ŞAİR ƏLİZADƏ NURİYƏ DOĞRU

 

Ah, məhlə, niyə mahal ola bilmədin, ah ucqar, niyə mərkəz ola bilmədin, ah əyalət, niyə vilayət ola bilmədin?

Məhlə, ucqar, əyalət sözlərinin sıxıntısında, bürküsündə, darlığında nə qədər ilhamlar sönüb, nə qədər ümidlər sınıb, nə qədər qələmlər qırılıb atılıb. Uçuş meydanı geniş olmasa təyyarə nə havaya qalxa, nə də havadan enə bilər. Uca zirvələr, əngin səmalar, mavi üfüqlər olmasa qartal qartallıq eləyə bilərmi, əlbəttə yox? Ancaq ədəbi-bədii dünyanın tarazlığının pozulmaması üçün bəzən məhlədə, ucqarda, əyalətdə elə istedadlar dünyaya gəlir ki, onlar öz istedadları, əzabları bahasına mərkəzi ucqara, vilayəti əyalətə gətirmək gücünə sahib olurlar. Ancaq bu iş onlara asan başa gəlmir. Çox böyük əziyyətlər və məhrumiyyətlər hesabına başa gəlir. Ona görə də bu yaradıcılıq əzabının meyvəsi həmişə dadlı, əzabı həmişə şirin olur, ucqarın on istedad sahibi sahibsizlik ucbatından sönsə də, birdən-birə bir istedad sahibi öz poetik imkanı ilə elə parıldayır ki, çoxlarının gözlərini qamaşdırır. Görməyənə özünü göstərir, bilməyənə özünü bildirir, dərk etməyənə öz poetik varlığını dərk etdirir. Həzrəti Mövlana demişkən, tanı məni, gör məni, bil məni deyir, o sözü demək haqqını qazanır.

Bu taleyi yaşayan şairlərdən biri də yaradıcılığına, şəxsiyyətinə çox böyük hörmət bəslədiyim, üzünü az-az görsəm də, poetik sözünün işığında tez-tez işıqlandığım Əlizadə Nuridir. Onun daxili dünyasının təzəliyi, orijinallığı haqqında unudulmaz xalq şairimiz Məmməd Araz vaxtilə çox böyük məhəbbət və səxavətlə söz açıb. Təkcə bu ədəbi fakt kifayətdir ki, onun yaradıcılığına dönə-dönə qayıdasan, nəyinsə xatirinə başqa səmtə gedənləri tədqiqat obyekti kimi onun səmtinə doğru yönəldəsən. Çünki Məmməd Araz bir şair kimi sözə, ədəbiyyata, ədəbi gəncliyə qarşı çox tələbkar və məsuliyyətli sənətkar idi, vətən daşı olmayana vətəndaş deməzdi! Əgər Əlizadə Nuri çağdaş şeirimizin vətəndaşına çevrilibsə, gəlin onu qoruyaq, qayğı göstərək, sevək, qiymətləndirək. Uca sözün, halal şeirin ucqarlarda çiçəklənməsi naminə!

Nəinki şairləri, ümumiyyətlə insanları unutmağa və unudulmağa qoymamalıyıq.

    

Dünya söz vermişdi

Məni xoşbəxt etməyə.

Nə deyim, bəlkə də

Huşundan çıxıb.

 

İnsanı, şairi, söz adamını Allahın huşundan çıxmağa qoymamalı, Allahın özünə belə xatırlatmalıyıq ki, İlahi, sənin burda söz demək səlahiyyəti verdiyin bir şair yaşayır, nəzərini onun üstündən kəsmə!

Ucqarda yaşamasına baxmayaraq, mətbuat orqanları onun yaradıcılığına həmişə yer ayırıb, şeirləri oxucular arasında əks-səda verib, çağdaş şeirimizin söz sahiblərindən biri kimi, tənqidçi və ədəbiyyatşünas alimlərin diqqətini çəkib, doğrudan da, bir şair kimi tanrı onun üstündən nəzərini kəsməyib.

Onun poeziyası tənhalığın, təkliyin, sükutun, səssizliyin, qürubun, gileyin, şikayətin, duaların, pıçıltıların, ağrıların, acıların poeziyasıdır. İşlətdiyim bu ifadələrlə bağlı onun yaradıcılığından onlarca poetik misallar çəkə bilərəm. Hər sözü, ifadəsi, deyim tərzi dürüst, sərrast, nizam, şirin, səliqəli, yerli-yerində, poetik, düşündürən!

    

Bu yer kürəsini döşəmə sandım,

Göyü başım üstə tavan saxladım.

Sənin ad gününə bir az gecikdim,

Mən səni bir az da cavan saxladım.

(“Sənin ad gününə

qəsdən gecikdim”)

    

Dənizə qar yağır, üşüyür dəniz,

Durmuşam bir sahil daşının üstə.

Bəlkə əllərimi çətir eləyim,

Saxlayım dənizin başının üstə.

 (“Dənizə qar yağır”)

    

Əslində biz hamımız göyü tavan kimi başımızın üstündə saxlayırıq, ancaq onu görən şair gözləri, onu duyan şair ürəyi olur. Döşəmə-tavan söhbəti müqəddəs Quranımızın məşhur ayələrindən birində Allah kəlamı kimi işlənsə də, şairin də bu fikrə özü kimi yanaşmağa səlahiyyəti və ixtiyarı var. “Qabağa peyğəmbərlər, sonra şairlər gəldi” – Nizami, “Sirlər xəzinəsi”.

Əllərimi çətir eləyib dənizin üstünə tutmaq istəyirəm ki, dənizə qar yağmasın, dəniz üşüməsin. İlk baxışda adi görünən, ancaq mahiyyətinə varanda böyük humanist duyğuları ifadə edən bu incə və zərif duyğular ancaq istedadlı şair qələmindən çıxa bilər. “Kəndimizin qurumuş bulağı haqqında elegiya” əsərini oxuyan oxucu çox dərinlərə gedir, düşünür, düşündürür. Bir bulağın timsalında şair, təkcə bulağın deyil, biganəlik və laqeydlik ucbatından sönən ocaqların, keçən işıqların, bağlanan qapıların, qırılan ümidlərin, məhv olmuş arzuların taleyini verir:

    

Qurutdular bu bulağı,

Hər gün nəğmə oxuyardı,

Kiritdilər bu bulağı.

    

Daha öz həzin səsiylə bu kəndə layla çalan olmayacaq, qurutdular bulağı. Bulağın qonşuluğunda yaşayan qızlar daha gəlib sirrini, sözünü, yuxusunu bulağa aça bilməyəcək, qurutdular bu bulağı!

    

Bayquş səsini sevənlər

Qu səsini sevmədi.

Qulağı ulaq səsinə öyrəşənlər

Su səsini sevmədi.

Qurutdular bu bulağı!

İndi bu bulağın gözündə

Bir damcı yaş da qalmayıb,

Özü-öz halına ağlaya bilsin...

Şeirin sonluğunda oxucunu sarsıdan bir poetik-ictimai haray var, səssiz haray, insanın içini yandıran haray!

    

Görəsən ən gözəl

Kim ağlayar  

Bu bulağın qəmini –

Kim ağlaya bilirsə,

Götürsün qələmini!

    

Şairin ən çox sevdiyim əsərlərindən biri kimi, bu şeir məni çox sarsıdıb. Əslində çox aktual mövzuya, güclü ictimai kəsərə sahib olan bu şeir çox dərdlərimizə ayna tutur. Rəzillik və paxıllıq, xudbinlik və dargözlük ucundan bir görün nə qədər bulaqlar quruyub, nə qədər ilhamlar sönüb, nə qədər şeirlər beşiyindəcə boğulub, nə qədər nəğmələr susub, nə qədər səslər batıb, xeyirxah olanları belə hay-qusniyyət adamları söyə-söyə, döyə-döyə bədxah eləməyə can atıblar. Nəticədə uduzan kim olub – ədəbiyyatımız, sözümüz, ictimai fikrimiz. Özünü savadlı göstərmək naminə “böyük ədəbiyyat” deyib bağıranların çoxu ədəbiyyatı böyüməyə qoymayıb, onu xırdalamaqla, ucuzlaşdırmaqla məşğul olublar. Bu əsərdə şairin gəldiyi ədəbi qənaət bundan ibarətdir!

    

Bədxah elə bildi yıxılmışam mən,

Ancaq bilmədi ki, namaz üstəyəm.

    

Bizdən salam olsun şairi şair kimi vüqarlı və uca saxlayan sağlam ruhun sağlam şeirinə!

Ucqardımı, əyalətdimi, mərkəzdimi – fərqi yoxdur, əgər şair bir məclisə girəndə ünvanına “xoş gəldiniz” sədaları yüksəlmədisə, “buyurun, əyləşin” təklifi eşidilmədisə, özünü urvata, sözünü hörmətə mindirənlər tapılmadısa, orda heç bir ədəbi inkişafdan, heç bir ədəbi prosesin mərhələlərindən söhbət gedə bilməz! Orda ancaq üfunətdən və rəzalətdən, ürək bulandıran, könül küsdürən mətləblərdən söhbət gedə bilər. Harda yaşamasından asılı olmayaraq xalq öz şairini urvata mindirməli, hörmətdə saxlamalıdır. Nəyinsə və kiminsə xatirinə onuncu dərəcəli bir adamı qabağa çəkib, birinci dərəcəli adamı isə arxa plana keçirərək görməməzliyə vurmamalıdır. Çünki Allah şairə xalq adından danışmaq səlahiyyəti verib. Çünki dar gündə, dar ayaqda xalqın halına şairdən çox ağlayan, gözləri kor olan bir kimsə yoxdur!

Hər şairə ürək qızdırıb “mənim şairim” demək olmur. Ancaq mən Əlizadə Nuriyə eli-obası, ucqarı-əyaləti, taleyi-tərcümeyi halı, şəxsiyyəti və yaradıcılığı ilə ürəklə “Mənim şairim!”deyirəm. Səbəblər çoxdur. Birinci səbəb odur ki, o, sözün əsl mənasında şairdi!

“Allaha xitab” şeirindəki misralara fikir verin:

    

Qılınclar enir üstümə,

Sən də mənə qalxan ol!

Allah, mənim arxam yoxdu,

Başım üstə arxam ol!

    

Bu misraların müəllifinə arxa durmamaq, kömək olmamaq, qayğı göstərməmək ən azından günahdı, günahdan beşbetər günah!!!

Mən söylədiyim bu fikirlərlə Əlizadə Nurini əzizləmək xəyalından uzağam. Şair, döyüşdə, mübarizədə, ədəbiyyat cəbhəsinin odlu-alovlu səngərlərində vuruşa-vuruşa özünə yol açmalı, özünü təsdiq etməlidir. Ancaq özünütəsdiqə qədər həmişə, hər yerdə qayğı, dəstək olmalıdır ki, o, məcbur olub deməsin ki:

Dostu Əzrayıldı, özü kimdi bəs,

Quru bir budaqda solğun bir nəfəs.

Özünü asmağa ip tapa bilməz,

Asar ürəyinin damarlarından!

    

Deməsin ki:

     

Yüz dəfə öldüm, dirildim,

Bu adam adam olmadı.

Çıraq oldum, işığımı

Asmağa bir dam olmadı.

    

Deməsin ki:

    

Vətən, qəfəsinə düşmüşəm əsir,

Qəfəsə salmağa quşun yoxdumu?

Başıma düşməyə daşın müntəzir,

Evimə hörməyə daşın yoxdumu?

    

Belə olanda şair dünyadan küsür, taledən inciyir, qələm əlində buza dönür, yeni yaradıcılıq eşqi ilə qanadlanmaq üçün özündə güc tapa bilmir.

    

Hər gün göy üzünə məktub yazıram,

Ancaq ki, atmağa bir qutu yoxdu.

Mənim bu dərdimə ad qoyulmayıb,

Mən olan dünyanın Qorqudu yoxdu.

    

Haqsız da dünyada haqdan ölərdi,

Dağ çayı yıxılıb dağdan, ölərdi.

Dünya istəsəydi çoxdan ölərdi,

Ancaq özü boyda tabutu yoxdu.

    

Əlizadə Nurinin bu şeirləri misra-misra, söz-söz tale şeirləri, tale yazılarıdı. Bu şeirləri oxuyanda duyumlar, deyimlər, yeniliklər qarşısında heyran qalmamaq, poetik təfəkkür imkanlarının yeni çalarları qarşısında sözün böyük mənasında təslim olmamaq, şairə ürəkdən “əhsən” deməmək qeyri-mümkündür.

Şairin elə şeirləri var ki, cəmisi səkkiz-on misradan ibarətdir. Ancaq bu misraların məna tutumu az qala insan nəslinin bütün dövrlərini əhatə edir. Səkkiz misralıq “Şəcərə” şeirinə fikir verin:

    

“Haralısan?” deyirsən, –

Tənha oğlu təkdənəm.

Ulu eşq nəslindənəm, –

Söz yaranan kökdəyəm.

Əkizik, – bu qəm ilə,

Mən eyni bələkdənəm!

Həm dünənəm, həm bu gün,

Həm də gələcəkdənəm...

    

“Haralısan?” Bu sual səslənən kimi istər-istəməz bizdə – oxucuda xoşagəlməz bir əhval-ruhiyyə yaranır. Ancaq şair çox böyük ustalıqla bu sualı tamam başqa bir istiqamətə yönəldir, bu fikrə yeni bir biçim verir. Sualın cavabı belədir: Mən bu suala sığışmıram. Tək olan Allahın bir parçası kimi təklərdənəm. Yaradanın yaradılan bəndəsiyəm. Allah ilk dəfə sözü yaratdı. Mən söz adlanan ilkdən, əzəldən, kökdən gəlirəm. Qəm ilə əkiz doğulmuşam, bələyimiz eyni vaxtda, eyni gündə bələnib. Mən bir insan olaraq həm bu günəm, həm gələcəyəm. Təxminən ulu babası Nəsimi kimi “gövhəri laməkan mənəm, kövnü məkana sığmaram” deyir Əlizadə Nuri!

Tam səmimiyyətlə deyirəm, Əlizadənin elə şeirləri var ki, həcmindən asılı olmayaraq o əsərlərin canında bir dastanlıq mətləb yatır. Təkcə böyük istedad sahibi Ramiz Rövşənə yazdığı “Sən evi neynirsən, evi tikilmiş” şeiri kitablara sığmayan mətləblərdən xəbər verir, Ramiz Rövşəni tərifləmir, poetik detallarla onun böyüklüyünü bir evin timsalında bir dünya kimi təqdim edir:

 

Evsiz-eşiksizdi göydə xalıq da,

Sulara bürünüb yaşar balıq da.

Bu qurd-quş ulayan xarabalıqda

Sən evi neynirsən, evi tikilmiş.

    

Sözün dodaqlarda qaldı – bəsindi,

Nəğməni quşlar da aldı – bəsindi,

Bir tənha söyüdün altı bəsindi,

Sən evi neynirsən, evi tikilmiş.

    

Əhsən hər iki şair dünyasının böyüklüyünə! Hər evdə söhbəti gedən şairin evinin ev yox, dünya olduğunu bundan gözəl necə vermək olar!

    

Yerin dərdi nə boydadı,

Xalqdan başqa kim bilir?

Dəniz suyunun dadını

Balıqdan başqa kim bilir?

Qocanı necə cırnatmaq olar,

Qarıdan başqa kim bilir?

Ən ətirli gül hansıdır,

Arıdan başqa kim bilir?

    

Bu poetik və turşməzə suallarda canlı və diri bir həyat var. Bu həyatı bu şəkildə ancaq şair görə və göstərə bilər. Qarabağ dərdi, Şuşa faciəsi haqda poeziyamızda ara-sıra poetik-düşündürücü tapıntılara rast gəlirik. Bu mövzuda Əlizadə Nurinin “Papaq” şeiri daha tutarlı, daha güclü deyilib. Qarabağ faciəsini yəqin ki, bundan gözəl ifadə etmək çox çətindir. Oxuyun, ibrət götürün:

    

Başından papağı düşüb dağların,

Dağların könlünə bu bir dağ olub.

O kimdi – papaqsız qaldığı gündən

Peşəsi telini daramaq olub.

    

Satdıq papağı da o torpaq kimi,

O kimdi, yer verdi xaça yerindən?

Çəkib xaç suyuna bizim papağı,

Asdılar Şuşanın uca yerindən.

    

Çox ağrılı deyilib.

Açıq etiraf edirəm ki, şair dostumun şeirlərinin əksəriyyəti həddən artıq ağrılı olduğuna görə bəzən bir oxucu kimi sarsılıram, axıra qədər kədər burulğanına düşüb boğuluram və bir az havamı dəyişmək, nəfəsimi dərmək, ruhumu təzələmək istəyirəm. Hardasa qəmin içində bir sevinc axtarıram. Onda yenə də şair özü mənim dadıma çatır. Aşağıdakı misraları oxuyanda bir az yüngülləşirəm:

    

Yayda Günəş ilə dodağı qaçar,

Qar olar Tanrının qış təbəssümü.

Dimdiyi ucunda dəni görəndə,

Nə xoşbəxt olurmuş quş təbəssümü.

Çox şey gərək deyil xoşbəxtlik üçün,

Bəsdi bir körpənin xoş təbəssümü.

    

 Şairin özünün dediyi kimi, mən də onun yaradıcılığında təkcə qəmin, kədərin, qaranın yox, həm də sevincin, vüsalın, ağın, işığın bol-bol çalarlarını görmək istəyirəm və inanıram ki, onu da görəcəyəm.

    

Yaxşı ki, qanadı bir cütdü quşun,

Yaxşı ki, tüfəngin tək lüləsi var.

Kibrit çöplərindən ev tikənlərin,

Evinin alışmaq təhlükəsi var.

    

Mən şair dostumun yaradıcılığını kibrit çöplərindən tikilən və bir çınqı alovdan alışıb külə dönən ev kimi yox, ucaldıqca ucalan, oddan-sudan, yağışdan-tufandan, zəlzələdən, qasırğadan qorxusu olmayan uca söz sarayları kimi görmək istəyirəm. Bu, nə qədər çətin və zor iş olsa da, Əlizadə Nuri ilhamı bu işin öhdəsindən gəlmək gücünə malikdir. Yol uzun, meydan geniş, arzular tükənməzdir.

Özü bir bayatıda insan-sənətkar taleyi haqda çox uğurlu bir deyim işlədib:

 

Mən aşıq, gecə yarı,

Ay doğdu gecəyarı.

İnsan qızıl tozudu,

Bilinər gec əyarı.

 

Gec gələn, güc gələn, halallıqdan su içən şöhrət daha şirin olur. Bütün varlığımla inanıram ki, şairin əyarı, qiyməti də bilinəcək, çünki onun yaradıcılığında qondarma heç nə yoxdur. Nə varsa təbiətin özü qədər təbii, cəmiyyətin özü qədər realdır. Sevimli şair dostuma müqəddəs yaradıcılıq yollarında əyarı həmişə üstündə olan, heç vaxt bədii dəyərini itirməyən yeni-yeni əsərlər, işıqlı, poetik duyğular arzulayıram!

15 iyun 2011

 

 

Zəlimxan YAQUB,

Xalq şairi

 

525-ci qəzet.- 2011.- 9 iyul.- S.26.