Müslüm Maqomayevin
Bakıda yaşadığı binanın önündə barelyefinin açılışı olub
Dünən
Azərbaycanın dünya şöhrətli müğənnisi
Müslüm Maqomayevin Bakıda yaşadığı
binanın (Fikrət Əmirov, 1) üzərinə vurulmuş
barelyefinin təntənəli açılış mərasimi
keçirilib. APA-nın məlumatına görə, üzərində
görkəmli sənətkarın əksi olan barelyefin müəllifi
xalq rəssamı Ömər Eldarovdur. Açılış
mərasimində mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, sənətkarın həyat yoldaşı Tamara
Sinyavskaya, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli,
Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni
Emin Ağalarov, Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin, rejissor Eldar Quliyev və digər
tanınmış şəxslər iştirak ediblər. Mərasim
Müslüm Maqomayevin ifasında “Azərbaycan”
mahnısının sədaları altında başlanıb. Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev barelyefin bu gün
açılmasını tarixi hadisə kimi qeyd edib və
bunun səbəbini açıqlayıb: “Bu gün çox
sevimli insanımız, Müslüm müəllimin
ömür-gün yoldaşı Tamara xanımın ad
günüdür. Bu barelyef Tamara xanıma bir hədiyyədir.
Müslüm
Maqomayev Azərbaycanın daima yaşayacaq sənətkarıdır.
Onun səsi heç zaman qulaqlarımızdan getməyəcək
və bu səs bizə hər zaman zövq verəcək”.
Müslüm Maqomayevin böyük sənətkar olduğunu
qeyd edən Fərhad Bədəlbəyli 2012-ci ildə sənətkarın
anadan olmasının 70-ci ildönümünün
tamamlanacağını diqqətə çatdırıb. F.Bədəlbəyli
bildirib ki, o bu yubileyin yüksək səviyyədə və
M.Maqomayevin adına layiq keçiriləcəyinə əmindir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə
deyib ki, Müslüm Maqomayev Azərbaycan və Rusiya
dostluğunun simvollarından biridir. Səfir sənətkarın
Rusiyada çox sevildiyini vurğulayıb: “Mən uşaq
yaşlarımdan Müslümün səsi ilə
böyümüşəm. Hər zaman onun səsinə
vurğun olmuşam və biz heç birimiz Müslümü
özümüzə yad hesab etmirik, Müslüm bizim
üçün çox doğmadır”. Sənətkarla uzun
illər dostluq etmiş xalq artisti Eldar Quliyev isə
çıxışına “Müslüm, evinə xoş gəlmisən”
sözləri ilə başlayıb. O, M. Maqomayevin hər zaman
ürəklərdə yaşayacağını
vurğulayıb. Xalq artisti Xuraman Qasımova da sənətkarla
bağlı xatirələrini tədbir
iştirakçıları ilə bölüşüb.
Barelyefin müəllifi Ömər Eldarov bu işin onun adı
ilə bağlı olmasından şərəf duyğunu
vurğulayıb. Mərasimin sonunda çıxış edən
Tamara Sinyavskaya Müslüm Maqomayevin heç zaman
unudulmadığından və onun adının daima yüksək
tutulduğundan məmnun olduğunu dilə gətirib: “Bu
ünvan mənim həyatımdır. Həyatımda heç
bir şeyi unuda bilmərəm. Çox sevinirəm ki,
Müslüm hər zaman böyük hörmətlə
anılır. Buna görə şəxsən ölkə
başçısı İlham Əliyevə və Mehriban
xanım Əliyevaya minnətdarlıq edirəm”.
525-ci qəzet.-
2011.- 7 iyul.- S.4.