Zaman və insan

 

Yəqin çox uzun zaman keçməlidir ki, insan özünü, işlərini, başqalarını, onların işlərini daha aydın və belə demək mümkünsə, nizamlanmış şəkildə görə bilsin, dəyərləndirsin. Görünür, bu, var olmanın danılmaz şərtidir. Xassəsinə görə mücərrəd olan zaman insaniləşdirilməlidir ki, ötüb-keç ən illər məşhur mahnıda deyildiyi kimi “mehriban və əziz” olsun. Aydın məsələdir ki, yalnız mehriban və əziz olan mətləblər... xatirələr... qeydlər zamanın dağıdıcı təsirinə məruz qalmır.

Azərbaycan mədəniyyətində, özəlliklə isə teatr sənətində uzun illərdir ki, uğurlu fəaliyyətdə bulunan Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev (vaxtilə sevimli tələbəm olmuş, indi isə Azərbaycanın görkəmli teatr xadimi!) haqqında düşünərkən, onun tükənmək bilməyən enerjisinin qaynağını axtararkən və hər dəfə yeni-yeni işlərində, əməllərində təzahür edən yüksək elmi və yaradıcı səviyyəsinin təməllərini aşkarlamağa çalışarkən fikrim “... o mehriban, o əziz tələbəlik illəri”nə qayıdır.

Uzun bir zaman kəsiyini əhatə edən pedaqoji fəaliyyətimin ilk çağlarına dönüb baxdıqda, Əliqismət Lalayevin oxuduğu o vaxtkı M.A.Əliyev adına İncəsənət İnstitutunun “Dram rejissorluğu” fakültəsinin II kursu xəyalımda canlanır...

Gənc müəllim idim və dərsimin keyfiyyətli və maraqlı keçməsi auditoriyada əyləşən tələbələrin səviyyəsindən, dərsə və seçdikləri peşəyə münasibətlərindən asılı idi. Yəni o vaxtlar auditoriyaya girəndə mən gənc müəllim kimi, təbii ki, təcrübəyə söykənə bilmirdim. Odur ki, tələbələr məni anladıqları və həvəsləndirdikləri halda böyük alim Cəfər Cəfərovdan, ustad Tofiq Kazımovdan aldığım biliyi tam həcmdə, dolğun şəkildə onlara ötürə bilərdim. Sədi Şirazi demişkən: “Natiqi danışmağa dinləyici həvəsləndirir”.

Sözü gedən kursla tədris prosesinə başlamazdan öncə qrupun rəhbəri vasitəsi ilə qiyabi tanış oldum. Məlum oldu ki, qrupun lideri Əliqismət Lalayev eyni zamanda institutda sayılan tələbədir. Bu tələbə həm dərslərdəki uğurları, həm də ictimai işlərdəki fəallığı ilə seçilir. Müəllim həmkarlarım xüsusi ilə onun tələbə tələbkarlığını vurğulayırdılar, yəni ki, bu gənc dərs zamanı son dərəcə fəal olur və müəllimləri, necə deyərlər, sualları ilə “didir”.

Bəri başdan deyim ki, həmkarlarımın Ə.Lalayevə verdikləri “xasiyyətnamə” tam şəkildə təsdiqləndi və mən bir müəllim kimi sözügedən “didişmələr”dən həm zövq aldım, həm təcrübə qazandım, həm də sonralar illər boyu bu gəncin fəaliyyətini özüm üçün “tədqiqat obyekti” kimi seçdim. Onu da etiraf edim ki, yaradıcı fakültələrdə təhsil alan tələbələrin heç də hamısı sənətdə qalmır, onların sonrakı taleyini həyat həll edir. Amma tədris strategiyamız məhz hər tələbəyə eyni tələbkarlıqla yanaşaraq özəl istedada və sənətə aşkar meyli olan gənclərə xüsusi diqqət yetirməklə müəyyənləşdirilir. Lakin “sən saydığını say, gör fələk nə sayır”. Belə ki, Ə.Lalayevin oxuduğu altı nəfərlik rejissorluq kursundan yalnız iki nəfər – İranə Tağızadə (hal-hazırda S.Vurğun adına Rus Dram Teatrının fəal rejissorlarından biri, Əməkdar incəsənət xadimidir) və Əliqismət Lalayev ömürlərini teatr sənətinə bağladılar.

Ə.Lalayev bir tələbə kimi mənim ilk səmərəli və dəyərli (bunu xüsusi vurğulamaq istəyirəm!) pedaqoji fəaliyyətimin uğuru olduğuna görə, mən onun tələbəlik illərini bu qədər parlaq və canlı xatırlayıram.

...Auditoriyaya girən kimi ilk baxışdan görürəm ki, gənc Əliqisməti nə isə ciddi bir yaradıcı problem maraqlandırır. Dərs planımı kənara qoyub sözü Əliqismətə verirəm. Onun bu dəfə verdiyi sual rejissorun müəllifliyi və yozum azadlığına aiddir. Küləyin haradan əsdiyini o dəqiqə başa düşürəm. Bu günlərdə teatr ictimaiyyəti görkəmli rejissor T.Kazımovun novatorluğu mövzusunda kəskin mübahisələrdə bulunur. Mövqeyimi açıqlamadan məsələni müzakirəyə çıxarıram. Bir azdan auditoriyada əməlli-başlı həngamə qopur, amma ümumi səs-küyün içində gənc Əliqismətin səsi daha aydın seçilir və tədricən yaranan səssizlikdə o öz mövqeyini dəqiq ifadələrlə tələbə yoldaşlarının diqqətinə çatdırmağa müyəssər olur. Yalnız bundan sonra “söz mənə verilir”. Demək artıqdır ki, mənim işim xeyli yüngülləşir, çünki Əliqismətin “provokasiya” etdiyi mübahisənin gedişində artıq bir çox önəmli suallar qoyulur və mənə yalnız onları ardıcıllıqla cavablandırmaq qalır...

...Əliqismətin əlində bir qucaq kitab görürəm.

Maraqlanıram. Məlum olur ki, Moskvada teatr sənətinə aid yenicə çap olunmuş kitablardı. Bu kitabları ata malı kimi bölürük: bir neçəsini mən oxuyandan sonra ona qaytarıram, ondakıları oxumaq üçün götürürəm. İki-üç həftədən sonra oxuduğumuz kitabları kursda müzakirə edirik. Sən demə, Əliqismətin kitablara olan sevgisi kurs yoldaşlarına da sirayət edibmiş, hamı o kitabları oxuyurmuş. Gənc Əliqismətin bitkin mülahizələri, ciddi qənaətləri və əsaslandırılmış etirazları məni sevindirməyə bilmir. Kaş ki, bütün tələbələrimin mütaliəsi bu səviyyədə olaydı...

...O vaxtkı Karqanov küçəsində yerləşən institutun “cumbulu” tədris teatrında Ə.Lalayevin rejissorluq etdiyi kurs tamaşasına – Eduardo de Filipponun məşhur “Silindr” pyesinin tamaşasına baxıram. Gənc rejissorun yaradıcı cəsarətini həməncə qiymətləndirirəm: teatr neorealizminin parlaq nümunəsi olan bu pyesi Azərbaycan dilində, özü də tələbələrlə hazırlamaq böyük riskdi. Tamaşanın təbiiliyi və hər mənada “səliqəli” olması gənc rejissorun yozum məharətindən və güclü iradəsindən xəbər verir...

...Və nəhayət, Əliqismətin diplom tamaşasına – Tennessi Uilyamsın “Sökülən yurd” əsərinə Dövlət komissiyasının tərkibində baxıram. Tamaşa sona çatmamış komissiya üzvləri vahid bir qənaətə gəlirlər: biz yüksək teatr mədəniyyətinə, peşəkar və orijinal düşüncəyə malik olan gənc sənətkar yetişdirmişik!

Müəllimdən ötrü bundan şərəfli nə ola bilər?!

Ə.Lalayev M.Əliyev adına İncəsənət İnstitutunu 1980-ci ildə bitirib. Arxada qalan uzun illər ərzində mən artıq bir teatrşünas və gurultulu çıxmasın, teatrın təəssübkeşi kimi sevimli tələbəmin çox səmərəli fəaliyyətini (Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində rəhbər vəzifələrdə) izləmişəm. İndi isə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında direktor kimi uğurlu fəaliyyət göstərir.

...Əliqismət Lalayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru vəzifəsinə 2008-ci ildə təyin edildi. Və çox sevindirici bir haldır ki, bədii səviyyəsi aşağı olan tamaşaları ilə teatr ictimaiyyəti və tamaşaçılar arasında “nüfuz qazanmış” bu teatr onun gəlişiylə qısa müddət ərzində öz simasını köklü şəkildə dəyişməkdədir. Əsası Ü.Hacıbəyli tərəfindən qoyulan sözügedən teatrın repertuarında, təəssüflər olsun ki, 2008-ci ilə qədər böyük bəstəkarın ölməz operettalarına (“Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad” və s.) yer verilmirdi. Qısa bir zaman ərzində gənc rejissor Elvin Mirzəyevin quruluşunda “Arşın mal alan”, teatrın baş rejissoru Yusif Əkbərovun quruluşunda “Ər və arvad”, Xalq Artisti Cənnət Səlimovanın quruluşunda “Məşədi İbad” tamaşaları hazırlandı və böyük müvəffəqiyyət qazandı.

... İlk dəfə olaraq Azərbaycan dilində klassik Avropa operettası – İmre Kalmanın “İddialı qaraçı” əsəri (quruluşçu rejissorlar Faiq Zöhrabov və Cənnət Səlimova) tamaşaçılarımıza təqdim edildi. Teatr özünün yaradıcılıq tarixində birinci dəfə Qoqola müraciət etdi və onun “Evlənmə” komediyasını (quruluşçu rejissor Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov) tamaşaçıların müzakirəsinə verdi. Bu ciddi komediya tənqid və dövri mətbuat tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının böyük uğuru kimi qeydə alındı.

Son üç ilin çoxsaylı uğurlarından biri də teatrın “Xanuma” beynəlxalq layihəsi (quruluşçu rejissor Koça Kapanadze) oldu.

Öz fəaliyyəti ilə milli teatr sənətinə həm yaradıcı adam – rejissor, həm də teatr təşkilatçısı kimi layiqli töhfələr vermiş Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevi 55 yaşı münasibətilə ürəkdən təbrik edirəm. Heç şübhəm yoxdur ki, 55 yaşlı bu ziyalı həyatının məqsədi, qayəsi seçdiyi teatr sənətinə həmişə şərəflə xidmət etmiş və etməkdədir...

... Artıq bu illər də mənə “mehriban və əziz” olub. Onları bir-bir xatırlayıb danışmağa kifayət qədər dolğun və tutarlı “material”ım var.

İnşallah, yeri gələndə bu haqda da söhbət açarıq...

 

 

Məryəm Əlizadə,

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq doktoru,

professor

 

525-ci qəzet.- 2011.- 23 iyul.- S.18.