HEYDƏROV (HEYDƏROĞLU)
İBRAHİM BƏY İSA BƏY OĞLU (1879, Dərbənd
– 1949, Ankara)
(Başlanğıcı ötən
şənbə saylarımızda)
PARİS SÜLH KONFRANSINDA
1919-cu ildə hökumətin
Avropa dövlətləri ilə danışıqlar aparmaq
üçün Paris sülh konfransına göndərdiyi
nümayəndə heyətinə İbrahim bəy də daxil
edilmişdi. Bu heyətdə ondan başqa, Şimali
Qafqazın ictimai-siyasi həyatında mühüm rol
oynamış Əbdülməcid Tapa Çermoyev (sədr),
Heydər Bammat (Şimali Qafqaz Xalqları Cümhuriyyəti
xarici işlər naziri, üzv) və Həsən Hazarak
(üzv) da təmsil olunurdular.
İbrahim bəy Avropa
dövlətlərinin Sovet Rusiyasını Şimali Qafqaz
Xalqları Cümhuriyyətinin müstəqilliyini
tanımağa məcbur edəcəyinə umud bəsləyirdi.
Yola düşməzdən öncə o, qəzet müxbirlərinə
demişdi: “Mən öz missiyamın Parisdə uğur qazanacağına
inanıram, çünki uğrunda bizim
çalışdığımız iş bütün
demokratiya üçün ümumidir”. Ancaq Parisdə onun
missiyası istədiyinə yetmədi.
General Denikin
Dağıstanı işğal etdikdən sonra 1919-cu ilin
payızında Şimali Qafqaza dönən İbrahim bəy
Denikinə qarşı silahlı mübarizəyə
qatıldı.
BAKI – PARİS – ANKARA
Onun təmsil etdiyi hakimiyyət rus sakinlərin və qırmızı ordu birliklərinin əliylə devriləndən və Şimali Qafqazda bolşevik rejimi qurulandan (1920-ci il) sonra bu bölgənin bir çox ziyalıları kimi İbrahim bəy də ana yurdu Azərbaycana sığındı. O, Azərbaycanın ictimai-siyasi həyatında, xeyriyyə konsertlərinin, teatr tamaşalarının, o sıradan Üzeyir bəy Hacıbəyli’nin “Leyli və Məcnun” operasının, Ağa Əminov’la birlikdə “Azərbaycan gecələri”nin təşkilində fəal iştirak etdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra sosialist İbrahim bəy burada mühüm vəzifə tutdu – Azərbaycan SSR yollar nazirinin müavini oldu. Ancaq aradan heç bir ay keçməmiş Fövqəladə Komissiya (“ÇK”) onu həbs etdi. “Krasnı voin” (“Qırmızı döyüşçü”) qəzetində (25.06.1920, ¹135) həbsin səbəbi kimi İbrahim bəyin Müsavat hökumətinin görkəmli xadimlərinin azad olunmasına yardım etdiyi göstərilir.
1920-ci ilin sonunda Azərbaycan bolşeviklərinin lideri və eyni zamanda onun köhnə dostu N.Nərimanov’un müdaxiləsi ilə həbsdən azad edilən İbrahim bəy menşevik Gürcüstanına getdi.
1921-ci ildə rus süngüləri burada da milli hakimiyyət devirdikdən sonra İ.b.Heydərov Fransaya mühacirət etdi və 1925-ci ilədək ailəsi ilə birlikdə orada yaşadı.
1925-ci ildə Türkiyə hökuməti onu bu ölkəyə çağırdı. O, Türkiyədə “Heydəroğlu” soyadını qəbul etdi.
İbrahim bəy Türkiyəyə gəldiyində Ankara – Kayseri dəmiryolu xətti çəkilirdi. O, bu gün adı belə anılmayan Qaranlıqdərə deyə bilinən bir dağ başında dəmiryolu işçiləri üçün qurulan “qısım” deyilən müvəqqəti yerləşimdə çalışmağa başlayır, ailəsi ilə orada yaşayır. Dəmiryolu Kayseriyə uzanınca ailə Kayseriyə köçür. Oğlu orada məktəbə gedir. Sonra Sivasa doğru uzanan yolda çeşidli qısımlarda çalışır. Ən son 1939-un qışında Ərzincanın içində oturduqları zaman (qızları İstanbulda Amerikan Kollecində, oğlu universitetdə ikən) dəhşətli bir zəlzələ Ərzincanı yerlə yeksan edir. İbrahim bəyin oturduğu ev əski bir təkkəymiş; hətta atları da sağ qalır, ancaq gənc iş yoldaşlarını itirdiyinə görə sarsılır və mərkəzə alınmasını tələb edərək Ankaraya gəlir. 1940-cı ildə onu T.C. Yollar Nazirliyinə işə götürürlər və o, ömrünün sonunadək burada çalışır.
1949-cu ildə Abadlaşdırma Nazirliyi yüksək elmi heyətinin üzvü ikən Ankarada dünyasını dəyişən İbrahim bəy bu şəhərdəki Cəbəci məzarlığında dəfn edilir.
İbrahim bəy
məqalə, məruzə və çıxışlar
şəklində böyük irs qoyub gedib. Bu irs əsasən
Rusiya imperiyasının, Şimali Qafqazın və
Dağıstanın sosial-siyasi və milli problemlərinə həsr
edilib.
BİR QƏDƏR DƏ İBRAHİM BƏYİN NƏSLİ
HAQQINDA
Biz bu hissəni Dərbəndin alovlu pərəstişkarı,
onun 5000 illik tarixinin qızğın təbliğatçısı
və araşdırıcısı, üstündə “Dərbənd”
yazılmış 6 kitabın müəllifi olan rəhmətlik
Səftər Sultanov’un (1913-2007) rusca “Dərbənd. Məşhur ailələrin şəcərələri”
(Bakı: “Dərbənd” cəmiyyəti,
2005, ss. 70-73) və Moskvada yaşayan, daha çox hərb
tariximizi araşdıran dəyərli dostumuz Eldar
İsmayılov’un arxiv sənədləri əsasında
yazılaraq 2005-də Moskvada nəşr edilmiş “Azərbaycanlı
Georgi ordeni kavalerləri” (ss. 122-129) kitablarından yararlanmaqla,
eyni zamanda İbrahim bəyin qızı Fatma xanım’la
nəvəsi Mina xanım’ın lütfkarlıqla bizə
göndərdiyi bilgilərə əsasən
hazırlamışıq.
LLL
İbrahim bəyin mənsub olduğu nəslin başçısı Hacı Qasım bəy Heydərov Dərbəndin köklü sakinlərindəndi. O, tanınmış qədim bir zadəgan ailəsindən çıxmışdı. Hacı Qasım bəyin iki oğlu vardı: Nemətulla və Minətulla. 1835-ci ildə şəhərdə ilk rus ibtidai məktəbi açılanda yalnız iki sakin öz uşaqlarını ora verməyə razılaşmışdı – Hacı Qasım bəy öz oğlu Neymətullanı və Nəcəfqulu bəy Xıdırbəyov isə oğlu Hüseyni buraya vermişdi.
Nemətulla Heydərov sonra məşhur
adam oldu. Ruslar savaş tarixlərində
onu “Nimatul bəy”, “Minatul bəy”, “Naum Kasyanoviç” kimi
müxtəlif adlarla xatırlayırlar.
Eldar İsmayılov
Rusiya Dövlət Hərbi Tarix Arxivindəki bəlgələrə
dayanaraq Nemətulla bəyin bütün döyüş yolunu
ən incəliyinədək öyrənərək öz
kitabında genişliklə verib. Ancaq bir məqalədə
o qədər təfsilata ehtiyac olmadığına görə
biz yalnız ən mühüm faktları oxuculara
çatdırırıq.
Beləliklə,
Nemətulla bəy Hacı Qasım oğlu Heydərov 4 oktyabr
1827-ci ildə Dərbənddə anadan olub. İbtidai
dünyəvi təhsilini Dərbənd qəza məktəbində
alıb. 1843-cü ildə Qazıqumuq atlı
milis dəstəsində qulluğa təyin edilib. Sonrakı illərdə Qafqazdakı rus
qoşunlarının tərkibində Şamilə,
dağlılara qarşı çoxlu savaşlara
qatılıb. 1854-dəki savaşda fərqləndiyinə
görə 1857-də ştabs-kapitan çini alıb. Salavatiyadakı 1857-dəki fərqlənməyə
görə 1857-də generallara verilən 3-cü dərəcəli
Müqəddəs Georgi ordeni ilə təltif edilib (sonralar
4-cü dərəcəni də alıb). O, bu ordenə
layiq görülən ilk müsəlmandır. Sonrakı
illərdə yenə çoxlu ordenlər qazanıb. 1880-1881-də Axal-Təkə yürüşündə,
Göytəpə qalasının alınmasında istirak edib.
1884-cü ildə ona general-mayor çini verilib
və ehtiyat piyada alayına keçirilib. Bütün
qalan həyatını Nemətulla bəy Dərbənd şəhərində
keçirib və 27 yanvar 1901-də orada vəfat edib.
Neymətulla bəy
üç dəfə evlənib. İlk nikahdan oğlu
Hüseyn bəy (31.08.1868-?) və qızı Hürnisə
xanım (24.07.1870-?) doğulub. Üçüncü
nikahı Leyla bikə Əhməd bəy qızı ilədir
və ondan qızı Nurcahan xanım (17.03.1882-?) dünyaya gəlib.
Nemətulla bəyin
qardaşı Minətulla bəy Heydərov haqqında bilgimiz
çox azdır. Fatma xanımın bizə bildirdiyinə
görə o, əsgərliyi erkən yaşda buraxaraq Dərbəndə
dönüb və buradakı evində yaşayaraq öz təsərrüfatı
ilə məşğul olub. Minətulla bəyin 3
oğlu olub: İsa bəy, Musa bəy və Qasım bəy.
1. İsa bəyin 2-ci mahalda
(Meqri bulağın qarşısında) torpaq sahəsi,
bağı və 2 qatlı evi vardı. Onun 3
oğlu və 2 qızı olub. Oğlanları:
İbrahim bəy, Ömər bəy və Osman bəy. Qızları haqqında bilgini yalnız Mina Tanseldən
öyrənirik. Onun yazdığına
görə, Azərbaycanda qalmış bacılarından
İbrahim və Ömər bəylər heç bir məlumat
ala bilməyiblər. Qardaşları
Türkiyədə olduğuna görə onları sovet
hakimiyyəti dəhşətli əzablara düçar edib.
Ümxanım adlı bacı
yoldaşını erkən itirib və körpə oğluyla
dul qalıb. Qardaşlarına görə
onu uşağıyla birgə Sibirə sürgün ediblər.
17 il orada qalıblar. Stalinin
ölümündən sonra bəraət alaraq vətənə
dönüblər. 2008-də Mina Tansel
Bakıya gələrkən Sumqayıtda onun oğlu İsabəy
Əfəndiyev’lə görüşüb. Təəssüf ki, ikinci bacıdan heç bir bilgi
yoxdur.
İbrahim bəy
haqqında yuxarıda danışdıq, ancaq onun ailə həyatına
toxunmadıq.
O, 1915-də Dərbənddə Nisə xanım Cahangir bəy
qızı Ərəblinsakaya (1900-1943) ilə ailə qurub. Bu
evlilikdən onların biri oğul, üçü qız
olmaqla 4 övladı dünyaya gəlib: Minnətullah Heydəroğlu
(5.9.1918, Bakı-16.8.2006, Burhaniyə), Leyla Heydəroğlu
(1920, Dərbənd-1955, İstanbul), Fatma Alpengin (21.11.1921,
Tiflis) və Şermin Özgen (22.4.1926, İstanbul-24.1.2011,
İstanbul). İbrahim bəyin oğlu vəkil
Minnətullah Heydəroğlu Türkiyənin
tanınmış aydınlarından, hüquqşünas və
siyasətçilərindəndi. O, sosialist təmayüllü
bir sıra siyasi partiyaların öndərliyində
bulunmuşdu. O, yaşamının son 15 ilini İzmirdə
keçirib, ancaq Burhaniyədəki yay evində
dünyasını dəyişib. Minnətullah
bəy atasından çocuqkən öyrəndiyi
şahmatı 80 yaşından sonra da oynar, hətta turnirlərə
qatılardı. Bu gün İzmirdə onun adına şahmat turnirləri düzənlənir.
İbrahim bəyin
qızı Fatma Alpengin də indi Ankarada yaşayır.
Yeri gəlmişkən,
İbrahim bəyin yoldaşı Nisə xanımın
Bakıda qalmış bacısı Maidə xanım’ın əri
də 1920-ci illərdə repressiyaya uğrayıb və ailənin
sonrakı taleyindən heç bir xəbər
alınmayıb. (Bir faktı da qeyd etmək yerinə
düşər. Nisə xanımla Maidə
xanımın anaları Mina xanım gənc yaşda,
qızları kiçikkən ölüncə generalın
yoldaşı Ayna xanım ölən qardaşının
arvadını öz oğlu Cahangirə alıb. Ərəblinskilərin indi Azərbaycanda və Moskvada
yaşayan nəsilləri bu ikinci evlilikdəndir).
Ömər bəy
Heydəroğlu (1884, Dərbənd-1973, Istanbul) mühəndisdi. Fatma xanımın dediyinə
gərə, Ömər bəy Sankt-Peterburqa hərbi məktəbə
girmək üçün gedərkən böyük
qardaşı İbrahim bəy onu “rus zabitimi olacaqsan?” deyə
danlamış və onu mühəndisliyə yönəltmişdi.
Ömər bəy 1915-də Sankt-Peterburqda I Nikolay adına Mülki Mühəndislər
İnstitutunu qurtarıb. Dərbənddə Bikə
xanım’la ailə quran Ömər bəyin böyük
oğlu Əli 1918-də burada doğulub. 1920-ci
ildə ailəsini də götürərək Qafqazdan
Türkiyəyə gedən Ömər bəy öncə
Sarıqamışda mühəndis olaraq
çalışıb. Qızı
Türkan 10.1.1923-də burada, kiçik oğlu Haluk isə
1930-un martında Doğu Bayəziddə doğulub. Bundan
bir az sonra Ömər bəy ailəsiylə
İstanbula köçüb, orada bələdiyyəyə
girərək işləyib. 1973-də o və həyat
yoldaşı üç həftəlik ara
ilə dünyalarını dəyiblər. İndi
onların yalnız kiçik oğlu həyatdadır.
Osman bəy rus
ordusunun zabitiydi və Peterburqda Qış sarayına hücum
zamanı (oktyabr 1917) həlak olub.
2. Musa bəy kənd təsərrüfatı
ilə məşğul olub. Dərbənddə
Azadlıq meydanında 2 qatlı evi vardı (indi ora xəstəxanadır).
Musa bəyin oğlu Hüseyn bəy Dərbənddə
ibtidai məktəb bitirib və öz təsərrüfatı
ilə məşğuldu.
3. Qasım bəy (1858-1918)
Minətulla bəyin kiçik oğludur. Dərbənddə
ibtidai məktəbi, Bakıda real məktəbi bitirib,
hüquq təhsili alıb. Az müddət
Peterburqda rus ordusunda qulluq edib və ştabs-kapitan rütbəsində
ehtiyata buraxılıb. Bir rus qızıyla evlənib.
1878-ci ildə onunla Dərbəndə gəlib və
ömrünün sonuna qədər burada onunla yaşayıb,
Bakı dairə məhkəməsində özəl vəkil
işləyib. Uşaqları olmayıb.
Dərbənddə
onun geniş həyətli, xüsusi evi (Buynak küçəsində)
və Calqan gədiyinin ətəyində böyük
üzüm bağı vardı (yerli sakinlər ondan indi də
istifadə edir, oranı Qasım bəy bağı
adlandırır). O, üzümçülük və şərabçılıqla
məşğul olaraq bu sahədə xeyli uğur qazanıb.
1900-cü ildə Dərbənddə olmuş məşhur
fransız səyyahı və arxeoloqu baron dö Bai’nin onun
haqqında fikirləri maraqlıdır: “Dərbəndin
başçısı Türkdür, sözün
çağdaş anlamında mədənidir, Avropa
qaydasında geyinib, yaxşı şərabçıdır,
əla idarəçidir; onun söhbəti onun irqindən olan
adamlarda necə böyük keyfiyyətlər tapmaq
mümkün olduğunu mənə sübut etdi”. Məhz bu keyfiyyətləri sayəsində Qasım
bəy Dağıstan vilayətinin ən fəal xadimlərindən
biri sayılıb. O, ciddi ictimai-siyasi fəaliyyətlə
məşğuldu. 1900-cü ildə Dərbənd
şəhərinin başçısı seçilərək
şəhər yığıncağının 3-cü və
4-cü çağırışlarında da təkrarən
bu vəzifəyə layiq görülüb.
1912-ci ildə
Qafqaz canişini Vorontsov-Daşkov Qasım bəyin
soyadını inqilabi fəaliyyətinə görə şəhər
başçılığına namizədlər
siyahısından çıxarıb və Həmid bəy Vəkilov
başçı seçilib.
1914-cü ildə
Qasım bəy Heydərov Müsəlman Milli Komitəsinin
yerli bölümünü yaradıb və 1918-ci ildə Dərbənddə
sovet hakimiyyəti qurulanadək ona başçılıq
edib.
1918-ci ildə
Vladiqafqazda sosial-demokrat partiyasının qurultayı
keçirilib və Qasım bəy də heyətlə buraya dəvət
edilib.
Qurultaydan sonra onlar evə qayıdarkən Məhəmmədqala
stansiyasında erməni komitəçiləri qatarı
dayandırıb və başda Qasım bəy olmaqla 5 nəfəri
vaqondan çıxararaq meşəyə aparıb və orada
güllələyiblər.
Mina xanım Tansel yazır:
“İsa bəy İspaniya qripindən ölüm döşəyində
yatarkən “qardaşımın qanını yerdə qoydum”
deyə hayıfsılanır. Onun
intiqamını almaq İbrahim bəyə düşür.
O, ÇeKa’dakı son məhbusluğunda bir gecə əmisinin
qatili olan erməni komitəçinin adının səsləndiyini
eşidincə həyəcanlanır, “əli boş gəl!” əmrini
eşidincə sevinir, “üstümdən bir yük qalxdı”
deyir, çünki komitəçini edama
götürmüşlər – “əşyanla gəl!” dedikləri
məhbusları isə başqa yerə aparırdılar...”.
SON BİR-İKİ SÖZ
İbrahim bəy
Heydərov/Heydəroğlu haqqında, Hikmət Hacızadə
demişkən, 30 min işarəni – Azərbaycanda ondan
danışılan ilk ayrıca məqaləni ortaya qoyduq. Çox arzu
edirik ki, Azərbaycanın bu görkəmli ziyalısı özünə
layiq şəkildə araşdırılaraq xalqımıza
tanıdılsın.
9 iyun 2011.
Ədalət TAHİRZADƏ
Oğuztoğrul
TAHİRLİ
525-ci qəzet.- 2011.- 2 iyul.- S.28.