Həm gözəl, həm də
sədaqətli...
(Qoca Xalidin tərcümələri
haqqında)
Bildiyimə görə “Qoca Xalid” təxəllüsünü Şəkidə yaşayan əlli yeddi yaşlı şair dostumuz Namizəd Xalidoğlu hələ lap cavanlıqdan götürüb. Amma indi özü yavaş-yavaş qocalıq həddinə gəlib çatsa da, onun şeir və tərcümələrində qocalıqdan əsər-əlamət belə yoxdur.
Boyu balacadı sətrinə görə,
Bununçün kiməsə bir işi düşməz.
Mənim şeirlərim ətrinə görə –
Heç kəsin şeirilə dəyişik düşməz;
Kövşən iyi gəlir şeirlərimdən.
Bugünkü həyatımız kimi həddən artıq urbanizasiyaya uğramış poeziyamızda da ruhdan, ürəkdən daha çox “texnika”nın, vərdişin hesabına yazılan saysız-hesabsız vəznli-vəznsiz şeirlərin fonunda Qoca Xalidin sadə və təbii şeirləri hündür beton binaların dibində, geniş asfalt küçələrin qırağında bitən beş-on qarışlıq balaca yaşıl otluğu xatırladır. Nədənsə, hər dəfə belə mənzərəylə rastlaşanda mənim ürəyimdən əyilib bu uşaq saçları kimi yumşaq otları tumarlamaq keçir. Məncə, Qoca Xalidin şeirləri də oxucu ürəyində bu ilıq duyğunu, nəvazişi oyatmağa qadirdir.
Amma düzünü deyim ki, mənə bu sətirləri yazdıran onun şeirlərindən daha çox tərcümələridir.
O tərcümələrə ilk dəfə neçə il bundan əvvəl “Azərbaycan” jurnalında rast gəlmişdim. Vısotskinin bir neçə məşhur şerini ana dilimizə çevirmişdi. Orijinalın mətninə sadiqliyi bəzən məndə bir balaca şübhə doğursa da, o tərcümələrdə Vısotskinin ruhu açıq-aşkar duyulurdu. Yumoru, ironiyası da öz yerində.
Dostum gedir Maqadana –
Gülür üzü-gözü, gedir.
Yox! Yozmayın ayrı yana;
Özü gedir! Özü gedir!
Hüseyn Cavidin acı taleyindən bizə tanış olan soyuq və qorxunc Maqadana gedən dost haqqındakı bu “şən və zarafatcıl” şeirin diri və oynaq misralarını indi orijinalın mətniylə tutuşduranda tərcüməçinin ustalığını bir daha gördüm.
Moy druq uedet v Maqadan –
Snimite şləpu, snimite
şləpu!
Uedet sam, uedet sam –
Ne po gtapu, ne po gtapu.
Hətta ilk baxışda
orijinaldan fərqli görünən ikinci və
dördüncü misralar da, əslində, orijinaldakı fikri
və ovqatı çox dəqiq əks etdirir; “Yox! Yozmayın
ayrı yana”... Yəni ki, ağlınıza ayrı şey gəlməsin,
zorla sürgünə göndərmirlər, “özü
gedir”...
Ümumiyyətlə, Visotski
keçmiş sovet cəmiyyətində hamının bildiyi,
amma heç kəsin dilə gətirmədiyi ən kəskin
problemləri və mövzuları çox asanlıqla,
mayasına bir az yumor və ironiya qatıb dilə gətirməyi
bacarırdı. Bəli, yazmağı yox, “dilə gətirməyi”.
Vısotskinin öz gitarasını
dınqıldada-dınqıldada, cod və
xırıltılı səsiylə oxuduğu o mahnılar, təbii
ki, oxucu gözündən daha çox dinləyici qulağına
hesablanmışdı. Və onun ölümündən sonra
çıxan kitabında ilk dəfə çap üzü
görən o mahnılar kasetlərdən vərəqlərə
köçürüləndə, heç şübhəsiz
ki, çox şey itirirdi. Bu baxımdan, o mahnıların
başqa dilə tərcümədə, yəni, bu ikinci
köçaköçdə daha böyük itkilərə
uğrayacağını düşünmək olar. Əgər
birinci halda, əsas itki Vısotskinin səsi və ahəngidirsə,
ikinci halda bu itki o mahnılardakı müxtəlif jarqonlarla
dolu canlı danışıq dili ola bilər.
Amma Qoca Xalidin Vısotskidən
tərcümələrinin ən böyük uğuru, məncə,
məhz elə o tərcümələrin diliylə
bağlıdır.
Yeri gəlmişkən deyim
ki, bu gün qəzet və jurnallarda, kitablarda başqa dillərdən
xeyli tərcümələr çap olunur. Şeirlər,
hekayələr, romanlar... Amma təəssüf ki, o şeirlərin
bir çoxunun hansı dildən tərcümə edildiyi məlum
olsa da, hansı dilə tərcümə edildiyi məlum deyil.
Və bəzi tərcüməçilərin bütün
alimanə izahlarına baxmayaraq, ölü doğulmuş bu tərcümələrə
süni nəfəs verib diriltmək qeyri-mümkündür.
Qoca Xalid Vısotskini ana
dilimizdə ən azı normal, pəltəkləmədən
danışdıra bilib. Tərcüməylə orijinal
arasındakı müəyyən fərqlər isə təkcə
hər iki dilin yox, həm də hər iki şairin xarakterindən
irəli gəlir. Vısotskinin dünyaya meydan oxuyan davakar ruhu
onu tez-tez zilə qalxmağa, ürəyin partlamaq,
boğazın yırtılmaq həddinə çatdığı
nöqtədə oxumağa vadar edir. Təbii ki, Qoca Xaliddə
bu səs imkanları, bu hiss və duyğu təlatümləri
yoxdur. O daha çox bəmdə gəzişməyi sevən,
dünyayla, mühitlə, təbiətlə həmahəng
nöqtələri axtaran barışqan ruhlu bir şairdir.
Buna görə də, onun tərcümələrində
Vısotski orijinala nisbətən daha yumşaq səslənir.
Vısotskinin bu dünyada “sevmədikləri” haqqındakı
kinlə dolu satirik şeirləriylə müqayisədə
“sevdiklərindən” bəhs edən istiqanlı, yumoristik
şeirlərinin daha uğurlu tərcüməsi də yəqin
bununla bağlıdır. O tərcümələrdən
birini, əri Moskvaya kənd təsərrüfatı sərgisinə
gedən qadının kənddən ona yazdığı məktubun
əvvəlini oxuyaq:
Kolya, salam!
Canım-gözüm,
bir yaz görüm, necəsən?
–
Şərik çıxan
tapılırmı orada dərd-sərinə?...
Qorxuram ki, qayıdanda
vəzifəyə keçəsən
–
Heç məni də
qoymayasan
daha adam yerinə.
Bu misralara tərcümə
demək mümkündürmü? Şerin sonrakı bəndləri
də, ərin Moskvadan yazdığı cavab məktubu da Qoca
Xalidin tərcüməsində bu cür duzlu və təbiidir.
Ümumiyyətlə, Vısotskinin 2006-cı ildə çap
olunmuş “Zirvədə izim qalıb” kitabını ana
dilimizdə poetik tərcümənin ən yaxşı
nümunələrindən saymaq olar. Orijinala münasibətdə
xeyli sərbəst olan, bəzi tərcümələrin hətta
orijinalın motivləri əsasında yazılmış
şeir təsiri bağışladığı bu kitabda mənim
sözün tam mənasında uğursuz saydığım
yeganə tərcümə “Qurd ovu”dur. Yox, burda söhbət tərcümənin
bədii keyfiyyətindən getmir. Sadəcə, tərcüməçi
şerin məğzini tuta bilməyib. Amma qəribəsi budur
ki, kitaba ön söz yazan müəllif “Qurd ovu” şerinin
mahiyyətini çox dəqiq açıb: ““Qurd ovu”
şerində qırmızı bayraqcıqlarla mühasirəyə
alınan, bu səddi aşa bilməyərək ovlanan Boz
Qurdun taleyi ilə qırmızı bayraqlar
ideologiyasının əhatəyə-çərçivəyə
salaraq mənəvi terror qurbanına çevirdiyi sənətçinin
taleyi necə də üst-üstə düşür!”.
Amma Qoca Xalidin tərcüməsində
“Qurd ovu” şeirinin lirik qəhrəmanı özünü
ovlanan Boz Qurdun yerində yox, ovçuların arasında
görür:
Macal-zad da tapammadım
qaçmağa...
Yox! Yaxamdan yapışaraq
yenə də
Qoymadılar heç
ağzımı açmağa –
Qurd ovuna apardılar məni
də!
Və beləcə, şeirin
əvvəlindən başlayan bu yanlış yanaşma
sonacan davam edir və nəticədə Vısotskinin məşhur
“Qurd ovu” şerinin tam əksi olan bir mətn alınır.
Əslinə qalsa, mən bu
tənqidi qeydimi yazmaya da bilərdim. Qoca Xalidin bir neçə
kitabda toplanmış bir çox gözəl tərcümələrinin
arasında bir-iki bu cür uğursuz nümunəyə fikir
verməmək də olardı. Amma təkcə sevmədiklərimizdə
eyib axtarmaq lazım deyil, sevdiklərimizə də
açıq gözlə baxmaq lazımdır. Və ən
istedadlı adamlar da bir həqiqəti bilməlidir ki,
“yanlış da bir naxışdır” ifadəsi heç də
həmişə özünü doğrultmur.
Qoca Xalidin ana dilimizə tərcümə
etdiyi rus şairlərinin siyahısı kifayət qədər
genişdir: F.Tütçev, A.Fet, S.Yesenin, V.Sokolov, A.Peredreyev,
N.Rubtsov, Y.Kuznetsov və başqaları. Vısotski də daxil
olmaqla, adını çəkdiyim və çəkmədiyim
bütün bu şairlərin arasında ruhən ona ən
doğma olanı, məncə, Nikolay Rubtsovdur.
Sergey Yesenindən sonra rus
poeziyasında kəndə, təbiətə Rubtsov qədər
pak və umacaqsız bir sevgiylə bağlı olan ikinci
şair tapmaq çətindir. Keçən əsrin 60-cı
illərində, estrada şerinin çiçəklənmə
dövrü keçirdiyi, Moskvada, yüz minlik Lujniki stadionunda
Yevtuşenko, Voznesenski kimi populyar şairlərlə
görüşə ən maraqlı futbol
yarışından daha çox tamaşaçı gəldiyi
bir vaxtda Rubtsovun sakit və iddiasız səsinin də
eşidilməsi, minlərlə oxucunun onun şeirlərini
sevməsi yəqin çoxları üçün gözlənilməz
idi. Onun vaxtsız ölümündən (1936-1979) keçən
bu qırx ildə çox gurultulu poetik adlar, imzalar unudulsa da,
rus oxucusu üçün Rubtsovun adı hələ də
öz doğmalığını və cazibədarlığını
itirməyib. Qoca Xalidin tərcümələrinin sayəsində
bu adın Azərbaycan oxucusu üçün də
doğmalaşacağına inanmaq istərdim.
Pəncərəmi tərpədər
ulduzların nəfəsi...
Toranlaşan çöldəsə
baş qoşmayıb heç nəyə –
Axşam-axşam ucalar
bildirçinin nəğməsi,
Bir də ki,
çidarlanmış harın atlar kişnəyər.
“Kənd axşamları”
şeirindəki bu şairanə idillik axşam mənzərəsiylə
dərin ictimai məzmunlu “Qatar” şeirindəki təhlükə
və həyəcan dolu gecə mənzərəsi bir-birindən
çox fərqlidir.
...Sakit bir havada zülməti
yarıb,
Qol-boyun olaraq bu gecə ilə,
Kim bilir, bəlkə də qəzaya
sarı
Qatar
şütüyürdü var gücü ilə...
Budur, gördüm onun odlu
gözünü,
Dayanıb baxırdım hələ
key kimi!
Yetirib durduğum yerə
özünü
Aldı “caynağına” məni
ley kimi!
Qaranlıq aləmdə
süzürük birgə!
Yarıb, qaranlığın
bağrını yarıb –
Qatarla birlikdə, deyirəm,
bəlkə
Gedirik bir qəfil qəzaya
sarı?!...
Bu dünyada hamını, o
cümlədən, Rubtsov kimi bir kəndçi balasını
da “caynağına” alıb aparan sivilizasiyanın rəmzi kimi
təsvir edilən Qatar haqqındakı bu şerin
böyük daxili enerjisi tərcümədə də hiss
olunur. Əslində, şeirdən misal gətirdiyim bu misralar
müəllif kimi tərcüməçi tərəfindən
də yaşanıb. Və yaşanıbsa, deməli, yaşayacaq...
Qoca Xalidin tərcümələri
haqqında çox danışmaq olar. Şəxsən məndən
ötrü onun bir tərcüməçi kimi istedadı və
peşəkarlığı şübhəsizdir. Tərcümələrindəki
tək-tük qüsurlar, kəm-kəsirlər də
istedadının yox, bəzən dilimizə çevirdiyi
şeirlərin mövzuları və sətiraltı mənalarıyla
bağlı bilgilərinin
çatışmazlığından irəli gəlir.
Şeirlərinin fəlsəfi
dərinliyinə, mifoloji rəmz və işarələrlə
zənginliyinə görə seçilən Yuri Kuznetsovun
(1941-2003) “Atom nağılı” şeirinin tərcüməsi
buna misal ola bilər. Şeirdə məşhur nağıl qəhrəmanı
sarsaq İvanuşkanın atdığı oxun iziylə gedib
bataqlıqda qurbağaya rast gəlməsi və o
qurbağanı dəsmala büküb evə gətirməsi təsvir
olunur. Evdə isə...
...Yazığın
qarnını məftillə deşib,
Cərəyan buraxdı
ağ bədəninə.
Şeirin orijinalında bu iki
misra belədir:
Vskrıl ey beloe üarskoe
telo
İ pustil glektriçeskiy
tok.
Göründüyü kimi,
orijinalda söhbət sadəcə “ağ qurbağa bədənindən”
yox, “ağ şahzadə bədənindən” gedir. Yəni,
şeirdəki adi qurbağa deyil, qurbağa cildinə
girmiş şahzadə qızdır. Və İvanın
axmaqlığı da məhz bunu başa düşməməyindədir.
Yoxsa, adi qurbağalar, itlər, pişiklər üzərində
dünyanın bir çox alimləri yüz illər boyu
cürbəcür qanlı təcrübələr
aparıblar. Və bu gün də aparırlar.
Beləliklə də, tərcümədə
bircə sözün itirilməsiylə şerin mənası
dəyişib. Daha doğrusu, şeir mənasızlaşıb...
...Sözün düzü, mən
bu yazını başlayanda Qoca Xalidin tərcümələrindən
aldığım ləzzəti, duyduğum sevinci
başqalarıyla bölüşmək istəyirdim. Amma o tərcümələrdəki
tək-tük xoşuma gəlməyən məqamları
xüsusi vurğulasam da, xoşuma gələn bir çox
misraları misal çəkməyə imkanım olmadı.
Çünki belə uğurlu misraların sayı yüzlərcədir.
Yeri gəlmişkən, bu
yazımın sonunda bir məsələyə də toxunmaq istərdim.
Axır vaxtlar bir çox kitablarda poetik tərcüməylə
yanaşı orijinalın mətnini də çap eləmək
ənənə halını alıb. Təbii ki, bu daha
çox rus poeziyasından olan tərcümələrə
aiddir. Amma qəribədir ki, bəzən ingilis, fransız və
ya ispan poeziyasından olan tərcümələrin yanında
da o şeirlərin rus dilindəki tərcümələri
orijinal mətn kimi verilir. Bu isə artıq anekdot
mövzusudur.
Gözəl vətənimizdə
nəinki rus dilini bilənlərin, hətta ana dilində kitab
oxuyanların sayının da gündən-günə
azaldığını nəzərə alsaq, bu ənənənin
nə qədər lazımsız olduğu aydınlaşar.
Yox, tərcümənin orijinala sədaqətini mütləq
sübut eləməyə ehtiyac varsa, onda bədii tərcümənin
yanında sətri tərcüməni də çap eləmək
olar. Amma orijinala sədaqət pərdəsi arxasında gizlənməyə
adətən zəif tərcüməçilərin
ehtiyacı var. Qoca Xalidin tərcümələri kimi ana
dilimizdə diri doğulub yaşamaq haqqı qazanan tərcümələrin
isə hər sətirbaşı orijinala sədaqətini
sübut eləməyə ehtiyacı yoxdur.
Ramiz RÖVŞƏN
525-ci qəzet.- 2011.- 2 iyul.- S.18.