DÖRDÜ DƏ SAĞ

 

Hər kitabın öz taleyi, öz hədəfi var.

XIII yüzildə dahi Azərbaycan alimi və ədibi Nəsrəddin Tusi ədəbli, ləyaqətli, tədbirli yaşama elmi haqqında yazdığı kitaba “Əxlaq-i Nasiri” adını vermişdi və həmin kitabı oğulları üçün yazmışdı. Yazmışdı ki, oxusunlar, mənimsəsinlər, keçilmiş bu həyat təcrübələrindən yararlanıb yaşayışlarını daha mükəmməl qursunlar, ömrün müşkül suallarına baş sındırmağa əlavə vaxt itirməsinlər.

Ondan bir əsr əvvəlsə başqa atanın başqa övlada öyüd olaraq yazdığı ayrı bir kitab da vardı – Qabus ibn Vəşmgirin “Qabusnamə”si.

XV yüzildə Azərbaycan ədibi Vəhid Təbrizi də oğluna şeir sənətini öyrətmək qərarına gələndə onunçün “Cəm-i müxtəsər” adlı ayrıca kitab yazdı.

Abbasqulu ağa Bakıxanov da “Nəsihətnamə”sini bilavasitə balaları üçün tərtib etmişdi.

Amma ötən vaxt bu kitabları bütün balalarınkı etdi.

Millət fədailəri Firidun bəy Köçərli “Balalara hədiyyə” adlı kitab yaratmışdı, Mirzə Cəlil “Anamın kitabı”nı qələmə almışdı.

Biri ana, biri bala adını tutaraq yaradılmış o kitabları da zaman hamınınkı – millətinki etdi.

Hamınınkı olmaq xoşbəxtliyi alnına yazılmış, içərisindəkiləri indiyəcən də oxumuş olduğunuz, bundan sonra da dönə-dönə oxuyacağınız qarşınızdakı kitabın adını “Anamın kitabı” da qoymaq olar, “Atamın kitabı” da, “Övladlar kitabı” da. Hər biri doğru olar, amma bu kitabın üz qapağında hansı adın yazılmasından asılı olmayaraq, fəlsəfəsini nişan verən ən dəqiq sərlövhə “Millətin kitabı”dır.

Azərbaycan ədəbiyyatının dəyərli inciləri sayılmalı və Millətin narahat ruhunun sərrast ifadəsi olan bu əsərlərdə dörd qələmin izi var.

Amma bu əsərlərin toplandığı, masaüstü yox, yataqyanı kitabın, yalnız vaxtı doldurmaq, əhvalı durultmaqçün deyil, hər axşam yatmamışdan qabaq bir qədər də oxuyaraq sabah daha yaxşı vətəndaş olmaq barədə düşünməkçün yaranmış kitabın üzərində bircə imza da qoymaq olar.

Bu kitab dörd böyük azərbaycanlının səsidir.

Mirzə Cəlilin, Sabirin, Rəsul Rzanın, Anarın.

Amma onu iki nəfər yazıb – ata və oğul, Rəsul Rza və Anar.

Bu kitabdakı yazıların hamısı Sabir və Mirzə Cəlil ömür möhlətlərini yaşayıb gedəndən sonra qələmə alınsa da, cildə tək müəllif olaraq Sabirin də adını yazmaq olardı, tək müəllif olaraq Mirzə Cəlilin də adını yazmaq olardı, tək müəllif olaraq Rəsul Rzanın da adını yazmaq olardı, tək müəllif olaraq Anarın da adını yazmaq olardı.

Sabir sonra “Hophopnamə”yə çevriləcək solmaz şeirlərini yazanda hələ Rəsul Rza dünyada yox idi.

Azərbaycanı və bütün Şərqi titrədən “Molla Nəsrəddin” dərgisi ali tarixi vəzifəsini yerinə yetirərək nəşrini başa vuranda hələ Anar doğulmamışdı.

Ancaq Rəsul Rzanın, Anarın yazdığı hər əsərin təkində, mayasında, cövhərində Sabir də, Mirzə Cəlil də olan kimi, o babaların da yazdıqlarında dünyaya gəlib onların nəfəsini davam etdirəcək Rəsul Rza da, Anar da varmış.

Nə qədər ki sözləri və səsləri arzuladıqları kimi hər həmvətənə çatmayıb, nə qədər ki vətən və millət üçün umduqlarının hamısı doğrulmayıb, bu kitabda qələmi və nəfəsi olan dörd nəfərin səsinə səs verən, onların vicdan nəbzinin döyüntülərini sönməyə qoymayan ən azı bir Sabir, ən azı bir Mirzə Cəlil, ən azı bir Rəsul Rza, ən azı bir Anar yenə yetişəcək.

Mütləq yetişəcək!

Çünki bu, millətin böyük ruhunun hökmüdür.

Ona görə mütləq yetişəcək ki, bu yenidənqayıtma əvvəllər də dönə-dönə baş verib.

Rəsul Rza artıq başqa zamanda eynən Sabir kimi düşünərək tam yeni bir vaxtın ağrılarına qovrula-qovrula sözünü “Sabir sağ olsaydı” kəlmələriylə başlayıbsa, başqa daha gələcək bir zamanda eyni təəssübkeşliklə bir yeni istedadımız da ürəklərdən tikan çıxaran düşüncə silsilələrini “Rəsul Rza sağ olsaydı” misrası ilə başlayacaq.

Amma bu “sağ olsaydı” ifadəsi həm də elə müəyyən mənada sələfi düşünən xələfin inamı, ərki, canıyanan övlad qeyrətidir: “Sağ olsaydı, elə bu cür deyərdi. Mən bu cür deyirəmsə, demək, o sağdır – onlar sağdır!”

Sabir də, Mirzə Cəlil də kəşməkeşli həyatlarına, yaşamları boyu rast düşdükləri yüz cür rəzalətə baxmayaraq, məsud insanlarmış.

Özləri həyatda olmasalar da, əsərləri yaşayır, onları yaşadır, onlara rəhmət və “sağ ol”lar dedizdirir.

Onların yaradıcı olaraq ən böyük dərdləri və faciələri də elə həmin xoşbəxtliklərində – əsərlərinin bu gün də elə dünənki kimi müasir, günəuyğun səslənməsindədir.

Axı onlar fədakarcasına çalışmış, yazıb-pozmuşdular ki, millətin yolu hamarlansın, mərəzləri tükənsin, yaraları qaysaq bağlasın.

Köhnə nisgillər təzədən pöhrələnməsə, vaxtilə ürək qanıyla yazılmışlar bunca çağdaş səslənərdimi?!

Düz sözü, haqq sözü deməkçün kimin dövrü daha mürəkkəb idi? Sabirlə Mirzə Cəlilgilinki, ya Rəsul Rzanınkı, yaxud Anarınkı?

Haqqın yolu həmişə daşlı olub.

Sabirin, Mirzə Cəlilin, Rəsul Rzanın da, daha dəyişik əyyamlarda yaşamaq taleyinə düşmüş Anarın da dövrlərində senzura olub və senzura elə mərəzdir ki, o, heç vaxt bitmir, hətta ləğv olunandan sonra da yaşayır. Və indi – XXI əsrin hündürlüyündən seyr edəndə görürük ki, Mirzə Cəlilgilin qarşılaşdığı senzura Rəsul Rzanın, Anarın müasiri olduğu və adlamaq məcburiyyətini yaşadığı senzura ilə müqayisədə toyagetməliymiş.

Qazdan ayıq söz güdücüləri vardı ki, hər kəlmənin ardında Sovet hökumətini yıxmaq, ideoloji düşmənçilik cəhdlərini iyləyirdilər və onların irad tutduqları yazılardakı niyyətlər təsəvvür etdikləri qədər kəskin olmasa da, gümanları tam yanlış da deyildi. Di gəl, onlar özləri də azərbaycanlılar idilər və burunladıqları yazarlar da yalnız özlərini, öz qohum-əqrəbasını, dost-tanışını yox, həm də löyün-löyün söz və fikir pusquçusu, bizdən Moskvaya donoslar yollayan vicdan və məslək satqını olanları da nəticə etibarilə daha ağ günlərdə yaşatmaqçün əlləşirdilər.

Sovet dövrünün aşırımlarını keçən hər kəsin xəbəri var ki, millətəxeyir bircə cəsarətli ifadəni də yazıda qoruyub saxlamağa nail olmaq, tirajlanan məhsul səhifəsinə və efirə çıxara bilmək nə qədər əziyyətli iş idi.

Rəsul Rzanın milli qeyrətlə çırpınan, çap olunandan sonra hər dəfə azad sözün də, bütövlükdə azad düşüncənin də miqyasını genişləndirən hər şeirinin, hər misrasının arxasında hansı höcətləşmələrin, hansı dartışmaların, hansı əsəb sarsıntılarının dayandığını heç vaxt unutmayın.

Sərgüzəştli talelərini araşdıranda milləti daha sağlam etməkçün ömür sərf etmiş Mirzə Cəlilin, Sabirin, Rəsul Rzanın, Anarın və onlar qəbilindən olan hər Millət Müalicinin öz səhhətlərinin neçə-neçə zədəyə məruz qaldığına şahid kəsilirsən.

Nə əcaib qanunauyğunluqdur ki, millət yaralarını sağaltmaqçün adətən istedad və qələm bəs etməyib, öz şirin canından bir parça sağlamlıq qoparıb verməyin də tələb olunub.

 

lll

 

1958-ci ildir və ilk hekayələrindən birində hələ lap sütül Anar belə bir səhnəni təsvir edir: o zamanlar efirə çox da səxavətlə verilməyən, həmin səbəbdən də hamının bazar günü saat 2-də radioya yaxın oturub səbirsizliklə gözlədiyi, çox vaxt ailəliklə dinlənilən muğamat konserti gedir.

Konsert bitir və diktor elan edir: “Xosume Baku”.

Yəni ermənicə ənənəvi xəbərlər proqramı başlanır və qonaq ev yiyəsinə: “Hə, indi söndürə bilərsən”, – deyir.

Elə bilirsiniz o vaxt bu, sanki adi görünən sözləri yazmaq asan idi?

Sənə ermənilərin əleyhinə işləyən, millətçi damğası vuracaqdılar.

Həm də ermənilərdən əvvəl fəallar yığıncaqlarında, partiya, komsomol iclaslarında öz cəncəl azərbaycanlılarımız!

Və onillər sonra torpaqlarımızın işğalı, yüz minlərlə insanımızın faciəsi ilə nəticələnəcək tarixləri, erməni idbarlığının vəd etdiyi ələmləri qan yaddaşının diktəsiylə elə o çağdan duyduğundan Anar “söndür” deyirdi.

O qədər deyə bilirdi, onu deyirdi.

Hamı susanda deyirdi.

Tək-tək danışanların susdurulduğu vaxt deyirdi.

Mirzə Cəlil “Kamança”sını yazıb “Axı bizdən nə istəyirsiniz, ay erməni?!” deyirdi, Rəsul Rza “Vətəndən pay olmaz” deyirdi.

Ağzı isti yerə çıxandan sonra yekə-yekə çox sözlər danışmaq olar və danışırlar da, üstəlik, keçmiş tarixləri indi redaktə edib özlərinin, sən demə, hamıdan xəbərsiz keçmişdə milli igid olmalarını kəşf edib bunu çörəyi qulağına yeməyənlərə sırımaq istəyənlər də pırtlayıb ortaya çıxır.

Amma tarix həm də ona görə tarixdir ki, onu dəyişmək olmur.

Həndir-hamar tarix içərisində vətənə və millətə bütün siyasi iqlimlərdə etibarla və mərdanəliklə, həm də parlaq istedadla xidmət etmiş Anar kimi şəxsiyyətlərin əsl qiymətini bilənlər bilir, geci-tezi var – qanmayanlar, dananlar, görmək istəməyənlər də mütləq biləcək, görməyə və etiraf etməyə vadar qalacaqlar.

Hələ qabaqda tarixin ittiham, qınaq məhkəməsi də var.

Bu, xam xəyaldır ki, qiymətli vətən balalarını vərəmlədənlər, çərlədənlər, şəkərlə zəhərləyənlər ölüb canlarını qurtaracaqlar. Tarix onları hərdən xortladacaq! Onsuz da daim diri olan böyük əməl sahiblərinin hüzuruna gətirəcək, başlarından qaxıncı, üzlərindən toxuncu əskik etməyəcək.

Burası da var ki, böyüklərin böyüklüyünü anlamaq üçün gərək onları oxuyasan.

Rəsul Rzanın və Anarın yazılarının oxunmasının yaxşı vaxtlarısa hələ bundan belə başlanacaq.

Rəsul Rzanın, Anarın bu məlhəm və məhrəm yazıları yalnız güclü, yaşarı ədəbiyyat deyil, həm də göynəkli ortaq tariximizdir, sürülmüş ömrümüzün (bu kəlmənin həm “yaşanmış”, həm “əsir-yesir edilmiş”, həm “şumlanmış” mənasında) salnaməsi, Vaxt qismətimizin aynasıdır.

 

lll

 

1873-cü ilin iyununda maarif əkinçisi Həsən bəy Zərdabi bu məktubu məslək cəfakeşi Mirzə Fətəliyə yazırdı: “Elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə, ya pyeslə düzələsi şeydir. Xeyr, burada görüləsi iş çoxdur! Bu yolda külüng vura biləcək onlarla adamın həyatı və əməyi də bu iş üçün azdır. Bəlkə, sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə belə ümidimiz olmadan, bu barədə zəhmət çəkəsiniz? Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir; xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən adamı belə bir fikir yoldan qoymamalıdır.

O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”.

Millət yolunda çox zəhmətlər çəkərək olmazın kötəklər dadmış, istəkli Vətənin danqaz balaları tərəfindən qiymətləndirilmək bir yana, əksinə, danılmış, təqib, təhdid, təhqir edilmiş Həsən bəy bu məktubu Mirzə Fətəliyə göndərsə də, əslində, həmin sözləri elə özünə də deyirdi.

Gen ölçüdə Həsən bəy bu məktubu Sabirə də, Mirzə Cəlilə də, üzlərini görmədiyi, adlarını bilmədiyi, amma gələcəklərinə (və eyni yükü çəkəcəklərinə) əmin olduğu Rəsul Rzaya, Anara da yazırdı.

Dos-doğma qardaşlar üzdən bir-birinə bənzədiyi kimi, bu dörd qələm qardaşı da mahiyyətləriylə, bir para sabit keyfiyyətləriylə qoşa-qoşa almalar kimi oxşar idilər.

Bütövlükdə sənətdə, illah da ədəbiyyatda bütün zamanlarda ən qəliz işlərdən biri gəlişinlə təzə hava, tər nəfəs gətirə bilmək olub. O qədər çətin ki, bunu təxminən devrimçilik sayıblar.

Mirzə Cəlilədək bu təhər yazmamışdılar.

Sabirə qədər bu tərzdə yazmamışdılar.

Rəsul Rzaya və Anara qədər də onlar kimi yazmamışdılar.

Hətta eyni mətləbləri, eyni ədəbi şəkillərdə belə o sayaq deyil, qəlibləşmiş, ənənəviləşmiş, müəyyən qədər yıpranmış, artıq nimdaşlaşmış yöndəmdə (ya yöndəmsizlikdə) ifadə etmişdilər.

1979-cu ilin dekabrında qarşıdan gələn yeni il münasibətilə efirə getməli olan iki saat yarımlıq verilişi hazırlamaq mənə tapşırılmışdı. Həmin verilişin belə bir parçası da nəzərdə tutulurdu ki, radionun ayrı-ayrı populyar proqramları öz üslublarındakı təbrikləriylə qonaq gəlirlər. Bu verilişlərdən biri isə elə daimi müəllifi və aparıcısı olduğum, Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi, Şövkət Ələkbərovanın məlahətlə oxuduğu “Axşam görüşləri” mahnısı ilə başlanan eyniadlı həftəlik proqram idi. Ayrı-ayrılıqda Tofiq müəllimlə, Şövkət xanımla müsahibə yazmışdım və eyni sualı Rəsul müəllimə də verdim: “Sözlərinizə müxtəlif bəstəkarların qoşduğu çoxlu mahnılar var. Lakin “Axşam görüşləri” yeganə nəğmənizdir ki, yarandığı gündən yalnız bazar günləri, məlum verilişin başlığı kimi səslənir. Ancaq bitən ilin son axşamı bazar gününə təsadüf etmir, Azərbaycan efirindəsə bu nəğmə ilk dəfə başqa gündə səslənəcək. Köhnə illərdən gələn ənənə pozulur, buna necə baxırsınız?”

Dərhal cavab verdi ki, ənənənin pozulması yaxşı şeydir. Əgər təzə nəsə gətirirsə...”

Onlar kökə, ənənəyə, milli irsə min bir tellə bağlı və bu mirasa sadiq insanlardır. Lakin onların dördü də millət qurucuları olduqlarından yıxmağı da bacarmalıydılar.

Yaratdıqları yeni üçün milli düşüncədə ərazi təmizləməliydilər.

Füzuli şeirləri, Füzuli deyişləri kim söyləməz ki, gözəldir?! Amma “Füzuli tilsimi” (Cəfər Cabbarlı) yüzillərlə uzananda hətta könüllü tabe olduğumuz bu sehri də sındırmaqçün Mirzə Fətəli kimi oğulun gəlişinə ehtiyac duyuldu.

Mirzə Cəlilin, Sabirin, Rəsul Rzanın, Anarın müstəsnalıqları ondadır ki, imtina etdikləri alababat köhnələrin əvəzində yeni axınlar, təzə yollar xəlq edə bildilər.

Onlar yeni nəsim kimi gələrək boğanağı dağıtdılar, havanı təzələdilər (zəmanə qoynunda yeni nəsim olmağın isə Nəsimilik tərəfi həmişə var).

Əvvəlki pəncərələr mühitin havasını dəyişməyə yetərli gəlmirdi.

Onların açdığı pəncərələr daha geniş idi və təzə-tər nəfəsin təravətini onlar gəlincə hər kəs duydu.

Və o təzəlik hələ də köhnəlməyib.

Dördünün də nəfəsi indiyəcən köhnədənqalma kəsiflikləri dağıtmaqdadır.

Onları YOLdaş, mübarizədaş edən bir məziyyət də var – cızıq.

Onlar söz deməyin, ürək boşaltmanın irəlicədən müəyyənləşdirilmiş dördbucağına, nə təhər düşünməyi diktə edən rejimlərin cızdığı dairəyə qısılanlardan olmadılar, “gözləri görüb ağılları kəsdiyi, göydə Günəşi dana bilmədikləri” (Sabir) üçün elə hey cızıqdan kənara çıxmağa can atdılar, hər cəhdləriylə də azad düşüncənin sərhədini genişləndirdilər, bu sığmazlıqları ilə başqalarının da azı bu qədər sərbəst ola bilmələri üçün girəvə yaratdılar, qoymadılar ki, Azərbaycan insanının damağından müstəqil, asudə, boyunduruqsuz olmanın dadı biryolluq getsin.

Növbəti kərə Mirzə Cəlili oxuyun, bir də Sabiri mütaliə edin, Rəsul Rzanın, Anarın onlarla həmin ladda, həmin kökdə, həmin qırımdakı səsləşmələrinə dalın, qəfilcə siz də darısqallıqları daha həssaslıqla sezməyə başlayacaqsınız.

Onların cızıqdan çıxmaları dəliqanlılıqdan irəli gəlmirdi, gözlərini qan örtdüyü üçün deyildi.

İcazəli düşüncə və deyiş hədəqəsindən, bu ağır qravitasiyanın adamı yerə, aşağı dartan basqısından qurtulmaq səmtindəki hər yeni addım bu dörd nəfərin dördü üçün də həmişə yeni başağrısı demək olub.

Gələcək bəlaları qabaqcadan bilə-bilə, məşəqqət daşlarının qol-qanadlarını sındıracağına məhəl qoymadan irəliləyiblər, “banlamağın hasilini anlayandan” sonra da qorxmayıblar, çəkinməyiblər, bezməyiblər, sınmayıblar.

Çünki özlərindən çox özlərindən sonrakıları düşünüblər.

“Düşünüblər” burada şərti deyişdir. Çünki mən hələ sonacan heç özüm də bilmirəm belə cəfakeşliklər, bunca mübarizliklər və dikbaşlıqlar ölçülü-biçili düşüncədən gəlir, yoxsa yuxarıdan həvalə olunmuş vəzifədir.

Sözüm çəpinə yozulmasın: yuxarıdan – iqtidarlardan deyil, bütün iqtidarlardan ucadakı İqtidardan!

Anardan “Molla Nəsrəddin–66”yla Rəsul müəllim ilk dəfə tanış olanda nə dedi?”, – soruşmuşdum.

“Əlyazmanı oxuyurdum, atam, anam, Ənvər dinləyirdilər. Anam qulaq asdıqca arada gülürdü. Atamla Ənvərsə əvvəldən-axıradək bir yerdə də gülmədilər”.

Anarın həmin əsəriylə tanış olanlar bilir ki, səhifə-səhifə adladıqca gülməmək mümkün deyil.

Yenə oxuyacaqsınız, yenə güləcəksiniz.

Amma gördüklərini görmüş, başı daşdan-daşa dəymiş Rəsul Rzayla Ənvər Məmmədxanlını gülməyə qoymayan nigarançılıq idi.

Ürkək cəsarətlə ayağını cızıqdan yüngülvari qırağa çıxarıb tez geri çəkənlərdən fərqli olaraq, Anar yasaq çəpərləri uçurur, azad, iti, sərrast satirası ilə senzuranın “olar” xəttindən uzaqlara sıçrayırdı.

Siyasət girdab və burulğanlarının hər çeşid məkrlərinə aşina olan Rəsul Rzayla Ənvər Məmmədxanlını nigaran təşvişə salan “qırmızı işıq”da irəli şığıyan gənc yazarı gözləyən mümkün sancmalar, gözümçıxdıyasalmalar, açıq və gizli təqiblərin qaçılmazlığı xofuydu.

 

lll

 

Azərbaycan yazıçıları ən müxtəlif dövrlərdə nağıllar yazıblar. Ancaq onların nağıl adı qoyduqları yazıların bircəsi belə “Cırtdan”, “Məlikməmməd”, “Ağ atlı oğlan” siqlətini qazanmayıb. Uzaqbaşı bir uçumluq, bir oxumluq başqa saysız nağılvari yazılar kimi ümumi ədəbi axarda qərq olub.

Lakin xoş istisnalar var – Süleyman Saninin “Qorxulu nağıllar”ı, Anarın “Yaxşı padşahın nağılı”.

Anar bu əsəri totalitarizmin ən qatı əyyamlarında yazıb və nəşr etdirib.

Adətən, cəsur mətbu sözün üzəçıxma imkanlarının qat-qat geniş olduğu Moskvada belə 1970-ci illərdə Anara həmin əsəri dərin yerə qoymağı tövsiyə etmişdilər.

Bakıdasa “Nağıl” işıq üzü gördü.

Əsər haqda eşidən və belə məzmunda bir yazının çap edilməsini mümkünsüz sayan və yəqin ki, əlyazma şəklində camaat arasında dolaşdığını zənn edən bir KQB məmuru Anara mənalı işarə ilə: “Onu ver biz də oxuyaq”, – deyir. Anarsa eyhamlı müraciətə müsahibini şaşırdan “sadəlövh” istehza ilə cavab verir: “Məgər sizin idarənin kitabxanası yoxdur? O yazı “Ulduz” jurnalında dərc edilib ki!”

Mirzə Cəlillə Sabir zühur edib sovet totalitarizminin həmin boz üzlü, iradə azadlığının dar dalana sıxışdırıldığı fərəhsiz, ruh əzən günlərinin sakinlərinə və şahidlərinə çevrilsəydilər, elə nəvələri və əqidə qardaşları Anar kimi düşünərdilər.

Amma düşündüklərini bir bədii əsərə döndərmək gərəksəydi, onu bu cür – Anar biçimində, Anar məharətində edə bilməzdilər.

Çünki Anar onların balası olmaqla yanaşı, Zamanın, yeni dövrün yavrusu idi, bu səbəbdən də onlardan azı bir addım irəlidə idi.

Anarın üstün dəyəri və mahiyyəti, hər kəsin seyr etdiyi, lakin dilə, yazıya gətirməyə cürət etmədiyi həqiqətlərin ustaca ifadəsi baxımından seçilən bir başqa əsəri də var.

Mirzə Cəlil, Sabir, Rəsul Rza təfəkkürü və duyğu dünyası ilə birbaşa bağlılığı sarıdan bu topluda olmalı (və təəssüf ki, olmayan) “Səhra yuxuları”.

Ümumən, həmin əsər bir az bəxtsizdir. Bakıda, 1981-ci ilin 28 fevralında Akademik Dram Teatrında tamaşaya qoyuldu, nəsə alınmadı (premyeradan çıxmışdıq, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayev, bir də mən teatrın pillələriylə kirimişcə enirdik. Rəsmi ideolojiyə çox baxımdan əks düşünən bu üç qənimət ziyalı Anarın pyesdəki mətnaltı neştərlərinə valeh olmuşdular, amma aşkar hiss edilirdi ki, tamaşanı yerli-dibli bəyənməyiblər. Handan-hana Xudu müəllim dilləndi: “Axı bizim bu qədər güclü poeziyamız, prozamız, dramaturgiyamız, musiqimiz, irsi zövqümüz olduğu halda niyə teatrımız belə miskindir?!).

“Səhra yuxuları”nın Bakı quruluşu və ifası baxanları yarıtmadı, məzmunu fikir nəzarətçilərini.

Moskvada, 1985-ci ilin sentyabrında Anar dəvətnamə vermişdi və “Malı teatr”da həmin pyesə Moldoviya Akademik Musiqili Dram Teatrının ifasında tamaşa etdim.

Daha yaxşı səhnə həlli, daha uğurlu təqdimat idi və bir il sonra SSRİ Mərkəzi Televiziyası həmin tamaşanın tam videoyazısını da nümayiş etdirdi.

Mövcud quruluşun və ideologiyanın çürük təməllərinə balta çalan, totalitarizmin eybəcərliklərini bütün bədheybət çılpaqlığı ilə ifşa edən misilsiz əsər.

1930-cu illər olsaydı, belə müəllifi təxirə salmadan güllələnməyə məhkum edərdilər.  

Həmin 1986-cı ilin 4 noyabrında, tamaşanın lent yazısı televiziya ilə göstəriləndən sonra “Səhra yuxuları”nın moldav yozumu haqda Bakıda “Kommunist” qəzetində “Mürgülü səhra da oyanır” adlı məqaləm çap edildi və pyesdə üstüörtülü verilmiş müəyyən mətləbləri də orada bir az da qabardaraq açıqlamışdım.

İnamla təsdiqləyirəm – bu, “Kommunist” qəzetində sovet dövründə dərc edilən ilk antisovet yazı idi (Anar “Molla Nəsrəddin–66”nın, “Yaxşı padşahın nağılı”nın “Ulduz” jurnalında çapına imkan yaratmış Cabir Novruzu həmişə necə ehtiramla xatırlayırsa, mən də o vaxtlar “Kommunist”in redaktor müavini işləyən, Anara və mənə bəslədiyi dərin rəğbətlərinə görə riskə gedərək həmin resenziyanı təqdim edilincə ləngitmədən qəzetin ertəsigünkü nömrəsinə qoyduğu üçün mərhum jurnalist Rəfail Nağıyevə eləcə minnətdaram).   

Əslində, bu risklərdən çəkinməməklik, azad sözün ağzını tıxamamaq vərdişlərini də müasirlərinə və sonra gələnlərə Mirzə Cəlil aşılamışdı, Sabir aşılamışdı, Rəsul Rza aşılamışdı, Anar aşılamışdı – cəsarət qapısını açaraq yurddaşlarına “siz də buyurun” təklifini edən onların yazıb-yaratdıqları idi.

    

lll

 

Bu dörd böyük yaradıcının ayrı bir müştərək cəhəti də onların hər birinin məktəb yaratmasıdır.

Məktəb bəzən qəsd qoymadan, təbii axarla yaranır.

Sənətkar elə yol açır ki, bu, başqalarından ötrü məktəbə, örnəyə, məhək daşına çevrilir – Nizaminin vəfatından xeyli sonra yaranıb əsrlərcə yaşayan məktəbi kimi.

Məktəb də var ki, ayrı-ayrı qüdrətli zəka və ilham sahibləri onu özləri bütün yönləri və ayrıntıları ilə düşünərək, silahdaşlar, ardıcıllar qazanmaq, parlaq amalları gerçəkləşdirmək üçün yaradırlar.

Mirzə Cəlil “Molla Nəsrəddin”i doğurdu və qısa zamanda “Molla Nəsrəddin” sadəcə bir mizah məcmuəsi olmaq səviyyəsini aşaraq ətrafına məsləkdaşlar ordusunu cəmləyən əzəmətli məktəbə çevrildi.

Elə Sabir özü də həmin məktəbin müdavimi idi.

“Molla Nəsrəddin” olmasaydı, Sabir, bəlkə də, xanəndələr sevimlisi bir qəzəlxan, yazdıqları ruhani məclisləri bəzəyən məşhur mərsiyəçi, növhəçi olardı. Necə ki son dərəcə təsirli, yandırıcı qəzəliyyatı və mərsiyələri, sinəzənləri də qalıb. Amma məhz “Molla Nəsrəddin” məktəbi onun daxilindəki ilham lavasını bunca oxşarsız satira vulkanı kimi püskürtdü, Mirzə Ələkbər həmin məktəbin təsiri ilə sabun alveriylə dolanan xırda baqqal və babat qəzəlxan olmaq adiliyindən qurtularaq cəmiyyətin his-pasını, yurdun varlığını yuyub təmizləyən cod sözlü Millət Sabunçusuna döndü.

Mirzə Ələkbər ikinci Füzuli, ikinci Seyid Əzim deyil, Tək Sabir oldu.

Sabirin sağlığında dərc olunan şeirləri elə isti-isti ülgüyə, nümunəyə, qəlibə çevrildi, onun kimi yazmağa başladılar, özündən sonra “Hophopnamə”si canlı bir məktəb kimi onillərcə dərs verməyə başladı.

Möcüzdən üzü bu yana o məktəbin nə qədər fərasətli yetirmələri yaranıbdır!

Rəsul Rza da özünü Sabir məktəbinin pərvərdəsi sandı.

Anar da özünü Mirzə Cəlilin şagirdi hesab etdi.  

Lakin Rəsul Rza da yaza-yaza məktəbə döndü.

Bunu özü də dərk etdiyindən ovqatca, təpərcə qələminə, təfəkkürünə, ruhuna simsar saydıqlarını qanadı altına almağa başladı, 1960-1970-ci illər gəncliyinin iri bir dəstəsinin himayədarı və müəlliminə çevrildi. Onların əksəri XX yüzilin sonlarında sanballı sənətkarlar kimi təsdiqləndi və hər biri özünü Rəsul Rza məktəbinin yetirməsi saydı.

Lakin Rəsul Rza özgə bir məktəb də yaratdı.

Rəsul Rzanın, yaxud Sabirin, ya Mirzə Cəlilin məktəbinin yetirməsi olmaq yalnız o demək deyil ki, nəzm-nəsr yazasan.

Mirzəcəlillik, Sabirlik, Rəsulrzalıq, Anarlıq milli özünütəsdiq və özünüifadənin tərzidir, azərbaycançılığın bəlli adı və xüsusiyyətləri olan müstəqil yollarıdır.

Rəsul Rzanın memarı olduğu digər mühüm məktəb Azərbaycan Ensiklopediyası idi.

Bu, bir millətçilik, vətənçilik laboratoriyası idi.

İndi vaxt sovuşandan, qatmaqarışıq illərin tozanağı toxtayandan sonra olub-keçənləri təhlil edərkən anlayırsan ki, Rəsul Rza Ensiklopediyaya özünün ən mühüm şeiri, ən vacib sözü kimi yanaşırmış.

Məqsədi millət üçün yaxşı Dərslik yaratmaqmış və həmin nədənlə də çevrəsinə öz yanında xaric səslənməyənləri toplayırmış.

Sadəcə onlarla eyni idarədə işləmirmiş, onlara müdirlik etmirmiş, ilk növbədə hər birinə dərs verməyə, onların hər nəfərini tədricən daha artıq dərəcədə öz məktəbininki, öz qayəsininki etməyə çalışırmış.

Azərbaycan kitabçılığı tarixində qalmaq haqqı qazanan o kitabı – Rəsul Rzanın “Azərbaycan Ensiklopediyası” adam arasına çıxmağa qoymadılar.

Nəşr edilməyinə gəlincə, birinci cild vərəq-vərəq tam sayda çap olundu, qəbul olunmuş qaydalara əsasən 100-200 nüsxə tikilib cildləndi, tirajın tam şəkildə yayılmasına icazə verilməsi üçün sovet dövrünün yuxarı partiya və hökumət qurumlarına göndərildi.

Rəsul Rza usanılmaz əməkləri, saysız çarpışmaları, laxladılan, nizamı pozulan səhhəti hesabına ərsəyə gətirdiyi bu balasının – “Azərbaycan Ensiklopediyası”nın ilk cildini hər halda gördü, əllərində tutdu.

Bu cildin xalqla təmasına isə fürsət verilmədi.

İndi kimlərinsə şəxsi kitabxanalarında qalan tək-tək nüsxələri istisna olmaqla, bütün tiraj doğrandı.

Yasaqlanmış həmin cildlə az sonra buraxılmasına rüsxət verilmiş və əksər evlərdə də, kitabxanalarda da olan cildi tutuşduranda kimin kim olduğu da görünür, Rəsul Rzanın niyə “məktəb” adlandırılmasının məğzi də aşkarlanır.

Demək, amansız, yerin də qulaqlı olduğu, şübhəcil sovet rejimi içərisində o cür də Ensiklopediya yaratmaq olarmış.

“Bu cür”ü necədir, onu bilirsiniz.

Rəsul Rzanın Ensiklopediyası həyat vəsiqəsi alsaydı, Azərbaycan insanı bu gün olduğundan daha gözüaçıq, daha irəligetmiş, daha özünütanımış olardı.

Və Rəsul Rza ensiklopediyaçılıqda da bədii yaradıcılığındakı kimi, Mirzə Cəlil, Sabir və həmin nəhənglər zümrəsinə daxil digər ölməzlərin yerişini yeriyirdi.

Səbəbsiz deyil ki, Ensiklopediyadan aralandırıldıqdan sonra Rəsul Rza mahiyyətcə ustadlarla dərdləşmə olan, sərbəst düşüncənin, cilovsuz ədəbi təfəkkürün, yenilikçi zövqün üfüqlərini genəldən yeni-yeni Sabiranələrini yazdı.

 

 lll

 

XX əsrə “əsrim” desə də, Anar artıq həm də XXI yüzilin yazıçısıdır.               

Yalnız davam edən ömrünün yeni onillərinin bu əsrə təsadüf etdiyinə görə yox. Həm də bu əsrin əsərlərini yazdığına, bugünün təzə sözünü deyə bildiyinə görə.

Anar ədəbiyyata gəldiyi ilk çağlardan məktəbə çevrilməyə başlayıb. Ondan öyrəniblər, ona bənzəməyə çalışıblar.

Anardan daha cavan olanlar da, elə Anarın tay-tuşları arasında neçələri də. Amma Anar iki əsas müəllimi – Mirzə Cəlil və Rəsul Rza kimi məxsusi bir məktəb də yaradıb: “Qobustan” gözəl sənətlər toplusu.     

XX əsr Azərbaycan maarifçiliyi, ziyalılığı və bədii düşüncəsi tarixində Anar “Qobustan”ının yeri Mirzə Cəlilin “Molla Nəsrəddin”i, Əli bəy Hüseynzadənin “Füyuzat”ı, Cavad Heyətin 30 ildən artıq müddətdə Cənubi Azərbaycanda ana dilində nəşr etdiyi “Varlıq” dərgisinin ağır çəkisinə bərabərdir.

    

lll

 

Küçələrimizin adları var və şair-yazıçı adını daşıyanları da az deyil.                 

Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Rəsul Rza, Anar.

Bu, Azərbaycan ədəbiyyatındakı ən möhtəşəm küçələrdən, ən sonsuz yollardan birinin adıdır.

Dördünün birlikdə adına olan küçə.

Dördünün də qələmlərinin davam-davama olduğu küçə.

 

lll

 

1958-ci ildə Anarın 20 yaşı vardı və o, artıq yazıçı idi. Dünyaya göz açandan, həyatı anlamağa başlayandan kitablı bir mühitdə, yazıçılar arasında böyüdüyündən yazıya erkən maraq göstərən bir gənc deyil, məhz yazıçı idi.  

Anarın o çağlar yazdığı hekayələrdən biri bu kitabdadır. Mədəniyyətimizə, mənəviyyatımıza istənilməz yad təsirlərin dürtülməsindən, qınından çıxıb qınını bəyənməyən millət gülməşəkərlərindən qəlb sancısı ilə yazır və müdrik, ağsaqqal, dünyagörmüş bir insan kimi yazır.  

Ən mühümü, bişkin bir yazıçı kimi yazır.  

Bu dil, bu üslub, bu deyiş rəvanlığı, sözlərin qələm ucunda belə rahat düzümü ədəbiyyata təzəcə gələn adamın işi deyil.

Bu, içərisində ədəbiyyatın ulu adlarının və sayğılı qələmlərinin ləngərini yaşadan bir insanın, zahirən gənc olsa da, təfəkkürcə yaşlı, oturuşmuş, yetkin nasirin əsəridir.

Anar ədəbiyyata elə beləcə hazır, güclü yazıçı kimi gəlib.

Yaza-yaza, yavaş-yavaş yazıçı olmağa başlayan bir qələm sahibi kimi yox.

Və o hekayədə əhvalatı nəql eləyən qəhrəmanın 55 yaşı var.  

“Qəhrəman” deyəndə ki, Anar başlayandan yan-yörəsindəki elə insanlardan yazıb ki, bu sadə adamları ədəbiyyatın surətlərinə çevirmək, onların timsalında həyat gerçəklərini nəql eləmək dəb deyildi.  

O qəbil “balaca” adamları Anarın ədəbiyyata təzə-təzə gəldiyi vaxtlarda sanki görmürdülər, sezmirdilər, böyründən biganə ötüb keçirdilər.

Azərbaycan ədəbiyyatı ədəbiyyat kimi özünü təsdiq edəndən bir etirazçılıq dalğası onun nüvəsində daim boy göstərib.

Bu növ ədəbiyyatın həmişə milli vicdanın səsi olmağı bacaran təmsilçiləri yaranıb.

Bəzən etiraf edilməsələr, tanınmasalar, unudulsalar da, onlar həmişə olublar.

Elə Anar özü ədəbiyyata həmin ovqatın daşıyıcısı kimi gəlib.

Yaratdığı surətlər, yazısının ahəngi, dili, ifadə gözəlliyi, onacan işlənməmiş yeni-yeni formalar tapmaq bacarığı ilə Anar yıpranmış, usandıran yazı tərzinə, göyçək dilimizin kələkötürləşdirilməsinə, həyatı qondarmalaşdıran saxtakar sözə – qəlp ədəbiyyata qarşı çıxmışdı.

Məzmun, bəhs etdiyi ümdə həqiqətlər – üzdən, bəlkə də, adi görünən, amma işdə son dərəcə mühüm olan sadaladığım həmin amillərdən sonra başlanırdı və çəkdiyi yük baxımından elə məzmundakı ədəbi iradənin, qırımın davamı idi.

Anar ilk hekayələrindən biri olan həmin əsərini elə tərzdə yazıb ki, onu ənənəvi üslubun daşıyıcısı olan, həmin illərdə Azərbaycan ədəbiyyatında səlahiyyət sahibi hesab edilən nasirlərin bəyənəcəyini, təqdir edəcəyini ağla gətirmək çətindir.

Bu dil, bu üslub onlara yad idi.

Lakin Mirzə Cəlil belə düşünüb belə yazmışdı, Əbdürrəhim bəy Haqverdiyev belə düşünüb belə yazmışdı, Üzeyir bəy belə düşünüb belə yazmışdı.

1950-ci illər bitəndə, 1960-cı illər başlananda o nadir millət çıraqları bu cavanla – Anarla birgə təzədən canlanırdılar, təzədən qayıdırdılar.

Varlığında bunca nəhəng ruhları təcəssüm etdirən adam cavan ola bilməzdi və Anar yazıçı kimi heç vaxt gənc olmayıb.  

20 yaşında ədəbiyyata hazır nasir və elə bu hekayədə olan qəhrəmanı sayaq azı 55-60 yaşındaymış qədər sanballı, həyatın çox hikmətlərinə vaqif dünyagörmüş kişi kimi gəlib.

Həm də “kişi” sözünün mərd, qətiyyətli, dönməzlik mənasında.                         

Köksünü yurduna və xalqına yönələn mənəviyyat zərbələrinə sipər etməyə qadir şəxsiyyət kimi gəlib.

Eynən Mirzə Cəlil həngində, sanki elə XX yüzilin əvvəllərində “Molla Nəsrəddin”də dərc edilən hekayətlərə oxşayan həzin, ilıq, amma həm də duzlu bir üslubda yazılmış “Ürəyim ağrıyır” hekayəsi millət qoruyuculuğu və millət quruculuğu missiyası ilə gəlmiş bir ötkəm ziyalının mövqeyi idi.

Bir mövqe ki, Anar, ömrünün sonrakı yarım əsri aşan onillərində onu həmişə eyni qətiyyət və ardıcıllıqla davam etdirəcək, heyrətli dəyişmələrə uğrayan vaxt bu sabit mövqeyi və məramı azacıq da olsa dəyişmək, başqalaşdırmaq, yumşaldaraq güzəştə gedən, hansı məqamdasa naəlac qaldığından barışan edə bilməyəcək.

Siyasət fırtınaları qopacaq, dünya dəyişəcək, əsrlər, minilliklər əvəzlənəcək.

Həmişə arzulanmış, lakin Sabirin yerli-dibli görmədiyi, Rəsul Rzanın uşaqkən ötəri duyduğu, Mirzə Cəlilin itkisini bütün dəhşətiylə yaşadığı istiqlal təzədən qayıdacaq. Ancaq müstəqilliyin gəlməsi ilə millət dərhal cənnətə düşməyəcək. Kükrəyib aşmış yeni zaman selləri o qədər xıltı, daş-kəsəyi, çır-çırpını üzə çıxaracaq ki, bulanıq illər və yollar ayrıcında millətin çaş-baş qalmaması üçün yenə Anara – onun zəkasına, işığına, dəyanətinə ehtiyac yaranacaq!

Və yenə cavanlıq illərindəkindən də beş qat artıq nadan, nacins, qaragüruhçu həmlələrə tuş düşən Anar mübarizələrini davam etdirəcək.

Bütün təzyiqlərə rəğmən hələ sabahkı mübarizələrə də hazır olacaq.  

Axı ona vəsiyyət edilib: “Mübarizə bu gün də var, yarın da!..

    

lll

 

XX əsrin bitəcəyində, XXI əsrin başlanğıcında həmişə qapalı rejimdə, xaricə çıxışı məhdud olan quruluş məngənəsində yaşamış və yeni dövrün də namüəyyənliyi, qarışıqlıqlarıyla incitdiyi, maddi sıxıntılara düçar qıldığı Azərbaycan ziyalı təbəqəsinin bir sıra təmsilçiləri qonşu ölkələrə, ilk növbədə Ata Türkiyəyə üz tutacaqlar.  

Həm gəzib-görmək, çoxdan həsrətində olduqları mühitlə təmasda bulunmaq, həm də babat güzəran qurmaqçün.

Anar həmin günlər içində baş verənlərə də kədərlə gülə biləcək.

Millətin bu qəliz məqamlarda da mənəvi müvazinətini itirməməsi üçün yeni günün əsərlərini yazacaq.

Ədəbiyyatın sanki heç kəsə gərək olmadığı günlərdə də yazacaq.

Bununla, həmçinin, ədəbiyyatın özünün də nüfuzunu, agırbatmanlığını, izzət-nəfsini qoruyub saxlayacaq.

Ədəbiyyata gəlməyə hazırlaşarkən sözün hansı böhranları yaşadığını, ədəbiyyatın aşınaraq nə yazıq hala düşdüyünü müşahidə edib ruhdan düşə biləcək, ayrı səmtə üz çevirəcək hansı istedadlarısa Anar öz şəxsi nümunəsi ilə həvəssizləşməyə, sönməyə, yolunu dəyişməyə qoymayacaq.

 

lll

 

Anar ömrü boyu dildə, ədəbiyyatda, mənəvi həyatda, ictimai-siyasi gerçəklikdə dərəbəyliyə, cahilliyə, riyakarlığa, sürüşkənliyə, cılızlığa, şitliyə, ədabazlığa, zövqsüzlüyə qarşı savaş aparmışdı. Çoxlarını çaşdıran büsbütün başqa vaxt başlandı, sabitqədəm Anar yenə həmin mötəbər məslək yolunda qaldı.                                                                                   

Çoxları yorulacaq, bezəcək, Anar yox.

Anara qarşı qısqırdılan bu qədər iyrənclər kimin yoluna çıxsaydı, onların bunca mütəmadi və mütəşəkkil sancmalarını, dümsüklərini, hədyanlarını bir başqası dadsaydı, çoxdan usanardı.

Anar dağ kimi durdu.

Çünki tək deyildi.  

Çünki ən əzəmətli arxaları, sıldırımlı sıra dağlar kimi dayaqları, ən tükənməz təsəllisi öz içərisində idi.

Hər an “Səbir et” söyləyən Sabir onunla idi, hər an “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər” məsləhətini edən Mirzə Cəlil onunla idi, hər an “Döz!” deyən Rəsul Rza onunla idi.

Və bu kitabda yenə birgədirlər.

 

 lll

 

...Sabir də, Mirzə Cəlil də, Rəsul Rza da qəlbiyumşaq adamlar olublar.

Hər birinin ömür yolunu, talelərini ən doğma adamım kimi yaxından bilirəm, ona görə belə daxili arxayınlıqla yazıram.

Elə Anar da o cür rəhmdil, həlim, mehriban insandır.

Bu da böyük ziyalılığın bir ayrılmaz keyfiyyətidir.

Amma Mirzə Cəlilin, Sabirin, Rəsul Rzanın, Anarın – bu şərəfli adların və onların amal qardaşlarının hər birinin ən kəskin millət sözünü demək məqamı yetişəndə ürəklərindəki yuxalıqdan əsər-əlamət qalmayıb, sifətləri dönüb, sərtdən sərt olublar.

Pırtlaşıq 1980–1990-cı illərin məslək alverçilərini, əqidə möhtəkirlərini üç dahi sələfi görmədi, Anarsa bu dövrlərin axarında idi.

İş elə gətirdi ki, 1990-larda Anar da candan sevdiyi Türkiyədə bir ara yaşadı, universitetdə dərs dedi.

Oralara da yenə Mirzə Cəlilcəsinə, Əziz Nesincəsinə, Anarcasına nəzər saldı, zərbülməsəl sayılası bir deyimi dilə gətirdi: “Qardaş idik, indi yoldaş olmağı öyrənək”.

 

lll

 

1966-cı ildə 28 yaşlı Anar sovet cəmiyyəti içərisindəki Azərbaycanda hamının gördüyü, amma hər kəsin deməyə cürət etmədiyi sərt gerçəkləri misilsiz ustası olduğu yumorun, satiranın diliylə qırmanclayaraq “Molla Nəsrəddin–66”sını yaratmışdısa, artıq özü 66-sına çatanda, sovetin ömrünü çoxdan başa vurduğu, bağımsızlığın yaşandığı, amma problemlərin, əski dərdlərin bir qisminin hələ tükənmədiyi, onlara bir bölük yenilərinin qoşulduğu, bir qismininsə təzə libasda ortaya çıxdığı çağlarda yenə həmin üslubda, yenə Molla Nəsrəddin kimi meydanda göründü, yeni günün “dali”lərindən, idiotlarından, qandırıla bilməyənlərindən, buqələmunlarından yazdı.  

İstədi ki, istiqlal qoynunda bəxtəvər sabahlara doğru irəliləyən millət və yurd gülərək öz boyat keçmişindən qurtulsun, çürük, ziyanlı, ayaqdan tutub geriyə dartan hər naqislikdən xilas olsun.

    

lll

 

...Anar adı 1938-ci ilin martında Azərbaycanda bircə nəfərdə idi.

İndi Azərbaycanda yüzlərlə Anar var və onların bir çoxuna valideynləri elə Anara olan məhəbbətlərinə görə bu adı veriblər.

Anar adı daşıyanlar bundan sonra da Azərbaycanda çox olacaq, bu səslənişi də, anlamı da gözəl adı valideynlər balalarına həvəslə bağışlayacaqlar.  

Yəqin, onların arasında yazıçısı da, millət üçün yananları da, böyük Anarın yolunu davam etdirənlər də yetişəcək. Di gəl, ikinci Sabir, ikinci Mirzə Cəlil, ikinci Rəsul Rza olmadığı kimi, ikinci Anar da olmayacaq.

Anar həmişə zirvə olaraq qalacaq. Anarla bu millət həmişə iftixar duyacaq. Anardan həmişə öyrənəcəklər.

Yaxşı yazmağı, yaxşı düşünməyi, yaxşı vətəndaş olmağı, yaxşı insan olmağı.

İkinci Anar olmaq mümkünsüz qədər çətindir.   

Ona görə çətin çatılanı arzu etmirəm. Arzu edirəm ki, heç olmazsa, Anardan öyrənənlər, öyrənmək istəyənlər daim çox olsun.

Elə bu kitab da necə olmamağın və necə olmağın ibrətli bir dərsliyidir.

Gülə-gülə oxunan, ağrıda-ağrıda oxunan dərslik – Millət kitabı!

Səhifələrində könül hayanlarımız, hamımızın sirdaşları Sabirin də, Mirzə Cəlilin də, Rəsul Rzanın da, Anarın da həmişə sağ olduğu və daim sağ qalacağı əzizdən əziz kitab!..

Mart, 2011

    

P.S. Millətin bu dörd əziz övladı mənim nəzərimdə həmişə eyni günlərin içərisində, yanaşı addımlayan, amma haçansa birlikdə yadigar qalacaq şəkil çəkdirməyə macal tapmamış dörd qardaşdırlar. Həmin çəkilməmiş şəkli çəkməyi rəssam dostum Stanislav Şatikovdan rica etdim.

Qardaşlar görüşdülər.

 

 

Rafael HÜSEYNOV

 

525-ci qəzet.- 2011.- 9 iyul.- S.15-18.