Qorxulu Quantanamo

 

Kuba dəftəri” silsiləsindən

 

Məndən soruşan olsaydı ki, şeytanın gücü nədədi, düşünmədən deyərdim: insan qəlbindəki qorxuda. Bütün mübarizələrin başında insanın öz qorxusuyla mübarizəsi durur. Bəşəriyyət hələ ağlı kəsməyən, şüuru yetişməyən vaxtından bu mübarizədədi.

Qələbələrin ən şirini qorxuya qalib gələnidi. Dünyanın ən “təntənəli” hüzuru da adladığın qorxunun o üzündə keçirdiyin anlardadı. İnsanın ilk qalibiyyəti vahiməli ildırımın yaratdığı qorxunc alovu ram etməsi, sonra da istisinə qızınmasıdı. Əcdadlarımızın tit-tir əsə-əsə üstünə getdikləri, məsələn, mamontu öldürüb, sonra da bişirib yemələri elə qorxunun sərhədini keçib həzz duyğusunu yaşamaları idi...

Spartak 70 tərəfdarı ilə öz qul qəlbindəki qorxunu əzməsəydi üsyana qalxa bilməzdi! Məcnun da heç nədən qorxmayıb ürəyini həyat mənbəyi Leyliyə açmasaydı, Məcnun olmazdı, elə Qeys qalardı.

... Qorxunun düşüncə məkanı dardı. Burda olan yalnız sağ qalmaq reseptidi. İnsan qəlbindəki qorxu salamat qalmaq üçün daim yollar axtaran duyğu generatorudu.

Qorxunun yaşam təminatı nizamyaradıcı qüvvə olmasındadı – qorxuda nizam var, amma bu harmoniya deyil. Bütün sərkərdələr ordularını, bütün şahlar, krallar dövlətlərini qorxu nizamı ilə yaradıb. Bütün dinlərin də gücü Allah xofu, Qiyamət qorxusundadı.

... amma Qorxu Azadlığın astar üzüdü. İlk baxışda azadlıq xaosla səsləşir. Belə deyil. Onun xaosluğu göy üzündəki ulduzların “xaos” nizamı kimidi, harmoniyası ilahi düzümdədi. Onun düşüncə məkanı da genişdi, lap elə ulduzlardan ulduzlaracandı.

Tərəqqipərvər bəşəriyyət qorxunu azadlığa çevirməklə xilas yolunu tapdı. İnsan dərk elədi ki, azad əsgər quldan yaxşı döyüşçüdü, azad adam kölədən sadiq vətəndaşdı, Allaha azad bəndənin sevgisi qulun qorxusundan daha səmimi ibadətdi.

... Neyləyəsən ki, qorxu da azadlıq duyğusu kimi əbədidi, bu gün ölsə də sabah yenə dirilir – davaları sonsuzacandı, Xeyirlə Şərin özü kimi!

Yola çıxmağımızın dördüncü günü HavanaSantyaqo-de-Kuba avtobanındakı növbəti şəhərə çatdıq. Bayamo magistral avtomobil və dəmiryol xətlərinin kəsişməsində yerləşir. Şəhəri ikiyə bölən Bayamo çayı yaşıl sahilləriylə gözəldi. Amma burda da bizdəki kimi əsas küçənin asfaltı təzə salınıb, binaları rənglənib, səkiləri süpürülüb, içəri küçələr isə it günündədi.

Burda bir gecə qaldıq. Səhər fikrimi dəyişmişdim. Səfərlərdə qəfil yolu dəyişib ağla ilk gələn tərəfə getməyim az olmayıb. Yadda qalan da elə bu macəra dolu yollar olur. Belə “səfər”lərdən gərək bir kitab bağlayam. Sağlıq olsun!

Dostları inandırıb iki dəfə belə yoldan çıxardım. Birində yol boyu banan bağlarına valeh olduq. Burdakı banan bizdə satılan banan kimi qəşəng görünüşlü deyil, balacadı, üstü ləkəlidi, amma dadı... Bizim qızıləhmədi almamızla, məsələn, Argentinadan gətirilmə bir neçə mövsümtəravətiniitirməyən alma arasında fərq qədərdisə, bizdə satılan bananla Kuba bağlarındakı bananın dadında o qədər fərq var.

Şəkər qamışı plantasiyasında qamış qıran kənd zəhmətkeşlərinin bizi görəndə sevinmələri məktəb vaxtı pambıq yığmağa gedəndə uşaqların sevinməyini yadıma saldı. Maşını saxlayıb hal-əhval tutmaq istədik. BiziHola! Hola!”, yəni “Salam! Salam” sədalarıyla gülə-gülə qarşıladılar. Amma birinin üstlərinə qışqırmağıyla qurbağa gölünə daş atılan kimi sakitlik yarandı, başlarını aşağı salıb qayıtdılar işlərinin başına. Çox güman ki, briqadirləri idi. Sir-sifətindən zəhrimar yağan bubriqadir”ə saxta təbəssüm bağışlayıb maşına qayıtdım.

Birinciyoldan çıxmamızGuakanayabo körfəzi sahilindəki Manzanilloda başa çatdı.

İkinci nəzərdə tutulmayan yerə getməyimizin tək səbəbi adıyla bizi cəlb edən Quantanamo oldu. Orada tək görüşmə ehtimalı olası adam hüquqşünas, uzun illər siyasi məhbus ömrü yaşamış, indi daha çox din xadimi kimi tanınan Pedro (bu silsilə yazılardakı bütün adlar dəyişdirilib- müəllif) idi. Təklifim dostların da ürəyincə oldu.

Autopista A1” deyilən Kubanın baş yolundan sola burulub adı dünyanın xəbər lentlərindən düşməyən Quantanamoya yön alanda kefimizin çağ vaxtıydı. Moskvalı etnoqraf dostum, dünyanın ən mağmın çeçeni Leçanın Müslüm Maqomayevin vaxtilə dillər əzbəri olmuşQuantanamera” mahnısını zümzümə eləməsi maşın şüşələrindən görünən təbiət mənzərələrinə xüsusi fon verirdi. “Quantanameraquantanamolu qız deməkmiş.

Neçə gün idi yol gəlirdik. Min kilometrədək məsafə qət eləmişdik, amma yolda bir nəfər polisə də rast olmamışdıq. Şlaqbaumlu polis postunu görəndə buranın fərqli bir yer olduğunu anladıq. Düşünürdük ki, turist olduğumuzdan bizi saxlamazlar, yanılmışdıq. Bizi elə turist olduğumuza görə saxlamalarını sonra biləcəkdik.

Üçümüzünpasportumuzu alıb gedən cavan polis düz yarım saata qayıtdı. ABŞ-ın məşhur Quantanamo həbs düşərgəsi bu əyalətdə yerləşdiyindən burada ciddi rejim varmış. İsti iqlimi, xüsusi tarixi abidələri, istirahət mərkəzlərinin olmaması səbəbindən buralara turistlər nadir hallarda gəlir. Gələn də dərhal yoxlanılır. Bizi də yoxlayırdılar, amma adi yoxlamanın bu qədər uzun çəkməsi şübhəliydi.

Dəfələrlə güdüldüyümüzü duymuşduq. Polis nəzarətində olan siyasi müxalifət nümayəndələriylə görüşlərdən sonra arxamıza düşən xəfiyyələri az görməmişdik.

Əmin idik ki, barəmizdə mərkəzə xəbər verib təlimat gözləyirlər. Planda olmayan yerə gəlməyin səhv addım olduğunu indi dərk eləyirdik. Çamadanlarımızı açıb siyasi yönlü kitabları görəndə, səfərimizin məqsədini soruşanda, lap belə Leçanın boynundakı medalyon-fləşdəki ölkə boyu görüşdüyümüz və görüşəcəyimiz əlliyədək ictimai-siyasi fəal adamın adı, ünvanı olan siyahını tapanda nə deyəcəyimizi saf-çürük elədik. Dostlara demədim ki, bu siyahının məndəki nüsxəsi hələ də çantamdadı, onlar özlərinkini cırıb yandıranda mən saxlamışdım. Desəydim, əlavə həyəcan, narahatçılıq yaradacaqdım. Onsuz da bayaqdan onlara ingilislərin çəkdiyi “Quantanamo yolu” filmindən danışır, oradakı qorxunc işgəncələrdən söz salıb lağlağı eləmişdim. Bunu ona görə etmişdim ki, aradakı soyuq sükutu, nigaran qorxunu buz kimi sındırım. Siyahı yazılmış kağızları çıxarıb cırmaq daha gec idi, maşınımız ovuc içi kimi görünən yerdəydi, içəridəki hər hərəkətimizə nəzarət olunurdu.

Bir az əvvəl “Quantanamera” oxuyanların canına indi qorxu dolmuşdu. Qorxu sancı kimi qarnımı doğrayırdı, həmişə belə olur, adam qorxunu ilk öncə qarnında duyur.

Əlində pasportlarımız geri dönən polisin nəinki hər addımını, əlinin hər hərəkətini, üzünün bütün cizgilərini belə oxumağa çalışırdım. Nə deyəcək? Neyləyəcək? Bizi ifşa olunmuş casus kimi tutacaqmı?

Özümü tox tutub qorxunun içimdən üzümə axmasına heç vəchlə imkan vermirdim. Qulağın ətli yerini dırnaqla sıxanda bədənin başqa ağrılarını keyitdiyin kimi qorxunu da qova bilirsən. Bunu bizə Leça dedi, hər halda çeçen bu şeyləri yaxşı bilərdi. Qulağımın ətli yerini dırnaqlarımla elə sıxdım ki, nəinki canımdan qorxu, az qala başımdan ağlım da çıxacaqdı. Polisin gəlib çıxması isə xan gəlişinə dönmüşdü; onsuz da asta addımları başqa polislərlə söhbət edəndə dayanıb donurdu. O, orda hər belə dayananda elə bil burda da bizim ürəyimiz dururdu.

Nəhayət, polis gəlib çatdı. Pasportları özümüzə qaytardı, bir kəlmə də demədi, sadəcə, bayaq mən “briqadirin üzünə güldüyüm kimi saxta təbəssümlə baş yellədi. Aydındı, bizi buraxıb, hara, niyə getməyimizi, kiminlə görüşdüyümüzü bilmək istəyirdilər.

...Qorxudan sonrakı azadlıq bizi ağuşuna almışdı. Sevincimiz ta maşınlıq deyildi, aşıb yol boyu ətrafa səpələnirdi...

Binaları əsgər kazarmalarını xatırladan Quantanamonun küçələrində Pedronu əvvəlcə evində, sonra kilsədə axtaranda, tapıb cürbəcür ikonaları olan otaqda görüşəndə, sürdüyü velosipedin arxasına düşüb evinə gedəndə bilmirdik ki, siyasi şeirləri, hüquqi yazıları ilə aləmi bir-birinə qatan bu dissident hökumətin ən təhlükəli düşməni kimi bura sürgün edilib, onunla söhbətdən hətta qonşular, kilsədəki rahiblər də çəkinirlər. Beləsi min cüt gözlə güdülərdi.

Quantanamodan çıxanda bura gəlməklə ciddi səhv etdiyimizin fərqindəydim. Artıq gec idi. Nə olacaqsa, olacaqdı. Pasport məlumatlarımızı, maşının nömrəsini bilirdilər, bizim nəzarətdən çıxmamız mümkünsüz görünürdü. Bir istəyim o idi ki, salamat maşını çatdırıb təhvil verim. Təki bir xəta olmasın, qurama qəzaya salıb ilişdirməsinlər. Kuba türməsinə düşməyin heç yeri deyildi.

Santyaqo-de-Kuba şəhərinə çatan kimi ilk işimizMeliahotelini tapıb maşını CUBATUR-un yerli ofisinə təhvil vermək oldu. Hotelin otaqlarına baxdıq, qalıb-qalmamağa qərar verə bilmirdik, çünki əmin idik ki, bizi güdürlər, belə anda isə hoteldə qalmaq düz deyildi. Guya başqa yerlərdə güdə bilməzmişlər?!

Çıxıb şəhərdə kirayə mənzil tapdıq. Mənzil otağın birini turistlərə kirayə verən yaşlı ər-arvadın idi. Onların təzə evlənmiş oğlu da öz xanımıyla burda yaşayırdı. Ata-oğul bütün günü əyri kresloda yellənir, ventilyatorun sərin havası altında televizora baxırdılar. Bizdə türk kanalları kimi Kubada da Venesuelanın dövlət kanalı populyardı. Bəlkə də heç bir siyasi “xəta” buraxmadığındadı ki, yayımına icazə verilir.

Quantanamo olayından sonra qərara gəldik ki, bütün görüşlərə xitam verib əsl turistlər kimi yalnız gəzib dincələk. Sonda, uçuşa bir neçə saat qalmış tək bir adamla görüşə getməyə razılaşdıq – keşiş Karrero Ata ilə. Ev sahibəsinin “qonşu oğlu Dieqodediyi cavan oğlanın bizə sürücülük eləməsinə razılıq verməmiz isə növbəti səhvimiz idi, bunu şəhəri tərk edən gün biləcəkdik.

İki gün ərzində gündüzlər Dieqonun məsləhət bildiyi şəhərin muzeylərinə, tarixi yerlərinə baxdıq, axşamlar restoranlarında şənləndik.

Santyaqo-de-Kubada görüşəcəyimiz tək adamın yanına başqa taksiylə getdik. Hər ehtimala qarşı Dieqonun kiminlə görüşəcəyimizi bilməsini istəmirdik. Keşiş Karrero Ata ilə söhbət onun otağındakı divardan asılmış sürrealist tablolar kimi maraqlı idi. İlk baxışda burada nə çəkildiyini kəsdirə bilmirsən, sonra müxtəlif heyvanlar, həşəratları ayırd edirsən, daha da diqqətlə baxsan görərsən ki, heyvanları buynuzu, həşəratların quyruğu, güllərin ləçəyi də kommunistlərin oraq-çəki simvolu formasındadı. Şəkillərin mənasını anlamağa çalışırdım. Rahibin ürəyincə olmasa da həmin şəkillərin fotosunu çəkdim. Tablolar barədə sual verəndə sadəcə güldü, cavab vermədi. Demək istəyirdi ki, bildiyin şeyi soruşma!

Tanımadığı adamlarla hər mövzuda söhbət edən ölkənin ən məşhur din xadimi ehtiyatı əldən vermirdi. Bizimlə açıq danışmaq istəməyən bu xoşsima keşiş xeyli maraqlı sözlər də söylədi. Ömrümdə onun kimi ağıllı din xadimi görməmişdim. Bizim bir çox molla, axundla müqayisədə çox savadlı idi, az qala dünyanın altını, üstünübilirdi. Onu dinlədikcə, qarşımda ölkəsinin taleyi, hakimiyyəti, siyasi müxalifəti, diasporu, ictimai kəsimi barədə əsl vicdan ağrısıyla danışan ziyalı bir vətəndaşın olduğunun fərqindəydim. Məsələ heç də bizə güvənməkdə deyildi, onun dediklərini xüsusi xidmət orqanları da dinləyə bilərdilər. Odur ki, dərinə getmirdi, amma elə üzdən dedikləri idrakının dərinliyi, qəlbinin genişliyini duymağa bəs edirdi.

Ondan ayrılıb taksiyə minəndə dəftərimə bu qeydləri elədim: “Qəhrəmanlıq iqtidarçı olub müxalifəti söymək, yaxud əksinə, müxalifətçi olub iqtidarı lənətləmək deyil, cəsarətli adam iqtidarda olub iqtidar sahibini, müxalifətçi olub müxalifət liderini tənqid eləməkdən çəkinməyəndir. Ən yaxşısı isə bunların heç birindən olmamaqdır, belədə deyəcəyin sözün sərhədlərini özün cızır, ona özün nəzarət edirsən.”

Beş il sonra Karrero Atanı Polşanın Krakov şəhərində “Demokratiyalar İcması”nin 10-cu ildönümünə həsr olunmuş konfransda xüsusi mükafat alarkən birgördüm. Və bu nurlu kişini onda anladım. Sən demə, dəfələrlə həbs olunan, hər dəfə də Roma Papasının təkidli tələbiylə azad olunan bu adam sadəcə din xadimi deyil, böyük azadlıq mücahidiymiş...

Bizi aeroporta aparmağa Dieqo sevgilisiylə gəlmişdi. Bu günlərdə əməlli-başlı dostlaşmışdıq. Yəqin ona görə bizi düşürüb qayıtmadı, uçuş anınacan gözlədi. Amma gedişi qəfil oldu, bir anda qızın qolundan tutub getmək istədiyini dedi, bizimlə qucaqlaşıb sağollaşdılar. Onların zaldan çıxmağı ilə yarısı mülki geyimli, yarısı da hərbi formalı bir dəstə adamın bizə yaxınlaşmağı bir oldu. İndi anladım ki, Dieqo bizi nişan vermək üçün kimisə gözləyirmiş.

Sənədlərinizi verin! Arxamızca gəlin!

Bu da son! Onların arxasına düşüb getdikcə, çantamdakı siyasi müxalifətçilər, dissidentlər, ictimai fəal şəxslərin adı, ev ünvanı olan siyahısını məhv etmədiyim üçün özümü lənətləyirdim.

İçimdə Qorxunu çəkməyə gücüm çatmayan yük kimi duyurdum. Daha məni Leçanın heç bir qorxuqovan üsulu xilas edəsi deyildi.

... Ümid həmişəki kimi tək Allaha qalmışdı!!!

 

 

Vahid QAZİ

 

525-ci qəzet.- 2011.- 23 iyul.- S.19.