Müqəddəs halə
(“Kuba dəftəri” silsiləsindən)
Ramiz Rövşən açıq cəmiyyətlə qapalı cəmiyyət arasında maraqlı müqayisə aparıb: “Qapalı cəmiyyətlər konserv qutusu kimi insanı sıxır, orda boğulursan, amma çürümürsən, çünki hava yoxdu. Açıq cəmiyyətlərdə isə boğulmursan, orda min cür təsir olur, çürümə gedir”.
Bu fikri belə davam etdirərdim ki, qapalı cəmiyyətlərin “ağzı açılanda” – “hava dəyəndə” o vaxta qədər oranın qəhrəmanı olmuş bir çoxlarının heç də “salamat” olmadığı üzə çıxır. “Salamat olmayan qəhrəmanları” vaxtında zərərsizləşdirmək üçün Mərkəzi və Şərqi Avropanın bəzi postkommunist ölkələri “lüstrasiya” qanunları qəbul ediblər. Bu qanunların sayəsində arxivlər açılıb, cəmiyyətin qapalı dönəmində kimin gizlində nə işlə məşğul olmasına aydınlıq gətirilib, ali ranqlı kommunistlərin yüksək dövlət postları tutmasına qadağalar qoyulub və sairə.
Bir gün məlum olub ki, uzun illər xalqın inandığı, lider bilib arxasına düşdüyü bir siyasətçi, yaxud mənəviyyat mücəssəməsi sandığı din xadimi xüsusi xidmət orqanının hansısa bapbalaca əməkdaşının əlində oyuncaq imiş. Polşanın məşhur kilsə xadimlərinin uzun illər xüsusi xidmət orqanının agenti olması xəbəri polyak cəmiyyətində əsl şok effekti yaratmışdı. Belə misallar çoxdu. Düzdü, ağrılı prosesdi, amma müəyyən intellektual hazırlığı olan, tolerant vərdişlərə malik cəmiyyətlər “lüstrasiya” dövrünü az ağrıyla ötüşdürüb.
Keçid dövründə, “lüstrasiya” mərhələsindən keçməsək, bizdə də bənzər hadisələr az deyildi, “konserv” qəhrəmanları iş-işdən keçəndə, başımıza oyunlar gələndən sonra tanıdıq, çoxunu hələ də tanımırıq. Vaxtında arxivlər də açılsaydı, bəlkə sonrakı illərdə xalqın üzləşdiyi taleyüklü ağır hadisələr baş verməzdi, məsələn, Qarabağ itirilməzdi...
Son illərin çox bəyəndiyim filmlərindən olan “Başqaların həyatı” (The Lives of Others) Kuba ictimai fəalları arasında ən çox seviləndi. Almanlar 2006-cı ildə çəkiblər. Film Almaniya Demokratik Respublikası Dövlət Təhlükəsizlik Nazirliyi (Ştazi) əməkdaşının bir yazıçının evində quraşdırdığı dinləmə aparatı vasitəsilə insan həyatına müdaxiləsi fonunda qapalı cəmiyyətlərdə total nəzarətin, qorxunun insan mənəviyyatına təsirinə, şəxsi və ictimai faciələrə işıq tutur.
Özümlə bu filmin çoxlu nüsxələrini götürmüşdüm.
...Lopes Ramos “Pen klub”un rəhbərlərindəndi.
Klubun 40 fəal üzvü var, burda müstəqil
yazıçılar birləşib, təsisçilərindən
birinə 26 illik həbs kəsiblər. Bu yaxınlarda
onların əsərlərindən ibarət almanaxın son
nömrəsi xaricdə nəşr olunub. Nəşrin
adını dilimizə çevirəndə təxminən belə
alınır: “Dəyişikliyin səsi”. Birini bizə verir,
başqa kubalı dostlara bağışlamaq üçün
götürürük. Ramos almanax üçün seçim
edən komissiyanın sədridi.
Darısqal mənzil
birotaqlıdı. Bura həm qonaq, yataq, kitabxanası olan
iş otağıdı, həm də mətbəxdi. Səs-küylü
Via Blanka küçəsinə baxan eyvan da mənzillə
iç-içədi. Sovet “kommunalka”ları bunun yanında
çoxulduzlu hotel kimidi.
Klub gənc
yazıçılarla seminarlar, görüşlər
keçirir. Əlbəttə, qapalı. Onların
yazıları “samizdat” kimi “Kuba” adlı jurnalda nəşr
ediləndən sonra polis 35 nəfəri həbs edibmiş.
“Printer hökumətin ən əsas düşmənidi” deyən
Ramosdan adamların kitaba marağını soruşuram. “Bizdə
kitaba maraq çox böyükdü, Kubaya gətirilmə hər
kitabı bəzən 10, 20 adam oxuyur”.
Onu dinləyə-dinləyə
şkafdakı kitabları varaqlayıram. “Bunları nəinki
10, 20 adam, heç özü də oxumayıb, qatı da
açılmayan kitab necə oxuna bilər?” fikirləşirəm.
Dilxorçuluğumu üzə
vurmadım. Eləcə əsasən Meksikada, İspaniyada
çap olunmuş nəfis kitabların tozunu şkafnın
küncünə vurulmuş mıxdan asılan dəsmalla
silir, qaytarıb yerinə qoyurdum. Bu kitabları alıb
dünyanın üzünə bağlı ölkənin
azadlıq mücahidlərinə göndərənlərin
böyük bir tarixi missiyanın iştirakçısı
olmaq səadətindən doğan sevinclərini təsəvvürümə
gətirəndə əməlli-başlı qanım
qaraldı. İmitasiya elə hər yerdə imitasiyadı,
bizdə də, Kubada da...
Ordan çıxanda
ağlımda bir fikir dolaşırdı: “Hər kəs
yaşadığı mühitin məhsuludu. Faciə onda
başlayır ki, absurd ideyalara qurban gedən cəmiyyətin
üzvləri absurd bir ömür yaşadıqlarını fərq
etmirlər”.
1959-cu il inqilabından
başlayaraq yüz mindən çox kubalı həbsxana və
islah-əmək düşərgələrinin dəhşətlərini
yaşadı. 17 minədək adam güllələndi. İncəsənət
adamları da repressiyanın ən sərt üzünü
gördülər. 1961-ci ildən Fidel Kastro yaradıcı
adamların cəmiyyətdə rolunu dəqiq müəyyənləşdirdi.
Bu müəyyənlik özünü qısa bir
şüarda tapdı: “İnqilab daxilində – hər şey,
inqilab xaricində – heç nə!”
Səfər yoldaşım,
moskvalı etnoqraf alim, dünyanın ən mağmun
çeçeni (sakit adam olduğundan ona belə deyirdim) –
dostum Leça isə gördükləri, eşitdiklərinə
sakit tərzdə şərh verdi: “Guya bizdəki, sizdəki
müxalifətçilər, QHT-çilər belə deyil?”
Maşınların
tüstüsüylə havanın istisi qarışıb
dözülməz boğanaq yaratmışdı. Sərin pivənin
əsl vaxtıydı. Qabağımıza çıxan ilk
kafeyə girdik. Sovet dövrünün “zakuşnik” deyilən
tünd içki qoxulu yeməkxanasına oxşayırdı.
Menyudakı tanımadığımız yeməklərdən
adama birini seçdik. Özümüz ayrı-ayrı yemək
seçdik ki, bəyənməyən bəyənəninkindən
də yesin. Ofisiant qız hələ naşı olduğunu
yerişi, davranışı, bir də baxışlarından
bildirirdi. Ətrafdakılar bizə qəribə
baxırdılar, nəzərlər xoşsifət olmasa da,
aqressiv də deyil. Bu maraqlı baxışların səbəbini
az sonra biləcəkdik.
Yeməklər yeyiləsi
çıxdı. Soğanı bol olduğundan, əti də
yaxşı qızardığından bəyənəsi
oldum, yağın yad tamını birtəhər
ötüşdürdüm. Leçanınkı da pis deyildi,
qara lobyayla düyünün qarışığıydı.
Hesabı gətirəndə
isə gözüm kəlləmə çıxdı. Belə
bəlli olurdu ki, bir boşqab “Kamaro”, bir boşqab da Əndəluz
əsilli “Moros kristianos” (“mavrlar və xristianlar” deməkdi) yeməyi,
iki şüşə “Bucanero” pivəsi, bir stəkan Moxito
kokteyli, canım sənə desin, salat, bir qab da dilimlənmiş
manqo, ananas, banan, quava, portağal meyvələri 36 peso, yəni
“bizim pulla” cəmi 1 dollar 50 sent edir. Belə ucuzluq heç fəhlə
yeməkxanasında da olmur.
Çox çəkmədi,
yeməkxananın müdiri özünü yetirdi, səhv
olduğunu deyib, yeni qəbz verdi – 36 CUC.
Kubada 2 pul vahidi var: CUC (Cuban
Convertable) deyilən konvertə olunan (turistlərin istifadə
elədiyi) və konvertə olunmayan peso (yerli vətəndaşların
işlətdiyi). CUC əsl kağız pul kimidi, əlində
xışıldayır, peso isə elə bil it
ağzından çıxıb. Aralarında nisbət iyirmi
dördün birədi, yəni 1 CUC-a 24 peso ala bilərsən.
1 CUC 80 sentə dəyişdirilir. Hökumət bu yolla
düşmən bildiyi ölkənin pulunu guya dəyərsiz
hesab edir. Burda ən bərk gedən valyuta avrodu.
Göstərilən xidmət
kimi başqa ödənişlər də yerlilər və
xaricilər üçün ayrı-ayrı hesablanır. Kafedəkilərin
bizə maraqla baxmalarının səbəbi indi aydın oldu.
Sən demə, belə yerlərə turistlər nadir hallarda gəlirlər.
Təzə ofisiant da səhv olaraq pulu peso ilə
hesablayıbmış. Gözüaçıq müdir isə
daha dəqiq hesablama apardı – 36 CUC, yəni 864 peso, və ya
45 dollar.
Bayaqkı
dilxorçuluğa biri də beləcə əlavə olundu.
Bu pula hotellərin birində əməlli-başlı nahar edərdik.
Ofisiant qız pərt
olmuşdu, üzünə gülüb göz vurdum.
Qırışığı açıldı, deyəsən,
başa düşmüşdü ki, “vejinə də alma!”
deyirəm. Mənim pərtliyimin qayğısına isə
Leça qaldı: “nu, niçeqo!”.
Gün əyiləndə
birmərtəbəli yaraşıqlı villanın zəngini
basdıq. Qapını “Qvadelupa” seriyalının qəhrəmanına
oxşayan mələk üzlü bir xanım açdı.
Santa Kruz adını axıracan çəkməyə imkan
verməyib bizi içəri dəvət elədi.
Yaraşıqlı evin foyesində bir küncdə qoyulmuş
divan və kreslolarda iltifatla yer göstərib yan otağa
keçdi.
Beş dəqiqə sonra gələn
Santa Kruz elə ilk andaca xoş təəssürat yaratdı.
Altmışa yaxın yaşı olardı. Söhbətcil
adamdı. Danışdıqlarından ciddi mütaliəli,
mükəmməl təhsil almış hüquq müdafiəçisinə
oxşayırdı. Əksər müxalifətçilər
kimi o da vaxtilə Havana Universitetində marksist fəlsəfədən
dərs deyib. Dünyada baş verənləri ciddi izləyir.
Azərbaycanla bağlı elə suallar verirdi ki, sanki oradan təzəcə
qayıdıb. Əslində isə xaricə ilk və son səfərini
1988-ci ildə edib. O vaxt BMT rəsmilərinin ciddi təpkisiylə
ona ölkədən çıxmağa icazə verilibmiş.
İndi əsas istəyi ölüm hökmünün ləğvinə
nail olmaqdı. Ölkədə 50 adamın ölüm
hökmünün icrasını gözlədiyini deyir.
...“Qvadelupa” əvvəl mizin
üstündəki kağız-kuğuzları, kitabları
yığışdırdı. Hərəyə bir fincan qəhvə
gətirdi. Arxamızdakı pəncərənin jalüzünü
endirdi, aralı qalmış bayır qapısını
örtdü. Bunları elə incə etdi ki, elə bil
otaqdakı o deyil, xəfif mehdi. Hər dəfə otağa girəndə
fikrim dağılır, sonra tərcüməçidən
dediyini təkrarlamasını xahiş edirdim. Onun bu evin
xanımı, yaxud bu məşhur hüquq müdafiəçisinin
köməkçisi olmasını ayırd edə bilmirdim.
Bura həm ev, həm də iş yerini
xatırlatdığından o, evin xanımı da, direktorun
katibəsi də ola bilərdi. Amma bunun heç nəyə dəxli
yoxuydu. Kim olur olsun, belə bir qadının nəfəs
aldığı yer elə cənnətin bir guşəsidi...
Santa Kruz nə dedisə
“Qvadelupa” Kubanın xəritəsi çəkilmiş iki
plakat gətirdi. Divanın üstünə qoyub
çıxdı. Plakatların birində “1958-ci il”, digərində
“2004-cü il” yazılmışdı. Bunlar Kubada inqilabdan 1 il
əvvəl və 46 il sonra mövcud olan həbsxanaların,
islah-əmək düşərgələrinin müqayisəli
xəritəsidi. Qara nöqtələr həbsxanaları,
qırmızı nöqtələrsə düşərgələri
göstərir. 1958-ci ildə 14 həbsxana varmış, indi
sayı 200-dən çoxdu. “Kommunizmin Kubaya gətirdiyi
“xoşbəxtliyi” bu xəritələrdən aydın
görmək olar” deyir. İnsan hüquq pozuntularından
faktla, əyani vasitələrlə, özünəməxsus
şərhlə danışmağı, bəlağəti,
inandırmaq bacarığı ilə bizim qadın hüquq
müdafiəçilərimizi xatırladır, xüsusilə
Novella Cəfərovanı.
Söhbətin bu yerində
otağa bir kişi girdi. Kirpikləri, qaşı,
saçı tökülmüş adamın adını
eşidən kimi tanıdım. Bu, neçə-neçə
beynəlxalq təşkilatın mükafat verdiyi, amma bu
mükafatları almağa getməyə hökumət icazəsi
olmayan məşhur vicdan məhbusu, 11 ildən artıq həbsxana
ömrü yaşamış dissident, dəfələrlə
uzun müddətə aclıq elan edən və
aclığı özü dayandırmayan müstəqil
jurnalist Orlando (bu yazılardakı adlar onların təhlükəsizliyi
üçün dəyişdirilib) idi. Əksər Kuba
ziyalısı kimi o da SSRİ-də təhsil alıb. 2010-cu
ilin oktyabrında Avropa Parlamenti ona Saxarov mükafatı verib. Təqdimat
törənində yenə yox idi, mükafat isə səhnədəki
kətilin üstünə qoyulmuş fotosunun
qabağındaydı, yanında da bir dəstə gül.
Əlini sıxanda ətim
ürpəşdi, sanki əlində sümük yox idi. Santa
Kruz danışırdı ki, uzun müddətli aclıq, həbsxana
işgəncəsi onun bədənində hormonal dəyişikliyə
səbəb olub. Halsız olduğu
danışığından, yerişindən də bilinirdi.
Həbsxanadan təzəcə çıxıb (indi yenə həbsxanadadı).
İnternetə sərbəst çıxış tələbiylə
200 gün aclıq edibmiş. Hökumət ona limitsiz internet sərbəstliyi
verib aclığı dayandırmasını istəyirmiş,
hamıya bu azadlığın tanınmasını tələb
edərək razılaşmayıb.
Beynəlxalq təşkilatların
diqqətində olduğundan hökumət onu ciddi nəzarət
altında saxlayırmış. Hər ölüm anında,
son nəfəsdə məcburi qidalanmaya keçiblər.
Damarlarına qidalı maddələr yeridiblər. Onun
solğun bənizinə, çuxura düşən gözlərinə
baxanda nədənsə bizim üç-beş günlüyə
aclıq edənlərimiz yadıma düşdü.
...“Qvadelupa” içəri
girib bayaqdan ora-bura qaçan “itə oxşamaz” balaca iti o biri
otağa apardı. Ağlıma gəldi ki, o, Santa Kruzun
qızı da ola bilər, nə bilim, bəlkə də...
Onunla söhbət çox təsirliydi.
Qırıq-qırıq, təngnəfəs danışan
Orlandonun bizim gördüyümüz gücsüz vücudunun
içində nə qədər iradəli bir şəxsiyyətin
yerləşdiyinin fərqindəydik. Dediklərinin
doğruluğuna, elədiklərinin ədalətliyinə
daxili inamı, son nəfəsində, axırıncı
qüvvəsində belə dönməzliyi onu hər cür
ehtirama layiq edir.
“Bu inadınız nədən
qaynaqlanır” sualıma maraqlı cavab verdi.
“Havasızlıqda, yaxud suda boğulan adam yaşamaq üçün
niyə çabalayır, inad edir? Bu da elə inaddı.
Hökumət terrorla cəmiyyəti iflic edən qorxuya nail
olub. İnsanlar hər şeydən, bir-birindən belə
qorxur. Yoxsulluq, səfalət, qorxu apatiya, gələcəyə
ümidsizlik yaradıb. Gənclik heç nəyi dəyişmək,
risk etmək istəmir, onun bir amalı var: çıxıb
başqa dünyaya getmək, başqa həyat yaşamaq. Elə
ilk imkandaca əhalinin 4-5 milyonu ölkəni tərk etməyə
hazırdı. Xalqımı belə görmək mənə
ağır gəlir, çox ağır”.
Sözünün gerisini gətirə
bilməyəndə Santa Kruz davam etdi: “Kuba xalqı ədalət
yanğısı içindədi. Hakimiyyət 100 minədək
insanı həbsə salıb, öldürüb, həyatını
alt-üst edib. Onların ailələri bunu unutmayıb. Fidelin
ölümü rejimin simvolunun məhv olması demək
olacaq. Bundan sonra adamlar ədalət tələb edəcək”.
O danışırdı, gözümsə
Orlandodaydı. Sifəti sanki çarmıxa çəkilmiş
İsanın üzüydü – bəşəriyyəti xilas
edən əzab! İsa əzabı! Çöhrəsi
müqəddəs cizgilərlə işarələnmişdi,
ilahi halə də yerindəydi – başın üstündə.
Gözümü
qaldırıb haləyə bənzətdiyimə baxdım –
“Qvadelupa” divanın arxasında başının üstündə
durub, əlləriylə onun çiyinlərindən
tutmuşdu...
O evdən çıxanda
buxur tüstüsü kimi yüngül idim, elə bil
İsanı Məryəmin qucağında görüb gəlirdim.
Bəlkə də bu daxili yüngüllükdən idi ki,
yumrusifət, eynəkli birinin arxamıza düşməsi məni
narahat eləmirdi. “Konserv qutusu” kimi bağlı ölkədə
adamı güdmək adi işdi.
Yarım saatlıq
“qaçdı-tutdu”dan sonra onu azdıra bildik.
Azdıra bildikmi?
Vahid QAZİ
525-ci qəzet.- 2011.- 2 iyul.- S.11.