Azərbaycan – dinlərin qovuşduğu tolerant məkan
Şərqlə Qərbin kəsişməsində,
Böyük İpək Yolunun üzərində yerləşən
Azərbaycan ta qədimdən çoxsaylı xalqların birgə
və mehriban yaşadığı məkan olub. Azərbaycanda
milli zəmində hər hansı ciddi problem yaşanmayıb,
hansısa xalqın nümayəndəsinə qarşı
ayrı-seçkiliyə yol verilməyib, bütün millətlərin,
etnik qrupların dini inancları, siyasi və mədəni
hüquqları yüksək səviyyədə qorunub.
Ölkədə hər bir əhali
qrupunun inkişafı üçün normal şərait
yaradılıb, tolerantlıq mühiti tam təmin olunub.
Bu gün bütün beynəlxalq
qurumlar, dövlətlər Azərbaycanı tolerantlığa
nümunə adlandırırlar.
Qeyd edək ki, 2009-cu il
siyahıyaalmasına görə, ölkə əhalisinin 8,4
faizini milli azlıq, azsaylı xalq və etnik qrupların
nümayəndələri təşkil edir.
Ölkəmizdə 90-a
yaxın milli və etnik azlığın nümayəndəsi
yaşayır. 380-dan çox müxtəlif dini icma var ki,
onların 31-i qeyri-islami dini icmalardır. Müxtəlif dinlərin
ibadət yerləri var və onlar sərbəst fəaliyyət
göstərirlər. Ayrı-ayrı dinlərə və xalqlara
məxsus tarixi abidələr, mədəniyyətlər
qorunub saxlanılır.
Hətta bu gün Azərbaycanda
torpaqlarımızın 20 faizini işğal altında
saxlayan, bir milyondan artıq insanımızın öz
doğma yurd-yuvasından didərgin düşməsinə
bais olan, düşmənçilik aparan bir xalqın – ermənilərin
30 minə yaxın nümayəndəsi yaşayır.
Bakıdakı erməni kilsəsi və onun kitabxanası
olduğu kimi saxlanılır. Bunun əksinə olaraq, ermənilər
Ermənistanda və nəzarət etdikləri digər ərazilərdə
Azərbaycana, xalqımıza məxsus bütün tarixi və
mədəni sərvətləri talan edib, ibadət yerlərini,
məscidləri dağıdıblar.
Milli azlıqların, etnik
qrupların hüquqlarının qorunması üçün
ölkəmizdə hüquqi baza yaradılıb,
respublikamız insan haqları və milli azlıqların
müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq
konvensiyaya qoşulub. Milli azlıqların məsələləri
ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı,
mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri,
ictimai birliklər fəaliyyət göstərir. Etnik
icmaların dilində 15-dən çox qəzet və jurnal nəşr
olunur, milli azlıqların sıx yaşadığı 5
bölgədə yerli teleradio kanalları fəaliyyət
göstərir. Həmçinin rus dilində 30-dan çox qəzet
və 15 jurnal çap olunur, gündəlik radio və
televiziya verilişləri yayımlanır.
Prezident Administrasiyası
ictimai-siyasi məsələlər şöbəsinin Milli
azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər
Talıblının sözlərinə görə, Azərbaycanda
tarixən bütün xalqlara, mili azlıqlara və etnik
qruplara eyni – normal münasibət bəslənib: “Ermənistanın
hərbi təcavüzü çoxsaylı problemlər
doğursa da, Azərbaycan dövləti ardıcıl və
düzgün milli siyasət yeridib, milli azlıqların
hüquq və azadlıqlarının təminatı sahəsində
mühüm nailiyyətlər əldə edib.
2006-cı ildə qəbul
edilmiş İnsan Hüquqlarının Müdafiəsinə
dair Milli Fəaliyyət Planında milli azlıqların mədəni
irsinin qorunması və inkişafı hökumətin fəaliyyət
istiqamətlərindən biri kimi nəzərdə tutulub. Bu
gün hökumətdə, parlamentdə, mərkəzi və
yerli icra strukturlarında, hüquq mühafizə sistemində,
o cümlədən milli azlıqların sıx
yaşadıqları bölgələrin rəsmi dövlət
strukturlarında və yerli özünüidarəetmədə
milli azlıqların nümayəndələri geniş təmsil
olunurlar. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondu fəaliyyətə başlayandan milli azlıqların mədəni
təşkilatlarının layihələrinə, onların
dillərində nəşr edilən mətbuat orqanlarına
maliyyə dəstəyi göstərilir”.
M.Talıblının
sözlərinə görə, Azərbaycanın orta ümumtəhsil
məktəblərində tədris üç dildə – Azərbaycan,
Rus və Gürcü dillərində aparılır. Milli
azlıqların sıx yaşadıqları rayonların orta məktəblərində
(ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi
(avar, kürd, ləzgi, talış, saxur, tat, udin,
xınalıq, ivrit) təşkil olunub, milli dillərdə dərslik
və proqramlar hazırlanıb. Hazırda Azərbaycanda təlim
yalnız rus dilinə olan 19 və təlim yalnız
gürcü dilində aparılan 6 ümumtəhsil məktəbi,
345 beynəlmiləl orta məktəb fəaliyyət göstərir.
Bakıda Avropa və dağ
yəhudiləri üçün iki yeni sinaqoq, o cümlədən
Roma katolik kilsəsi tikilib istifadəyə verilib, Rus pravoslav
kilsəsi əsaslı bərpa olunub, Bakı və Azərbaycan
yeparxiyasına yeni iqamətgah və monastır
üçün kompleksin inşası məqsədilə yer
ayrılıb.
Milli azlıqların əsasən
Azərbaycanın şimal, şimal-qərb və cənub
bölgələrində kompakt halda
yaşadığını deyən PA rəsmisi
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət
Proqramı çərçivəsində həmin
rayonların tərəqqisi üçün də əlavə
vəsait ayrıldığını deyir.
Ölkəmizdə
yaşayan bütün xalqlara, etnik qruplara eyni münasibətin
bəslənməsini İnsan Hüquqları üzrə
Müvəkkil – Ombudsman Elmira Süleymanova da təsdiqləyir.
Onun sözlərinə əsasən, doqquz illik fəaliyyəti
dövründə Azərbaycanda yaşayan milli azlıqlardan
milli zəmində ona şikayət daxil olmayıb. Ombudsman
bunu ölkədə yaşayan bütün xalqlara, etnik
qruplara bərabər imkanlar yaradılması, ədalətli
yanaşılması və eyni hüquqların verilməsi ilə
izah edir. Onun fikrincə, 9 milyondan artıq əhalisi olan Azərbaycanda
90-a qədər milli və etnik azlığın təmsil
olunması milli-etnik müxtəlifliyə zəmin yaradır:
“Milli azlıqlar neçə yüzilliklərdir, burada
yaşayırlar və ölkədə gedən bütün
proseslərdə bərabər şəkildə iştirak
edirlər. Hər bir milli və etnik azlıq
üçün, heç bir ayrı-seçkiliyə yol
verilmədən, bərabər imkanlar yaradılıb. Bərabər
imkanları əldə etmək və həyata keçirmək
üçün müvafiq qanunvericilik bazası yaradılıb,
beynəlxalq konvensiyalara uyğun hüquqi-normativ sənədlər
qəbul edilib”.
E.Süleymanova dini
azlıqlardan da ombudsmana şikayət daxil
olmadığını, hər bir dinin təmsilçisinə
etiqadlarını gerçəkləşdirmək
üçün lazımi şərait
yaradıldığını deyir.
“Milli azlıq nümayəndəsindən
hər hansı şikayət gəlsə də, bu
hamımıza bəlli, inkişaf prosesində iqtisadi, sosial
proseslərdə ortaya çıxan problemlərlə
bağlı olur. Dini azlıqlar haqqında da eyni fikirləri
söyləmək olar. Ölkəmizdə hər bir dinin təmsilçisi
öz etiqadını gerçəkləşdirmək
üçün qanun çərçivəsində
bütün imkanlara malikdir”.
Qeyd edək ki, bu gün
ölkəmizdə çox az sayda katolik olmasına baxmayaraq,
onlar üçün ayrıca katolik kilsəsi var.
Milli Məclisin deputatı
Yevda Abramov isə ölkəmizin milli azlıqlara hörmət
baxımından
DÜNYAYA NÜMUNƏ
olduğunu vurğulayır.
“Yəhudilərin
yaşadığı Qubadakı Qırmızı qəsəbənin
UNESCO-nun maddi-irs siyahısına salınması
üçün sənədlər hazırlayırıq. Azərbaycanda
nə qədər sinaqoqlar tikilir, tədbirlər
keçirilir. Bütün bunlar milli azlıqlara göstərilən
dərin hörmətin, yüksək münasibətin
nümunəsidir”.
Milli Məclisin deputatı,
Azərbaycanda rus icmasının rəhbəri Mixail Zabelin isə
deyir ki, burada heç vaxt nəinki ruslara, heç bir
xalqın nümayəndəsinə qarşı
ayrı-seçkiliyə yol verilməyib. Onun sözlərinə
görə, hətta Azərbaycanda ən böhranlı illərdə
belə, nə bir rus məktəbi bağlanıb, nə rus
dilinə, rus millətinə qarşı ayrı-seçkilik
baş verib. Bunlar bir daha Azərbaycanın digər
üstünlükləri ilə yanaşı, tolerantlıq
sahəsində də nümunəvi ölkə olduğunu
göstərir. Bu tolerantlığa daha bir nümunə olan
İSMAYILLI RAYONUNUN
İVANOVKA KƏNDİNDƏ
iki əsrə
yaxındır ki, Rusiyadan gələn etnik ruslar azərbaycanlılarla
çiyin-çiyinə, əmin-amanlıq şəraitində
yaşayırlar.
Kəndin
unikallığı həm də ondan ibarətdir ki, burada Sovet
dövrünə aid kolxoz quruluşu hələ də
qorunub-saxlanılır. Kəndin tarixi və sakinlərin mənşəyinə
gəlincə, bura 19-cu əsrin ortalarında pravoslav ənənələrinə
riayət etməkdən imtina etdikləri üçün
çar Rusiyasından qovulub çıxarılan, molokan
adlandırılan xristianlar tərəfindən
yaradılıb.
Doğrudur, 90-cı illərdə
onların sayı əvvəlki illərə nisbətən
azalmağa başladı ki, bu da səbəbsiz deyildi. Məsələn,
kənd sakini Tatyana Dubrova deyir ki, 1991-ci ildə Sovet
İttifaqının dağılması və müharibənin
yaratdığı iqtisadi tənəzzül illərində
onlarla molokan ailəsi daha yaxşı iş və şərait
ardınca gedərək, İvanovkanı tərk edib: “Mən
İvanovkada yaşamağımla fəxr edirəm və
yaxın gələcəkdə heç yerə getməyə
hazırlaşmıram. Çalışıram ki,
qonşularımı da bu fikirdən daşındırım.
Biz burada rahat işləyirik, donuz, inək, qaz
saxlayırıq. Böyük fermamız var və qaymaq, pendir,
qatıq hazırlayırıq. Azərbaycanlılarla çox
mehriban dolanırıq. Mənim əcdadlarım buraya 200 əvvəl
köçüb gəliblər və bütün dövrlərdə
də burada rahatlıq, mehribanlıq olub”.
Qeyd edək ki, İvanovka
sakinlərinin əksəriyyəti Nikolay Nikitin adına
kolxozda çalışır. Kolxozun ilk rəhbəri olan
Nikitin 41 il burada sədrlik edib. İvanovkanın iqtisadi
göstəriciləri, ənənəvi olaraq, ölkənin
digər yerlərindən yaxşı mənada daima fərqlənib.
Köhnə sovet vaxtlarında olduğu kimi, indi də
kolxozçular işlədikləri günün sayına
uyğun olaraq, kolxozun gəlirindən əməkhaqqı və
istehsal edilən məhsuldan pay alırlar. Kolxoz daha çox gəlir
qazanarsa, maaş da çox olur. Bir sözlə, itkini də,
qazancı da hər kəs hiss edir.
Digər kənd sakini
Yekaterina Çernyavskaya isə öz adət-ənənələrindən
söz açır: “Adət-ənənələrimizin,
dilimizin bu günə qədər qorunub-saxlanmasında bizə
Azərbaycan hökuməti tərəfindən gözəl
şərait yaradılıb. Məsələn, ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə kənddə yeni məktəb
binası tikilib istifadəyə verilib. Toy adətlərimizi
uzun illərdən bəri qoruyub-saxlayırıq. Sizin Novruz
bayramında olduğu kimi, bizdə Pasxa bayramında yumurta
boyanır. İnsanlarınız xoşniyyətli, qonaqpərvərdirlər.
Xalqlarımızın adət-ənənələri
arasında oxşarlıqlar çoxdur və ümumi cəhətlərimiz
bəzən tam üst-üstə düşür. İstərdik
ki, bu dostluq daim qorunsun. Hətta İvanovkadan Rusiyaya gedənlər
də indi peşman olub, geri qayıtmaq istəyirlər.
Artıq 200 ildir ki, Azərbaycanda yaşayırıq, əgər
pis münasibət görsəydik, burda qala bilməzdik. Biz
mehriban qonşuluq şəraitində, firavan
yaşayırıq”.
Dünyada tolerantlıq məkanı
kimi tanınan Azərbaycan həm də
DÜNYA MƏDƏNİYYƏTLƏRİNİ
QOVUŞDURAN MƏKAN,
mədəniyyətlərarası
dialoqa öz töhfəsini verən diyara çevrilib. Azərbaycan
dövləti ölkəmizdə yaşayan xalqların və
etnik qrupların mədəni sərvətlərini də
öz mili mədəniyyətinin tərkib hissəsi kimi
qoruyur, inkişaf etdirir.
UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq, milli azlıq və etnik qrupların mədəniyyətinin inkişafı üçün müxtəlif layihələr, tədbirlər, o cümlədən azsaylı xalqların böyük mədəniyyət festivalları keçirilir.
Prezident İlham Əliyevin 26 noyabr 2009-cu ildə imzaladığı Qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində də öz əksini tapıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviçə görə, incəsənətə mədəniyyətlərarası dialoq üçün qlobal dil kimi baxıla bilər: “Müxtəlif ölkələrdən olan rəssamlar öz əsərləri ilə bizə bir daha xatırladırlar ki, bəşəriyyətin vahid fundamental sərvəti onun müxtəlifliyidir. Qeyd etmək lazımdır ki, müxtəlif mədəniyyətlərin qovuşması, tolerantlığın səviyyəsi baxımından Azərbaycandan daha qənaətbəxş yer yoxdur”.
Xatırladaq ki, hər iki ildən bir Azərbaycanda azsaylı xalqların incəsənət festivalı keçirilir. Bu yaxınlarda sayca üçüncü dəfə keçirilən festivalda ölkəmizdə yaşayan bütün mili-etnik qruplar öz qədim mədəniyyət və incəsənət nümunələrini təqdim ediblər.
Maraqlı bir nümunə kimi diqqəti çəkən Lənkəranın məşhur “Nənələr” ansamblı 1982-ci ildə qurulub və 6 ifaçı qadından ibarətdir. Ansamblın üzvlərindən olan Gülbəzər Kərimova deyir ki, adət-ənənələrinin, folklor nümunələrinin itməməsi üçün “Nənənlər”i hər zaman yaşadırlar: “Üzlərimizdən biri rəhmətə gedən kimi qohumları onu əvəz edir. Anam vəsiyyət etmişdi ki, adət-ənənələrimizi, nəğmələrimizi yaddan çıxmağa qoymayın, yaşadın. Məsələn, qaynanam rəhmətə getdi, onu mən əvəz etdim, anamı isə bacım əvəzləyib. Ansamblın qorunub-yaşadılmasında dövlət bizə böyük dəstək verir”.
80-ci ildən fəaliyyət göstərən, Balakən rayonundakı avarlardan ibarət “Cahan” folklor rəqs qrupunun, 72-ci ildə yaradılmış, talışlardan ibarət “Lerik uzunömürlüləri” folklor rəqs ansamblının, rutul ləzgilərindən ibarət “Abay” (“Böyük qardaş”) rəqs ansamblının, Saatlıdakı Axıska türklərindən ibarət “Adıgün” folklor kollektivinin və digər ansamblların üzvləri Azərbaycanda mili-etnik mədəni dəyərlərin, folklorun, adət-ənənələrin yüksək səviyyədə qorunduğunu deyirlər.
İndi
dünyaya tolerantlıq nümunəsi olan Azərbaycanın
bütün bunlarla qürrələnməyə haqqı var.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2011.-2 iyul.- S.10.