Qırx yaşın romantikası
(“Kuba dəftəri” silsiləsindən)
Yataq da
adamlar kimi cürbəcürdü. Bərkliyin,
yumşaqlığın min cür halından tutmuş yüz
duyğu yaradan qoxusunacan fərqlidi.
Daş
kimi sərtliyindən bel-buxunun qırılan əsgərlik
qaravulxanasının tapçanı da yataqdı,
yumşaqlığı xəyalını cənnət mələklərinin
dizləri üstünə aparan beşulduz
hotellərin
qu tükündən yastığı, yorğan-döşəyi
də.
Qırğız
yaylalarındakı çoban yurtasında turş qımız
qoxuyan yataq kimi, məsələn, Parisin “Sofitel” hotelində
iyi gün boyu üstündə qalan fransız qız ətirli
yataq da növbənöv duyğular yaradır.
2008-ci
ilin 21 mart gecəsi Havananın sakit küçələrindən
birində, kirayədar Karlosun evinin ikinci mərtəbəsində
pəncərəsi gül-çiçəkli baxçaya
açılan mənzildəki yerim eynən əsgərlikdə
bazardan bazara dəyişdirilən yataq ağının
qoxusunu verirdi. Ucuz ağardıcı tozundanıydı, ya nədən
idisə, sovet ordusunun yataq ağları camaşırxanada
yuyulub çıxanda özünəməxsus kimya qoxuyurdu. Bu
iy xoşagələn olmasa da, dözülməz də deyildi.
Kasıbçılıq duyğusu yaradan ətrə tez
öyrəşirdin. Bir də ki, Yerin o boyda yerini tutan ölkənin
Yerin yerdə qalan yerini lərzəyə gətirən
ordusunda hər bazar eyni cür qoxuyan yataq ağları bir-iki
günə dəyişib milyon-milyon oğlanın öz ətrini
alırdı.
...Yuxudan
ayılanda “kimya” iyi çəkilmişdi, yataqdan öz qoxum gəlirdi,
bir də pəncərədən bağça ətri.
Yazın ilk günü onsuz da qışı olmayan Havanada da
bahar təravətindəydi. Hər il bu günün səhərini
qəribə hisslərlə açıram, bu dəfə isə
tamam başqa bir səhər idi.
Belarusun
Lukaşenkoya müxalif, tanınmış dissident
yazıçısının oğlu Aleksandrla
qazaxıstanlı hüquq müdafiəçisi, müstəqil
jurnalist, keçmiş vicdan məhbusu Sergey yan otaqda artıq
ayılmışdılar. Söhbətlərini aydın
eşitmirdim, amma hənirtidən güman edirdim ki, nəyinsə
ciddi müzakirəsi gedir.
Karlosun
xanımı yaxşı bir səhər süfrəsi
açmışdı. Mehriban xanımıydı. Süfrəni
yeməklərlə bəzədiyi kimi maraqlı söhbətlərlə
də rövnəqləndirirdi.
Həmişəki
kimi iki yumurtanın qayğanağını, çay, həm
də qəhvə sifariş etmişdim, çəhrayı rəngli
quava şirəsi də yanında. Bu dostlarla mənimki tuturdu
– gülərüz, nikbin, adamı müsbət enerjiylə əhatələyən...
Karlosun
xanımı üçümüzə də baxıb
ayırd edə bilmirdi ki, hansımız böyüyük,
neçə yaşımız var. İnanmırdı ki, tərcüməçimiz
Aleksandr məndən düz 15 yaş kiçik, Sergey isə
15 yaş böyükdü. 25 yaşlı Aleksandrın 55
yaşlı Sergeydən kiçik, yaxud 55 yaşlı Sergeyin
25 yaşlı Aleksandrdan böyük olduğunu müəyyən
etmək asan deyildi, biri yaşından çox qoca, o biri də
çox cavan görünürdü. İkisi də 40
yaşlı Vahidlə yaşıdıydılar elə bil.
Günün
planını Sergey açıqladı: “Maşın
götürüb Santa-Klaraya gedək, işimizi görüb
qayıdanda özümüzü dənizə verərik,
axşam da Allah kərimdi”. Maşını da Aleksandr sürəcəkmiş.
Səhər elə bunu müzakirə edirmişlər.
Sergey deyən
oldu. Bir saat sonra kirayəlik “Opel” üzü Santa-Klaraya
şütüyürdü. Adanın mərkəzi hissəsində
yerləşən Santa-Klara inqilab beşiyi sayılır. Əsasən
onunla məşhurdu ki, Çe Gevara 1958-ci ilin son günlərində
burda döyüşüb. 1997-ci ildə meyitinin
qalıqları Boliviyadan gətirilib şəhərin qərbində
təntənəylə basdırılıb, üstündə
mavzoley tikilib.
Santa-Klaranın
yerli fəalları ilə görüşüb geri dönəndə
Çe Gevaranın qəbrini ziyarət eləməyi heç
ağlımıza belə gətirmədik. Şəhərin
çıxacağındakı sovet qəhrəmanlıq abidələrinə
bənzəyən heykəlin yanında şəkil çəkdirmək
də sırf statistik maraqdan doğdu.
Bu inqilab
romantiki kiminçünsə qəhrəman ola bilər, amma
biz onu absurd ideyası ilə milyon-milyon insanı bədbəxt
edənlərdən sayırıq. Uğrunda vuruşduğu
hansısa ideyanın göz qabağındakı nəticəsiydi
Kuba: aclıq və səfalət ölkəsi.
Çe
Gevara Latın Amerikasının az qala nağıl qəhrəmanı,
əfsanəyə dönmüş mübarizə simvoludu. “Hər
yerdə azadlıq uğrunda mübarizə aparan xalqların
önündə gedən” Çe xüsusilə gənclərin
sevimli qəhrəmanıdı. “Mənim kimi düşünməyən
dostum ola bilməz” deyən bu macərapərəst
inqilabçı bolşeviklərin və onların mübarizə
metodunun heyranı idi. Deyilənə görə, Leninə olan
sevgisini oğluna Vladimir adı verməklə nümayiş
etdirib. Çox da ki, rəsmi bioqrafiyasında Vladimir adlı
oğlu yoxdu. Qəhrəmanların rəsmi olmayan
oğulları ola bilməzmi? Dünya onu yönəldənlərin
saxta bioqrafiyalarına azmı şahidlik edib?
Onun tez
bir zamanda milyonların sevimlisinə çevrilməsində
bioqrafiyası da az rol oynamayıb: Argentinada doğulub
imkanlı ailədə burjua tərbiyəsi görən,
mükəmməl təhsil alan, rahat həyatını
dünyanın müxtəlif yerlərində ağır
inqilabçı ömrünə dəyişən “ac və
yoxsullar dünyası”nın qəhrəmanı, əqidəsi
yolunda qurban gedən əfsanəvi şəxs, bütöv
bir qitə miqyasında düşünən
inqilabçı.
Romantik
ömrün sehrli 40-cı qapısında qalan – 39
yaşında öldürülən Komandante!
Hobbisi
“onun kimi düşünməyən”ləri dizi üstə
oturdub boynunun arxasından güllələmək olub. Kuba gəncliyi
bunu hələ sonralar biləcək. Biz isə artıq
kommunistlərin nə qədər başkəsəni kütlələrin
sevimli qəhrəmanına çevirdiklərinin şahidi
olmuşuq.
Diktaturalar
öz qəhrəmanlarını yaratmaqda bütün siyasi
rejimlərə dərs keçər. Anjey Vaydanın “Mərmər
adam” filmi (belə filmləri az deyil) sıradan bir bənnanın
necə əmək qəhrəmanına çevrilməsinə
parlaq nümunələrindəndi. Belə misallar minlərlədi.
Çenin
bütün dünyada məşhur rəmzi olan ağ-qara
şəklini irland rəssamı Cim Fiçpatrik çəkib.
Ədalət aşiqinin inqilab romantikasını
ideallaşdırmaq üçün ilk növbədə onun
şəklindən qəşəng obraz yaratmaq lazım idi. Əfsanələr,
nağıllar da bu obraza uyğun uydurulacaqdı.
Ernesto
Çe Gevara belə obraz üçün çox
ustalıqla düşünülmüşdü. Onun qəşəng
üz cizgiləri seyrək saqqalı fonunda çox cəlbediciydi,
dodağındakı siqar isə imicinə xüsusi çalar
qatırdı. Asta hərəkəti, sakit
danışığı, iti zəkası, dərin baxışları,
ucadan cingiltili gülüşü xarizmasını daha da
artırırdı. Onunla ünsiyyətdə olmuş
xanımlar, xüsusən də jurnalist qadınlar nə qədər
çalışsalar da, heyranlıqlarını gizlədə
bilmirdilər.
Azərbaycanda
da Çesevərlər az deyilmiş, hətta klubları da
varmış. Bir dəfə biriylə əməlli-başlı
mübahisəmiz düşdü. Elə ağızdolusu
danışırdı ki, guya Kubanın tropik meşələrində,
Konqoda, Boliviyada bir yerdə vuruşublarmış. Onu
inandırmaq istəyirdim ki, romantik inqilabçı kimi Ənvər
Paşa Çedən qat-qat doğmadı bizə, bəlli bir
ideyası olub. Turan yolunda Türkiyədən üzü bəri
yol keçib, Türküstan çöllərində əlində
silah vuruşub, elə orada da ölüb. Dediklərim beyninə
batmışdı, deyəsən.
Kubadan
bizim solçu yazarımız, qocaman Çesevərimiz
üçün üstündə fotosu olan bir neçə
suvenir almışdım. Başqa məsələlər kimi
Çe Gevaraya da münasibətində saxtalıq
duyduğumdan ona aldığım suvenirləri
başqalarına payladım...
Havana ətrafındakı
çimərliyə çatanda günortadan keçmişdi.
Günəş görünməsə də, hava istiydi.
Özümüzü qamış çətirin altına
verib yemək sifariş elədik, içki istədik. Yemək
gələnədək Atlantik okeanının sularına
baş vurduq.
Okean əzəmətini
dalğalarının böyüklüyü,
ağırlığı ilə göstərir. Su isti, səma
buludların min cür rəngində, sahildəki palmalar
kölgəsində sevişən cütlüklərin
keşiyində. Dalğaların hündürünü tutmaq
həvəsi ən şirin sevgiyə qovuşmaq istəyi
kimidi. Hər belə dalğanı qarşılayıb yola
salanda suda batıb çıxırsan və ətrafa
dünyaya bir də gəlmisən kimi təzədən
baxırsan.
Dörd
bir yan adamla doludu, “qol-qola kişilər, qadınlar keçir”,
kimi quma uzanır, kimi dairə qurub ça-ça-ça sədaları
altında nazlanır, kimi də suda öpüşür.
Suda
öpüşən cütlük elə bəxtəvər
idi ki, dünyadan xəbəri yoxuydu, elə bil Həvvayla Adəm
bir-birinə sarılıb, hələ cənnət
almasını görməyiblər.
Az sonra
qara-qara buludlar okeanın üstünü alanda, göydə
şimşək çaxıb oxuyanların səsini
batıranda, göy sel olub üzü aşağı axanda,
hamı qaçıb daldalanmağa yer axtaranda “Adəmlə Həvva”
qaçmadı, sevişməyə davam etdilər. Onlar
yağış damlaları arxasında tül dalındakı
kimi görünürdülər.
Okeanda
onlardan başqası yox idi, yalnız uzaqda tək-tük
qaraltı görünürdü. Bu mənzərəyə
sahil boyu daldalanacaqlara yığılanlar sevgi kinosuna baxan kimi
baxırdılar.
Dəqiqələr
keçir, dalğaların sayı və boyu artırdı.
Şimşək göyün kardioqramını cızırdı.
Okeanla göy bir-birinə qarışmışdı – bu
qarışığın tükürpərdici səsi
vardı. Sevgililər isə bir-birindən ayrılmır,
talelərinə yazılmış andan bərk-bərk
yapışıb buraxmaq istəmirdilər.
Adamlar
narahat halda onlara baxırdılar, təlaşlananlar da
vardı. Yaşı altmışı ötmüş bir
fransız qadın çətirin altından
çıxıb yağışın ağır, ilıq
damlaları başına döyəcləyə-döyəcləyə
okeanın qırağınacan gəldi, üzü sevişənlərə
sarı durub əl çalmağa başladı. Fransız
romantikası leysan altında da dipdiridi – hərəkətindən
xoşum gəldiyindən qaçıb yanında durdum. Mən
də alqışlamağa başladım! Əvvəl
Aleksandr, sonra Sergey də bizə qoşuldular. Daha sonra adamlar
bir-bir, beş-beş, on-on gəlib yanımızda
sıralandılar. Dünyanın yüz yerindən gəlmiş
bu turistlər bəlkə də ömürlərinin ən
maraqlı canlı filminə baxırdılar. Dondurma, meyvə
satan yerli uşaqlar qışqırışırdılar.
Bizi ilk
görən “Adəm” oldu. Qolunu boyunbağı kimi “Həvva”nın
boynundan açdı. Bizi sevgilisinə göstərdi,
çevrilib bir sahil dolusu adamın onları
alqışlamasına baxdılar. Əvvəl utanan təhər
oldular, sonra bizə əl edib, sahilə doğru üzdülər...
Axşam
saatlarında çimərlikdən çıxanda hava
açılmışdı, qara-qara buludlar qeyb olmuşdu,
günəş elə olacağı yerdəymiş, sanki məni
təbrik etmədən getmək istəmirmiş.
Maşını
təhvil verib taksiyə oturduq. Sergey “Melia Havana” hotelinə gedəcəyimizi
deyəndə çevrilib üzünə baxdım. Ora
bahalı yer idi. “Bu axşam qonaqlığı mən verirəm”
dedi.
“Melia
Havana” şəhərin ən tanınmış hotellərindəndi,
onun restoranında hər axşam maraqlı konsert olur. Bu
gün də belə axşamlardan biriydi. Dostlarla
yeyib-içir, əylənirdik. Aleksandrın kefi əməlli-başlı
açılmışdı. Bəlkə də kefinin
köklüyündən idi ki, 40 yaşıma maraqlı bir hədiyyə
eləmək istədi. Bizdən ayrılıb
qayıtmağı beş-on dəqiqə çəkərdi.
Tək gəlməmişdi. Yanında bir Havana gözəlçəsi
vardı.
“Hədiyyə”sini
qəbul edə bilməzdim. Sergey də narahat olmuşdu.
Qızın baxışları, təbəssümü, şəhvanə
davranışı da bizi sehrləməyə yetmədi, bundan
da güclü bir hiss bizi sərbəst olmağa qoymurdu...
Onu
inandırdıq ki, qızı gətirdiyi kimi geri aparmaq
lazımdı. Səhəri gün bizimlə belə tez
razılaşmasına özü də məəttəl
qalacaqdı. Gözəlçəni əvvəlki stola
ötürüb qayıdan Aleksandr cibindən qara mərcan
boyunbağı çıxarıb “Vəfalı ər,
xanımına bağışlayarsan” dedi.
Dünən
kimin üçünsə aldığı
boyunbağını mənə verməsi ürəyimcə
deyildi, ciddi təkid elədi, “ikinci hədiyyə”dən də
imtina düz çıxmırdı, götürəsi oldum.
Sergey isə ilan dərisindən bir toqqa
bağışladı: “40 yaşda adam ilan kimi dərisini dəyişir.
Taxmasan, asarsan divardan”.
O gecənin
bütün sağlıqları üzü mənə
sarı idi. Biri 40 yaşın romantikasından
danışır, o biri müdrikliyindən. Mənsə
bunların heç birini kəsdirə bilmirdim – restoranın
qulaq batıran musiqisində lal sükut və yüzlərlə
gülər göz içində yad baxış vardı.
Gecəyarısı restorandan çıxanda kürəyimdə birinin nəzərlərini mənfi enerji kimi duydum. Çevriləndə arıq bir kişinin qorxunc gözlərini gözüm aldı. Hardasa görmüşdüm, amma xatırlaya bilmirdim.
Taksiyə minəndə xəyalımda onun buz kimi soyuq çöhrəsi bir də canlandı. Tanıdım! Onu bir gündə üç müxtəlif yerdə görmüşdüm: Santa-Klarada bir dissidentin evindən çıxanda, çimərlikdə, bir də indi. Sergey də görübmüş: “Bizi güdürlər!!!”
Ömrümün 40-cı ilinin ilk gününü dostlar beləcə bayrama çevirdilər. 40-cı ilin ilk gecəsini isə ana əlinin yırğaladığı beşik kimi yupyumşaq yatağa uzandım, daha “kimya” qoxumayan yatağa. Dünyanın ən güvənli yatağında ta məni kiminsə güdməsi qorxutmurdu. Kürəyə dikilən yad baxışların deşici enerjisi də təsir etməzdi mənə.
...Gecənin bir aləmində yuxudan tər içində ayıldım: “Bizi güdürlər???”
Vahid QAZİ
525-ci qəzet.- 2011.- 9 iyul.- S.19.