Düşmənə
göz dağıdır Sədərək
Sədərək
rayonu ölkəmizin sərhəd bölgəsinin
sosial-iqtisadi inkişafını daha da sürətləndirmək
və gücləndirmək, həmçinin ərazinin
geostrateji mövqeyi nəzərə alınmaqla 1990-cı il
avqustun 28-də Azərbaycan SSR Ali Sovetinin fərmanı əsasında
yaradılıb. Ümummilli lider Heydər Əliyevin
Naxçıvanın qeyrət qalası
adlandırdığı bu rayon Azərbaycanda 3 dövlətlə
həmsərhəd olan yeganə inzibati ərazi vahididir. Cənub-qərbdən
Türkiyə Cümhuriyyəti, şimal-qərbdən Ermənistan
Respublikası, cənub-şərqdən İran İslam
Respublikasıyla həmsərhəd olan rayon Heydərabad qəsəbəsi,
Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi
dairələrindən ibarətdir. 1990-cı il yanvarın
16-da Kərki kəndi Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edildiyindən rayon əhalisi
3 yaşayış məntəqəsində cəmləşib.
Ata-baba torpaqlarını qayğı ilə əkib-becərən,
təknələrini bol və halal çörəklə təmin
edən bu yaşayış məntəqəsinin sakinləri
Sədərək uğrunda gedən döyüşlərdə
uşaqdan böyüyə kimi silaha sarılıb ermənilərin
işğalçılıq siyasətinə qarşı mərdliklə
döyüşüblər. 1990-1993-cü illərdə Sədərək
üzərinə 14 dəfə güclü hücuma keçən
erməni silahlı birləşmələrinin
qarşısı alınıb. Həmin illərdə Sədərəkin
müdafiəsində 108 nəfər şəhid olub. Lakin
bütün bunlar region əhalisinin qətiyyətini sındıra
bilməyib.
Hələ
1992-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən
Sədərəkdə əsası qoyulmuş aqrar islahatlar
1996-cı ildən etibarən daha da sürətləndirilərək,
1999-cu ildə tam başa çatdırılıb. Rayon əhalisi
torpaq payları ilə təmin olunub. Kənd təsərrüfat
məhsulu istehsalının həcmini və məhsuldarlığını
yüksəltmək üçün özəl təsərrüfatların
inkişaf etdirilməsi istiqamətində fermerlərə,
torpaq mülkiyyətçilərinə xeyli güzəştlər
edilib. 1992-ci ildə Azərbaycan xalqının ümummilli
lideri H.Əliyevin təşəbbüsü ilə Araz
çayı üzərində Türkiyə ilə Azərbaycanı
birləşdirən “Ümid” körpüsünün tikilərək
istifadəyə verilməsi, gömrük keçid məntəqəsinin
yaradılması da bu rayonun iqtisadiyyatına öz müsbət
təsirini göstərib. Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən
imzalanan Dövlət Proqramlarında Sədərəkin tərəqqisi
ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi istiqamətində görülən işlər,
eləcə də Ali Məclis Sədrinin bu regiona göstərdiyi
diqqət və qayğı isə sədərəklilərdə
əzmkarlıq, işgüzarlıq ruhunu daha da yüksəldib.
Bunu son illər ərzində muxtar respublikamızın ucqar sərhəd
rayonunda əldə olunan nailiyyətlər bir daha sübut
edir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil etdiyindən bu sahənin səmərəliliyini
artırmaq üçün hər il su nasos stansiyalarında və
kanallarda işlər vaxtında başa
çatdırılıb. Belə ki əsas su mənbəyi
sayılan Bulaqbaşı kəhrizi əsaslı şəkildə
təmir olunub, 5 km məsafədən içməli su xətti
çəkilib, 7 subartezian quyusu qazılıb, 4 pilləli
nasos stansiyasında əsaslı şəkildə yenidənqurma
işləri aparılıb. Ərazidə 15 bulaq- abidə
tikilərək istifadəyə verilib. Hazırda Sədərək
rayonunda 15 min hektara yaxın torpaq sahəsi var. Onun 3522
hektarı əkinəyararlı torpaqlardır. Əkinəyararlı
torpaqların 3253 hektarı xüsusi mülkiyyətə
verilib. Həyata keçirilən tədbirlər nəticəsində
rayonda 2432 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. “Naxçıvan
Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
Sədərək rayon bazasının
istifadəyə verilməsi isə bölgənin becərilməyən
digər bərəkətli torpaqlarının da
əkin dövriyyəsinə daxil edilməsinə
şərait yaradıb. Ümumiyyətlə, Sədərəkdə
görülən işləri muxtar
respublikada kənd təsərrüfatı
sahəsində həyata keçirilən tədbirlərə
nümunə adlandırmaq olar. Belə ki, 153,1 min
kvadratmetr ərazini əhatə edən Sədərək
rayonunda 1 may 2011-ci il tarixə 847 hektar sahədə
yazlıq bitkilər əkilib, əkin sahələrinin 338
hektarını dənli və dənli-paxlalılar, 18
hektarını dən üçün
qarğıdalı, 83 hektarını kartof,
180 hektarını tərəvəz, 88 hektarını bostan bitkiləri, 225 hektarını şəkər
çuğunduru, 17 hektarını dən
üçün günəbaxan, 18
hektarını isə cari illik
ot bitkiləri təşkil edib. Sözügedən dövrdə
rayonda diri çəkidə
154 ton ət, 520 ton süd, 408 min ədəd yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə ət istehsalı 1,5 faiz,
süd istehsalı 1,6 faiz,
yumurta istehsalı 1,7 faiz
artıb. Ümumilikdə, rayonda kənd təsərrüfatı
sektorunda 648,6 min
manatlıq məhsul istehsal edilib ki, bu
da 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə 9,8 faiz çoxdur. Rayonda 58
hektarlıq meyvə bağı da var. Hazırda bunun 52
hektarından meyvə tədarük edilir.
Bundan başqa, sədərəklilər meyvə
bağlarının indiki miqyası ilə
kifayətlənmir, ilbəil belə bağların ərazisini
genişləndirirlər. Ötən ilin
və bu ilin ağac əkini mövsümündə 40 hektar sahədə meyvə bağları əkilib,
əkilən sahələrə müntəzəm olaraq aqrotexniki qulluq göstərilib. Rayonda
üzümçülük və
arıçılıq da xüsusi
diqqət göstərilən sahələrdəndir. İndi Sədərəkdə 220 hektar üzüm
bağı, 478 arı ailəsi var. Son illər ərzində regionda
aparılan genişmiqyaslı quruculuq və
abadlıq tədbirləri nəticəsində bu sərhəd rayonunun da siması tanınmaz dərəcədə dəyişib.
Dövlət qayğısı hesabına
Dövlət Sosial Müdafiə Fondunun, vergilər və maliyyə nazirliklərinin
rayon şöbələri, Kapital Bankın rayon filialı,
rayon hərbi komissarlığı, əhalinin
sosial müdafiəsi və məşğulluq
mərkəzləri, rabitə, qaz istismar idarələri, rayon
polis şöbəsi və sair üçün yeni inzibati binalar tikilib. Mübariz, qədirbilən Sədərək
camaatının ulu öndərə olan sonsuz hörmət və
ehtiramının məntiqi nəticəsi olaraq
Heydərabad qəsəbəsində Heydər Əliyevin əzəmətli
abidəsi ucaldılıb. Qəsəbə müasir
şəhərsalma ənənələrinə uyğun olaraq, tamamilə
yenidən qurulub. Regionda yaşayan
hər bir vətəndaşın
yaşayış şəraitinin
yaxşılaşdırılması ümdə vəzifə
kimi qarşıya qoyulduğundan
erməni daşnaklarının günahı ucbatından
ev-eşiyindən didərgin düşmüş
köçkünün ailələri və
Sədərək uğrunda gedən döyüşlərdə
iştirak edərək
sağlamlıqlarını itirmiş əlil
ailələri də yeni
yaşayış binaları ilə təmin ediliblər. Rayonda aparılan tikinti-quruculuq
tədbirləri sabahın kamil vətəndaşlarını
yetirən təhsil müəssisələrindən də yan keçməyib. Rayon mərkəzi
sayılan Heydərabad qəsəbəsində 420, Qaraağac kəndində 160 yerlik
məktəb binaları əsaslı təmir olunub.
Ötən
ilin sonunda isə dövlət başçısı İlham
Əliyevin iştirakı ilə Sədərək
rayonundakı 594 şagird yerlik 2 nömrəli orta məktəbin
yeni binasının açılışı olub. Ən
müasir tələblərə cavab verən bu təhsil
müəssisəsi müəllim və şagirdlərin
istifadəsinə verilib. Hazırda 3 ümumtəhsil məktəbinin,
uşaq bağçasının, 4 məktəbdənkənar
müəssisənin fəaliyyət göstərdiyi rayonun
yalnız ümumtəhsil məktəblərində 1380
şagird təhsil alır. Ötən il buraxılış
imtahanlarında bu məktəbləri 100 nəfər bitirib.
Onlardan 71 nəfəri ali məktəblərə sənəd
verib və nəticədə 25 nəfər
respublikamızın müxtəlif ali təhsil ocaqlarında təhsil
almaq hüququ qazanıb. Ölkə
başçısının “Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
haqqında” fərmanına uyğun olaraq rayon məktəbləri
101 ədəd kompyuterlə də təmin olunub. Bu, hər 18
şagirdə 1 kompyuterin düşməsi deməkdir. Məktəb
kitabxanalarının fondu da son illərdə latın
qrafikası ilə çap olunmuş yeni kitablar hesabına
xeyli zənginləşdirilib. Hazırda kitabxanalardakı dərslik
fondunda 12 min 110, bədii ədəbiyyat fondunda 12 min 619 ədəd
latın qrafikası ilə çap olunmuş kitab var. Əlbəttə
ki, bütün bunlar ümumtəhsil məktəblərinin
maddi-texniki bazasını daha da gücləndirərək, tədrisin
səmərə və keyfiyyətinin yaxşılaşmasına
şərait yaradıb. Abad diyar yolundan tanınar. Bu,
yüzilliklərin sınağından çıxmış
bir məsəldir. Elə Sədərəkə yolu
düşənlər bu məsəlin nə qədər
yerində söyləndiyinin bir daha şahidi olarlar. Belə
ki, nəqliyyatın gediş-gəlişini tənzimləmək
məqsədilə Yol Təmir-İstismar İdarəsi tərəfindən
mərkəzi və ara yollarda mütəmadi olaraq təmir-bərpa
işləri aparılıb. Yola saldığımız ildə
isə prezident İlham Əliyevin muxtar respublikaya səfəri
çərçivəsində əsas strateji magistrallardan
biri olan Naxçıvan-Sədərək yolunun
açılışı olub. Azərbaycanı Türkiyə
ilə birləşdirən yeganə quru yolu olan bu
magistralının tikintisini Naxçıvan Muxtar
Respublikası Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə
“Gəmiqaya” şirkəti həyata keçirib. Ümumi
uzunluğu 81,95 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2
metr olan dördzolaqlı yolun kənarlarında xüsusi su
ötürücüləri və arxlar çəkilib,
magistralın üzərində bir neçə yol
ötürücü tikilib. Hazırda bu magistral muxtar
respublikanın Kəngərli, Şərur və Sədərək
rayonlarını birləşdirməklə Böyük
İpək yolunun bir hissəsini təşkil edir. Bir vaxtlar
möcüzə kimi görünən qaz xətlərinin
regiondakı evlərə çəkilişi də burada
yaşayanların böyük sevincinə səbəb olub.
Hamı ucuz və keyfiyyətli olan bu yanacaq növündən
istifadə edərək gündəlik məişət
qayğılarının böyük bir qismindən azad olub.
Hazırda rayonun Heydərabad qəsəbəsindəki, Sədərək
və Qaraağac kəndlərindəki mənzillərdə
mavi qaz şölələnir. Rayon əhalisinin elektrik və
mavi yanacaqla təminatı məqsədilə təkcə cari
ilin son dörd ayında 1 kilometr uzunluğunda 10 və 0,4
kilovoltluq elektrik verilişi xətləri çəkilib, 2 min
40 abonent təbii qazla təmin olunub. Yalnız muxtar
respublikamıza xarakterik olan xüsusiyyətlərdən biri də
rayonlararası telefon danışıqlarının pulsuz
olmasıdır. Bunu blokada şəraitində yaşayan
regionumuz üçün böyük dövlət
qayğısı hesab etmək olar. Sədərək rayonunda
da bu, belədir. Qəsəbə ilə kəndlərlə, o
cümlədən Naxçıvan şəhəri ilə,
digər rayonlarla rabitə əlaqəsini daha da
yaxşılaşdırmaq məqsədilə bu gün də
məqsədyönlü işlər görülür. Təkcə
cari ilin yanvar-aprel aylarında rayon üzrə informasiya və
rabitə xidmətlərinin həcmi 286,2 min manat olub. Bu isə
ötən ilin müvafiq dövrü ilə müqayisədə
45,6 faiz artıqdır. Rayonda səhiyyə xidmətinin
yüksəldilməsi istiqamətində də xeyli işlər
görülüb. Ötən il Prezident İlham Əliyevin
regiona səfəri zamanı Sədərək rayon mərkəzi
xəstəxanası istifadəyə verilib.
Zirzəmi qatı ilə birlikdə
üç mərtəbədən ibarət 26
çarpayılıq bu səhiyyə müəssisəsində
müasir tibbi avadanlıqlar quraşdırılıb. Stasionar,
poliklinika və təcili yardım şöbələrinin fəaliyyət
göstərdiyi xəstəxanada 29 həkim, 34 tibb
bacısı çalışır. Burada, həmçinin
yoluxucu xəstəliklər, pediatriya, doğum və
ginekologiya, cərrahiyyə, terapiya bölmələri,
laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya,
manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə
otaqları, cərrahiyyə əməliyyatlarının
aparılması üçün hər cür şərait
yaradılıb. Ümumiyyətlə, sadalananlardan bir daha
aydın olur ki, doğma Azərbaycanımızın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikası, eləcə də Sədərək rayonu əsl
vətəndaşlıq yanğısı ilə bu gün
yenidən qurulur. Məqsədin aydınlığı, niyyətin
saflığı isə sədərəklilərin ürəklərinə
sonsuz təpər, qollarına yenilməz güc, qüvvət
verir. Bir vaxtlar nankor qonşumuz Ermənistanın işğal
etmək istədiyi bu rayon günü-gündən inkişaf
edərək düşmən üçün göz
dağına çevrilir.
Kərəm HƏSƏNOV
525-ci qəzet.- 2011.- 15 iyul.- S.4.