Anama məktub”un işığı

 

Zabit Elman Rüstəmovun yaradıcılığını, imzasını çoxdan tanıyıram. Tanışlığımızın ilk günlərdən hiss etdim ki, o, əsl söz adamıdır. Mətbuat səhifələrində oxuduğum hekayə və povestləri, publisist məqalələri diqqətimi cəlb etdi. Atalar yaxşı deyib ki, dama-dama göl olar. Günlər keçdikcə yavaş-yavaş bu yazı və şeirlərin, hekayə və povestlərin sayı artdı. Çox keçmədi ki, bir-birinin ardınca, maraqlı kitabları işıq üzü gördü. “Xoşbəxt günlərin acı göz yaşları”, ondan sonra isə “Başkəsənlər” kitabları çap olundu. Bugünlərdə isə müəllif “Anama məktub” kitabı ilə oxucuların görüşünə gəlib. Təbiidir ki, kitabın tərtibatı da məzmunu ilə uyğunluq təşkil edəndə daha maraqlı olur. Forma və məzmun bir-birini tamamlayır.

Necə deyərlər, gül güldanda lap gözəl görünür. Kitabın üz qabığında türk xalqına Çanaqqala döyüşlərində zəfər qazandıran igid əsgərlərlə bağlı şəkil verilib. Arxa səhifədə isə erməni işğalçıları ilə döyüşdə böyük qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli yer alıb. Sanki müəllif şəkillərin dili ilə türk xalqlarının övladlarının döyüşlərdə göstərdikləri qəhrəmanlığın bir qandan gəldiyini, bir bulaqdan qaynayıb çağladığını demək istəyir. Və bununla göstərmək istəyir ki, Çanaqqalada qazanılan zəfər, bir gün gələcək, Qarabağda da qazanılacaq. İstər bədii, istərsə də üslub və forma xüsusiyyətlərindən hiss olunur ki, hekayələrində, povestlərində E.Rüstəmov heç kəsi təkrar etmək istəmir. Gedilməyən yollara can atır, yeni iz salmağa çalışır. Özü də bu yolda inamla addımlayır, büdrəmədən, sapmadan gedir. Yeni deyim və ifadə formaları axtarır. Sözlə təzə ilmələr vurmağa can atır. Yeni yol və cığırlar açmaq istəyi ilə yaşayır.

“Məhsətili qul” hekayəsi oxucunu dərindən düşündürür. Əslində bir gəncin atasının başına gələn bu qəmli hekayə müxtəlif məsul vəzifələrdə çalışan məmurlar üçün bir ibrət dərsidir. Polis işçisinin kobudluğu, zəhmətkeş bir ailə başçısını ələ salması son nəticədə böyük faciə törədir. Böyük bir ailə başçısını itirir. Onun övladı isə gənc yaşlarından isti ocağını tərk edərək qul kimi onun-bunun qapısında işləməli olur. Və sonda həmin polis işçisi də övlad itkisi yaşayır... “Göz yaşı ilə isladılmış “Triakson”, “Anama məktub” və başqa hekayələri də həyəcansız oxumaq olmur. “Səfirin telefonu” isə cəmiyyətimizdə olan və az qala hər gün qarşılaşdığımız eybəcərlikləri açıb göstərir. Bizi həm güldürür, həm də düşündürür. Necə deyərlər, buradan hərə öz dərsini götürür, nəticə çıxarır. “Al” – Günəş”, “Qaf-qaz” – Böyük Təpə”, “Qaz-Ax” – Böyük Ağ”, “Ab” – Su” və publisistik məqalələrində isə müəllif bu və ya digər sözlərin yaranma tarixi, etimologiyası ilə bağlı fikirlərini oxucularla bölüşür. İrəli sürdüyü fikir və mülahizələri tarixi faktlarla, coğrafi adlarla, sözün müxtəlif məna çalarları vasitəsilə əsaslandırmağa çalışır, müəyyən mənada buna nail olur. Ümidvaram ki, “Anama məktub”u vərəqləyən hər kəs bu kitabdakı yazıları böyük həvəslə, maraqla oxuyacaq, E.Rüstəmovun hekayə və povestlərini mütaliə etməklə, bir oxucu kimi, zövq alacaq.

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2011.- 7 iyul.- S.4.