Aygün Attar:
“Obyektiv danışanda adamı diqqətlə dinləyirlər”
Müsahibimiz Türkiyənin Giresun
Universitetinin tarix
fakültəsinin dekanı, prof. Dr. Aygün
Attardır
–Aygün
xanım, bu günlərdə öz işini başa
çatdıran Dünya Azərbaycanlılarının III
qurultayı barədə bir qurultay iştirakçısı
kimi nə deyə bilərsiniz?
–
Bildiyiniz kimi, Dünya Azərbaycanlılarının III
qurultayı baş tutdu. İndiyə qədər
keçirilən üç qurultaydan ancaq sonuncusunda
iştirak etdim. Əvvəlki
qurultayları isə izləmişəm, orada olan
çıxışları oxumuşam, araşdırma və
incələmə aparmışam. Sonuncu
qurultayla bağlı onu deyə bilərəm ki, ölkə
prezidentinin çıxışını çox bəyəndim.
Bunu həm elmi əsaslarla dəyərləndirdiyim
üçün, həm də uzun illər – 20 ildən də
artıq vətəndən uzaqda yaşayan Azərbaycan türkü
kimi qətiyyətlə deyirəm. Çünki
olduqca səmimi bir çıxış idi. Çıxışda, heç şübhəsiz
ki, qarşıda duran vəzifələrlə bağlı təlimatlandırıcı
tapşırıqlar var idi.
Şəxsən arzu edərdim ki, qurultaydakı
çıxışlarda Güney Azərbaycana bir qədər
çox yer veriləydi. Son vaxtlar elmi araşdırmalarını
Güney Azərbaycan üzərində quran, İran
coğrafiyası üzərində tədqiqatlar aparan elmi
xadim və professor kimi, qurultayda Güney Azərbaycanla
bağlı ifadələrin daha çox yer almasını istərdim.
Güney Azərbaycandan gələn, Güney Azərbaycan
kökənli həmvətənlərimizə,
canımız-qanımız olan qardaşlarımıza daha
çox yer verilməsini istərdim. Amma
onu da bilirəm ki, diaspor fəaliyyəti uzun müddət tələb
edən işdir. Belə fəaliyyətdə nəticə
dərhal – bir il, beş il sonra
görünmür. Bu əməyin nəticəsi 50-100 il sonra üzə çıxır. Azərbaycandakı diaspor fəaliyyətinin cəmi
on illik tarixi var. Bu komitənin 2001-ci ildə fəaliyyətə
başladığı deyilir, indi isə 2011-ci ildir. On illik diaspor fəaliyyəti müddətində Azərbaycan
özünəməxsus yer tuta bilib. Mən Azərbaycan
televiziya kanallarındakı çıxışlarımda da
bu məqamı söylədim: buraya gələn 1200 nəfərdən
bəlkə heç min nəfəri fərqində deyil ki,
qurultay vasitəsilə yürüdülən və gerçəkləşdirilən
Dünya Azərbaycanlılarının qurultayı azərbaycanlılıq
etmir, azərbaycançılıq edir. Yəni,
azərbaycanlı olmaq şərti əsas deyil. Burada bu diaspor fəaliyyəti üçün azərbaycanlılıq
şərti əsas tutulsaydı, vaxtilə Azərbaycanda
yaşayan, sonra İsrailə köçən yəhudi azərbaycanlıların
qurultayında medal ilə təltif edilməzdi, yaxud həmin
tribunada çıxış edə bilməzdi. Bu, çox ağıllı bir strategiyadır.
Beynəlxalq hüquq və beynəlxalq
münasibətlər nöqteyi-nəzərindən
ağıllı bir strategiyadır. Çünki
bildiyiniz kimi, torpaqlarımızın 20 faizi işğal
olunub, Ermənistanla problemimiz var, sadəcə Azərbaycanın
deyil, türk dünyasının erməni məsələsi
ilə bağlı böyük bir problemi var. Amma bu məsələlərə
bir az dünya standartları çərçivəsində
baxmaq, onlara artıq şərti mənada yanaşmaq
lazımdır...
–Nə mənada?
–Məsələn,
şəxsən mən etnik-milliyyətçilik üzərində
qurulmuş olan hər hansı bir fəaliyyətin uğurlu
olacağına inanmıram. Səbəbini deyim.
Əgər biz inanclı insanlarıqsa, iman
sahibli insanlarıqsa, bir şeylərə inanırıqsa, o
zaman etnik kimliyi fərqli olan insanlara düşmən
münasibəti bəsləməməliyik. Bu, doğru deyil. Amma bir etnik
kimliyin altına sığınaraq Azərbaycana düşmən
münasibət göstərən, türk dünyasına
qarşı savaş elan edənlərə qarşı, təbii
ki, hər cür mübarizəni yüksək səviyyədə
aparmaq lazımdır. Qurultayda
açıqlanan istiqamətlərdən biri elə bu idi.
Bu məşvərət məclisində dünyanın
harasında yaşayırsa-yaşasın, etnik kimliyi kim olursa-olsun, Azərbaycanı sevən, Azərbaycanın
möhtəşəm, şanlı tarixinin öyrənilməsini
istəyən, Azərbaycanın inkişaf etməsi
üçün fəaliyyət göstərən insanlara
sanki qucaq açılmışdı. Onsuz da fərqli
dini kimliklərə, fərqli etnik kimliklərə sahib olan
insanların ora dəvət edilməsi və ən yüksək
səviyyədə onlara orada söz verilməsi, onların
mükafatlarla təltif edilməsi bunun göstəricisidir.
Möhtərəm prezidentin
çıxışı səmimi idi və bu səmimiyyətin
içərisində hər bir vətəndaşımızın
üzərinə düşən vəzifələrlə
bağlı bir təlimat da var idi. Bu məqam
xüsusilə vurğulanırdı ki, harada
olmağımızdan asılı olmayaraq, öz fəaliyyətimizlə
ölkəmizin, vətənimizin başını uca etməyə
çalışaq. İkincisi, Azərbaycan
həqiqətlərini dayanmadan, yorulmadan, bezmədən
dünyaya tanıdaq. Həm də bilirsiniz ki, bunu ölkə
prezidenti ifadə etsə də, etməsə də,
dünyanın harasında
yaşayırsınızsa-yaşayın, maddi vəziyyətiniz
nə qədər yaxşı olursa-olsun, mənəvi olaraq
Azərbaycanla bağlı olan, canını, qanını bu
torpaqlarla birgə görən bir insanın mənəvi olaraq
rahat olması mümkün deyil. Axı, mənim ölkəm
təcavüzə və işğala uğramış bir
ölkədir, mənim ölkəmin torpaqlarının
beşdə biri – 20 faizi işğal altındadır və ən
əhəmiyyətlisi mənim ölkəmdə Qarabağ
ağırlıqda bir yük var . Bu qədər ağır bir yükü çiyinlərində
saxlayan bir millətin çox rahat bir şəkildə
davranması və ya xoşbəxt olması – səhərdən
axşama qədər deyib-gülməsi, əylənməsi
mümkün deyil. O dərdi və ağrını sadəcə
hiss etmək bəs etmir. O ağrını, o dərdi hiss edərək
onun aradan qaldırılması üçün lazım olan fəaliyyətləri
göstərmək lazımdır. Bunun
üçün əlimizdən gələni etməliyik.
–
Aygün xanım, xeyli müddətdir ki, Azərbaycandan kənarda
– Türkiyədə yaşayırsınız. Azərbaycan
həqiqətləri Türkiyədə tam
tanıdılırmı? Bəzən
onların televiziyalarını, elm adamlarının
çıxışlarını izləyəndə, sanki Azərbaycan
haqqında məlumatsız olduqlarını hiss edirik, yaxud da
“azərilər” ifadəsinin üzərindən keçməyə
çalışırlar.
– Qənaətbəxş
saymıram. Mən Türkiyədə elmi fəaliyyət
göstərən biriyəm, universitet müəllimiyəm.
Sadəcə Azərbaycanla bağlı deyil, Türkiyədə
universitetdə təhsil alan tələbələrin
özləri də heç türk dünyasının həqiqətlərini,
hətta Türkiyənin özünün həqiqətlərini
belə bilmirlər. Türkiyənin tarixinə
dair qeyri-obyektiv faktlarla qarşılaşırlar və buna
inanırlar, yalan mənbələrə etibar edirlər.
Əgər Türkiyədə həqiqətlər
doğru şəkildə bilinsəydi, erməni məsələsi
ilə bağlı 1915-ci ildə həyata keçirilməsi
iddia edilən soyqırımla bağlı Türkiyənin
içində ziddiyyətli düşüncə olmazdı
ki? Ona görə heç şübhəsiz
ki, onlar Azərbaycan həqiqətləri, erməni məsələsi,
Zəngəzur, İrəvan xanlığı ilə
bağlı yetərli məlumata malik deyillər. Amma burada nə etmək lazımdır? Bayaq
dedim, yenə təkrar edirəm, diaspor fəaliyyəti fərqli
xarakter daşıyan bir işdir. Bunu ildə bir dəfə
toplanmaqla, dəyərli günləri qeyd etməklə həyata
keçirmək, amma bu uğurlu ola bilməz.
Diaspora missiya hərəkatdır, bir
missiyanı həyata keçirmək böyük əmək
tələb edir. Odur ki, gecə-gündüz,
yorulmadan-dincəlmədən ilin 12 ayını problemlərin
aydınlığa qovuşması, həqiqətlərin
öyrədilməsi üçün çox
çalışmaq lazımdır. Məsələn,
bu baxımdan, hər kəs öz sahəsində
çalışmalıdır. Məsələn,
rəssamlar bu həqiqətləri əks etdirən əsərlər
çəkməlidirlər, yazıçılar bu
reallıqlardan bəhs edən romanlar yazmalıdırlar.
Mənim kimi sosiallaşmış və xalqla rahat şəkildə
təmas qura bilən insanları mühəndis də, doktor
da, ev xanımı da dinləyir. Axı sosial elmlər, tarix, beynəlxalq münasibətlər,
sosiologiya elə sahələrdir ki, o sahə üzrə
mütəxəssislərin fikirlərinə rəğbət
bəslənir. Bu baxımdan, öz sahəmizdə
əlimizdən gələni etməliyik. Məsələn,
mən bir uğura nail olmuşam, – bunu gələndən bəri
2-3 dəfə söyləmişəm, Azərbaycanda da
böyük bir fəxrlə söyləyirəm, bunu
özümü tərifləmək üçün demirəm,
– biz Xocalı soyqırımı deyirik, çünki
hüquqi əsaslarla, elmi əsaslarla baxdığımız
zaman soyqırımının tanınmasına yüz faiz
uyğun gələn, hətta artıqlaması ilə
uyğun gələn genosid baş verib. Amma siz
ziyalısınız, mətbuat işçisisiniz,
yaxşı bilirsiniz ki, Xocalıda törədilənlərə
sadəcə biz özümüz soyqırım deyirik. Bizdən başqa heç bir ölkə, bizə ən
yaxın olan ölkələr belə, Xocalı dəhşətlərini
rəsmi olaraq, soyqırım adlandırmır. Çünki hər ölkə nədənsə
çəkinir. Düşünürlər
ki, bu faciəyə soyqırım desələr, digər
dövlətlər də buna bənzər başqa hadisələri
soyqırım adlandıra bilərlər. Mən nəyə
nail oldum? Keçən il bu vaxt bir elmi
iş- dissertasiya müdafiə edildi. Mövzunu Xocalı
soyqırımı adlandırdıq, dissertantım bunu
müdafiə etdi, mən də onun elmi rəhbəri oldum,
mövzu müdafiə olundu, elmi ictimaiyyət tərəfindən
qəbul edildi və bundan sonra artıq mənbə kimi
Türkiyədə yaşayan, Türkiyədən başqa
ölkələrdə yaşayan biri Xocalı ilə
bağlı bir yazı yazdığı zaman, həmin qəbul
edilmiş və müdafiə olunmuş elmi dissertasiyaya istinad
edəcək. Yəni bu yazı Azərbaycanda,
eləcə də başqa yerlərdə Xocalı
soyqırımı həqiqətlərini fakt kimi sübut edən
elmi dövriyyəyə daxil olacaq. Məsələn,
düşünürəm ki, diaspor fəaliyyəti elə bu
deməkdir. Fəaliyyətlər bu cür
olmalıdır. Sizinlə müsahibədən
əvvəl söhbət edərkən də demişdim,
ilboyu tez-tez Avropada, Avropanın müxtəlif ölkələrində
oluram. Avropadakı
çıxışlarımın 99 faizi Qarabağ, Xocalı
məsələsi ilə bağlıdır. Bir də digər məsələlər var ki, yəni,
bu torpaqlarda doğulub böyüyən bir insan olaraq ümumi
türk tarixi dərslərini tədris edirəm. Hələ dərinə getsək, deməliyəm
ki, mən qarabağlı bir ailənin qızıyam. Əcdadlarımın məzarları erməni
işğalı altında olan torpaqlardadır. Belə
olan halda başqaları bir az rahat nəfəs
ala bilər, rahat otura bilər, amma mən dərslərimi də,
təbii ki, bu həqiqətlə başlayıram və dərslərimi
də bu həqiqətlə bitirirəm. Olduğum
hər yerdə, daşıdığım ağrılar,
acılar da şübhəsiz ki, mənimlə bərabər
olur. Başqa bir mövzu ilə
bağlı radio-televiziyaya
çağırıldığım, yaxud elmi konfransa dəvət
edildiyim zaman mütləq Azərbaycana, erməni məsələsinə,
Dağlıq Qarabağ probleminə və işğal
olunmuş torpaqlara ayrılmış
çıxışımı mütləq edirəm.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2011.- 13 iyul.- S.5.