Əməkdar rəssam Teymur Rzayev: “Dünya rəssamlıq sənətində azərbaycanlı rəssamların xüsusi yeri var

 

Xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların koordinatoru, tanınmış rəssam Teymur Rzayev 1959-cu ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə rəssamın Nyu-Yorkda sərgisi açılıb. Onun yaratdığı bir əsər İstanbul bələdiyyəsinin keçmiş sədri, Yeditəpə Universitetinin rektoru Bədrəddin Dalan tərəfindən böyük rəğbətlə qarşılanıb. 1993-cü ildən T.Rzayev Bədrəddin Dalan tərəfindən İstanbula dəvət edilib. 1994-2006-cı ilədək İstək Kamal Atatürk Gözəl Sənətlər Liseyinin rəsm bölümündə çalışıb. 2005-ci ildə Türkiyə Ulusal Komitəsi Rəsm Bölümünün üzvüdür. 2006-cı ildən etibarən Yeditəpə Universiteti Gözəl Sənətlər Fakültəsinde müəllim kimi fəaliyyət göstərir.

Bu günlərdə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Teymur Rzayev Əməkdar rəssam adına layiq görülüb: “Əməkdar rəssam adına layiq görülməyim məni çox qürurlandırdı. Prezidentimizin vətəndən bir qədər uzaqda yaşayan, ancaq qəlbi daim vətəni, milləti üçün döyünən bir rəssama göstərdiyi bu diqqət doğrudan da təqdirəlayiqdir. Bu, prezidentin sənətə, sənətkara verdiyi yüksək qiymətin göstəricisidir”. T.Rzayev deyir ki, 1993-cü ildən Türkiyədə fəaliyyət göstərir və əsərləri, gördüyü işlərlə Azərbaycanı layiqincə təmsil edir: “Rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı, ən gözəl yoludur. Rəssamlıq sənəti çox incə, maraq doğuran gözəl bir sənət növüdür. Bu sənəti inkişaf etdirmək isə rəssamların əlindədir. Hər bir rəssam çalışmalıdır ki, insan ruhunu oxşayan əsərlər yaradıb sənətini sözün əsil mənasında sənətkar olan insanlara göstərsin. Türkiyədə yaşayıb-yaradan tanınmış sənətkarlara öz sənətini tanıtmaq, qəbul etdirmək o qədər də asan bir deyil. Ancaq mən bu işin öhdəsindən məharətlə gəlmişəm. Türkiyədə təşkil etdiyim sərgilərə əsərlərimi görmək üçün gələn sənətkarların sayı az deyil. Çəkdiyim əsərlər orada maraqla qarşılanır. Vətənim adına bir görmək, sənətimlə Azərbaycanı layiqincə təmsil etmək mənim əsas məqsədim, amalımdır. Çəkdiyim əsərlərin Azərbaycandan kənarda bəyənilməsi, qəbul olunması çox gözəl haldır. Azərbaycan rəssamlıq sənəti indiyə qədər həmişə ön cərgədə dayanıb. Mən arzu edirəm ki, bundan sonra da belə olsun”. T.Rzayev deyir ki, xarici ölkələrdə 100-dən çox azərbaycanlı rəssam fəaliyyət göstərir. Təbii ki, onlar da dəyərli rəssamlardır. Həmin rəssamlar da gücləri çatdığı qədər Azərbaycan sənətinin keçmişini dünyaya tanıtmağa çalışırlar. Azərbaycan rəssamlığını orada təmsil etməyə çalışan rəssamlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər: “Mən xarici ölkələrdə yaşayanyaradan, eyni zamanda Vətən qarşısında xidmət göstərən rəssamların fəaliyyətini qənaətbəxş hesab edirəm, onların işini yüksək qiymətləndirirəm. Dünya rəssamlıq sənətində azərbaycanlı rəssamların xüsusi yeri var. Məsələn, azərbaycanlı rəssamlar Türkiyədə 7 ayrı universitetdə Gözəl Sənətlər fakültəsi qurublar. Hər bir dövlətin özünün qayda-qanunları mövcuddur. Başqa bir ölkədən gedib oranın qayda-qanunu çərçivəsində görmək, nailiyyətlər qazanmaq asan bir deyil. Ancaq azərbaycanlı rəssamlar bu çətin işin öhdəsindən layiqincə gəliblər. Bununla yanaşı azərbaycanlı rəssamlar Fransa, ABŞ, İngiltərə, Hollandiya, Almaniyasair ölkələrdə fəaliyyət göstərir, sözügedən ölkələrdə aparıcı universitetlərdə müəllim kimi çalışırlar. Bu asan bir deyil. Oradakı rəqabətə sinə gərmək, özünü, sənətini yad bir cəmiyyətə, insanlara qəbul etdirmək və universitetdə dərs demək çətin, ancaq şərəfli işdir”. Rəssamın sözlərinə əsasən, türkiyəli rəssamlar öz azərbaycanlı sənət dostlarının əsərlərini yüksək qiymətləndirir və onları çox haqlı olaraq, Azərbaycanın qədim, keşməkeşli tarixinin, milli adət və ənənələrimizin, habelə müstəqillik dövründə həyatın müxtəlif sahələrində qazandığımız misilsiz nailiyyətlərin fırçanın ecazkar dili ilə yüksək səviyyədə təcəssümü sayırlar: “İstanbulun Auditor Palatasının İncəsənət Qalereyasında böyük öndər Mustafa Kamal Atatürkün ömrünün müxtəlif dövrlərini əks etdirən portretlərindən ibarət sərgi qardaş ölkənin sənət adamları tərəfindən yüksək dəyərləndirilmişdi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Biz Türkiyədə heç bir sıxıntı yaşamırıq. Əksinə türk sənətkarlar bizə daim dəstək olur. Biz də yaradılan bu şəraitdən istifadə edib vətənimizi layiqincə təmsil etməyə, sənətimizi nümayiş etdirməyə çalışırıq”. T.Rzayevin dediyinə görə, onun Türkiyə və digər xarici ölkələrdə fəaliyyət göstərən rəssamlarla sıx əlaqəsi var və birgə bir sıra layihələr həyata keçirirlər: “Biz bu ilin may ayının 10-da, ümummilli lider Heydər Əliyevin doğum günündə Azərbaycanın Ankaradakı səfirliyi ilə birgə möhtəşəm bir sərgi təşkil etdik. Sərgidə Türkiyədə fəaliyyət göstərən 33 azərbaycanlı rəssam iştirak edirdi. Mayın 16-da isə İstanbulda böyük bir sərgi təşkil etdik. Hər iki sərgidə də Türkiyə ictimaiyyətinin nüfuzlu simaları, tanınmış rəssamlar iştirak edirdi. Sərgidəki bütün əsərlər hər kəs tərəfindən böyük maraqla qarşılandı. Türkiyədə yaşayan bütün azərbaycanlı rəssamlar mütəmadi olaraq sərgilər təşkil edir. Mənim 1993-cü ildən bəri onlarla sərgim keçirilib. Ancaq fikrimcə, azərbaycanlı rəssamlar olaraq birləşib sərgilər təşkil edəndə, vətənimiz adına bərabər görəndə daha maraqlı alınır”. T.Rzayev qeyd edib ki, bugünlərdə Bakıda keçirilən Dünya Azərbaycanlılarının 3-cü qurultayında dünyadakı azərbaycanlı rəssamların ilk dəfə olaraq toplusu nümayiş olunub, “Biz azərbaycanlıyıq” adlı kataloq diasporun əməyi ilə ərsəyə gəlib:Bu kitab bütün dünya ölkələrində yaşayan soydaşlarımızın əlinə çatacaq və Azərbaycan sənətinin bütün gözəlliklərini onlar da görəcəklər.

 Təqdim olunan kataloqda xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların bioqrafiyası və rəsm əsərlərindən nümunələr toplanıb. Xarici ölkələrdə Yaşayan Azərbaycanlı Rəssamlar Birliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan bu kataloq xaricdə yaşayan azərbaycanlı rəssamların böyük bir qisminin həyatı və yaradıcılığı haqqında oxuculara məlumat verir. Sözügedən layihənin rəhbəri mənəm, redaktoru isə Nəriman Qurbanovdur”. T.Rzayev deyir ki, Azərbaycanın çox tanınmış, dəyərli rəssamları var. Onların bir qismi Azərbaycanda, bir qismi isə vətəndən uzaqda fəaliyyət göstərir. Dünyada yaşayan azərbaycanlı rəssamların kitabını, “Biz azərbaycanlıyıq” adlı kataloqu hazırlamaqda da məqsəd onların fəaliyyəti, yaradıcılığı ilə gələcək nəsilləri tanış etməkdir: “Bu gün bir çox ölkələrdə fəaliyyət göstərən, Vətənini layiqincə tanıdan, sözün həqiqi mənasında sənəti olan yüzlərlə azərbaycanlı rəssam var. Bu insanları gələcək nəsillərin tanıması, örnək alması vacibdir”. T.Rzayev deyir ki, bugün Azərbaycanda yaşayan rəssamların sənətlərini dünyada nümayiş etdirmək, istedadlarını göstərmək, tanınmaq və təbliğat üçün dil bilmələri çox vacibdir: “Xaricdə fəaliyyət göstərən əksər azərbaycanlı rəssamlar ingilis dilini bilir. Dil bildikləri üçün də asanlıqla ünsiyyət yarada, əlaqə qura bilirlər. Bu gün Azərbaycanda çox istedadlı rəssamlar var. Ancaq dil bilmədikləri üçün dünyaya açıla, əlaqələr qura bilmirlər. Mən tövsiyə edərdim ki, dünyaya açılmaq arzusunda olan hər bir rəssam öncə dil öyrənsin”. İyulun 5-6-sı Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayı haqqında danışan T.Rzayev bildirib ki, 5 ildən bir keçirilən bu qurultayda bu müddət ərzində xaricdə yaşayan azərbaycanlıların gördüyü işlərin nəticəsi müzakirə olunur. Qurultayın keçirilməsinin əsas məqsədi 5 il ərzində dünyada diaspor təşkilatlarımız tərəfindən hansı işlərin həyata keçirilməsinin hesabatını verməkdir: “Dünya azərbaycanlılarının III qurultayı xalqımız üçün çox vacib bir qurultay idi. Mən qurultayda azərbaycanlı rəssamların dünya ölkələrindəki fəaliyyəti haqqında qısa məlumat verdim”. T.Rzayev deyib ki, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da gücləndirmək istiqamətində ümummilli liderin atdığı mühüm addımlardan biri də 2001-ci il noyabrında Bakıda Dünya Azərbaycanlılarının 1-ci Qurultayının keçirilməsi barədə sərəncamı oldu. Bu çox vacib və tarixi bir qərar idi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəlib, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etdilər. Ümummilli liderimiz qurultaydakı çıxışı zamanı soydaşlarımızı daim vətənə bağlı olmağa səsləmişdi: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar – mən azərbaycanlılar haqqında danışıram – gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”. Bunlar çox dəyərli fikirlərdir. 2006-cı ildə keçirilmiş Dünya Azərbaycanlılarının 2-ci Qurultayından indiki toplantımız bir çox cəhətləri ilə seçilirdi. Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməkdə maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş imici qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasət kursu ilə bağlıdır. Malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha böyük qayğı göstərmək imkanı yaradıb. Bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının İkinci Qurultayından keçən dövr ərzində qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artdığını, bunun sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 13 iyul.- S.7.