Rəssam Əşrəf Heybətovun əsərlərinin təqdimatı olub

 

Dünən Bakıdakı Atatürk Mərkəzində Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun əsərlərinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə rəssamın yaradıcılığından, Almaniyada yaşamasına baxmayaraq, Vətənə bağlılığından, yaradıcılığında daima xalqının adət-ənənələrinə geniş yer ayırmasından söhbət açılıb. Bildirilib ki, Ə.Heybətov UNESCO Rəssamlar Federasiyasının, Rusiya Federasiyası Rəssamlar İttifaqının və bir sıra beynəlxalq rəssamlıq qurumlarının üzvüdür. Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, şair Çingiz Əlioğlu, millət vəkili Gülər Əhmədova, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri Çingiz Abdullayev, bəstəkar Eldar Mansurov, sənətçi Şəmistan Əlizamanlı çıxış ediblər.

 

 

525-ci qəzet.- 2011.- 15 iyul.- S.4.