (birinci), “gəlmədi deyən” (ikinci),nəhayət,bunların
arasında olan və aşığın özünü
“oxşatdığı” obraz. Yüz il qürbətdə
qalmaq əzabı, ona “gəlmədi” deyən olmaması, qəribin
təkcə qürbətdə yox,həm də vətənində
(“gəlmədi” deyən təbii ki, onun vətənində olmalıydı)
tənhalığı çoxlu suallar doğurur. Ovqat dəyişikliyi
də burdan qidalanır.
İkinci nümunədə
bir obraz iştirak edir. Aşıq öz könlünü
quzeyinə heç vaxt gün işığı düşməyən
dağlara bənzədir. Yenə oxucu düşünməli
olur: Aşığın könlü niyə kölgədə
qalır? Ora niyə günəş
işığı düşmür? Günəş
işığı düşməyən yer görən necə
olur? və s. Onda özünə gəlir ki,ovqatı tamam dəyişib. İndiki anda
onun da elə könlü dağların quzeyi kimidir.
Üçüncü
nümunədə isə, bu funksiyanı, bircə kəlmə
– “qubarlanar” sözü yaradılır. Bununla yol insana
çevrilir. Həm də hər insana yox. O insana ki,bir
zülfün dəyməsi ilə qubarlanır, yenə
çoxlu birbaşa ifadə olunmayan fikirlər ortaya
çıxır: qubarlanan yolların durumu, dəstələnməmiş
zülflər,onların oyatdığı hisslər,duyğular
oxucunu tamam yeni
bir avaz üstündə kökləyir.
Söz daha çox onda ovqat
daşıyıcısına çevrilir ki, oxucu onu ilk dəfə
eşitmiş olur. Burası da var ki, belə deyimləri əlli
dəfə,yüz dəfə də oxusan,hər dəfə
eyni sim üztə köklənirsən. Yəni o misralar
köhnəlmir və hər dəfə oxuyana təzə kimi
görünür.
Çağdaş
poeziyamızda da belə nümunələr istənilən qədərdir.
Birinə baxaq:
... Küsüb məndən,
özgələrdən
məni soruşanım mənim...
(Fikrət Qoca)
Burada elə bir qeyri-adi təşbeh,
bənzətmə, mübaliğə yoxdur. Ancaq obrazın
xarakteri,qeyri-adi fərdiliyi, bənzərsizliyi var. Sevən də,
sevilən də özəldir. Hər ikisi oxucunu səksəndirir.
İlk olaraq sevgilisindən küsən,lakin ondan nigaran
qalan,ayrıla bilməyən,məcbur olub əhvalını
özgələrdən soruşan obraz xəyalında
canlanır. Onu buna vadar edən məhəbbətinin
gücüdür və bu güc oxucuya da sirayət edir. Bu
pak, ülvi məhəbbətin sahibi küsməsi ilə də,barışmaq
üçün yol qoyması ilə də təbii və
gözəldir. Hardasa hiss edirsən ki, bəlkə də o,
heç nədən, bir növ şıltaqlığı
ucbatından küsüb, yaxud fərqinə varmadan
küsüb. Belə olmasaydı küsdüyünü
özgələrdən soruşmaq səviyyəsinə qalxa
bilməzdi. Bu heç onun ağlına da gəlməzdi. Belə
nüanslar xüsusilə erkən sevdalar üçün
xarakterikdir.
Hələ burası da var
ki, halını özgələrdən soruşan adamın səndən
küsməyi bu umu-küsünün
dözümsüzlüyü, müvəqqəti xarakter
daşıdığını özündə ehtiva edir. O
artıq, barışığa doğru bir addım atıb.
Özü də əmindir ki, küsülü vəziyyətdə
uzun müddət qala bilməyəcək.
İkinci tərəf də
oxucudan kənarda deyil. O bilir ki,sevgilisi ondan küssə də,
onu özgələrdən soruşub. Təkcə bu anlatma
onun bəzi xarakteri, ilk növbədə sevgisində
saflığını, layiqli tərəf olduğunu şərtləndirə
bilir.
Baxın ki, ustad şairin
beş-altı kəlməlik fikir birləşməsi nə qədər
danışmağa əsas verir. Hərçənd hələ
söhbəti artırmaq da olardı.
Bütün bunlar müvafiq
tərəfi düşündürür. Onda tamam təzə
ab-hava yaradır. Belə ab-havanın təsiri altında insan
yalnız təmizlənməklə, paklanmaqla qalmır, eyni
zamanda ağac kimi pöhrələyir, sanki, onda yeni
duyğular-düşüncələr baş qaldırır.
O pöhrələrin boy atacağına, böyüyüb
çiçək açacağına, bar verəcəyinə
kimsə şübhə etməsin. Budur sənət! Budur onun
qayəsi, onun tərbiyəsi!
Çox zaman yerli-yersiz gileylənirik
ki, söz urvatdan düşüb, kitab oxunmur. Bunlar həqiqətdir.
Ancaq həqiqəti bədii sözün, müəllifinə
boy verməyən kitabların içərisində axtarmaq
daha ədalətli olardı və daha zəruridir. Hər
şeir yazan şair olmadığı kimi, hər kitab müəllif
də yazıçı deyil. Bunların hər birinin öz
adı var və hərəsi də öz adı ilə
çağrılmalıdır.
Ovqat yazanla oxuyan arasında
duyğularla, hisslərlə yaradılır. Həm gərək
o duyğular, hisslər güclü təsir imkanına malik
ola, həm də gərək onları qədərincə bir
tərəfdən o biri tərəfə keçirə biləsən.
Heç şübhəsiz,o biri tərəfin qavramaq
gücü də burada müəyyən rol oynamamış
deyil.
Sadə adamlar arasında son
dərəcə duyğulu olanları yəqin ki, hamı
müşahidə edib. Belələri ilə təmasda olmaq
xoşdur və adamı zənginləşdirir. Təəssüf
ki, belələrində keçirdiyi hissləri poetik sözə
çevirmək qabiliyyəti olmadığından bunu
bacarmırlar. Yaradan bu qəbildən olanlara,necə deyərlər,
ürək verib, ancaq qədərincə dil verməyib. Onlar
daxilən həsəd aparılacaq səviyyədə zəngin
olsalar da, bu zənginliyi üzə çıxarmaqda aciz və
kasıbdırlar.
Başqa bir qisim insanlar
ürəklərini yüzə-yüz üzə
çıxara bilirlər. Dil var ,danışıq var,ancaq
içində fikir yoxdur. Ürək duyğusuz, hissizdir. Dil nə
qədər çalışsa da, məlumat vermək səviyyəsindən
uzağa gedə bilmir. Bunlarla isə ovqat yaratmaq sadəcə
qeyri mümkündür.
Ovqatı əvvəlcə
şair özü yaşayır və yaşamalıdır.
Ancaq bu azdır hələ. Gərək müəllif
yaşadığı ovqatı qələmi ilə oxuya
yüzə-yüz ötürə bilsin. Əks halda əks mənzərə
yaranır. Baxırsan ki, dil var, forma-üslub yerli-yerində.
Ancaq dil dayazdır, formanın içi isə boşdur.
Poeziyada zəif yazılar adətən
belə müəlliflərin qələminin məhsulu
olur.Duygusu-düşüncəsi,daxili dünyası zəngin
olmayanlar ovqat yarada bilməzlər. Belə müəlliflərin
yazılarını oxuyanda düşünmürsən ki, nə
oxudum? Yadında heç nə qalmır. İtirdiyin vaxtdan
başqa.
Oxucuda ovqat yaradan
deyim,misra,şeir parçası yaddaşa güclü təsir
edir. Uzun müddət yaddan çıxmır. Hətta onun
müəllifi unudulsa belə, özü dildən-dilə
düşür, çoxlu sayda yeni ünvanlar qazanır.
Sözün imkanları ölçüyə sığmaz,
onun həddi-hüdudu yoxdur.Baxır müəllifin qabiliyyətinə.
Ovqat yaratmaq üçün
haylı-küylü misralar quraşdırmağa hacət
yoxdur. Bəzən bir pıçıltı ilə də ona
nail olmaq mümkündür. Təki ortada fikir olsun.
Bir nümunəyə baxaq:
Mən kimsəsizlikdən
bənzərsiz oldum,
Sən deyəsən
atana oxşayacaqsan.
(Qulu Agsəs)
Asta-asta, az qala uşağa
layla çalırmış kimi deyilən bu misra nə qədər
sadə, təbiidirsə, o qədər də tutumlu və
adilikdən uzaqdır. Bilirsiniz oxucu nə
düşünür? – Belə adamlar onsuz da heç kəsə
bənzəyən deyillər, lap milyonlarla insanların
arasında olsalar da, yenə onların hər hansı birinə
deyil, ancaq özlərinə oxşayacaqlar. Bununla bahəm, yanında kimsənin
olmadığını deməklə, özü düşdüyü mənzərənin
cizgilərini çəkir. Təkliyinin, tənhalığının
obrazını yaradır. O biri tərəfdən, “sən deyəsən
atana oxşayacaqsan” kəlmələri onu da
çatdırır ki, sən tək, kimsəsiz deyilsən,
atan sənin yanındadır və s. Və bütün bunlar
tezliklə yazanla oxuyan arasında ovqat körpüsünə
çevrilir. Belə söz körpüsünün
üstü ilə nə qədər gəzirsən gəz,qorxma
sınan,qırılan deyil.
Bəzi müəlliflər
oxucuda müəyyən təsir yaratmaq üçün
sözü, misranı, ümumən fikri elə qəliz
formada deyirlər ki, bəlkə heç nə demək istədiklərini
özləri də bilmirlər. Şeir parçası
dönür tapmacaya. Tap görüm, müəllif ürəyində
nə tutub, oxucunu hara, hansı səmtə yönəldir və
nəyin xətrinə?.. Güman edirəm ki, bu cür
nümunə ədəbiyyatımızda az qala
saysız-hesabsızdır. Ona görə də misal çəkməyə
lüzüm görmürəm. Bütöv halda bunların
sözün ovqat funksiyası ilə heç bir əlaqəsi
yoxdur.
Təbiətdə baş verəcəyi
əvvəlcədən dəqiq
proqnozlaşdırılması mümkün olmayan hadisələr
az deyil. Vulkan püskürməsi kimi,zəlzələ kimi.
Poetik məhsul da belədir. Gərək dərin qatlardan
çıxsın. Gərək onda oxucunun mənəvi
dünyasını lərzəyə salmaq gücü
olsun.Vulkanın püskürtüsü yerin dərin
qatlarından çıxmasa,adicə palçıq
axınıdır, girinə keçənləri
yandırıb yaxa bilməz.
Vaqif Səmədoğlu
Yaradana xitabən deyəndə ki,
... məni yarı
öldür,
yarı saxla
ağlamağa...
Əli Kərim deyəndə
ki,
qayıt, yerinə qoy bu
küçələri,
qayıt, səhmana sal bu
kainatı
və bu kimi onlarca söz birləşmələri ona görə oxucuda məlum ovqatı yaradır ki, qəlbin dərinliklərindən gəlir.Bəzən düşünürsən ki, belə deyilənləri fikirləşməklə tapmaq mümkün deyil.O sanki hazır halda meydana çıxır. Bəlkə də “hə”, bəlkə də “yox”.
Sözün təsir gücünü bəziləri onların ahəngində,ritmində,pafosunda,musiqisində görürlər. Poetik nümunələrdə bunların müəyyən rol oynadığı inkaredilməzdir.Lakin bütöv halda onlar əlavələrdir,budaqlardır.Əsas isə, kök isə oxucuya ötrülən fikirlərdir.Yəni müəyyən ovqata oxucu fərqinə varmadan köklənməlidir.Bu təbii,ölçüsüz –biçisiz prosesdir. Forma da, janr da burda elə bir rol oynamır.
Tələbə vaxtlarında tanınmış şairlərdən biri M.Ə.Sabir adına kitabxanada ədəbiyyat dərnəyi aparırdı. Cavanlardan bəzilərinin xoş avazla oxuduğu, çoxumuzun alqışladığı şeirləri alıb özü təzədən ürəyində oxuyardı. Heç birimizin gözləmədiyi nüanslar ortaya çıxardı...
Poetik söz ünsiyyət vasitəsindən ovqat daşıyıcısına çevrilərkən oxucunu həyacanlandırır, heyrətləndirir. Bəzən onlara “şah misralar” deyirlər. Hətta istəsən belə, o misraları unuda bilmirsən.Onları hər dəfə öz-özünə xatırladıqca, ilk dəfə oxuduğun anların ovqatı səndə təkrar yaranır.Bütün hallarda “şah misraların” müəllifdən oxucuya keçdiyi yol, onun yan-yörəsində bitən çiçəklər də, dolaşan meh də təzə və təravətli olur.
Təssüf ki, ədəbiyyatımızda “şah misralardən” məhrum olan bol-bol şeirlər var. Hətta elə tanınmış,səxavətlə təbliğ edilən şairlər də mövcuddur ki, onların nəinki tək-tək şeirlərində, hətta cild-cild kitablarında, bütün yaradıcılığında belə bir “şah misra” tapmaq mümkün deyil.
Söz də bizim kimidir. Onun da cığalı, ipə-sapa yatmayanı,tutduruq verməyəni var. Dilimizdə “hərəni öz dili ilə” ifadəsi işlənir. Bu elə sözə də aiddir. Bir növ hər sözün də “öz dili” var. Gərək onu tapasan ki, niyyətini qəbul eləsin. Səni başa düşsün, sənə ram olsun və səni olduğu kimi başqasına çatdırsın. Bununsa yolu mehrdən-məhəbbətdən keçir. Sözü ancaq sevə-sevə bir arxa yönəltmək olar. Burda zorluq iş yoxdur.
Sən sözü elə sev ki, o, bu istəyə biganə qala bilməsin. O da səni sevsin. Gördün söz səni sevmirsə, deməli, sən ona layiq deyilsən. Onda heç özünü də bərkə salma. Sadəcə, qələmdən-kağızdan aralı dur.
Onda sən də qazanarsan,
söz də!
Onda ən çox qazanan ədəbiyyat
olacaq!
Ədəbiyyatın
qazancı da tək-tək müəlliflərin deyil,
xalqındır, hamınındır, bəşəriyyətindir.
Xasay MEHDİZADƏ
525-ci qəzet.- 2011.- 26 fevral.- S.19.