“Övliya Çələbinin izinə düşüb, gəzib onun təsvir etdiyi 400 il öncəki Azərbaycanla indiki Azərbaycan arasındakı fərqlərdən yazmaq istəyirəm...”

 

Pərvinin həmsöhbəti tərcüməçi, nasir İmdat Avşardır.

 

Pərvin: Salam, İmdat bəy. Bakıya xoş gəlmişsiniz!

İmdat Avşar: Salam, Pərvin xanım! Təşəkkür edirəm! Bakıda olmağımdan məmnunam.

Pərvin: Bildiyimə görə Azərbaycana bu dəfəki səfəriniz başqalarından fərqlənir...

İmdat Avşar: Doğrudur. Bu dəfə Azərbaycana YUNESKO, Avrasiya Yazarlar Birliyi və Türkiyə Mədəniyyət Nazirliyinin birgə layihəsinin iştirakçısı kimi gəlmişəm. Bildiyiniz kimi, 400 il öncə bizim Övliya Çələbi adlı səyyahımız Osmanlı torpaqlarını və digər torpaqları 50 ilə gəzib 7 cildlik   “Səyahətnamə” əsəri yazmışdı. Bizim məqsədimiz Ö.Çələbinin 50 ilə səyahət etdiyi əraziləri 50 yazar arasında bölüşdürüb 1 ilə gəzmək və sonra da səyahətnamə yazmaqdan ibarətdir. Onun səyahətinin bir hissəsi də Azərbaycan torpaqlarına təsadüf edirdi...

Pərvin: Təbii ki, siz məhz buranı seçdiniz...

İmdat Avşar: Əlbəttə! Övliya Çələbinin izinə düşüb, gəzib onun təsvir etdiyi 400 il öncəki Azərbaycanla indiki Azərbaycan arasındakı fərqlərdən yazmaq istəyirəm. Yəni biz öz Səyahətnaməmizi yazacağıq.  

Pərvin: Avrasiya Yazarlar Birliyində, həmçinin də “Qardaş Qələmlər” jurnalında çalışırsınız. Bu qurumun fəaliyyəti ilə Azərbaycanda yaxından tanışdırlar. Lakin, təşkilatın yaranması ideyasının hardan gəlməsi barədə məlumatlı deyilik...

İmdat Avşar: Bildiyiniz kimi Azərbaycan və bir çox başqa Türk dövlətləri 20 il öncəyə qədər Sovet İttifaqının tərkibində idi. Biz o zamanlar fərqli   dünyalarda yaşasaq da, bilirdik ki, burda qardaşlarımız var. Fəqət, o dövrlərdə əlaqələr çox az idi. 1990-cı ildən sonra Sovet İttifaqı dağılanda qarşımıza böyük bir Türk dünyası çıxdı. Bu dünya ilə mədəni, dil, ədəbi əlaqələrimizin qurulması və bir yerə toplanması lazım idi. Avrasiya Yazarlar Birliyi də belə bir ehtiyacdan yarandı. Hədəfimizi də Türk dünyası ilə ilişkilər üzərində qurduq. Bizim bir çox Türkdilli dövlətlərlə – Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan və s. ilə əlaqələrimiz var. Amma ən geniş əlaqələrimiz Azərbaycanladır. Çünki Azərbaycanla dil sorunumuz yoxdur. Azərbaycan dili ilə Türk dili bir-birinin əkiz qardaşı kimidir.  

Biz düşündük, madam ki, Türkdilli dövlətlərlə ədəbi-mədəni əlaqələr yaradırıq, qarşılıqlı tərcümələr edirik, o zaman bütün bunları çap etdirə biləcəyimiz bir dərgimiz olsun. “Qardaş qələmlər” dərgisi də bu ehtiyacdan yarandı.

Bu dərginin dili Türkiyə türkcəsi olsa da, Qazaxıstandan Balkanlara qədər harada türk dili ilə əlaqəsi olan bir hekayə, şeir, esse varsa, tərcümə edib yayımlayırıq. Amma ən çox yayılan, tərcümə olunan Azərbaycan ədəbiyyatı nümunələri olur.

Pərvin: Ümumiyyətlə, bu gün bir çox Türkdilli ölkələrin aydınları ortaq türk dilinin yaradılmasının tərəfdarıdırlar. Bu Türkdilli xalqların bir mədəni arealda birləşməsi üçün ilkin mərhələ hesab olunur. Siz nadir adamlardansınız ki, Türk xalqlarının bir çoxunun ədəbi nümunələrini Türkiyə türkcəsinə tərcümə etmisiniz. Belə demək olar ki, bu dillərin çoxuna bələdsiniz. Sizcə, bütün türk xalqlarının anlayacağı bir dilin yaranması üçün hansı istiqamətdə iş aparılmalıdır və buna çoxmu zaman lazımdır?

İmdat Avşar: Türk dünyası coğrafiyasının sərhədləri çox genişdir. Qədim dövrlərindən bu yana millətlər bir-birindən ayrı qalmışdır.

Min il öncə Mahmud Kaşğari “Türk dilinin ortaq lüğəti”ni yazmışdı. Min il öncəki dövrdə türk dilləri arasındakı əlaqələr bir-birinə daha yaxın idi. Amma bu min illik ayrılıq ləhcələri anlaşılmaz dərəcədə fərqliləşdirdi. Məncə, indi ortaq bir türk dilinin yaranması üçün çox uzun zaman lazımdır. Bəlkə bu heç mümkün olmaya da bilər...

Pərvin: Amma, tarixdə buna cəhdlər var... Krımlı İsmayıl bəy Qaspiralı yüz il öncə ortaq dilin yaranması üçün qəzet təsis etmişdi...

İmdat Avşar: Düzdür. Bu “Qardaş qələmlər”ə bənzər bir qəzet idi. Bakıya da, Qazaxıstana da, Şərqi Türküstana da, İstanbula da yayılırdı. Amma o dərgini İstanbulda təhsil almış, məsələn, Azərbaycan ədəbiyyatından Hüseyn Cavid, Əhməd Cavad kimi ziyalılar anlaya bilirdilər...

İllər keçdikcə yenə də bu dillər bir-birindən ayrılır... Bunları ortaq bir dildə birləşdirmək ədəbi mənada mümkün deyil. Amma məncə ortaq ədəbi dildən daha çox ortaq əlaqə, ünsiyyət, danışıq dilinə ehtiyacımız var. Bu gün Qərb dünyası ingilis dilindən danışıq dili kimi istifadə edir. Məsələn, bir fransızla alman iş birliyi qurursa, ingilis dilində danışır.

Pərvin: O zaman ortaq ünsiyyət dili hansı dil olmalıdır sualı çıxır ortaya. Azərbaycan, Kazax, Türk, Qırğız, Türkmən... dillərindən hansı olmalıdır?

İmdat Avşar: Mən bu məsələ ilə bağlı bizim türk dünyasının böyük yazarı Anarın mövqeyi ilə razıyam. Anar demişdi ki, bizim ortaq ədəbi dilə ehtiyacımız yoxdur. Hər kəs öz dilində öz ədəbiyyatını yaratsın. Amma bizim bir ortaq ünsiyyət dilimiz olmalıdır. Bu da Türkiyə türkcəsi olmalıdır. Çünki bu dil 75 milyon insanın danışdığı bir dildir.    

Pərvin: Avrasiya Yazarlar Birliyinin fəaliyyəti çərçivəsində demək olar ki, bir çox türkdilli dövlətlərdə olmusunuz. Sizcə, bu dövlətlərin hansında ümumtürk təfəkkür tərzi daha yüksək inkişaf edib?

İmdat Avşar: Keçmiş zamanda yaşanan siyasi hadisələr bu günki düşüncə sisteminə təsir göstərir. Deyək ki, Başqırdıstan, Kazan, Qırqızıstan, Kazaxıstan kimi qıpçaq ləhcəsi ilə yazan, danışan ölkələrdə daha çox ruscaya meyl duyulur. Orda türk dilində yazan yazarlar azdır. Bu ölkələrin ədəbiyyatına və mədəniyyətinə rus dilinin böyük təsiri var. Mən deyərdim ki, Özbəkistanda kökə bağlılıq çox güclüdür. Onlar öz dillərini ön planda, əsas yerdə saxlayırlar. Azərbaycanda inkişaf daha fərqli və dinamikdir. Azərbaycanın həm Qərb, həm də Şərq mədəniyyəti ilə əlaqələri var. Musiqidə Ü.Hacıbəyli, Q.Qarayev kimi bəstəkarlar, Mirzə Cəlildən, Mirzə Fətəli Axundzadədən başlayaraq çox güclü yazarlar yetişdirmişdir bu millət... Azərbaycan ədəbiyyatı 60-cı illərdən bu yana Anar, Elçin, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə kimi çox böyük bir dahi ordusu yetişdirib. Və bu yazarlarda Azərbaycan dilinə qarşı çox incə bir həssaslıq vardır. Bu ənənəni müasir dövrdə fəal yaradıcılıqla məşğul olan Elçin Hüseynbəyli kimi yazarlar davam etdirirlər. Bu baxımdan Azərbaycanın və dediyim kimi Özbəkistanın digərlərindən daha öndə, daha fərqli olması aydın görünür.

Pərvin: Deyirlər ki, yazıçı üçün tərcümə və bədii yaradıcılıq qoşa qanaddır. Tərcümə işi şəxsi bədii yaradıcılığa mane olmur ki? Vaxt qıtlığı nəticəsində seçim qarşısında qalarkən hansına üstünlük verirsiniz?  

İmdat Avşar: Mən ədəbi fəaliyyətə çox gec, 2007-ci ildən başlamışam. Ona görə bir növ o illərin də əvəzinə indi, daha çox çalışıram. Eyni vaxtda həm bədii əsər yazır, həm də tərcümə edirəm. Hansına daha çox üstünlük verdiyimi demək çətindir. Bəzən hekayə yazdığım anda görürəm ki, tərcümə işim yarımçıq qalıb və bu işi qoyub tərcüməyə keçirəm. Yaxud da əksinə. Bunlardan əlavə ictimai işim də var. Amma hələ ki, yorulmuram bu işlərdən. (gülür) İnşallah təqaüdə çıxanda yalnız ədəbi fəaliyyətlə məşğul olacağam.

Pərvin: Belə bir məsəl var: “Tərcümə sevgi ilə qurulan nikaha bənzəyir...” Yəni oxuduğun ədəbiyyat nümunəsini bütün varlığınla sevməlisən ki, onu həm də kimlərinsə oxuması üçün çalışasan, tərcümə edəsən...

İmdat Avşar: Olduqca maraqlı və dəqiq fikirdir, Pərvin xanım! Həqiqətən, insan sahib olduğu gözəlliyi başqalarına da duydurmaq ehtiyacı hiss etməlidir ki, bu işi görsün. Hardasa gözəllik, şirinlik varsa, insan bunu başqalarına da çatdırmaq üçün çalışır. Bu insanın içindən gəlir. Tərcümə işinə sevgimi Azərbaycan ədəbiyyatı misalında izah etmək istəyirəm. Azərbaycan dilində ilk qarşılaşdığım əsər 1990-cı ildə Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması idi. Bu poemanı 3 dildə – ərəb, türk, azəri dilində çap olunmuş kitabdan məhz Azərbaycan türkcəsində oxudum. Çünki, əsər bu dildə daha musiqili, daha şirin oxunur... O zamandan bu dilə   sevgim yarandı. Azərbaycan türkcəsini alagözlü ceyrana bənzətsək, mən onun arxasınca düşən bir ovçuya çevrildim. Çox sevdim, çox xoşladım bu dili. Hətta öz-özümlə bu dildə danışmağa çalışırdım. Sonrakı illərdə Azərbaycan nəsri ilə də tanış oldum. Bir müddət sonra bu gözəllikləri başqaları da duysun, anlasın, mənim qədər zövq alsın – deyə düşündüm. Azəri dilindən türkcəyə 15-20 kitab, yüzlərcə də hekayələr tərcümə etmişəm. Bu fəaliyyətim hələ də davam edir.

Pərvin: Deyirsiniz ki, Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümələr etmisiniz. Bu əsərlərdən hansılar ruhən sizə daha yaxın olub və iş prosesində yadda qalan məqamlar hansılardı?

İmdat Avşar: (gülür) Kiminsə adını çəksəm, başqaları inciyər. Yazıçının əsərləri onun övladları kimidir. Yazarla əsəri arasındakı əlaqə, atayla oğul arasındakı əlaqəyə bənzəyir. Başqalarının hekayələrinə də onların övladları kimi baxıram. Bəzən çox şirin, zərif, incə görünürlər mənə, lap bağrıma basmaq istəyirəm. Amma bəzən də bir az adi görünür və uzaq durmaq istəyirəm. Lap çox sevdiyim əsərlər də var, amma könlümün uyuşmadığı, tərcüməsinə həvəslə yanaşmadığım əsərlər də olur. Hər halda Azərbaycan ədəbiyyatını bir bütün olaraq sevirəm...

Pərvin: Anarın Nazim Hikmətə həsr olunmuş “Kərəm kimi” romanını Türkiyə türkcəsinə siz tərcümə etmisiniz. Bu əsərdə təsvir olunan Nazim Hikmətlə Türkiyənin tanıdığı Nazim Hikmət arasında fərqlər çox idimi?

İmdat Avşar: Nazım Hikmət sadəcə Türkiyənin deyil, Azərbaycanın da şairi olmuşdur. Amma biz bunu Anarın kitabından öyrəndik. Anar bu kitabıyla Türkiyədəki Nazım Hikmət anlayışını alt-üst etdi. Nazımı Türkiyədəki sağların, yaxud da solların gözü ilə deyil, çox obyektiv baxan və bütün gerçəkləri gözəl bir dillə təsvir edən Anarın təqdimatında tanıdıq. Biz bu kitabın təqdimatını Ankarada da, Avropada da keçirdik. Bundan sonra çox fərqli fikirlər, mövqelər ortaya çıxdı. Bu da çox gözəl hadisə idi. Bu kitabı tərcümə etməyimlə fəxr edirəm.

Pərvin: Azərbaycan ədəbiyyatına arzunuz...

İmdat Avşar: Mən özümü Azərbaycan ədəbiyyatının üzvü kimi görürəm. Arzum budur ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatları sırasında layiq olduğu yeri gözlədiyimizdən də tez tutsun.

Pərvin: Mənə arzunuz...

İmdat Avşar: Arzu edirəm ki, yazılarınızdakı o zərif qadın ruhunu, baxışını hər zaman qoruyasınız.

 

 

525-ci qəzet.- 2011.- 23 iyul.- S.21.