“Azərbaycanda təhsilin inkişafına xidmət edən yeni təşəbbüslər hər zaman dəstəklənir”

 

MƏLAHƏT TAĞIYEVA: “TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN RƏHBƏRLİYİLƏ BU SAHƏDƏ YENİ MÜTƏRƏQQİ İDEYALARIN HƏYATA KEÇİRİLMƏSİNƏ GENİŞ İMKANLAR YARADILIR”

 

Ağcabədi rayonundakı şəhid Əkbər Alıyev adına 12 saylı orta məktəb 1988-ci ildən fəaliyyətdədir. 27 sinifdən ibarət məktəbdə hazırda 528-ə yaxın şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə ümumilikdə 78 müəllim məşğul olur. Müəllimlərin çoxu alitəhsillidir. Təhsil müəssisəsindəki kimya, fizika, biologiya, ana dili, Azərbaycan tarixi kabinetlərində fənlər elektron resurslar vasitəsilə tədris edilir. Məktəbdə idman zalı və maraqlı kitablarla zəngin kitabxana da mövcuddur. 2008-2009-cu tədris ilində məktəb əsaslı şəkildə təmir olunub.

2005-ci ildən məktəbə Məlahət Tağıyeva rəhbərlik edir. M.Tağıyeva 1988-ci ildən 2005-ci ilə kimi Ağcabədi Rayon Təhsil Şöbəsində metodist kimi fəaliyyət göstərib. Yüksək pedaqoji fəaliyyəti, təşkilatçılıq qabiliyyəti və digər üstünlükləri nəzərə alınaraq, M.Tağıyeva 2005-ci ildə şəhid Əkbər Alıyev adına 12 saylı orta məktəbə direktor təyin olunub.

Direktor deyir ki, rəhbəri olduğu məktəbin pedaqoji kollektivi şagirdlərin yüksək səviyyədə orta təhsil alması üçün səylə çalışır, əlindən gələni əsirgəmir. Müəllimlər çalışırlar ki, cəmiyyət üçün savadlı, intellektli və ən önəmlisi vətənpərvər gənclər yetişdirsinlər: “Şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət yetirilir. Təlim-tərbiyə prosesinin təşkili şagirdlərin dövlət standartları səviyyəsində təhsil almalarını təmin edən tədris planları, proqramlarının, təlim-tərbiyənin vasitə, forma, metodlarının pedaqoji əsasları üzərində qurulur, bütün tərbiyə işləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipi əsasında şagirdlərin qabiliyyəti, meyl, maraq və bacarıqları nəzərə alınmaqla aparılır”.

Təhsil sistemində gedən islahatlar haqqında danışan M.Tağıyeva bildirib ki, təhsil sistemində islahatların həyata keçirilməsində əsas məqsəd Azərbaycanın təhsil sistemini dünya təhsil sistemi standartlarına uyğunlaşdırmaq və müasir nailiyyətlərin tətbiqinə şərait yaratmaqdır. İslahatların düşünülmüş şəkildə həyata keçirilməsi Azərbaycanda təhsilin səviyyəsinin xeyli yüksəlməsinə, səmərəliliyin artırılmasına zəmin yaradıb: “1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” 1999-cu ildən başlayaraq növbəti 15 il üçün ümumi təhsilin inkişaf strategiyasını müəyyənləşdirib. Bu gün Azərbaycan təhsilində Təhsil Nazirliyi tərəfindən tətbiq edilən yeniliklər, təhsilin təkmilləşdirmə strategiyası məktəb nailiyyətlərinə təsir edən bütün sahələr üzrə innovativ yanaşmalara əsaslanır. Bura kurikulumun tətbiqi, təlim strategiyaları, qiymətləndirmə metodları, təlim mühiti və icmaların təhsilə cəlb olunması, idarəetmə və müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi kimi sahələr daxildir. Dünya Bankı ilə son 10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq və həyata keçirilən uğurlu islahatlar nəzərə alınaraq, Azərbaycan təhsil sahəsində uğur qazanan ölkə kimi müəyyənləşdirilib, Dünya Bankı tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul edilib, bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi tövsiyə olunub. Əgər əvvəllər təhsil islahatları sahəsində təcrübə öyrənmək üçün xarici ölkələrə təlim səfərləri edirdiksə, indi Dünya Bankının tövsiyəsinə əsasən xarici ölkələrdən Azərbaycana təlim səfərləri nəzərdə tutulub. Azərbaycan təhsil sahəsində həyata keçirilən yeniliklər baxımından həm bir sıra postsovet, həm də region ölkələrini hiss olunacaq dərəcədə qabaqlayıb. Rusiyada təhsil sistemində yeniliklər etmək məqsədilə şagirdlərin nailiyyətlərinin kompleks qiymətləndirilməsi, məktəblərin geniş zolaqlı internet şəbəkəsinə qoşulması, əlverişli məktəb mühitinin yaradılması, təhsil müəssisələrinə maliyyə müstəqilliyinin verilməsi, inkluziv təhsil üzrə 5 illik proqramın qəbul olunması və sair məsələlərlə bağlı müvafiq qərarlar verilib. Rusiyanın təhsil sistemində 2010-cu və sonrakı illər üçün tətbiq edilməsi nəzərdə tutulan bu yeniliklər Azərbaycan təhsilində 1999-cu ildən həyata keçirilməyə başlanıb və artıq tətbiq olunan bu yeniliklərdən müsbət nəticələr də əldə olunub”. M.Tağıyevanın dediyinə görə, bu gün bütün dünyada fərqli qiymətləndirmə sistemi həyata keçirilir. Azərbaycanda da təhsil tarixində ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən yeni qiymətləndirmə sistemi tətbiq olunur. Ölkənin bütün ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilir.Ənənəvi qiymətləndirmə məzmunun tərkib hissəsi sayılmadığından, həmişə müəllimin subyektiv mülahizələrinə əsaslanırdı, şagirdlərdə təlimə marağı artırmaq əvəzinə, əksinə, azaldır, onların inkişafını sistemli şəkildə izləməyə imkan vermirdibu da, bir qayda olaraq, şagirdləri qiymət almaq xatirinə oxumağa sövq edirdi. Tətbiq edilən qiymətləndirmə sistemi şagirdlərin nailiyyətini keyfiyyət baxımından deyil, kəmiyyət baxımından qiymətləndirirdi. Nəticədə şagirddə öz səviyyəsi barədə dolğun fikir formalaşmırdı. Ancaq yeni qiymətləndirmə sisteminin tətbiqi vəziyyəti tamamilə dəyişdi: “Yeni qiymətləndirmə sistemi Təhsil Nazirliyi tərəfindən hazırlanan və 2009-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında həyata keçirilir. Yeni qiymətləndirmə sistemində şagird nailiyyətlərinə kompleks yanaşılır, diaqnostik,formativsummativ qiymətləndirmə növlərinin tətbiqi vasitəsi ilə qiymətləndirmənin stimullaşdırıcı funksiyası həyata keçirilir. Orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də valideynlərin məsuliyyətinin artırılmasına, obyektivlik və şəffaflığın təmin olunmasına xidmət edir. Artıq şagirdlər tədris olunan fənlərin hamısına eyni səviyyədə münasibət bəsləyirlər. Qiymətləndirmə sahəsində yeni sistemin tətbiqi, müəllimlərin, məktəb rəhbərlərinin və şagirdlərin məsuliyyətini artırıb. Bu cür qiymətləndirmə şagirdin 11 illik orta təhsil səviyyəsini doğrudüzgün müəyyənləşdirməyə kömək edəcək. Mən bir direktor kimi buraxılış imtahanlarının bu cür keçirilməsini tamamilə bəyənir və dəstəkləyirəm. Baxmayaraq ki, bu qiymətləndirmə sisteminin prinsipləri sözün həqiqi mənasında çox faydalı və səmərəlidir, lakin onun mükəmməl olması və həyata keçirilməsinin daha səmərəli tətbiqi üçün intensiv və hərtərəfli araşdırmalar, tədqiqatlar aparılmalı, resurslar, mütəxəssislər və mexanizmlər hazırlanmalıdır. Mən bunu təhsil tarixində tətbiq olunan ən mühüm yeniliklərdən biri hesab edirəm”. Direktor deyir ki, təhsilin bütün pillələri üzrə inkişafa xidmət edən yeni ideya və təşəbbüslər Təhsil Nazirliyi tərəfindən hər zaman dəstəklənir: “Nazir Misir Mərdanovun rəhbərliyilə bu sahədə yeni mütərəqqi ideyaların həyata keçirilməsi üçün geniş imkanlar yaradılır. Azərbaycan müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müasir ideyaların tətbiqinə başlanılıb. M.Mərdanov təhsil naziri təyin olunandan sonra isə təhsilin bütün pillələri üzrə novator ideyalar geniş tətbiq edilir”.

M.Tağıyeva bildirib ki, son illər Təhsil Nazirliyi tərəfindən müəllimlərin metodik hazırlığı və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi işlər görülüb: “Azərbaycan təhsilində əsas istiqamətlərdən biri də müəllim hazırlığı ilə əlaqədardır. Müəllim hazırlığı üzrə aparılan işlər Azərbaycanda bu sahənin müasir tələblərə cavab verən səviyyəyə qaldırılması, daha keyfiyyətli və yaradıcı işləmək qabiliyyətinə malik olan pedaqoji kadrların hazırlanması, işin müasirləşdirilməsi, beynəlxalq təcrübə və milli ənənələr əsasında məzmunun, strukturun, pedaqoji təhsil müəssisələrində bütün pedaqoji prosesin daha da təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərini əhatə edir. Bu baxımdan ixtisasartırma və yenidənhazırlanma təhsilinin rolunun artırılması, bu istiqamətdə məzmun, təşkilati mexanizmlərin yeni tələbata uyğun həyata keçirilməsi daim Təhsil Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Misir Mərdanov hər zaman qeyd edir ki, insanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim gərək yüksək keyfiyyətlərə malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə və millətinə layiqli vətəndaşlar kimi yetişsinlər. Misir müəllim uzun müddət təhsil sistemində çalışan bir şəxs kimi müəllimlərlə tez-tez ünsiyyətdə olur, müxtəlif tədbirlərdə onları dinləyir, müxtəlif məsələləri müzakirə edir, müəyyən problemlərlə bağlı rəylərini öyrənir. Onların problemlərinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verir. Bir sözlə, nazir işinin öhdəsindən layiqincə gələn hər bir müəllimə diqqət və qayğı göstərir. Misir müəllimin müəllimlərdən daim bir istəyi olur: öz üzərlərində davamlı işləsinlər, şagirdin potensial imkanlarını nəzərə almaqla onu istiqamətləndirməyi bacarsınlar, yaradıcı olsunlar. Nazirin fikrincə, pedaqoji fəaliyyətin əsasını təşkil edən həlledici amil şagirdləri və öz işini sevməkdir. Kimin ki, ürəyində uşaqlara məhəbbət hissi yoxdur, o, müəllim işləməməlidir. Uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır”.

Direktor bir məqamı da təqdirəlayiq cəhət kimi vurğulayıb ki, hər il 10 mindən çox pedaqoji kadr nazirlik tərəfindən əlavə təhsilə cəlb olunur: “Fasiləsiz təhsilin vacib komponenti hesab edilən əlavə təhsilin müasir tələblər səviyyəsində həyata keçirilməsi istiqamətləri, icra mexanizmləri və perspektivləri “Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası” sənədində öz əksini tapıb. Müəyyən edilən perspektivlər, əsasən, təkmil normativ-hüquqi bazanın yaradılması, ixtisasartırma və yenidənhazırlanma sistemində zəruri struktur dəyişikliklərinin aparılması, yeni kurikulumların hazırlanıb təsdiq edilməsi, müasir monitorinq və qiymətləndirmə sisteminin tətbiqindən ibarətdir. Bu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən modul-kredit sisteminə əsaslanan yeni mexanizmlərin tətbiqini nəzərdə tutan müvafiq dövlət proqramının hazırlanmasına başlanılıb. Ən əsası isə son illərdə müəllimlərin peşəkarlığının artırılması, əlavə təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində beynəlxalq təcrübəyə əsasən müəyyən tədbirlər həyata keçirilib”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 2 iyul.- S.14.