“...elə
yaşamaq lazımdır ki, qocalanda düşüncələrin
“kaş ki”lərə bürünməsin!”
Pərvinin həmsöhbəti
aktrisa Gülzar Qurbanovadır.
Pərvin:
Salam, Gülzar xanım.
Gülzar
Qurbanova: Salam, Pərvin. Xoş gəlmişsiniz
teatrımıza.
Pərvin:
Təşəkkür edirəm. Söhbətə
elə teatrınızla başlamaq istəyirəm. Uzun illərdir ki, Yuğ teatrında
çalışırsınız. Yuğ
deyəndə ilk öncə Vaqif İbrahimoğlu yada
düşür. O isə qeyri-adi estetikası,
yanaşması ilə fərqlənən bir sənətkar
idi. Vaqif müəllim kim idi sizin
üçün, bundan sonra kimə çevriləcək?
Gülzar
Qurbanova: Vaqif müəllim təbiətcə çox optimist
insan idi və bizi də bu ruhda böyüdürdü. Mən deyərdim ki, o uçurumun üzərindən
körpü salan insan idi. Bizə
qaranlıqda işıq tapmağı, ən dözülməz
mühitdə də sağ qalmağı və ruhani qalibiyyət
qazanmağı öyrədirdi. Mənimçün
bütün dahilərin qapılarını Vaqif müəllim
açıb. Ədəbiyyatı da,
teatrı da məhz onun təqdimatında öyrənmişəm.
İstər klassik poeziyamız olsun, istər
dünya ədəbi irsi – bunlar hamısı müəllimimizin
sayəsində öz malımıza çevrilirdi. Vaqif müəllim şəxsiyyət
formalaşdırırdı, sənətkar yetişdirirdi,
insanın kimliyini, əsl mahiyyətini ona
aşılayırdı. Bu müddət ərzində o beş nəsil sənətkar yetişdirib. Bu o
qədər də az iş deyil. Və indi Vaqif müəllimin yoxluğunda məsuliyyətimiz
artır. Çünki həmin
düşüncəni, mədəniyyəti daşımaq
artıq bizim öhdəmizə düşür.
Pərvin:
Yuğ teatrının estetikası hamı tərəfindən
qəbul olunmur. Düşünürəm, bu
insanların tamaşalardan həm də gözəl söz istəməsi
ilə bağlıdır. Xatırlayıram,
Yuğ hətta sözsüz tamaşalar da səhnələşdirirdi
ki, bu da birmənalı qarşılanmırdı. Sizin
üçün bir aktrisa kimi başqa teatrlar harada bitir və
Yuğ harada başlanır?
Gülzar
Qurbanova: (gülür) Doğrudur. Ümumiyyətlə Vaqif
müəllim sözə çox az yer
verirdi. Bilirsiniz, Ümumittifaq Kinematoqrafiya
İnstitutunda A.Batalovun “Teatr və kino” kursunu bitirib gələndə
çox narahat idim, mənə elə gəlirdi o mühitdən
sonra burdakı teatrların çoxunda işləyə bilmərəm. Sonra Yuğla
tanışlığım baş tutdu və mən qəti qərarımı
verdim. Həmin vaxtlar Dədə Qorqudun məşqləri
gedirdi. Vaqif müəllim niyə məhz
bu teatrı seçməyimi təkrar-təkrar məndən
soruşurdu. Mən o vaxt bütün bu
poetikayla bağlı fikirlərimi rahat şəkildə ifadə
edə, əsaslandıra bilmirdim. Vaqif müəllimə
istəyimin səbəbini sadə şəkildə izah
edirdim: mən bura gələndə özüm oluram, asudəlik
hiss edirəm, hisslərimi, duyğularımı rahat ifadə
edirəm. Mən ayıq şəkildə hiss edirdim ki, bura mənimdir:
evim, ailəm, valideynim, övladım kimi. Burada
insana çox önəm verilir və insan faktoru çox
vacibdi. İnsan, şəxsiyyət, sənətkar...
bunların içində hər şey var. Mənimçün
YUĞ məhz burdan başlanır. 21 ildir
ki, Yuğ ən doğma yerdir mənim üçün.
Pərvin:
Bu illər ərzində həm kinoda, həm də teatrda
çoxlu rollar oynamısınız. Elə bir
rol olubmu ki, onu oynayan zaman səhnəni unudasınız?
Səhnə hissi itsin və bütün
bunları real həyatda yaşadığınızı
düşünəsiniz?
Gülzar
Qurbanova: Bizim teatr məkanımız italyan qutusu deyil. Orada tamaşaçıyla sənətkar arasında
heç bir sədd yoxdu. Tamaşaçıyla
energetik ünsiyyət qurmağa çalışırıq.
Məncə, teatr maarifləndirmə
funksiyasını itirib. Nə isə
informasiya lazım olanda kitabdan, mətbuatdan oxumaq olar. Tamaşaçını öyrətmək lazım
deyil. Onun ruhuna təsir etmək
lazımdı. Ona görə də
reallıq hissindən çox da uzaqlaşmıram. Kino fəaliyyətim
haqda həmişə deyirəm: o rejissora minnətdaram ki, mənim
ruhumu həm alt-üst eləyib, həm də yeni bir güc
verib. Teatr da elədi. Biz bu səhnədə
dahi sənətkarların əsərləriylə işləmişik.
O əsərləri ruhumuzdan, içimizdən keçirib
tamaşaçının qarşısına
çıxarmışıq. Başımızın
da üstündə Vaqif müəllim kimi dahi bir insan. Mən
bunu həmişə deyirəm: O dahi müəllim idi.
Pərvin:
Düşünürəm, təkcə sənət
baxımından yox...
Gülzar
Qurbanova: Əlbəttə! O bizə necə yaşamaq, necə
mövcud olmağı öyrədirdi. Sənətkar
həyatının nə olduğunu aşılayırdı.
Heç oynamasaq da, səhnəyə
çıxmasaq da sənətkar həyatını yaşaya
bilərik. Bu baxımdan bizim teatrda demək
olar ki, bütün tamaşalar məhz bu ovqatın
yaradılmasına xidmət edib, yəni sənətlə
reallıq arasında sərhəddin itirilməsinə
çalışmışıq. Bizimçün
həmin o “dördüncü divar” olmayıb. Tamaşaçıyla rahat söhbət edirik,
ünsiyyət yaratmağa çalışırıq.
Vaqif müəllim gözəl bir poetika yaratdı: psixo-absurd.
Başqa dillə desək, ruhun hikmətləri.
Bu poetikanın özünün əlifbası,
notları var. İndi də o sistemlə işləyirik.
Əsas məqsəd insanın hər şeyi öz ruhuyla idarə
eləməsinə nail olmaqdı. Bədən
idarə edildiyi kimi ruh da idarə eləməlidi. Peşəkarlıq
həmin ab-havanı tamaşaçıda da yaratmağa nail
olmaqdı. Məhz bu an sizin dediyiniz səhnəylə
reallıq arasındakı sədd itir.
Pərvin:
Yuğun əsas fərqli cəhəti aktyorun sərbəstliyidir.
Adətən teatr aktyorlarının rejissor və
dramaturqdan fərqli olaraq, fərdi seçim imkanı olmur.
Aktyor daha çox gözləmə mövqeyində
dayanır...
Gülzar
Qurbanova: Düzdür. Xoşbəxtlikdən
bizim teatrda belə qaydalar olmayıb heç vaxt. Vaqif müəllim bizi sərbəst yetişdirirdi.
Həmişə deyirdi ki rejissor da, dramaturq da sən
özünsən. Misal üçün,
bizə bir mövzu verilirdi. Deyək ki,
itki mövzusu. Hamımız bu barədə hiss və
duyğularımızı yazırdıq. Sonra bu
yazdıqlarımız əsasında səhnə qurulurdu.
“Kafkaya salam” tamaşasını
görmüsünüz. Bizə “hökm”
mövzusu verilmişdi. Kafkanın hekayəsinin
əsasında yazmalı idik. Biz aktyorlar
özümüz bu mövzunu işləyəndən sonra,
Kafkanın daxili aləmindən çıxış edərək,
o tamaşanı üç günə qurduq. Gözəllik də bundaydı ki, bizim
aktyorlarımızın hərəsi öz
yanaşmasını ortaya qoyurdu. Tamaşaçılar
da bu cür sərbəstliyi, dediyiniz kimi rejissorun, dramaturqun
seçimindən asılı olmayan aktyor işini maraqla
qarşılayırlar.
Pərvin:
Yuğ format baxımından kiçik teatr olsa da, dediyiniz kimi
burada azadlıq daha çoxdur. Cəmiyyətdə
çox müşahidə edirik ki, insan nə qədər
yuxarı qalxırsa, böyüyürsə o qədər də
itirir daxili azadlığını. Sənətkar
olaraq sizdə çox yuxarılara qalxıb daxili
azadlığı itirmək qorxusu yaranan məqamlar olubmu?
Gülzar
Qurbanova: Mən nəyi itirsəm də, daxili
azadlığımı heç vaxt itirmərəm. Əslində, məncə, bu çətin həyatda
elə bircə onu qoruyub saxlamışam. Həyat
insana bir dəfə verilir. Onu elə
yaşamaq lazımdır ki, qocalanda düşüncələrin
“kaş ki”lərə bürünməsin. Mən hər zaman özümə qarşı səmimi
olmağa çalışıram. Başqalarına
görə yox, məhz özümə görə. Bütün dünyanın filosofları
dünyanı dəyişməyə
çalışırdılar. Kamyu isə
deyirdi ki, dünyanı dəyişə bilmirsənsə,
öz dünyanı gözəlləşdir və o
dünyada başqaları da varsa, artıq onlara da təsir
göstərə bilərsən. Dediyiniz
daxili azadlıq məncə elə səmimiyyət üzərində
qurulur. Şablonlardan, çərçivələrdən
uzaq bir uşaq səmimiyyəti. Düzdü,
o şablon həyatı hamı kimi mən də
yaşayıram. Qayğılar, iş, ev
və sair. Amma bütün bunları edərək,
mən mütəmadi olaraq ordan çıxmağı da
bacarıram, həmişə orda qalmıram. İnsan öz xəyallarını qurmağı
bacarmalıdır.
Pərvin:
Düzdür. Həyatda nəinki xəyal, hətta
öz nağılını qurub yaşayan və bu yolla da
özünü xilas edən, bataqlıqdan çıxaran
adamlar var. Bu daha çox dünyəvi problemlərdən, məsələlərdən
bezəndə kömək olur. Yəqin ki, sizin
üçün əsas sığınacaq səhnədir...
Gülzar
Qurbanova: Nağıllardan danışmağınız yerinə
düşdü. Axır vaxtlar nağıllara
daha çox ehtiyacım var. Nə qədər qəribə
olsa da, cizgi filmlərinə çox baxıram. Əsasən də köhnə sovet cizgi filmlərinə.
Bunun səbəbi mənə aydındı.
İnsanın beynindən o qədər
lazımsız informasiyalar keçir ki, beyin yorulur. Kimsə musiqidən, kimsə rəqsdən
rahatlıq tapır. Səhnənin mənim
üçün sığınacaq olmasını düz
vurğulayırsınız. Amma mən həmişə
səhnədə olmasam da ruhumun nə istədiyini hər an düşünürəm. Son vaxtlar köhnə
cizgi filmlərinə daxili tələbat hiss edirəm. Avropa,
Amerika istehsalı olan yeni cizgi filmlərində o sadəlik,
adamın ruhuna toxunan heç nə yoxdur .
Lakin köhnə cizgi filmləri çox sadə
və təsirlidi.
Pərvin:
Aha... Karlson, Lyapold kimi personajlar insana uşaq
qayğısızlığını qorumağa kömək
edir...
Gülzar Qurbanova: Karlson görün
necə gözəl bir obrazdı?! Tənha qalan uşaq
özüyçün dost fikirləşir, xəyallarında
onunla ünsiyyət qurur, göydə uçur, dama
çıxır. Yaxud balaca Şahzadə.
Səhraya düşüb təyyarəsini
düzəldərək özüyçün nağıl
fikirləşir. Mən də ruhani cəhətdən
çətin vəziyyətə düşəndə belə
xəyallarda, nağıllarda özümə
sığınacaq tapıram və bununla lazımsız fikirlərdən
xilas oluram.
Pərvin:
Bilirəm ki, poeziyanı çox sevirsiniz. O xilas metodları
siyahısında poeziya hansı yerdədir? Sizcə,
içinizdəki poeziya səhnədən
ayrıdırmı?
Gülzar
Qurbanova: Maraqlı sualdır! Mən çox
şeir bilirəm, amma heç vaxt səhnədə şeir
deməmişəm. Ancaq son vaxtlar Vaqif müəllimin
cümə axşamlarında, Savalan qrupuyla bərabər Ramiz
Rövşənin şeirlərindən dedim. Əgər
şeir mənə məlhəm kimi təsir edirsə, ruhuma
yayılırsa, o zaman mənim içimə hopur və bu da
kifayət edir. Şeiri klip çəkdirmək,
yaxud hardasa deklomasiya eləməkçün oxumuram.
Pərvin:
İncəsənət Gimnaziyasında dərs deyirsiz, gənclərin
arasındasız. Çağdaş
dövrün gəncliyindən çox şikayət edirlər.
Bəzən heç gənclər özləri
də onlardan nə tələb olunduğunu anlamırlar.
Nədir fərqlər? Deyək ki, sizin gəncliyinizlə,
müasir gənclərin arasında...
Gülzar
Qurbanova: Mən düşünmürəm ki, gənclər
pozulub. Hər şey fərdin, gəncin
özündən və düşdüyü mühitdən,
həmçinin də təhsildən asılıdır.
Mən dərs deyirəm və şagirdlərimi
müşahidə edirəm. Məncə əlli-əlliyədir.
Şagirdə bir psixoloq kimi yanaşsan, çox
şeylərə nail olmaq olar. Təmas
qurmağı, əsaslandırmağı,
inandırmağı bacarmaq lazımdı. İnanın, gənclərdə çox gözəl
potensial, böyük imkanları var, sadəcə bu imkanları,
potensialı üzə çıxarmaqçün gözəl
müəllimlər, pedaqoqlar lazımdı. Vaqif müəllim kimi.
Pərvin:
Həyat yoldaşınız Elxan Cəfərov da sənət
adamıdır. Ümumiyyətlə sənətkar
ailəsi başqa, ənənəvi azərbaycanlı ailələrindən
seçilirmi?
Gülzar
Qurbanova: Yəqin fərq ondadır ki, bizim söhbət
mövzularımız əsasən sənətlə
bağlı olur. Düzdü məişət
öz yerində, lakin ünsiyyətimiz yalnız sənət,
kino, teatr, ədəbiyyatdan ibarət olur.
Ayağımı gerçəklikdən az
da olsa qopara bilən istənilən söhbət mənə
zövq verir. Bu baxımdan problemlərim də
olur. Çünki yalnız sırf
dünyəvi maraqları olan insanlarla ünsiyyətim
alınmır. Onlara əhəmiyyətli
olan mövzular mənə maraqlı deyil. Ona
görə ən azından ailəmizdə lazım olan
auranı qorumağa çalışırıq.
Mənim oğlum gəlir tamaşalara baxır. Sonra qızım soruşur:
“anam necə danışırdı tamaşada?” Oğlum cavab verir ki, evdə necə
danışırsa, orda da elə. Artıq
sənətlə həyat arasında sərhədləri demək
olar ki, itirirəm. Ramiz Rövşən demişdi: sənətkar
ömrü boyu yaradıcılıq halında
yaşamağı bacarmalıdı, daha doğrusu bu onun təbii
halı olmalıdı.
Pərvin:
Teatrınıza arzularınız...
Gülzar
Qurbanova: Yuğ teatrına arzum budur ki, həmişə Vaqif
müəllimin poetikasını yaşatsın və gələcək
nəsillər də o poetikanı davam etdirsin.
Pərvin:
Mənə arzunuz...
Gülzar
Qurbanova: Sizə həmsöhbətlərinizlə bu səmimiyyətinizi
həmişə qoruyub saxlamağı diləyirəm.
525-ci qəzet.-
2011.- 9 iyul.- S.21.