“İpək Yolu” II Beynəlxalq musiqi festivalı
yekunlaşıb
“İpək Yolu” II Beynəlxalq musiqi
festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar
İttifaqının Üzeyir Hacıbəyli adına konsert
salonunda vokal və xor musiqi konserti keçirilib. Konsertdə Azərbaycan bəstəkarları
Ədilə Hüseynzadə, Ruhəngiz Qasımova, Adilə Yusifova, Vüqar Camalzadə,
Günay Mirzəyeva və Rüfət Ramazanovun əsərləri ifa
edilib.
Maraqla qarşılanan konsertdə, həmçinin Azərbaycan
Dövlət Xor Kapellasının
ifasında xalq mahnı və
muğamlarımızın xor üçün işlənmələri – “Rast” muğamından fraqmentlər, “Səndən
mənə yar olmaz”,
“Gözəlim sənsən” mahnıları, “Şikəstə”,
“Süsən sünbül”, “Bayatı-Şiraz” səsləndirilib.
Qeyd edək ki, Xor Kapellasının bədii rəhbəri və
baş dirijoru
Gülbacı İmanova, solistlər Aqşin Abdullayev və Mirpaşa Şükürovdur.
“İpək yolu” II Beynəlxalq musiqi
festivalı çərçivəsində daha
bir konsert proqrammı
gerçəkləşib və bununla da festival yekunlaşıb.
Konsert Azərbaycan Bəstəkarlar
İttifaqının Üzeyir Hacıbəyli
adına konsert salonunda
baş tutub. “Novruz” muğam triosunun konsertində “Xalq ulduzu” müsabiqəsinin laureatı, xanəndə
İlahə İbadovanı tarda Əli Məmmədov,
kamançada Elnur
Mikayılov müşayiət ediblər.
Türkiyə,
İngiltərə, İsveç, Rusiya və digər ölkələrdə
ölkəmizi layiqincə təmsil edən İ.İbadovanın
ifasında Azərbaycan xalq
mahnıları və muğam
parçalarını xarici qonaqlar alqışlarla qarşılayıb.
Uğurla keçən konsertdən sonra Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə
çıxış edərək 4 gün
davam edən festivalın Üzeyir
Hacıbəylinin “Əsli və Kərəm” muğam
operası ilə başladığını və muğamla da
yekunlaşdığını bildirib.
AMEA-nın
müxbir üzvü,
millət vəkili Yaqub Mahmudov
bu möhtəşəm tədbirin təşkilatçılarına
minnətdarlıq edib və festivalın dünya xalqlarını bir-birinə
yaxınlaşdırmaq baxımından böyük
əhəmiyyət kəsb etdiyini dilə
gətirib.
Beləliklə iyunun 28-dən start
götürən II beynəlxalq musiqi
festivalı başa çatıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 5 iyul.- S.4.