“İnternet, medianın əvvəlki formalarının hamısını öz qanadı altına yığır”

 

RASİM ƏLİQULİYEV: “İNTERNETİN İMKANLARINA ƏSASLANAN YENİ MEDİA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ATRİBUTLARINDAN BİRİDİR”

 

İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı bütün sahələr kimi media sahəsinə də təsirsiz ötüşməyib. Bu inkişaf yeni medianın, başqa sözlə, İnternet mediasının yaranmasına gətirib çıxarıb. İnternet mediasının Azərbaycan cəmiyyətində bu gün tutduğu mövqe, onun problemləri, təhlükəsizlik məsələləri və s. ətrafında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev “525”ə müsahibə verib.

 

– Rasim müəllim, İKT-nin inkişafı Azərbaycanda media sahəsinə necə təsir edib?

– İnformasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi kimi, media sahəsinə də öz təsirini göstərir. Məlumdur ki, medianın əsas məqsədi informasiyanı peşəkarlıqla toplamaq, işləmək və cəmiyyətə çatdırmaqdır. Yəni jurnalistikanın cəmiyyətdə əsas missiyası bundan ibarətdir. Jurnalistika bütün dünyada müəyyən inkişaf tarixinə, ənənəyə malikdir. Cəmiyyətdə tarixən informasiya tələbatı sosial sifarişə əsasən ödənilib.

Müasir jurnalistikanın inkişaf tempi bilavasitə informasiya texnologiyaları ilə bağlıdır. Yəni informasiya texnologiyalarının imkanlarından bəhrələnməyən jurnalistika, media qurumu müasir dövrdə rəqabətə davamlı ola bilməz. Vaxtilə radio, televiziya yox idi və jurnalistikanın imkanları çap nəşrləri ilə məhdudlaşırdı. Sonra radio, daha sonra televiziya meydana çıxdı. Deməli, insanlar informasiyanı həm qulaqla, həm də gözlə qəbul etmək imkanı əldə etdilər.

1969-cu ildə İnternetin yaranması sivilizasiyanın inkişafı tarixində yeni inqilabi proseslərə təkan verdi. O cümlədən jurnalistika sahəsində də yeni imkanlar meydana gəldi. Baxmayaraq ki, İnternetin hələ cəmi 40 illik tarixi var, bu müddət ərzində onun cəmiyyət həyatına gətirdiyi yeniliklər ötən yüzilliklərdə baş verən dəyişikliklərdən müqayisəolunmaz dərəcədə çoxdur. İnternet sivilzasiyanın indiyə kimi topladığı nələr varsa, hamısını dəyişir. Yəni bəşər tarixində bunun qədər inqilabi dəyişiklik gətirə biləcək elmi-texniki nailiyyət olmayıb. Digər nailiyyətlərə kölgə salmaq istəmirəm. Hər cəmiyyətin təməlində bir kəşf, ixtira olur ki, onun simasını dəyişir. Həmçinin keçmişdən bu günə baxanda görürsən ki, həmişə medianın təkamülünü və imkanlarını informasiya texnologiyalarının inkişafı müəyyənləşdirib.

– Bu texnoloji inkişaf həm də İnternet-media anlayışını meydana gətirib. Siz İnternet-media və onun problemləri barədə nə deyə bilərsiniz?

– İlk növbədə, onu qeyd etmək istəyirəm ki, bu gün İnternet-medianın fəaliyyəti ilə bağlı əsas problemlərdən biri onun hüquqi statusu ilə bağlıdır. Ənənəvi media qanunvericiliyi bu sahədəki yeniliyi tənzimləyə bilmir, ənənəvi biliklər də bu sahədəki situasiyanı şərh etməkdə çətinlik çəkir. Bu sahədə əsas problemlərdən biri veb-saytların hüquqi statusu ilə bağlıdır. Azərbaycan qanunvericiliyində, o cümlədən ”Kütləvi informasiya vasitələri haqqında” Qanunda veb-saytlar medianın bir növü kimi göstərilmir. Amma faktiki olaraq bu gün veb-saytlar kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərir. Veb-saytlardan hamı informasiya almaq üçün istifadə edir. Hətta veb-saytların mediaya aid edilib-edilməməsi ilə bağlı mübahisələr də yaranır...

– Siz özünüz necə düşünürsünüz, veb-saytları mediaya aid etmək lazımdır, yoxsa yox?

 – Əlbəttə, veb-saytlar elektron mediadır, çünki informasiya ötürücüsü, yayımı funksiyasını daşıyır, insanların informasiya tələbatını ödəyir. Amma veb-saytların məhz mass-media olub-olmamasına gəlincə, bununla bağlı dünyada müxtəlif baxışlar, fərqli yanaşmalar var. Məsələn, Rusiya yanaşmasına görə, hər hansı veb-saytın mass-mediaya aid edilməsi müəyyən zaman kəsiyində ona edilən müraciətlərin sayından asılıdır. İnformasiya xidməti göstərən saytlar iki cürdür. Birincisi, təşkilatların rəsmi saytlarıdır ki, bunlar “statik saytlar” adlandırılır. Yəni bu cür saytların məqsədi universal informasiya xidməti göstərmək deyil. Bu saytlarda yalnız müvafiq təşkilat, onun fəaliyyəti haqqında statik məlumatlar yerləşdirilir ki, bu da qanunvericiliyin tələbidir.

Təşkilatlara məxsus digər bir qrup veb-saytlar var ki, onlar xəbər bölümünə malikdir, onlar operativ, dinamik olaraq məlumat toplayıb oxuculara təqdim edirlər. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının www.science.gov.az <http://www.science.gov.az> saytı fəaliyyət göstərir. 1995-ci ildə yaradılıb istismara verilən bu veb-sayt Azərbaycanda fəaliyyətə başlayan ilk veb-saytdır. Başqa sözlə, Azərbaycanın elektron mətbuatının “Əkinçi”sidir. Amma bu gün bizim veb-saytı kütləvi informasiya vasitəsi hesab etmirlər. Halbuki bu veb-sayt Azərbaycanda elektron-media kimi fəaliyyət göstərən bir çox veb-saytlardan daha peşəkar fəaliyyət göstərir, daha çox və operativ informasiya təqdim edir. Bizim sayta bir ildə 1 milyona yaxın müraciət olur. Rusiyanın yanaşmasını tətbiq etsək, bu veb-sayt kütləvi informasiya vasitəsi sayılmalıdır. Amma biz bu veb-saytın kütləvi informasiya vasitəsi adlandırılması iddiasında deyilik. Bu veb-saytın necə adlandırılmasından asılı olmayaraq, biz öz işimizi həyata keçiririk.

– Son vaxtlar ”sosial media” mövzusu da mətbuatın gündəmindədir. Sosial medianın mahiyyəti, əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Bilirsiniz, sosial medianın təşəkkülü və inkişafı da informasiya texnologiyalarının, konkret olaraq İnternetin imkanlarına əsaslanır. Sosial şəbəkələrdə, bloqlarda, forumlarda hansısa mövzu ortaya qoyulur və hər kəs ona öz töhfəsini verir. Nəticədə dəqiq müəllifi məlum olmayan, kollektiv bir “məhsul” alınır və hər kəs bu “məhsuldan” özünə lazım olan hissəni götürür. Bu, artıq ənənəvi jurnalistikadan, mediadan fərqlidir. Sanki iməcilik nəticəsində ortaya çıxan jurnalistikadır. Vikipediya onlayn ensiklopediyasındakı məqalələri buna misal göstərmək olar. İnternet istifadəçilərinin sayının getdikcə artması nəticəsində sosial media artıq geniş yayılmaqdadır.

Əgər hansısa İnternet istifadəçisinin öz şəxsi bloqunda yerləşdirdiyi informasiya ictimai əhəmiyyət kəsb edirsə kimlərsə bundan bəhrələnirsə, deməli, bu da jurnalistikadır, özü də vətəndaş jurnalistikası. Bu, mənə İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 19-cu maddəsini xatırladır. Bu maddə insan hüquqlarının bəşəri dəyəridir və hər kəs ona hörmətlə yanaşır. Həmin maddədə təsbit edilən insanın informasiya əldə etməsi, özünü ifadə etməsi hüququ Allah tərəfindən verilən bir tələbatdır. Amma ənənəvi media bütün vətəndaşların bu tələbatını ödəyə, hüquqlarını təmin edə bilmirdi. Məlumdur ki, qəzet, radio, televiziya yeni – elektron mediaya nisbətən məhdud imkanlara malikdir. Hamını qəzetə cəlb etmək mümkün deyil, hər kəs radioda, televiziyada çıxış edə bilməz. Bunun nəticəsində cəmiyyətin çox az bir hissəsi öz iradələrini çox böyük hissəyə diktə edirdi. Cəmiyyətin böyük hissəsi kiçik hissəyə qulaq asmağa məcbur idi, çünki sözünü deyə bilmirdi, yəni interaktivlik yox idi. Yəni bu sahədə inhisarçı bir mühit mövcud idi. Sosial media bu inhisarçılıq mühitini dağıdır. Başqa sözlə, artıq vertikal medianın yerinə horizontal media gəlir. Yəni sosial media vətəndaş cəmiyyətinin formalaşması üçün başlıca faktorlardan biridir. Artıq insanlar İnternet-texnologiyaların imkanlarından istifadə edərək bloqlar, sosial şəbəkələr vasitəsi ilə İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 19-cu maddəsində təsbit olunmuş hüquqlarını reallaşdıra bilirlər.

– Bayaq siz yeni medianın tənzimlənməsindən danışdınız. Necə düşünürsünüz, yaxın gələcəkdə bu sahədə hansı addımlar atıla bilər?

– İnternetin imkanlarına əsaslanan yeni media vətəndaş cəmiyyətinin atributlarından biridir. İnternet bir faktor tanıyır, o da ağıl, şüurdur. Kim bacarırsa İnternetin dilində danışsın, onunla təmasda olsun. Amma qeyd etdiyiniz kimi, yeni medianın tənzimlənməsi lazımdır. Yeni medianın yeni qanunvericilik bazası olmalıdır, bu isə hələ formalaşmayıb. Bunun da obyektiv səbəbləri var. İnternetin fəaliyyəti, hüdudları hər hansı bir ölkə ilə məhdudlaşmır, İnternet qlobal xarakterlidir, bütün bəşəriyyətin ümumi sərvətidir. Ona görə də İnterneti bir ölkənin qanunları ilə tənzimləmək mümkün deyil. Nəhəng dövlətlər İnternetlə bağlı öz qanunlarını dəyişirlər. Bu məqsədlə beynəlxalq elmi toplantılar keçirilir, yeni cəmiyyətin əsas özəyi olan İnternetin qanunauyğunluqlarını, dəyərlərini axtarırlar. Bu dəyərlər axtarışında ölkələrin, millətlərin təhlükəsizliyi, milli-mənəvi xüsusiyyətləri, maraqları nəzərə alınır. Çünki İnternetin fenomenal imkanları ilə yanaşı, neqativ tərəfləri də var. Ona görə bütün dünya narahatdır və İnternetlə bağlı tənzimləmə işlərinin aparılmasını zəruri hesab edirlər.

– Yeni medianın ənənəvi medianı sığışdırması fikri də gündəmdədir. Sizcə, bu təsir nə dərəcədədir?

– Bu təbiidir, çünki yeni media inteqratordur və həm də qeyri-məhdud imkanlara malikdir. Yəni İnternet medianın ənənəvi növlərinin hamısını öz qanadı altına yığır. Başqa tərəfdən, bu gün evlərdə radio da, televiziya da, İnternet də, qəzet də var. Təbii ki, son xəbərlərlə tanış olmaq üçün ən yaxşı, ən rahat mənbə televiziyadır. Amma bəzən televiziya xəbərləri insanı qane etmir, interaktivlik, nəyisə dəqiqləşdirmək lazım gəlir, onda yeni mediaya müraciət etməyə tələbat yaranır. Yeni medianın əsas üstünlüklərindən biri də məhz interaktivliyidir. Digər tərəfdən, evdən, işdən çıxanda kiminsə televizoru özü ilə aparması mümkün deyil axı. Yola çıxanda, hansısa bir işlə məşğul olanda radionu dinləmək daha rahat olur. Çünki avtomobili idarə edərkən, mobil olaraq hansısa fiziki işlə məşğul olarkən vizual diqqət tələb edilir, göz məşğul olur. Eyni zamanda, cəmiyyətdə görmə qabiliyyətində problemlər olan insan qrupları mövcuddur. Bu zaman informasiyanı qəbul etmək üçün qulaq ən yaxşı vasitəyə çevrilir. Məhz bu kimi amillərə görə radio bu gün də yaşayır.

Qəzetdən, jurnaldan imtina etmək də hələ mümkün deyil. Çünki fasiləsiz enerji təminatı ilə zaman və məkan problemləri var. Başqa sözlə, harada enerji varsa orada qəzetin rolu, mövqeyi zəifdir, harada enerji yoxdursa, qəzet orada əvəzsiz, alternativsizdir. Həm də vətəndaşlarda informatika sahəsində biliklərin hələ yetərincə olmaması qəzetlərin ”xeyrinədir”.

– Sizcə, yeni medianın fəaliyyəti ilə bağlı hansı problemlər mövcuddur?

– Bir sıra problemlər yaranıb ki, onların da bayaq da dediyim kimi birincisi qanunvericilik bazasının olmaması ilə bağlıdır. Bu sahənin tənzimlənməsi üçün xüsusi qanunvericilik bazasının formalaşdırılması lazımdır. Yeni medianın sərhədləri yoxdur, qlobal virtual aləmi tam əhatə edir, bütün dünya üçün şəffaf, azad, açıqdır.

Buna görə də müəyyən qurumlar, o cümlədən bizim institut dünyada bu məsələlərin necə həll olunmasına dair araşdırmalar aparır.

İkincisi, yeni media eyni zamanda elektron informasiya iqtisadiyyatının əsas seqmentlərindən, istiqamətlərindən biridir. İnformasiya iqtisadiyyatının bir qolu da media iqtisadiyyatdır. Media iqtisadiyyatının özünün bazar iqtisadiyyatına xas bütün xüsusiyyətləri var. Yəni medianın bir iqtisadi subyekt kimi planlaşdırma, reklam, marketinq, menecment və s. məsələləri var. Elektron media informasiya iqtisadiyyatının yeni sahəsi olduğu üçün, təbii ki, onun müəyyən problemlərinin olması qaçılmazdır. Yeni media vasitələrində işləyənlərin əmək hüquqları ilə bağlı məsələlər də hələ öz həllini tapmayıb. Çünki İnternet fasiləsiz iş rejimində işləyir, insanların isə istirahət hüquqları təmin olunmalıdır və s.

Yeni medianın fəaliyyəti ilə bağlı digər mühüm problemlər informasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması ilə bağlıdır. İnsanların veb-saytlara müraciətlərini, buradakı davranışlarını analiz edərək onlar haqqında müxtəlif məlumat əldə etmək imkanı var ki, bu da insan hüquqlarının qorunmasında problemlər yaradır.

 

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2011.- 23 iyul.- S.11.