Qoca tarın 55 yaşlı Qorxmaz dostu
Son beş-altı ilin muğam dirçəlişi
nəzərə alınmazsa, nəinki respublikadan kənarda, hətta
Azərbaycanın özündə milli musiqinin gənclər
arasında populyarlığını, dəbdə olduğunu
demək bir az müşkül məsələydi. Sizi
dağa-daşa salmadan öz başıma gələn əhvalatla
fikrimi türklər demiş kanıtlamaq, yəni sübut eləmək
istəyirəm. Əminənin beş-altı yaşı
vardı (Əminə bəndənizin kiçik
qızıdır). Bir gün onunla bərabər
maşında gedərkən adətim üzrə maqnitofonu
işə saldım və gözəl Azərbaycan musiqisi
salonu doldurdu. Səhərdən axşama ayaqları oynadan
estrada musiqisi eşidən qızım üsyan elədi: ay
ata, bu nədir, başqa musiqi yoxdurmu? Mən artıq uşaqla
“ciddi danışmaq” məqamı gəldiyini
düşünüb, bax, Əminə, – dedim, – o biri musiqilərlə
yanaşı bu musiqini də dinləməlisən, bu, bizim
ata-babalarımızın musiqisidir. Qəribə də olsa həmişə
dediyində israr edən uşaq sakitcə qulaq asmağa
başladı. Onu da deyim ki, evdə nə qədər ana
dilində danışsaq da baxça dili üstünlük təşkil
edirdi və onun “ata-babalarımız” sözünü tam dərk
elədiyinə bir az şübhəm vardı. Amma yenə
öz “pedaqoji tərbiyə üsuluma” qürurla baxdım, “əhsən,
– dedim, – əl boyda uşağı bir kəlmə ilə
öyrətdim”. Söhbətdən təxminən bir həftə
keçmiş yenə maşınla şəhərə
çıxmışdıq. Bu səfər Əminənin
böyük tələbə bacısı da
maşındaydı. Keçən dəfəki əhvalat eyni
şəkildə təkrar oldu və milli musiqinin sədaları
yüksələn kimi Aygün etiraz elədi: ay ata, bu nədir,
başqa musiqin yoxdur? Mən növbəti pedaqoji hücuma
keçməyə macal tapmadım. Əminə səsini
qaldıraraq: Aygün, – dedi, – sus, bu atanın valideynlərinin
musiqisidir.
“Ata-babalarımız” sözü belə
qavranmışdı. İndi sizə “valideynlərimizin
musiqisini” bu şimal diyarında yaşadan eloğlundan
danışmaq istəyirəm. Sənəti yaradanlar və
yaşadanlar var. Bəzən onların hansının daha dəyərli
olması sualı qarşıya çıxanda (əslində
çox mənasız müqayisədir)
düşünürsən: sənəti yaşadan olmasa,
yaradanı da tanıyan olmaz. Hər peşənin üzərinə
möhür vuran fərdlər var ki, əksəriyyət həmin
peşədə məhz bu fərdlərin ifasını
canlandırmaqla, ona bənzəməklə peşəyə vəsiqə
almış olur. Onların fədakarlığının səhnə
arxasında qaldığı az olmur. Qorxmaz Axundov tarzənlik
sənətinin bu sənətə yad olduğu mühitdə
yaşadılması kimi ağır yükün altına
girmiş nadir həmyerlilərimizdəndir. Otuz beş il əvvəl
Asəf Zeynallı adına Bakı musiqi məktəbinin tar
sinfini fərqlənmə diplomu ilə bitirən 20
yaşlı Qorxmaza nə vaxtsa məşhur
Leninqradın—Sankt-Peterburqun 300 illik yubileyi münasibətilə
dünyanın 42 dövlətinin prezidenti qarşısında
Azərbaycan xalq musiqisini ifa edəcəyini desəydilər,
çox güman ki, inanmazdı. O vaxt bir əlçatmaz
arzusu vardı: konservatoriyanın tələbəsi,
böyük Üzeyir bəyin adını daşıyan musiqi
məbədinin ziyarətçisi olmaq. Tale yar oldu. Professor
Oqtay Quliyevin sinfində, Azərbaycan xalq musiqisi fakültəsində
beş il təhsil aldı. Azərbaycanın dilbər guşələrində
müxtəlif musiqi məktəblərində pedaqoq, musiqi
kollektivlərində ifaçı, solist kimi, ansambl rəhbəri
kimi çalışdı, günü-gündən püxtələşdi.
Naxçıvan musiqi məktəbində onlarca gəncin “tar
oxutması”na yardım etdi. Hər gün, hər il tarın
yeni sehrlərini, möcüzələrini öyrəndi.
Tarı ilk dəfə əlinə aldığından
qırx ildən də çox keçməsinə baxmayaraq,
onun bütün sirlərinə vaqifəm demir. Adətən
ifaçılarda həmkarlarına qarşı açıq
və ya gizli, müsbət və ya mənfi bir qibtə, həsəd
olur. Bunu qınamaq nə qədər doğrudur, onu demək
çətindir. Çünki bu qısqanclıq rəqabətin,
dolayısı ilə təkmilləşmənin, kamilləşmənin
açarıdır. Çox vaxt Qorxmaz Axundovu bugünkü
mahir gənc tarzənləri dinləyərkən seyr eləmişəm.
Onların valehedici musiqisinə, barmaqlarının gəzişinə,
yeni xallarına o qədər səmimiyyətlə,
vurğunluqla baxır ki, sanki hər birinin uğurunda
özünün də payı var. Müxtəlif xalqları
bir bayraq altında birləşdirən, bu gün bəzilərinin
dəhşətli yuxu kimi, əksəriyyətin böyük
nisgillə xatırladığı sovet dövləti tarixin
xatirəsinə yazılandan sonra çoxlarının taleyi də
dəyişdi.
Bəlkə
də xalqımız üçün tarixin ən
böyük kinayəsi, paradoksu bundan ibarətdir ki, bu gün
bütün bədbəxtliklərimizdə rus
imperiyasını, rus-sovet ordusunu təqsirləndirə-təqsirləndirə
azərbaycanlıların ən böyük qismi Rusiyada
yaşayır, işləyir, təhsil alır, ana vətənə
iqtisadi yardım edir. 1996-cı ildən bəri Qorxmaz Axundov da
bu təmsilçilərdən biri olub. Bu “könüllü
mühacirətin” ən diqqətəlayiq tərəfi xalq sənətimizin
yayılması, tanıdılmasıdır. Moskvada olduğu
15 il ərzində iştirak etdiyi tədbirləri sadalamaq istəsəm
bir qəzet səhifəsi azlıq edər. Cəmi bir
neçəsinin adını çəkmək kifayətdir məncə.
Böyük rus şairi A. S. Puşkinin anadan olmasının
200 illik yubileyi münasibətilə 1999-cu ildə keçirilən
tədbirdəki uğurlu çıxışı şairin
adını daşıyan Beynəlxalq fondun diplomuna layiq
görülüb. 2000-ci ildə iqtisadi və mədəni əməkdaşlığa
dair ikinci Rusiya festivalında, həmin il keçirilən
“Uşaqlar planeti” beynəlxalq festivalında diplom və təltifnamə,
2001-ci ildə Soçidə keçirilən “Qızıl
top” festivalında laureat diplomu, həmin il Moskvada MDB
yaradılmasının 10 illiyi münasibətilə
keçirilən dövlətlərarası sərgidə “Azərbaycan
bülbülləri” uşaq instrumental ansamblının rəhbəri
kimi diplom alıb. Milli mədəniyyətlərin təbliğində
respublikamızın səlahiyyətli elçisi kimi
çıxış edən Q. Axundov “Dostluq kəhkəşanı”
festivalında Moskva Hökumətinin diplomuna, milli xalq
çalğı alətlərinin ifaçıları
müsabiqəsində Müslüm Maqomayev adına mükafatın
laureatı adına layiq görülüb. Əslində bu
sadalamalar quru və yorucu görünə bilər. Həqiqətən
də bunlar həmyerlimizin müvəffəqiyyət
qazandığı miqyaslı tədbirlərin çox az hissəsini
təşkil edir. Son on-on beş ildə Moskva ictimaiyyəti
qarşısında, burada yaşayan həmyerlilərimiz
qarşısında, əzəmətli şəhərin milli
rəngarəngliyini görmək istəyən əcnəbilər
qarşısında xalq musiqimizi, birinci növbədə
tarın ecazkar qüdrətini Qorxmaz nümayiş etdirir.
Novruz şənliklərimiz, digər bayramlarımız, həm
ifaçı kimi özünün, həm də pedaqoq kimi
onun hazırladığı gənc ifaçıların
iştirakı olmadan keçmir. Neçə illərdir
respublikamızın müstəqillik gününün Moskvada
təntənəli şəkildə bayram edilməsini də
Qorxmazsız təsəvvür etmək çətindir.
Moskvada məşhur həmyerlimiz Kərim Kərimovun
adını daşıyan 157 nömrəli milli etnik təmayüllü
orta məktəbdə Azərbaycan xalq sənətini, milli
çalğı alətlərini, muğamı və xalq
mahnılarını Rusiya paytaxtının gənc nəslinə
tanıdan da Qorxmaz Axundovdur. Buradakı ilk Azərbaycan
teatrı “Dərviş”in yaxın dostu, musiqi
quruluşlarının yaxın
iştirakçısıdır.
Tarzənlik sənətinə
Sadıqcan kimi, Bəhram Mansurov və Ramiz Quliyev kimi
möhür vuran ustadların yaratdığı zirvələr
son illər respublikada geniş vüsət alan
ifaçılıq məktəbi sayəsində yeni simalar
üzə çıxarır. Bir də bu sənəti
yorulmadan təbliğ edən, bu yolda Fərhad kimi
külüng çalan, eldən-obadan uzaqda füsunkar
Soçidən tutmuş Finlandiyanın soyuq Turkusuna,
Kalininqraddan tutmuş Tümenə qədər böyük bir
coğrafiyada tarı şərəflə təmsil və təbliğ
edən həmyerlimiz var. Ömrünün yetkin yaşında
– iyulun 22-də Qorxmaz Axundovun 55 yaşı tamam olur, – səmimi
dostuma, gözəl ailə başçısına möhkəm
can sağlığı, yeni yaradıcılıq
uğurları diləmək, sədəfli tarının sədalarının
ən müxtəlif səhnələrdən gəlməsini,
“valideynlərimizin musiqisini” dünya durduqca
yaşatmasını arzulamaq və bu fədakarlığın
Ana vətən tərəfindən həqiqətən bir əməkdarlıq
etirafı ilə təltifinə ümid bağlamaq da bizim
payımıza düşən bəxtəvərlikdir.
Cəfər
SADIQ
525-ci qəzet.-
2011.- 16 iyul.- S.30.