Küveytdə Azərbaycanlı skripkaçının konserti olub

 

Küveytin Mədəniyyət və Ədəbiyyat Milli Şurasının təşkilatçısı olduğu 14-cü Beynəlxalq Yay Musiqi Festivalı çərçivəsində Küveytdəki səfirliyimizin təşəbbüsü ilə iyulun 7-də Əl-Küveyt şəhərinin “Əbdüləziz” adına Mədəniyyət Mərkəzində keçirilən “Küveyt-Azərbaycan Müsiqisi Gecəsi”ndə Azərbaycanın tanınmış skipkaçı Səlim Abbasovun konserti olub. Konsert zamanı Səlim Abbasov Küveyt, Azərbaycan və ərəb təranələrini özündə təcəssüm edən musiqi parçalarını böyük ustalıq və məharətlə ifa edib. Bu konsert proqramı Küveyt musiqisevərlərin böyük rəğbətinə səbəb olub. Konsertə gələn tamaşaçılar dəqiqələrlə ifaçımızı ayaqda alqışlayıb. Konsertin sonunda S.Abbasova 14-cü Beynəlxalq Musiqi Festivalının mükafatı təqdim olunub. Konsertdə mədəniyyət və ədəbiyyat milli şuranın yüksək rütbəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin başçıları və dipkorpusun digər nümayəndələri, parlamentin millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, həmçinin Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər. Konsert proqramı Küveyt kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub.

Konsert proqramı Küveytin aparıcı televiziya kanalları (1-ci kanal və 2-ci kanal, “Ər-Rai” və “Əl-Vətən”) tərəfindən lentə alınıb. Tədbirdə Küveytin nüfuzlu “Ər-Rai”, “Əl-Qabas” və “Əs-Siyasə” qəzetlərinin müxbirləri də iştirak ediblər. Eyni zamanda, iyul ayının 3-də Küveytin “İsmayıl TV” televiziya kanalına dəvət olunan Səlim Abbasov geniş proqramasından bir neçə müsiqi parçasını ifa edib.

 

 

525-ci qəzet.- 2011.- 9 iyul.- S.20.