Susmuş səsin nağılı

 

AZƏRBAYCAN RADİOSUNUN DİKTORU, TANINMIŞ AKTYOR, XALQ ARTİSTİ YUSİF MUXTAROVUN XATİRƏSİNƏ

 

Bu dünyada hər kəs onu xatırladıb-yaşadacaq bir nişanə qoyub gedir. Yusif Muxtarovdan da bizlərə hər zaman ruhumuzu oxşayacaq bənzərsiz bir səs qaldı. Bəlkə də onu hər dəfə yaxınlarına xatırladacaq çox nişanələrdən danışmaq olar, çünki Yusif yaxşı aktyor idi, kinoda, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaratmışdı. Hər zaman arzulanan həmsöhbət, mülayim bir insan, yaxşı dostuydu. Əla inzibatçı idi, ömür-gün yoldaşı, sevimli aktrisamız Amaliya xanım Pənahovanın min əziyyətlə yaratdığı Bələdiyyə teatrının dayağı, böyük bir aktyor kollektivinin sevimlisi, çiyinlərində mənəvi yük daşıyan, ağrıları duyan insanlardanıydı... Təbii ki, bu göstəricilərin hamısı Tanrının ona verdiyi az qala ilahi bir səsin cızdığı görünməz sərhədlərdən sonra gəlirdi. Yusifi böyük sənət meydanına çəkib gətirən məhz onun qeyri-adi səsi olmuşdu. Bu səs onun talismanı, iti ağlının və düşüncəsinin, geniş qəlbinin, gülümsər çöhrəsinin, bir sözlə bütün xarakterinin ifadəçisi idi. İlk andaca müsahibini ovsunlayaraq onda ən xoş duyğular yaradan bu səs sağlığında Yusifin bir nağıl həyatı, ürəklərdəki obrazı idisə, dünyasını dəyişdikdən sonra bu diri səs onun dayanmış ürək döyüntülərinin davamına çevrildi...

O, sözün həqiqi mənasında, müharibənin övladı idi. Böyük Vətən müharibəsi başlayandan bir ay sonra doğulmuşdu. Sabirabadın Kür kəndində keçən uşaqlığının iki rəngi qalmışdı yaddaşında: aclıq və ölüm qorxusu. Müharibə heç kimə rəhm etmədən öz amansız qanunları ilə bütün qapıları döyürdü. Amma taleyinə yaşamaq yazıldığından Yusif uşaqlıq illərinin çətinliklərini arxada qoya bildi. Təkcə atası Mehdi kişinin kolxoz sədri olması yetərli deyildi, o dövrdə füsunkar təbiətli Tuqay meşələri və Kür çayı da öz nemətləri ilə aclıq çəkən el-obanın, o cümlədən Yusifgilin ailəsinin dadına yetdi. 

Mürəkkəb və ziddiyyətli dövr xüsusən uşaqların xarakterində həmişə öz izlərini qoyur. Yusifin xasiyyətindəki bəzi sərt çalarlar və hərdən aşkarca duyulan qaradinməzlik də məhz müharibə dövrünün “yadigarı” idi. Həmin dövrün həyəcanlarını özünə hopdurmuş onun uşaqlıq yaddaşının bir parlaq epizodu da radio ilə bağlıydı. Təbii ki, 4-5 yaşındakı uşaq əfsanəvi diktor Levitanın kim olduğunu bilmirdi, amma onun həyəcan doğuran gur səsini yayan radio cihazının müharibə illərində niyə belə əzizləndiyini bir körpə həssaslığı ilə duyurdu. Amma Yusif “danışan qutuya olan sevgisini və niyə məhz radio diktoru olmasını yaddaşının bir küncünə ömürlük yazılmış bu epizodla heç vaxt bağlamırdı. 

El arasında əsl ağsaqqal, sözünün ağası, mərd bir kişi kimi tanınan atası onu iqtisadçı görmək istəyirdi.Yusif onun ürəyini qırmadı, “narxozagirdi, bir-iki il də yaxşı oxudu, hətta sonralar Moskvada Plexanov adına Xalq Təsərrüfatı Akademiyasının iqtisadiyyat şöbəsini də qiyabi bitirdi. Amma lap əvvəldən hiss edirdi ki, ondan iqtisadçı olmayacaq, könül quşu tamam başqa bir səmada pərvaz etmək üçün çırpınır. Ona görə yaxınları, dostları eşidəndə ki, Yusif İncəsənət institutunun aktyorluq fakültəsində görkəmli rejissor Adil İsgəndərovdan dərs alır, heç kim təəccüblənmədi.Bu kurslar isə Yusifə təkcə peşəkarlıq öyrətmədi, həm də ona gələcək həyat yoldaşı bəxş etdi. Arzularına doğru qanad açdığı bu ünvanda qarşısına çıxan gözəl bir qıza vuruldu: yüksək sənət duyumuqeyri-adi cazibəsi ilə onu məftun edən gələcəyin görkəmli teatr xadimi və bənzərsiz aktrisa kimi tanınacaq Amaliya Pənahova ilə nağıl kimi bir ailə həyatı belə başladı... 

Yusif Muxtarov səhnəyə ümid verən, geniş diapazonlu bir aktyor kimi gəlmişdi. Hər halda səs tembri, fiziki göstəriciləri, plastikası, obrazı duyub-ifadə etmək məharəti bunları deməyə əsas verirdi. Səhnədə ilk addımlarını böyük sənətkar Adil İsgəndərovun rejissoru olduğu tamaşalarda atmışdı. Hələ tələbə ikən Aleksandr (“İki qardaş”), Əbdülrəhman (“Qəribə adam”), Şadi (“Bayramın ilk günü”) kimi rollar yaradıb. Sonra televiziya teatrında özünü sınayıb, Ç. Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, M. Bayciyevin (“Duel”) teletamaşalarında görkəmli sənətkarlar – Səməndər RzayevAmaliya Pənahova ilə tərəf-müqabil olub. Yusifi kinoda da bəyəniblər. “Gecə qatarında qətl”, “Baladadaşın ilk məhəbbəti” filmlərində yaratdığı Paxan, Murad kimi obrazları xatırlayan tamaşaçıların üzünə bu gün də təbəssüm qonur. Onun ekrandakı incə oyununda italyan aktyorlarına xas olan bir keyfiyyət-hər hansı kiçik epizodu bitkin bir süjetə çevirmək və bununla tamaşaçının yaddaşında parlaq sima kimi qalmaq istedadı vardı. Amma çox təəssüf ki,Yusifin kino sahəsindəki obrazlar qalereyası arzulanan qədər zəngin olmadı... 

O, özünü daha çox radioda tapdı. Səsi gətirib çıxarmışdı onu buraya. Bütün varlığı ilə öz yerində olduğunu hiss edirdi. Həm uşaqlıqdan yaddaşında ilişib qalmış duyğuları da daxildən ona güc verirdi. Həmin arzuladığı sehrli radio idi bu, balaca bir otaqda danışırdın səsin bütün dünyaya yayılırdı... Düz 30 il Azərbaycan radiosunda aparıcı diktor kimi çalışdı, bir-birindən fərqli verilişlər oxudu, Aydın Qaradağlı, Sabutay Quliyev, Fatma Cabbarova, Ramiz Mustafayev kimi müqtədir sənətkarlarla çiyin-çiyinə çalışdı. Hər dəfə mikrofonun yanıb-sönməsi ilə öz dinləyənləri sehrli bir dünyaya qovuşdura bildi. Xəbər oxudu, ictimai-siyasi verilişlər səsləndirdi, amma bir şeyi duydu ki, onun səsi ədəbi-bədii proqramlara daha çox yatır, odur ki, könlünü ancaq bu sahəyə verdi. Bu gün Azərbaycan radiosunun fonotekasında Yusifin səsi ilə lentə alınmış hər biri ciddi mədəniyyət hadisəsi ola biləcək 300-dən artıq ədəbi-bədii veriliş saxlanılır. 

Radio səslər səltənətidir,burada çox şeyi səs həll edir. Çox adamın səsi mikrofona düşə bilər, amma hər səs Yusif Muxtarovun səsi kimi yapışıqlı, ürəyəyatan ola bilməz. Həm səs ürəklərə yol tapmaq üçün bir açardır, gərək bu açarı işlətməyin sirlərini biləsən. Yusif bu sirri bildiyindən səsini idarə etməyi, efirin incəliklərini,mikrofonun xasiyyətini, radionun özünəməxsus dilini, intonasiya ahəngi yaxşı tuturdu. O bilirdi ki, diktor mütləq orfoepiya qaydalarına ciddi əməl etməli, səsin çalarları, ahəngi, tembri uyğun ölçülərdə olmalıdır. Çatdırılan fikrin aydınlığı,dəqiqliyi, forma gözəlliyi əsas şərt kimi götürülməlidir, yoxsa dinləyici səni qavramayacaq, sənin mətni yazan müəllifin əziyyəti hədər gedəcək. Yusifin səsində radio diktoru üçün gərək olan şərtlərin hamısı var idi: xoşagəlimli tembrli nüfuzedici cazibədar səs, yüksək ifa məharəti, səlis,aydın çatımlı danışıq, təmiz diksiya, gözəl tələffüz, mətnin məzmununu məntiqi vurğu ilə təqdim etmək bacarığı, üstəgəl dinləyicini ovsunlayıb öz ardınca apara bilən səmimiyyət. Məhz bu parlaq keyfiyyətlərinə görə Teleradio komitəsinin o vaxtkı sədri, şair Ənvər Əlibəyli: “Azərbaycan radiosu Yusif Muxtarovun simasında son dərəcə gözəl bir mütəxəssis tapdıdeyərdi. 

Həqiqətən bu tapıntı Azərbaycan radiosunun səs palitrasını əlvanlaşdırıb-zənginləşdirə bildi. Xüsusən bədii qiraət ustası kimi Yusifin yeni imkanları üzə çıxdı. Klassik poeziyamızın Nizami, Füzuli, Nəsimi,Vaqif, Seyid Əzim kimi korifeylərinin şeirləri Y. Muxtarovun ifasında, sanki yeni çalarlarda görünməyə başladı. Bu canlı ifa tərzini və hərdən qəribə ləngəri ilə fərqlənən bir səslə oxuduğu digər verilişləri dinlədikcə adam Yusifin ölümünə heç inanmır. Çünki bu səsdə hər kəsin duya bilmədiyi bir möcüzə gizlənib. Bu qüdrətli səsdə o qədər cazibə, o qədər böyük enerji, o qədər güclü həyat eşqi və yaşamağa güclü çağırış var ki...

Həyatda,elə sənət aləmində də az-az olur ki, insanın səsi ilə onun zahiri görünüşü arasında uyğunluq olsun. Tanrı Yusifi belə uyğun ölçülərdə yaratmışdı. Hündür boylu və cüssəliydi, görkəminə uyğun olaraq bir az da zəhmli idi, bəzən tanımayan adamlar onun sınayıcı nəzərlərindən yayınmağa çalışırdılar. Amma bunlar zahirən belə görünürdü, elə ki, Yusiflə kəlmə kəsirdin qarşında sənə uşaq məsumluğu ilə ürəyini verməyə hazır olan, hər hərəkəti ilə səni ovsunlayan bir insanı görürdün. Onun səsi də belə idi... Gur axan dağ çayı kimi yeri-göyü qoparmağa qadiriydi, amma bu gurluğun içərisində hamını cəlb edən həzin, zərif və səmimi bir ahəng varıydı. Məhz həmin ahəngdir Yusifi bu gün də bizlərə sevdirən, həmin ahəngdir susmuş səsi də danışdırır və sahibini yaşadır...

 

 

Qulu MƏHƏRRƏMLİ

 

525-ci qəzet.- 2011.- 22 iyul.- S.4.